Məhkəmə qərarları › İş №2-2(103)-201/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-201/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları; İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1231/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin «xxxx» ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş 1230,75 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 1260,75 manat məbləğində vəsaitin cavabdeh “xxxx” ASC-dən tutularaq MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-nin X7 “Sayğac quraşdırılması və Uçota nəzarət İdarəsi”nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi üzrə İddiaçı MMC-yə məxsus Astara rayonu H.Əliyev prospekti ünvanında yerləşən “OBA” marketində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və yoxlama nəticəsində müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Sayğacların və cərəyan transformatorların yoxlanılması” haqqında 021404 saylı, xx.xx.2019-cu il tarixli akta əsasən **********018492 nömrəli, 3 fazalı elektrik sayğacı yoxlamadan keçirilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sayğacın dövlət möhürü normaldır, sayğac xətt gərginliyi üzrə normal buraxılan xəta ilə işləyir, lakin faza gərginliyi üzrə ayrı-ayrı fazalar daxili gücün nəticəsində işləmir və sayğac istismara yararsızdır. Həmin akt komissiya sədri və üzvləri tərəfindən imzalanmışdır. Yoxlamadan sonra obyektdə olan istismara yararsız sayğac yenisi ilə əvəz edilmişdir. İstismara yararsız olan elektrik sayğacı dəyişdirilənədək istehlakçıya təqdim edilmiş bildirişə əsasən xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə qeydə alınmış orta sərfiyyat 13675 kvt/s olmaqla “xxxx” ASC tərəfindən 1230,75 manat məbləğində borc hesablanmışdır. Halbuki 2018-ci ilin aprel ayından xx.xx.2019-cu il tarixədək keçən son bir il müddətində istehlakçıya verilmiş bildirişlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin dövrdə orta sərfiyyat 2083 kvt/s - 7977 kvt/s aralığında dəyişib və ödənilməli olan maksimal məbləğ 717,93 manat təşkil etmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, istelakçı tərəfindən bu qədər qısa müddət ərzində 1230,75 manat dəyərində elektrik enerjisinin istehlak edilməsi mümkün deyil, tələb edilən ödəniş məbləği həqiqətən də sayğacda yaranan texniki nasazlıq nəticəsində qeydə alınıb və real məbləğdən dəfələrlə artıqdır. “xxxx” ASC-nin X7 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli bildirişə əsasən istehlakçının ödəməli olduğu məbləğ 1514.31 manat təşkil etmişdir ki, bu məbləğin 1230,75 manat hissəsi sayğacda yaranan texniki nasazlıq nəticəsində qeydə alınmışdır. Bununla bağlı X4 etiraz edilsə də şəbəkədən bildirilmişdir ki, yaranmış borc təcili olaraq ödənilməzsə elektrik enerjisinin təchizatı dayandırılacaqdır. Elektrik enerjisinin kəsilməsi marketin fəaliyyətinin dayandırılmasına, ərzaq məhsullarının yararsız hala gəlməsinə səbəb olacağından və nəticədə külli miqdarda ziyana düşəcəyindən ehtiyat edən şirkət xx.xx.2019-cu il tarixdə 1514.31 manat borcu ödəmişdir. Bu faktı təsdiq edən sənəd iş materiallarına əlavə edilmişdir. Borc ödənildikdən sonra xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən surəti “xxxx” ASC-yə göndərilməklə Cəmiyyətin X4 müraciət edilərək sayğacın istismara yarasız vəziyyətdə olduğu dövrdə borc kimi hesablanmış məbləğin şirkətə geri ödənilməsi xahiş edilmişdir. “xxxx” ASC xx.xx.2019-cu il tarixli, 7-01/07/960 saylı məktubunda bildirmişdir ki, xx.xx.2019- cu il tarixdə X3 əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus “OBA” marketdə baxış keçirilmiş və elektrik sayğacının normal buraxılan xəta ilə işləməsi “Sayğacların və cərəyan transformatorların yoxlanılması” haqqında 021404 saylı protokolla (aktla) təsdiq edilmiş və bu səbəbdən obyektin sərf etdiyi elektrik enerjisinə görə yaranmış debitor borcu realdır. “xxxx” ASC tərəfindən göndərilən cavab məktublarının məzmunundan görünür ki, cavabdeh “Sayğacların və cərəyan transformatorların yoxlanılması” haqqında 021404 saylı protokola istinad etsə də, həmin sənəddə qeyd edilmiş “Sayğac istismara yararsızdır” cümləsinə münasibət bildirməyərək debitor borcun “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənlər cavabdeh “xxxx” ASC-nin istehlakçıya münasibətdə ədalətsiz mövqedə olduğunu və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulduğunu əks etdirir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1231/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan : - Kommersiya qurumunun Dövlət Reyestrinin çıxarışından görünür ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən № ********** saylı VÖEN verilərək X8 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə əldə etmişdir - “xxxx” ASC-nin Sayğac qurşadırma və uçota nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 144480 saylı, xx.xx.2019-cu il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, iddiaçıya məxsus **********18492 saylı sayğac yenisi ilə əvəz olunmuş və çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. - “xxxx” ASC-nin Sayğac qurşadırma və uçota nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 021404 saylı, xx xxxxx 2019-cu il tarixli Sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokolundan görünür ki, **********18492 saylı sayğac laboratoriya yoxlamasından keçirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın dövlət möhürü normaldır. Sayğacın xətt gərginliyi üzrə normal buraxılan xəta ilə işləyir, lakin faza gərginliyi üzrə ayrı-ayrı fazalar daxili qüsur nəticəsində işləmir. Sayğac istismara yararsızdır. - abunə haqqında məlumatdan görünür ki, iddiaçıya məxsus sayğac xx.xx.2019-cu il tarixdə dəyişdirilmiş, xx.xx.2019-cu il tarixə abunəçinin **********M saylı sayğac üzrə borcu 1230,75 manat, xx.xx.2019-cu il tarixə ümumi borcu 1514,31 manat təşkil edir və iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. - onlayn xidmətlər portalının ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına xx.xx.2019-cu il tarixdə 1514,31 manat məbləğində ödəniş olunmuşdur. - “xxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış 7-01/07/960 saylı, xx.xx.2019- cu il tarixli məktubdan görünür ki, elektrik enerjisinə görə yaranmış debitor borcun araşdırılması ilə əlaqədar daxil olmuş məktuba “xxxx” ASC-də baxılmışdır. İddiaçı MMC-yə məxsus “Oba” marketində xx.xx.2019-cu il tarixdə X3 əməkdaşları tərəfindən baxış keçirilmiş və elektrik sayğacının normal buraxılan xəta ilə işləməsi “Sayğavların və cərəyan transformatorların yoxlanılması” şöbəsinin 021404 saylı protokolu ilə təsdiq edilmişdir. Odur ki, obyektin sərf etdiyi elektrik enerjisinə görə yaranmış debitor borcu realdır. “xxxx” ASC tərəfindən iddiaçıya 7- 02/xx-xx/1362 saylı, xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya eyni məzmunlu cavab verilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı MMC onun istifadəsində olan Astara rayonu H.Əliyev prospektində yerləşən “Oba” marketində quraşdırılmış elektrik sayğacı üzrə ona xx.xx.2019cu il tarixə hesablanmış və tərəfindən ödənilmiş 1230,75 manat elektrik enerjisi sərfiyyatına görə borcun sayğacda yaranmış nasazlıq səbəbindən artıq hesablandığını bildirərək, həmin ödənilmiş məbləğin cavabdehdən tutularaq ona geri ödənilməsini tələb edir. İddiaçı öz tələbinin hüquqi əsası olaraq cavabdehə ödənilmiş artıq məbləğ əsasında onun əsassız varlandığını göstərmiş, həmçinin borc hesablanarkən “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinin pozulduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus olmuş sayğac onun şikayəti əsasında dövlət yoxlamasının keçirilməsi üçün götürülmüş və 144480 saylı, xx.xx.2019-cu il tarixli akt əsasında yenisi ilə dəyişdirilərək, köhnə sayğac dövlət yoxlamasından keçirilməsi üçün laboratoriyaya göndərilmişdir. Yoxlama nəticəsində iddiaçıya məxsus sayğac istismara yararsız hesab edilərək yoxlamanın nəticələri barədə 021404 saylı, xx xxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Abonent haqqında məlumatdan göründüyü kimi xx.xx.2019-cu il tarixdə köhnə sayğac yenisi ilə əvəz edilənədək, iddiaçının elektrik enerjisi sərfiyatına görə xx.xx.2019- cu il tarixə 1230,75 manat məbləğində borcu olmuşdur və xx.xx.2019-cu il tarixə iddiaçının ümumi borcu 1514,31 manat təşkil etmişdir. İddiaçı ona xx.xx.2019-cu il tarixə hesablanmış 1230,75 manat borcun sayğacda olan nasazlıq səbəbindən artıq hesablandığını göstərsə də, həmin məbləğdə elektrik enerjinin sərf edilmədiyini əsaslandıraraq, borcun sayğacın istismara yarasız vəziyyətdə olduğu dövrdə əsassız hesablanması barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və X6 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ddiaçı cavabdeh tərəfindən ona hesablanmış elektrik enerjisinin uçotu ilə razılaşaraq, yenidən hesablaşma aparılmasını tələb etməmiş və borc məbləğini qəbul edərək ödəniş aparmışdır. İddiaçı tərəfindən ona hesablanmış borcun geri qaytarılması üçün hər hansı əsasın olması məhkəmə araşdıması nəticəsində müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1231/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar