Məhkəmə qərarları › İş №2-2(103)-200/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-200/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-200/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-843/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” ASC cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış MQ-014/19 saylı alqı-satqı və podrat müqaviləsinin ləğv edilərək, cavabdehə ödənilmiş 23340 manat məbləğin, MQ-014/19 saylı alqı-satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1173,59 manat miqdarında dəbbə pulunun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2019-cu il tarixdə tərəflər arasında bağlanmış MQ- 014/19 saylı alqı-satqı müqaviləsinə əsasən 14 gün ərzində “SoyGen 175 kv” modelli generator və şəbəkə tənzimləyici 200 kva modelli stabilizator alıcı “xxxx” ASC-yə təhvil verilməli, həmçinin şifahi razılaşmaya (podrat müqaviləsinə) əsasən ASC-də quraşdırmamontaj və betonlama işləri həyata keçirilməli idi. Alqı-satqı nüqaviləsi üzrə cavabdeh tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən dəyəri 22700 manat (ödəniş tapşırığı №78685) və podrat müqaviləsi üzrə tərəflərindən göndərilmiş xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 640 manat (ödəniş tapşırığı № 92035) “xxxx” ASC tərəfindən Cavabdeh MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. Müqavilələr üzrə ödənişlərin həyata keçirilməsinə və müqavilənin müvafiq tələblərinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini bu günə qədər də tam icra etməmiş, yalnız şəbəkə tənzimləyici 200 kva modelli stabilizator təhvil verilmişdir ki, o da təhvil verilməli digər əmlak olmadan istifadə olunmadan qalmışdır. Tərəflər arasında bir neçə dəfə şifahi əlaqə saxlanılsa da, müqavilədə müəyyən olunmuş müddət ərzində cavabdeh öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 575.2-ci maddəsinə istinadən iddiaçı hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, heç bir səbəb olmadan Türkiyə Respublikasından sifariş edib gətirdikləri tam işlək formada olan generatordan iddiaçının imtina etdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-843/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MQ-014/19 saylı alqı-satqı və podrat müqavilələrinin ləğv edilməsi, Cavabdeh MMC-dən ödənilmiş 23340 manat, gecikdirilmiş günlərə görə 60 manat dəbbə (cərimə), cəmi 23400 manat və dövlət rüsumu kimi ödənilmiş 28,63 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə üzərimizə götürdüyümüz bütün öhdəlikləri tam formada həyata keçirmişdik. Lakin iddiaçı tərəf baş vermiş situasiyanı tamamilə fərqli formada məhkəməyə çatdırmışdır. Belə ki, alqı-satqı müqaviləsinə əsasən tərəfimizdən 1 ədəd “SoyGen” markalı generator və 1 ədəd də stabilizator aidiyyəti üzrə quraşdırılmalı idi. Şifahi podrat müqaviləsinə əsasən isə tərəflərindən ərazidə betonlama işləri aparılmalı idi. Həmin məbləğin dəyəri 640 (altı yüz qırx) manatdır. Müqavilələrin imzalanmasından sonra 5200 manat dəyərində olan “Şəbəkə təmizləyici-Stablizator” qarşı tərəfin sərəncamına verilmişdir. Həmin arqumenti iddiaçı özü də təsdiq etmişdir. Həmçinin 640 (altı yüz qırx) manat dəyərindəki betonlama işləri də artıqlaması ilə icra edilmişdir. “SoyGen” markalı generatora aid olan hissədə də müqavilə üzrə öhdəliklər tam icra edilmişdir. İşlərin görülməsi zamanı 175 kv deyil, 200 kv generatorun çatdırılmasının daha əlverişli olacağı, 175 kv generatorun mühərrik hissəsinin əldə edilməsinin çox çətin olduğunu qarşı tərəfə bildirilmişdi. Məhz həmin ərəfədə qarşı tərəf 200 kv generatorun çatdırılması ilə razılaşmışdı. Ancaq generatoru Türkiyədən “Soygen” firmasından Bakıya çatdırdıqdan sonra qarşı tərəf heç bir arqument irəli sürmədən qəbul etməkdən boyun qaçırmışdı. Baxmayaraq ki, tam yararlı vəziyyətdə idi. Qarşı tərəf müqavilədən birtərəfli qaydada imtina etdikdən sonra isə, yenə eyni xərcləri çəkib həmin malı yenidən qonşu ölkəyə göndərmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, müəssisəmiz imtina faktından sonra ciddi şəkildə ziyanla qarşılaşdı. Qarşı tərəf müqavilələrin ləğv edilərək ümumi məbləğin bizdən tutulmasını məhkəmədən xahiş etmişdir. Həmin məbləğdən 5200 (beş min iki yüz) manatlıq şəbəkə təmizləyici- Stablizator və 640 (altı yüz qırx) manatlıq betonlama işlərinin dəyəri iddia tələbindən xaric edilməlidir. Çünki həmin məbləğdə işlərin görülməsini qarşı tərəf özü də iddia tələbində etiraf etmişdir. Yerdə qalan digər vəsait isə imtina faktı ilə əlaqədar yaranmış yol-nəqliyyat, daşıma və gömrük ödənişlərinə ayrılmışdır. Göründüyü kimi, 23340 manat məbləğin 5840 manatlıq hissəsi bizim tərəfimizdən artıqlamasıyla icra edilmişdir. Yerdə qalan 17500 manatlıq hissədə isə öhdəliyimiz bizim tərəfimizdən tam icra edilmiş, lakin qarşı tərəf həmin maldan imtina etdiyi üçün generatoru geri qaytarmalı olmuşuq. Həmin generatorun gətirilib sonra geri qaytarılması xərcləri də tərəflərindən mizdən qarşılanmışdır. Əslində, iddiaçının qanunsuz imtinası nəticəsində ziyan vurulmuş şəxs cavabdeh özüdür. Birinci instansiya məhkəməsi araşdırmanı təktərəfli aparmış və ən sonda əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Z.Əlizadə cavabdehin apellyasiya şikayətinin tamamilə əsassız olduğunu stabilizatorun generatorsuz işə yaramadığını və heç bir betonlama işinin aparılmadığını istənilən vaxt cavabdeh onu apara bildiyini qeyd edərək, qətnaməni qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, onun tərəfindən: - xx.xx.2019-cu il tarixində tərəflər arasında 14 gün ərzində “SoyGen 175 kv” modelli 1 ədəd generatorun və “şəbəkə tənzimləyici 200 kva” modelli 1 ədəd stabilizatorun alqı satqısına dair alqı-satqı müqaviləsi bağlandığı; - həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 22.700,00 manat (ödəniş tapşırığı №78685) iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürüldüyü, - habelə, onlar arasında quraşdırma-montaj və betonlama işləri həyata keçirilməsi barədə şifahi (podrat) razılaşması əldə olunduğu; -həmin razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə 640 manat (ödəniş tapşırığı № 92035) iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürüldüyü mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilmiş, müqavilələr bağlandıqdan sonra 5200 manat dəyərində olan “stablizator” iddiaçıya verilmiş, həmçinin 640 manat dəyərindəki betonlama işləri də artıqlaması ilə icra edilmiş, generatora aid olan hissədə isə 175 kv deyil, 200 kv modelli generator daha əlverişli olacağı, 175 kv-q generatorun isə mühərrik hissəsinin əldə edilməsi çox çətin olduğu qarşı tərəfə bildirilmiş, Türkiyədən “Soygen” firmasından gətirilmiş 200 kv modelli generator Bakıya çatdırdıqdan sonra, iddiaçı heç bir arqument gətirmədən onu qəbul etməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. İş materiallarından görünür ki, alıcı, yəni, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirərək, müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan 1 ədəd göneratrun 17500 manat məbləğində dəyərini və onun üçün nəzərdə tutulan ləvazimatın - 1 ədəd stabilizatorun 5200 manat məbləğində dəyərini cəmi, 22.700,00 manat məbləğində pulu cavabdehə ödəsə də, sonuncu tərəfindən ona yalnız stabilizator təhvil verilmiş, həmin stabilizatorun xidmət edəcəyi 175 kv generator isə tona təqdim olunmamışdır. Hərçənd ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin generatorun əvəzinə 200 kv-luq generator gətirilməsinə iddiaçının razı olduğunu bildirir, birincisi, belə razılaşmanın mövcudluğunu iddiaçı qəbul edilməsi müəyyən olunmur. İkincisi, iddiaçı tərəfin məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli 1006-S/20 saylı aktında təsbit olunur ki, müqavilədə nəzərədə tutulan “Soygen 175 kv “ modelli generator ona təhvil verilməmiş, sadəcə “200 kv” modelli stabilizator təqdim edilmişdir ki, onun da müayinə zamanı müqavilədə nəzərdə tutulan müvafiq göstəricilərə uyğun olmadığı və əvvəllər istifadə edildiyi, tam işlək vəziyyətdə olmadığı aşkar olunmuşdur. Digər tərəfdən generatorsuz işə də yaramır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlə aralarında belə razılaşmanın mövcudluğu və faktiki olaraq 175 kv generator əvəzinə 200 kv-luq generatorun gətirilərək ona təklif olunduğunu qəbul etmir və ümumiyyətlə onun belə generator istəyi mövcud deyil. Ən azından, cavabdeh generatorun təqdim olunması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Mülki Məcəllənin 580.1-ci maddəsinə əsasən atıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Tədqiq olunan aktdan həmçinin görünür ki, cavabdeh tərəfindən, həmçinin, təqdim olunacaq generatorun yerləşdirilməsi üçün o, 640 manat dəyərində betonlama işlərinin də aparılmalı olduğu halda, həmin işlər də onun tərəfində icra olunmamışdır. Apellyasiya şikayətində isə o, həmin işlərin aparılmasını mübahisələndirsə də sübutlarla əsaslandırılmamışdır. Halbuki MPM-in 77.1-ci madəsinə əsasən tərəf olaraq etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də cavabdehin apellyasiya şikayətində müqavilə öhdəliklərinin yerinə yetirdiyini mübahisələndirən dəlilərinin əsassız olduğu sübuta yetirilir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunaraq, 23340 manat əsas borcun və tənasübsüzlüyü nəzərə alınaraq gecikdirilmiş günlərə görə dəbbə pulunun 60 manat həddində müəyyən edilməklə, cəmi 23400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlinməsini işin halllarına maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin məhəkəmə tərəfindən təktərəfli araşdırma aparıldığını və əsassız qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 843/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "Cavabdeh" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-843/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar