Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-199/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 132.642 manat məbləğində borcun, 405 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 194.458 manat məbləğində borcun, 405 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadının ləğv edilməsi və ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qüvvədə qalacağı təqdirdə belə bir vəziyyət yaranır ki, faktiki olaraq eyni tərəflər arasında, eyni müqavilə üzrə iddia tələbindən artıq borc məbləği yaranıb, tərəflər arasında eyni müqaviləyə əsasən məhkəmə çəkişməsi var, kreditorun bu borcu tələb etmək hüququ var, lakin iddiaçı bu məhkəmə işi çərçivəsində bu borcu tələb edə bilmədiyindən yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu halda həmin müraciət ünvanlanmış məhkəmə də Mülki Prosessual Məcəllənin 153-cü maddəsini əsas tutmaqla iddia ərizəsini ya geri qaytaracaq, yaxud da ərizəni icraata qəbul edərsə məhkəmələrin əsassız yüklənməsi, eyni müqavilədən yaranan münasibətə iki və daha çox məhkəmə tərəfindən baxılması, sahibkarın və məhkəmələrin vaxtının və resurslarının israf olunması ilə nəticələnəcək. Yenidən MPM-in 43-cü maddəsinə istinad etməklə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsini tələb etmək məcburiyyətində qalacağıq. Qeyd olunan səbəblərdən hesab edir ki, məhkəmənin hazırkı qərardadı işin tez bir zamanda artıq resurslar cəlb etmədən həll olunmasına maneə yaradır, işin obyektiv həll olunmasına xidmət göstərmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4398/2023 saylı qərardadı ilə iş məhkəmə baxışına təyin edilmiş, hazırkı ərizə isə məhkəmənin ikinci baxış iclasında təqdim edilmiş, iddia tələbinin həcminin artırılmasına səbəb olan əsaslar isə məhkəmə baxışı zamanı əmələ gəlməmişdir. Şikayət ərizəsində iddiaçı məhkəmə tərəfindən hansı prosessual pozuntuya yol verildiyini göstərə bilməmiş, yalnız ərizənin qaytarılmasının iddiaçı tərəfindən yeni iddia tələbi irəli sürməsinə əsas olacağını və məhkəmənin iş yükünün artacağını qeyd etmişdir. Qeyd edilən hal isə mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-199/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-199/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver