Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-200/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2872/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 6212,08 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli e-2-2(113)-2872/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı - İddiaçı MMC ilə (köhnə adı “X3” MMC) alıcı - Cavabdeh arasında 16.11.2017-ci il tarixli 533 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları alıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 6212,08 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC-dən alınan malların bir hissəsi keyfiyyətsiz olmuş və onun satdığı müştərilər tərəfindən geri qaytarılmışdır. Həmin mallar onun tərəfindən Azərbaycan Respublikasının müxtəlif rayonlarında olan müştərilərə satıldığından o, malların olduğu yerlərə getmiş, həqiqətən malların keyfiyyətsiz olduğunu görmüş və bu barədə İddiaçı MMC-yə məlumat vermişdir. Lakin keyfiyyətsiz malların Bakı şəhərinə gətirilərək İddiaçı MMC-yə çatdırılması əlavə vəsait tələb etdiyindən mallar sonuncuya qaytarılmamışdır. Üzləşdirmə aktında olan imza ona məxsus olsa da, İddiaçı MMC tərəfindən ona həmin borcu hissə-hissə ödəməsinə razılıq verilmiş, borcun bir hissəsini ödəmişdir. Lakin sonradan İddiaçı MMC borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Sonuncu fakt hər iki tərəfin imzası ilə təsdiq olunmuş 14.07.2020-ci il tarixli təhviltəslim və üzləşdirmə aktı ilə tam təsdiq olunur. Belə ki, həmin akta əsasən 14.07.2020-ci il tarixinə qarşılıqlı borclar üzrə Cavabdeh İddiaçı MMC-yə olan borcu 7512,08 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 6212,08 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Malların keyfiyyətsiz olması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Lakin cavabdeh alınmış malın qüsurlu (keyfiyyətsiz) olmasını, o cümlədən malın ehtimal olunan qüsurunun iddiaçının malı alıcıya təhvil verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Məcəllənin 588.1-ci maddəsi, o cümlədən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçının göndərdiyi mallar keyfiyyətsiz olsaydı və ya müqavilə tələblərinə cavab verməsəydi, cavabdeh təhvil-təslim və üzləşdirmə aktını imzalamaqdan imtina edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdeh tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2872/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-200/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-200/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver