Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-20/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-369/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 48 ünvanında yerləşən və hal-hazırda konservasiya olunan İddiaçı ASC-yə məxsus, “xxxx” MMC tərəfindən sökülmüş 277 saylı qazanxananın MMC-nin vəsaiti hesabına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82)-369/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-2(103)-689/18 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(102)-140/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(103)-519/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-26/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən və hal-hazırda konservasiya olunan İddiaçı ASC-nin 16 saylı X1 Sahəsinin balansında olan 277 saylı qazanxana ASC-yə hər hansı bır xəbərdarlıq olunmadan “xxxx” MMC tərəfindən sökülmüşdür. Qeyd olunan qazanxananın yaxın gələcəkdə ətrafda yerləşən yaşayış binalarına və digər sosial obyektlərin istilik enerjisi ilə təchiz olunması üçün rekonstruksiya olunaraq istismara buraxılması nəzərdə tutulmuşdur. İddiaçı ASC-yə məxsus qazanxananın Cavabdeh MMC tərəfindən sökülməsi faktı Əmlak Məsələləri Dövlət Komitəsinin və Cəmiyyətin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixində tərtib olunmuş aktla öz təsdiqini tapmışdır. Cavabdeh MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixində Cəmiyyətə məxsus sökülmüş qazanxana binasının təcili bərpa olunaraq məlumat verilməsi barədə müraciət etsə də, MMC məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş heç bir sənəd və ya digər sübutla məhz cavabdeh tərəfindən sözügedən qazanxananın sökülməsi faktı təsdiq olunmur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib və təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda da qazanxananın konkret olaraq kim, o cümlədən də cavabdeh tərəfindən söküldüyü göstərilməmişdir. Həmin aktda etdiyi qeyd-şərhdə cavabdehin nümayəndəsi göstərir ki, qazanxana MMC tərəfindən sökülməyib. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları araşdıraraq və Mülki Məcəlləsinin 157.2, 157.4, 169.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 17.2, 17.3, 75.1, 75.4 və 75.4-1-ci maddələrinə istinad edərək müəyyən etmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2017-ci il tarixli 1-1/219 saylı Sərəncamına əsasən, Nizami rayonu, R.Rüstəmov və M.Abbasov küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün Cavabdehnə icazə verilmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Ərazinin Tikinti- Planlaşdırma Eskizi tərtib edilərək təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilmiş və Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, həmin ünvanda yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Ərazinin Tikinti-Planlaşdırma Eskizi tərtib edildiyindən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilməklə Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırıldığından və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2017-ci il tarixli 1-1/219 saylı Sərəncamına əsasən həyata keçirildiyindən Cavabdeh hərəkətləri qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə iddianın rədd olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən zərərin əvəzinin naturada ödənilməsi tələbləri irəli sürülmüşdür. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmçinin zərərin əvəzinin ödənilməsi üsullarını tənzimləyən Mülki Məcəllənin 1115-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-26/2020 saylı qərarında da göstərilmişdir ki, apellyasiya Məhkəməsinin yenidən işə baxan İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozaraq, Ali Məhkəməsinin qərarında olan göstərişlərə əməl etməmiş, iddiaçı tərəfindən iddianın hüquqi əsasının dəyişdirildiyini, Nizami rayonu, R.Rüstəmov və M.Abbasov küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazənin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Ərazinin Tikinti- Planlaşdırma Eskizi tərtib edildiyini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilməklə Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırıldığını və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr tarixli 2017-ci il, 1-1/219 saylı Sərəncamına əsasən həyata keçirildiyini düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, qazanxana binasının fəaliyyət göstərdiyi müddətdə hansı yaşayış binalarını istilik enerjisi ilə təmin etdiyi, həmin binaların hazırda mövcud olub-olmadığı, qazanxana binasının vaxtilə yerləşdiyi ərazidə hazırda hər hansı tikilinin, beləliklə, onun bərpasının mümkün olub-olmadığı, ərazidə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 159 nömrəli sərəncamına və Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr tarixli 2017-ci il, 1-1/219 saylı Sərəncamına əsasən tikinti işlərinin aparılıb-aparılmadığı və tikintinin hazırkı vəziyyəti dəqiqləşdirilməli, bu məqsədlə əraziyə yerində baxış keçirilməli, müvafiq ekspertiza təyin edilməklə bu məsələlərə aydınlıq gətirilməlidir. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2021-ci il tarixli 10/2930 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşmiş İddiaçı ASC-yə məxsus 277 saylı qazanxananın binası, onun içərisində quraşdırılmış texnoloji avadanlıq və həmin qazanxananın istilik enerjisi ilə təchiz olunmuş bir neçə binaları tam söküldüyündən həmin qazanxananın bərpa edilməsi texniki cəhətdən mümkün deyildir. Beləliklə, ekspert rəyinə əsasən müəyyən olunur ki, mübahisəli qazanxananın bərpa edilməsi texniki cəhətdən mümkün deyil. Belə olan halda isə işin digər hallarına qiymət verilmədən iddia rədd olunmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-369/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-20/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-20/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver