Məhkəmə qərarları › İş №2-2(103)-2/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-2/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-2/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən dəymiş ziyanın, cərimə-dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: dəymiş ziyan, cərimə-dəbbə pulu borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı vəkili Vəkil1 Şəmsəddin oğlu, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən dəymiş ziyanın, cərimə-dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-2(113)-2419/2021 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 2019-cu il 18 dekabr tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilədən (bundan sonra - “SA010 saylı müqavilə”) görünür ki, Cavabdeh MMC (bundan sonra – “SA”) İddiaçı MMC-nin (bundan sonra – “OS”) sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda OS-a satmağı, OS isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə SA-ya ödəməyi öhdələrinə götürmüşlər.

2. 2020-ci il 28 fevral tarixli 78/020 saylı icarə müqaviləsindən (bundan sonra – “78/020 saylı müqavilə”) görünür ki, “X5” MMC (bundan sonra – “GLC”) Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyriyaşayış binasını SA-ya icarəyə vermişdir.

3. 12 ədəd elektron qaimədən görünür ki, SA tərəfindən GLC-yə ümumilikdə 16.603,31 manat məbləğində icarə haqqı ödənilmişdir.

4. SA tərəfindən OS-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan görünür ki, SA, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

5. SA-nın pretenziya məktubundan görünür ki, OS-dən malların saxlanca verilməsi ilə bağlı 16.602,82 manat məbləğində SA-ya vurulmuş ziyanın, həmçinin 26.743,80 manat məbləğində cərimə sanksiyasının 2021-ci il 4 iyun tarixinədək SA-ya ödənilməsini xahiş edilmiş, əks halda borc məbləğinin ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. OS 2021-ci il 4 may tarixində avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun SA-dan tutularaq OS-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

7. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SA010 saylı müqavilənin 4.3-cü bəndinə əsasən, alıcı OS müqavilə ilə müəyyən edilmiş 20% avans məbləğinin bir hissəsini – 37.150 manat məbləğində vəsaiti SA-nın hesabına köçürmüş, lakin SA müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir. Buna görə də SA müqavilənin 4-cü bəndinə əsasən müqaviləni xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv etmişdir. Qanunun müvafiq normasının tələbinə əsasən SA ilə məhkəməyə qədər həll qaydasına riayət edilmiş və ona rəsmi pretenziya məktubu ilə müraciət edilmişdir. SA-dan ödənilmiş avans məbləğinin OSnin bank hesabına qaytarılması xahiş edilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun təqdim edilməsindən xeyli müddət keçməsinə baxmayaraq SA ödənilmiş 37.150 manat məbləğini OS-nin hesabına geri ödəməmişdir. SA öhdəliyini lazımi qaydada icra etmədiyindən ödənilmiş avans məbləğinin geri qaytarılması zərurəti yaranmışdır. SA ilə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Buna görə də mübahisənin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır.

8. Sonradan SA OS-yə qarşı SA 010 saylı müqavilənin ləğvi və OS-dən 16.603,31 manat məbləğində dəymiş ziyanın, 26.743,80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq SA-ya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Daha sonra SA iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqim etmiş, OS-dan 78.146,94 manat məbləğində dəymiş ziyanın, 26.743,80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq SA-ya ödənilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SA 010 saylı müqavilənin 2019cu il 18 dekabr tarixli 01 saylı əlavəsinə əsasən OS ümumi dəyəri 267.438 manat təşkil edən 1 dəst 72,94 ha badam bağı üçün damlama suvarma sistemini (nasoslar, fıltrasiya sistemi, tənzimləyici klapanlar, filterlər, ana və paylayıcı PVC borular, damlama boruları və kranlar) sifariş vermişdir. Müqavilənin tələblərinə uyğun olaraq, sifariş edilmiş 72,94 ha badam bağı üçün damlama suvarma sistemi SA tərəfindən ölkəyə idxal edilmiş və OS-yə təqdim edilmişdir. Lakin OS bugünədək sözügedən avadanlığın dəyərini ödəlməmiş, eləcə də əsassız şəkildə malı qəbul etməkdən imtina etmişdir. Hətta bunun əksi olaraq OS Bakı Kommersiya Məhkəməsinə müraciət edərək SA tərəfindən sifarişdə qeyd edilən malların Əlavədə qeyd edilən çeşiddə və sayda təqdim edilmədiyini bildirərək SA-ya ödədiyi 37.150 manat məbləğində pulu geri tələb etmişdir. Halbuki bununla bağlı SA-ya bugünədək MM-in 595-ci maddəsinin və müqavilənin 3-cü bəndinin tələblərinə uyğun olaraq hər hansı bir məlumat verilməmişdir. Belə ki, OS-nin ilkin iddia tələbində qeyd etdiyi hallar ümumiyyətlə həqiqətə uyğun deyil. Müqavilə üzrə sifariş verilmiş mallar razılaşdırılmış çeşiddə ölkəyə SA tərəfindən idxal edilmiş, bununla bağlı OS-yə məlumat verilmiş, hətta suvarma avadanlıqlarının quraşdırılması məqsədilə dəfələrlə tərəflərin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra malların təqdim edilməsi müzakirə edilmiş, lakin OS malların dəyərini ödəməmişdir. OS müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən SA tərəfindən OS-nin sifarişi əsasında ölkəyə idxal edilmiş mallar saxlanc anbarına verilmişdir. Malların bugünədək həmin anbarda saxlanılması ilə bağlı xərclər OS-nin SA-ya birbaşa vurduğu ziyandır ki, son 1 il ərzində bununla bağlı SA-ya 16.603,31 manat məbləğində zərər vurulmuşdur. Qeyd edilən zərər məbləği gündən günə artmaqdadır. Həmçinin OS üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən müqavilənin 10-cu bəndi ilə müəyyən edilmiş maksimal 10% olmaqla, ümumilikdə 26.743,80 manat məbləğində cərimə sanksiyasını ödəməlidir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən OS-nin tərəflər arası bağlanılmış müqavilə tələblərini icra etməməsi nəticəsində hazırda suvarma dəsti satılarkən SA-ya ciddi maddi ziyan dəymişdir. Ziyanın məbləği 268.412 - 119.277,3 - 51.441,27 - 37.150 = 60.543,63 manat təşkil edir. Qeyd edilən riyazi hesablama aşağıdaki məqamlara əsaslanmışdır. - 268.412 - 119.277,1 = 149.134,9 manat - nəzərdə tutulmuş ilkin və həyata keçirilmiş təkrar alğı-satqılar arasında yaranmış fərq və ümumi ziyan məbləğlər - 149.134,9 – 51.441,27 = 97.693,63 manat – ümumi ziyan məbləğindən cavabdeh ilə bağlanılan müqavilə üzrə nəzərdə tutulan suvarma dəstinin təkrar satış zamanı satılmayan hissələrinin dəyəri çıxıldıqdan sonra qalıq ziyan məbləği - 97.693,63 - 37.150 = 60.543,63 manat - qalıq ziyan məbləğindən cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra yaranmış yekun ziyan məbləğ - Nəzərə alınsa ki,ilkin iddia tələbinin məbləği 17.603,31( anbar və ekspertiza xərcləri) təşkil edirdi, yekun riyazi hesablamalara əsasən hazırda dəymiş ziyan məbləği 17.603,31 + 60.543,63 = 78.146,94 manat tışkil edir

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli 2-2(113)-2419/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, SA-dan avans kimi ödənilmiş 37.150 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq OS-yə ödənilməsi, qarşılıqlı iddia rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu SA-ya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, SA010 saylı müqaviləyə əsasən, OS tərəfindən 37.150 manat məbləğində pul vəsaiti avans olaraq SAnin hesabına ödənilmişdir. SA tərəfindən SA010 saylı müqavilə birtərəfli qaydada ləğv edilmiş, tərəflər arasında alqı-satqı baş tutmamışdır. Alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üstüstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. SA010 saylı müqavilə SA tərəfindən birtərəfli qaydada ləğv edildiyindən OS tərəfindən ödənilmiş 37.150 manat avans ödənişi SA-dan alınmaqla ilkin iddia təmin edilməlidir. SA010 saylı müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən alıcı bu Müqavilə üzrə Materialların dəyərinin 20% məbləğini avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən Satıcıya ödəyəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən avans ödənişindən sonra Materialların dəyərinin 40%-i malların yükləmə sənədləri Alıcıya təqdim olunduqdan sonra 5 iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Materialların dəyərinin 40%-i mallar sahədə alıcı tərəfindən təhvil alındıqdan sonra 5 iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, OS tərəfindən müqavilə şərtlərinə əsasən avans ödənilmişdir. Qalan məbləğin ödənilməsi isə SA tərəfindən malların yükləmə sənədlərinin, onun əsasında hesab fakturanın, eyni zamanda malın təhvil verilməklə hesab fakturanın verilməsi əsasında həyata keçirilməli idi. Lakin iş materialları ilə SA tərəfindən göstərilən sənədlərin, habelə malın OS-yə təhvil verilməsi müəyyən olunmur. Hətta SA tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qarşılıqlı iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin həmin hissəsi yuxarıda göstərilənlərə əsasən əsassız hesab olunduğundan iddianın dəbbə pulu hissəsi də təmin oluna bilməz.

13. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 448.1, 567-ci, MPM-in 14.2, 76.1, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. SA 2021-ci il 4 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmənin mövqeyinə əsasən cavabdehin hazırkı müqavilə üzrə niyyəti alğı-satqı müqaviləsini imzalayaraq qarşılıqlı iddia üzrə cavabdehdən pul almaq və müqavilə üzrə öhdəlikləri icra etməkdən yayınmaqdır. Halbuki həm iddia tələbində, həm ilkin iddia üzrə iddiaçının izahatlarında müqavilə üzrə öhdəliklərin satıcı tərəfindən icra edərək malın ölkəyə gətirildiyi öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən alıcı bu Müqavilə üzrə materialların dəyərinin 20% (iyirmi faizi) məbləğini avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən satıcıya ödəyəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən avans ödənişindən sonra materialların dəyərinin 40%-i (qırx faizi) malların yükləmə sənədləri Alıcıya təqdim olunduqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Materialların dəyərinin 40%-i (qırx faizi) mallar sahədə Alıcı tərəfindən təhvil alındıqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün əsas satıcı tərəfindən "xxxx" MMC-yə vaxtında malların yüklənməsi ilə bağlı məlumat verilməməsi, həmçinin malların cavabdehə təqdim edilməməsidir. Halbuki bu hallar heç məhkəmə araşdırması zamanı tərəflərin müzakirə və mübahisə predmeti olmayıb. Maraqlısı odur ki, mallar artıq ölkədə olduğu təqdirdə məhkəmə onların yüklənməsi barədə məlumatın tərəfə verilmədiyini əsas gətirir və iddianı rədd edir, lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən malların ölkədə olduğunu bilərək müqavilə üzrə ödənişini etmədiyini qanuni hesab edir. Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçını təkrar olaraq müdafiə edərək bildirir ki, "xxxx" MMC müqavilə üzrə avans öhdəliyini icra etmişdir. Müqavilənin dəyəri 267.438 manat təşkil etdiyi zaman sadə riyazi hesablamalar əsasında avans məbləğinin 267.438*20%=53.487,6 manat olduğunu müəyyən edirik. İddiaçı MMC tərəfindən cəmiyyətə 37.150 manat məbləğində avans ödənişi etmişdir ki, bu da müqavilə üzrə müəyyən edilən əsl avans məbləğindən 16.337,6 manat qədər azdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2- 2(103)-1038/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli e-2-2(113)-2419/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək OS-dan SA-nın xeyrinə 10.287,16 manat dəymiş ziyana görə pul, 26.743,80 manat dəbbə pulu, cəmi 37.030,96 manat pul və 500 manat ekspertiza xərci tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya instansiyası mərhələsi üçün ödənilmiş dövlət rüsumunun SA-ya aid edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, OS müqavilənin 4-cü bəndindəki öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 37.150 manat avans ödəmişdir. Buna baxmayaraq satıcı malı Azərbaycana gətirmiş, 2020-ci ilin iyun ayında mal yoxlanılması və qəbul edilməsi üçün alıcıya təqdim edilsə də, alıcı malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina etmiş, satıcı mala görə ödəniş həyata keçirilmədiyindən 2020-ci il 25 noyabr tarixli məktubla müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Birinci instansiya məhkəməsi SA010 saylı müqavilənin SA tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsası ilə OS tərəfindən ödənilmiş 37.150 manat avans ödənişinin SA-dan tutulması barədə ilk iddia tələbini təmin etsə də, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutlara hər hansı hüquqi qiymət verməmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsində və baş tutmamasında hansı tərəfin təqsirli olduğunu araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməmiş, nəticədə qarşılıqlı iddia tələbinin rədd edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən OS-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, SA tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamışdır. OS tərəfindən SA-nın təqdim etdiyi suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmi qüsurlarla bağlı qüsur aktı tərtib edilməli olduğu nəzərdə tutulmuşdur. Hazırkı halda SA tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və müqavilənin predmeti olan malı öz hesabına əldə edərək Azərbaycana gətirmiş, alıcı OS isə alqı-satqı müqaviləsinin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, o cümlədən gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina edərək müqaviləni pozmuşdur. Müqavilə ləğv edildiyi üçün alıcı ödənilmiş avansı geri tələb etməkdə haqlı olsa da, SAnın alıcı tərəfindən müqavilənin icrasından əsassız imtina edilməsi nəticəsində dəymiş ziyanı qarşı tərəfdən tələb etmək hüququ vardır. Qarşılıqlı iddia tələbi OS-dən 26.743,80 manat dəbbə pulu tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10.5-ci bəndində nəzərdə tutulmuşdu ki, alıcı satıcı tərəfindən təqdim edilmiş malların müqavilə şərtlərinə uyğun olaraq dəyərinin ödənilməsində gecikməyə yol verdikdə yol verdiyi hər gecikmə gününə görə 0,01 % dəbbə pulu ödəməlidir. 10.6-cı bəndə əsasən, cərimənin ümumi məbləği müqavilə dəyərinin 10 %-dən artıq ola bilməz. SA tərəfindən tələb edilən dəbbə pulu məbləği müqavilə dəyərinin 10%-dən çox olmadığından məhkəmə hesab etmişdir ki, dəbbə pulu tələbi tam təmin edilərək OS-dan SA-nın xeyrinə 26.743,80 manat dəbbə pulu tutulmalıdır. SA tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dollarına (119.277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil edir. SA alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə 60.543,63 manat ziyanın tutulmasını tələb edir. Qanuna əsasən, satıcının alıcı tərəfindən qəbul edilməmiş malı ağlabatan qiymətlə başqa şəxsə satdığı halda onun qiymət fərqini tələb etmək hüququ yarandığından, hazırkı halda isə SA malı müqavilə dəyərindən xeyli aşağı qiymətə satdığından qeyd edilən hissədə qarşılıqlı iddia təmin edilə bilməz. Qarşılıqlı iddia tələbində eyni zamanda alıcının qəbul etmədiyi malın anbar-icarə xərcləri və ekspertiza xərcinə görə 17.603,31 manatın tutulması xahiş olunur. 78/020 saylı müqavilədən görünür ki, GLC Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını SA-ya icarəyə vermişdir. 12 ədəd elektron qaimədən görünür ki, SA tərəfindən GLC-yə ümumilikdə 16.603,31 manat məbləğində icarə haqqı ödənilmişdir. İşdəki “Məhkəmə Ekspertizası və X1” MMC-nin rəyindən görünür ki, SA-nin sifarişi əsasında suvarma avadanlığı tədqiq edilmiş, təqdim edilmiş malın tərəflər arasında bağlanmış müqavilənin təyinatına uyğun olduğu müəyyən edilmişdir. “Məhkəmə Ekspertizası və X1” MMC-nə 2021-ci il 21 iyun tarixində ekspert rəyinə görə SA tərəfindən 1.000 manat ödənilməsi barədə qəbzin əsli məhkəməyə təqdim edilmişdir. “Məhkəmə Ekspertizası və X1” MMC-yə SA tərəfindən ödənilmiş 1.000 manat vəsaitin 500 manatı qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə OSdən tutulmalıdır. İşdəki 2020-ci il 18 iyun tarixli aktdan və qoşmasından görünür ki, suvarma sistemi olan avadanlığın saxlanılmasına görə SA tərəfindən icarəyə götürülmüş sahə Abşeron rayonu, 283-cü Hövsan küçəsi, 30-da yerləşən anbar kompleksinin 144 m2 hissəsidir. Buna görə də SA tərəfindən yalnız həmin sahə ilə bağlı ödənilmiş icarə haqları qarşı tərəfdən dəymiş ziyan kimi tutula bilər. İşdəki elektron qaimələr əsasən həmin sahə ilə bağlı 2020-ci ilin iyun ayından sonra ödənilmiş icarə haqqı 10.287,16 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, həmin məbləği OS-dən SA-nın xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.

18. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini Mülki Məcəllənin 385.1, 424.5, 443.1, 448.1, 465.1, 567, 598.4, 645.2-ci, MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilməsi, Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2- 2(103)-1038/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 26.743,80 manat dəbbə pulunun tutulmasına dair tələbinin təmin edilməsi və malın digər alıcıya daha aşağı qiymətə satması ilə əlaqədar SA-ya dəymiş 60.543,63 manat ziyanın tutulmasına dair tələbinin rədd edilməsi hissələrində ləğv edilməsi, işin qətnamənin ləğv edildiyi hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda müqavilənin birtərəfli qaydada xitam edilməsi OS-nin öz təqsiri nəticəsində SA-ya vuruduğu zərərdən azad edilməsi üçün əsas ola bilməz. Bundan fərqli olaraq, iş materiallarından görünür ki, SA-nın dəbbə pulunun OS-dən tutulması tələbi qanundan deyil, məhz müqavilədən irəli gəlir.İş materiallarında olan SA tərəfindən OS-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan görünür ki, SA, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.Nə qarşılıqlı iddia ərizəsində, nə də digər iş materiallarında tələb olunan dəbbə pulunun konkret olaraq hansı dövr üçün necə hesablandığı göstərildiyindən, eləcə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu məsələ diqqətdən kənarda qaldığından tələb olunan dəbbə pulunun həcminin əsaslılığı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, bundan öncəki apellyasiya baxışı zamanı çıxarılan yekun qətnamə ilə razıdırlar. Müqavilənin xitam verilməsi ilə bağlı iş materiallarında məktub var. İlkin məhkəmələr zamanı araşdırma predmeti bu olmamışdır. Onlar bu mövqedən yanaşıblar ki, müqavilə qüvvədədir və müqavilə çərçivəsində onlarcəriməni hesablayıblar. Ali Məhkəmə məktuba önəm verir. 25 noyabra qədər dəbbə pulunu onlar təxminən hesablayıblar. Müqavilədə 0.01% məbləğ müəyyən edilib. Onlar ümumi məbləğin 0.01%-ni hesablayıblar. Müqavilə bağlandığı vaxtdan qarşı tərəf avans ödənişi etməli idi. Lakin, avans ödənişi qismən ödənilmişdir. Buna görə də dəbbə pulu hesablanan zaman təxminən 10 min manata yaxın pul çıxır. xx.xx.2019-cu ildə müqavilə bağlanmışdır. xx.xx.2021-ci ildə isə xitam verilmişdir. Beləliklə, 342 gün edir. Müqavilənin bağlandığı andan avans ödənişi edilməli idi. Qarşı tərəf mübahisələndirmədiyi üçün cərimə məbləği ilə bağlı keçirilməsini istəməyiblər. Onlar təxminən hesablamalar ediblər. Müəyyən vaxt verilsə hesablamanı dəqiq şəkildə deyə bilər. Onların qarşı tərəflə 268.000 manatlıq müqaviləsi olub.Onun 216.000 manatı suvarma sisteminin qiyməti olub, yerdə qalanı boru və nasosların qiyməti olub. Onlar da bu boru sistemlərindən pul götürmürlər. Onlar əsas suvarma sistemlərinin dizaynını hazırlayıb quraşdırırlar. Ekspert rəy verib ki, qiymət 2019cu ildən 138.000 manata düşüb. Onların onu bir il saxlamağı 20.000 manata başa gəlib. Bu elə bir maldır ki, sahə düz gəlməlidir, parametrlər uzlaşmalıdır. Həmin vaxt onu satmasa idilər, onun mövsümü keçirdi. Onlar onu 10 % fərqlə satıblar. Bu elə bir maldır ki, konkret olaraq sahənin ölçülərinə uyğun gəlməlidir. Orada 268.000 manatlıq malın 216.000 manatı konkret olaraq suvarma sistemi ilə əlaqədar olub. 216.000 manat müqavilədə razılaşdığı ilkin qiymət olub, onlar onu 119.000 manata satıblar. 97.693 manat onların ziyanı olub. Alıcının təqsirinə görə müqavilə pozulub. Mülki Məcəlləyə əsasən əgər alıcının təqsiri ucbatından müqavilə ləğv edilərsə, ilkin müqavilə ilə sonrakı müqavilə arasındakı fərq alıcıdan tələb edilə bilər. Onların da ilkin müqavilələrində malın qiyməti 216.000 manat olub, onlar sonra 119.000 manata satıblar. Burada 97.000 manata yaxın fərq yaranır. Onlar o qiymətdən yuxarı sata bilməzdilər. Onlarda suvarma sistemi nasos borular, suvarma dəstidir. Suvarma dəstinin qiyməti 216.000 manat olub, suvarma borunun qiyməti 51.000 manat olub. Ali Məhkəmənin qərarında qeyd edilib ki, apellyasiya məhkəməsi satışın aşağı qiymətə aparılmasının səbəbi kimi "xxxx" MMC-nin real müştərini qaçırmamaq üçün məcburiyyət qarşısında atdığı addım olub-olmamasına qiymət verməmişdir. Bu suvarma sistemidir. Sifariş ediblər və onlar bunu xaricdən hazırladıb gətiriblər. 1 il yarıma malın qiyməti 216.000 manatdan ekspert rəyinə görə 138.000 manata enib. Nasos və boru olmadan qiymət suvarma sisteminin qiyməti 216.000 manatdır. Ekspert müəyyən etdi ki, malın qiyməti 216.000 manatdan 138.000 manata düşüb, yəni, bu onların iradəsindən asılı olan bir şey deyil. Malın qiymətinin 80.000 manata yaxın düşdüyü məlum oldu. İlkin müqavilədən sonra 2 müqavilə var ki, orada borularla nasosların qiyməti əks edilib. Boru və nasoslar əlavə komponentləridir,suvarma sistemi taxıldıqdan sonra əlavə vasitədir. Onlar ağlabatan qiymətdən 10 % fərqlə yəni ki, 119.000 manata satıblar. Şərtləşdirdikləri qiymət 216.000 manat idi, öhdəlik pozuldu, başqasına onlar məcburiyyət qarşısında qalıb 119.000 manata satıblar. Onsuz da həmin vaxt bazar dəyəri 138.000 manat olub, onların günahı olmayıb. Onlar ziyana düşüblər. Malı gətirib saxlayıblar, tərəf almadığını bildirib. İddia tələbində 78.000 manat tələb ediblər, 10.000 manat təmin edilib. Yerdə qalan 68.000 manatdan 60.000 manatı təmin edilsin.

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı vəkili Vəkil1 Şəmsəddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, malın dəyərinin aşağı satılmağı ilə bağlı məsələ mümkün olan hal deyil. Pulsuz sınaq keçirilə bilərdi. Dəbbə pulu ilə də razı deyil.

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

29. Belə ki, 2019-cu il 18 dekabr tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişinə uyğun olaraq suvarma sistemi dəstini 268412 manata OS-a satmağı, OS isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə SA-ya ödəməyi öhdələrinə götürmüşlər.

30. SA tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dollarına (119.277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil edir. SA alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə 60.543,63 manat ziyanın tutulmasını tələb edir. 60.543,63 manat məbləğində ziyanı belə hesablayır ki, boru və nasosların dəyəri 51.441,27 manat və avans olaraq ödənilmiş 37150 manat nəzərə alınmaqla müqavilədə nəzərədə tutulan məbləğlə, yəni 268.412 manatla bağ üçün damçı suvarma sisteminin satıldığı məbləğ 119.277,1 manat arasındakı fərq ona dəymiş ziyan məbləğidir.

31. Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli, 9/9361 nömrəli ekspert rəyində qeyd edilir ki, bağ üçün damçı suvarma sisteminin bazar qiyməti 138395 manat müəyyən olunur.

32. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.§24

33. Beləliklə, müəyyən olunur ki, SA suvarma sistemini müəyyən borular və nasoslar xaric 138395 manata sata bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, SA suvarma sistemini başqasına 119.277,1 manata, yəni ağlabatan qiymətə satdığından 60.543,63 manat məbləğində dəymiş ziyanı OS dan tələb etməkdə haqlıdır.

34. İş materiallarında olan SA tərəfindən OS-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan görünür ki, SA, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

35. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyindən, dəbbə pulunun müqavilənin birtərəfli qaydada xitam edildyi tarixdən sonrakı dövr üçün də hesablanması qanunun tələbinə zidd hesab olunmalıdır.

36. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 18 dekabr 2019-cu il tarixli müqavilə üzrə 25 noyabr 2020-ci il tarixli xəbərdarlıq müddətinə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli dəbbə pulu məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

37. Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/10067/2024 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 18 dekabr 2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25 noyabr 2020-ci il tarixə ödənilməli olan dəbbə pulunun məbləği (557,14 + 3435,20) = 3992,34 manat müəyyən edildi.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-2(113)-2419/2021 saylı qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçındən 60 543,63 manat dəymiş ziyan və 3992,34 manat cərimə pulu Cavabdeh xeyrinə tutulmalıdır.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən edilsin. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-2(113)-2419/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçındən 60543,63 (altmış min beş yüz qırx üç manat altmış üç qəpik) manat dəymiş ziyan və 3992,34 (üç min doqquz yüz doxsan iki manat otuz dörd qəpik) manat cərimə pulu Cavabdeh xeyrinə tutulsun. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Rüsum qalan hissədə apellyatora aid edilsin. Ekspertiza xərci 200 (iki yüz) manat İddiaçındən dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar