Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-198/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4905/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında imzalanmış 19 yanvar 2023-cü il tarixli AKP_002 nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcının təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Bu zaman gələcəkdə mübahisə məsələlərinə yol verməmək üçün alıcının öz sifarişini hazırlayıb, təsdiq etdikdən sonra satıcıya texniki vasitələrlə (email və ya fax ilə) ötürür. Müqavilənin: - 1.3-cü bəndinə əsasən qiymətlərin razılaşma cədvəli satıcı Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma cədvəlində və ya satıcı tərəfindən təqdim edilən elektron qaimə fakturalarda göstərilmişdir. Bu cədvəl hər iki tərəfdən razılaşdırılır və malın dəyəri manatla müəyyən edilir. - 4.1-ci bəndinə əsasən alıcı malı razılaşmaya müvafiq olaraq malın dəyərinin 100% avans şəklində və ya 50 %-ni öncədən malın sifarişi satıcı tərəfindən qəbul edildikdə və qalan 50 %-i mallar alıcıya təhvil verildiyi gün ödənilməlidir. - 4.2-ci bəndinə əsasən ödəniş hesaba köçürmə qaydası ilə aparılır. - 4.3-cü bəndinə əsasən alıcı malın tam dəyərini bu müqavilənin 4.1-ci bəndində göstərilən qaydada deyil, mallar təhvil alındıqdan sonra 40 gün ərzində ödəyə bilər. - 6.1-ci bəndinə əsasən alıcının təqsiri üzündən malın dəyəri müqavilənin 4.1 və ya 4.3-cü bəndində nəzərdə tutulduğu vaxtlarda alıcı tərəfindən ödənilmədiyi təqdirdə malın qiymət razılaşmasına müvafiq olaraq hesablanmış dəyəri 5%-dən çox olmayaraq alıcı satıcıya hər gün üçün 1% həcmində ödəməyi öhdəsinə götürmüşdür.
2. EBCN seriyalı, 710495 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4284,01 manat, EBDO seriyalı, 815770 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12464,53 manat, EBDP seriyalı, 717254 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6350,14 manat, EBDP seriyalı, 719051 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1428 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
3. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 4284 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
4. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 12464,53 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
5. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 6350,14 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
6. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 3927,21 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
7. İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-ci il tarixində 1490 manat və 140,51 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsinə əsasən yaranmış 11980,17 manat məbləğində borc məbləğinin və ödənişin gecikdirildiyi üçün hesablanmış 895,5 manat gecikdirmə faizinin, ümumi olaraq 12875,67 manat borc məbləğinin, həmçinin 128,63 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı malları satıcıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzrərinə götürür”. Eyni zamanda, Müqavilənin 4.1-ci və 4.3-cü bəndlərinə əsasən, “Alıcı malı razılaşmaya müvafiq olaraq malın dəyərinin 100% avans şəklində və ya 50%-ni öncədən malların sifarişi Satıcı tərəfindən qəbul edildikdə və qalan 50%-i mallar Alıcı-ya təhvil verildiyi gün ödənilməlidir” və “Alıcı malın tam dəyərini müqavilənin 4.1-ci bəndində göstərilən qaydada deyil, mallar təhvil alındıqdan sonra 40 gün ərzində də ödəyə bilər”. Sözügedən müqavilə 30 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuşdur və həmin müddət ərzində iddiaçı müqavilədən irəli gələn öhdəlikləri vaxtında və tam keyfiyyətlə icra edərək malları nəzərdə tutulan qaydada cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının onu müqavilə üzrə mallarla təmin etməsinə baxmayaraq, müqavilədə qeyd olunan ödənişi ödəməmiş, müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Nəticədə, ümumilikdə, 11980,17 manat həcmində borc məbləği yaranmışdır. Yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən maddəyə əsaslanaraq bildirir ki, iddiaçı tərəfindən cavabdehə ödənişlərin gecikdirilməsi xx.xx.2023cü il tarixindən başlanmışdır və AR Mərkəzi Bankı tərəfindən həmin tarixə uçot faiz dərəcəsi 9.0% müəyyənlədirilmişdir. Pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023- xx.xx.2024 tarixləri aralığında) səbəbilə, yuxarıda qeyd etdiyimiz borc məbləğinin (11980,17 AZN) 9%-i həcmində, yəni 895,5 manat gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 11 980,17 manat əsas borc və 895,5 manat faiz məbləği olmaqla, 12875,67 manat ümumi borc məbləği yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsi əsasən 11980 manat 17 qəpik əsas borc, habelə ödənilmiş dövlət rüsumunun 125 manat 94 qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2- ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 11980,17 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11980,17 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən ödənişin gecikdirilməsinə görə hesablanmış 895,5 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını iddia ərizəsində Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 128,63 manat dövlət rüsumunun 125,94 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4905/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 570.1 ci maddəsində alqı satqı zamanı malın alıcıya verilməsinin icra edilməsi məqamı göstərilsə də, məhkəmə bu normaya məhəl qoymayıb. Malların təhvil verilməsi, öhdəliyinin icrası harda və nə zaman icra olunduğu sənədlərlə təsdiq olunmayıb. Yəni bu qayda pozulmuşdur. Maddədə açıqca əşyanı alıcıya çatdırmaq üçün malın daşıcı və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edildiyi bildirsə də, məhkəmə iddiaçının qaimə fakturalarına əsaslanaraq, malı daşıçıya və ya rabitə təşkilatına verildiyinin sübutu olmadığını bilərək malı təhvil verilmiş olduğu qənaətinə gələrək normanın tələblərini kobud sürətdə pozmuşdur. Adı çəkilən qaydalarda təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilməsi qaydası göstərilsə də, bu qaydalara məhəl qoyulmadan İddiaçı MMC malları Cavabdeh MMC-yə təhvil verdiyi qənaətə gəlmişdir. İddiaçı MMC tərəfindən iddia tələbinin əsasını təşkil edən qaimə-fakturalar üzrə malların verilməsi halı sübut olunmayıb. Lakin məhkəmə bu prosessual normanın tələblərini pozaraq sübutsuz iddia tələbini təmin etmişdir. Məhkəmə mübahisənin mediasiya vasitəsi ilə həllini tərəflərə təklif etməyib. Halbuki bu maddədə məhkəmə məsələni mediasiya vasitəsi ilə həll edilməsinə təklif etməliydi. Məhkəmə məhkəmə baxışını barışıq sazışı ilə tamamlamağı təklif etməyə borclu olduğunu maddədə bildirilsə də məhkəmə barışıq sazışının bağlanması üçün heç bir maraq və təşəbbüs göstərməyib. Malların təhvil verilməsi məqamı ümumiyyətlə araşdırılmayıb. Məhkəmə işdə-alqı-satqı müqaviləsinin və elektron qaimə fakturanın olması ilə kifayətlənərək iddiaçının iddia tələbini təmin etmişdir. Lakin malların təhvil-təslim məsələsini heç araşdırmayıb. İddiaçı qaimə fakturadan başqa iş üçün əhəmiyyətli olan heç bir subut (alınacaq mallar üçün sifariş, “Malların təhvil-qəbul aktı” , “Yük avtonəqliyyatı üçün yol vərəqi” və malları daşıyan nəqliyyat vastəsi barədə məlumat, üzləşmə aktı və sair) məhkəməyə təqdim edilməmişdir. Malların fiziki olaraq təhvil verilməsi sübuta yetirilməyib. Əlavə olaraq məhkəmə qət etdiyi qətnamədə 11980 mant 17qəpik Afitin MMC -dən tutub Ak Pack MMC -yə ödənilməsini göstərsə də həmin məbləğdə ƏDV -ni çıxılmadan qeyd edilmişdir. Lakin ƏDV çıxmaqla məbləğ aydınlaşdırılmalı idi .
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi ödənilməsi tələb edilən 11980,17 manat borc məbləğinə ƏDV-nin da daxil olmasını təsdiq etdi.
16. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 yanvar 2023-cü il tarixli AKP_002 nömrəli malların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə 11.980,17 manat borcun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir, həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə malların təqdim edilməsinə dair təhvil-təslim aktlarının mövcud olmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
24. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 600.1-ci maddələri təşkil edir.
25. İddiaçının ödənilməsini tələb etdiyi malların cavabdehə təqdim edilibedilməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı malların təqdim edilməsi faktını təsdiq etmək üçün malların təqdim edilməsinə dair elektron qaimələri məhkəməyə təqdim etmişdir. Eyni zamanda işin mübahisəsiz halları ondan ibarətdir ki, həmin qaimələr üzrə cavabdeh tərəfindən qismən ödənişlər edilmişdir.
26. Odur ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsinə elektron qaimələr təqdim edildiyini, cavabdeh tərəfindən özü üçün vergi öhdəlikləri yaradan həmin qaimələri düzəliş üçün qaytarılmadığını, əksinə qaimələr üzrə qismən ödəniş etdiyini, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatda əsas borcun mövcudluğunu təsdiq etdiyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi və həmin mallara görə cavabdehin ƏDV daxil 11.980,17 manat məbləğində borcunun ödənilməmiş qalması sübutların məcmusu ilə öz təsdiqini tapır.
27. Məhkəmə tərəfindən borcun ƏDV daxil və ya ƏDV xaric olmasının dəqiqləşdirilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehdən tutulması qət edilmiş 11.980,17 manat borc məbləğinə ƏDV-nin daxil olması işin mübahisəsiz halıdır. Digər tərəfdən ödənilməsi qət edilmiş məbləğə ƏDV daxil olmasının qətnamədə xüsusi göstərilməməsi mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Belə ki, icrada çətinlik yaratdığı təqdirdə həmin qeyri-müəyyənlik qətnaməyə izah verilməsi ilə aradan qaldırıla bilər.
28. Barışıq sazişinin bağlanması və ya mübahisənin mediasiyada həll edilməsini təklif etməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının audio-video görüntüsündən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mediasiyada həll edilməsi tərəflərə təklif edilmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, məhkəmə tərəfindən sözügedən prosessual pozuntuya yol verilməsi fərz edilsə belə həmin pozuntu düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmədiyindən MPM-in 387.1-ci maddəsinin tələbləri baxımından qətnamənin ləğvi üçün əsas verən pozuntu hesab edilmir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi (mübahisələndirilən hissədə) tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4905/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov