Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-202/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1, nümayəndəsi və vəkili Kərimbəyli Abbas Yaqub oğlunun iştirakları ilə, ilkin iddia üzrə İddiaçı1 Məhdud Məsulliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı alqısatqı müqaviləsi üzrə əsas borcun, cərimənin tutulmasına dair ilkin iddiası, Cavabdeh cavabdeh İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması, faiz borcunun tutulmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 saylı 22.10.2020-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) Cavabdeh apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən alqı-satqı müqaviləsi üzrə 144.479,89 (ƏDV daxil) manat əsas borcun, 7223,99 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 151.733,88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən müqavilə üzrə ödənilmiş 204988,68 manat və 55550 ABŞ dolları məbləğində pul vəsaitinin, eyni zamanda 16971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 saylı 22.10.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdehndən 144479,89 (ƏDV daxil) manat əsas borc, 3000 manat cərimə pulunun tutularaq İddiaçı1nə ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, satılması nəzərdə tutulan nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinə görə ilkin olaraq 204.988,68 manat məbləğində pul vəsaiti İddiaçı1 MMC-yə köçürülmə yolu ilə ödənilmişdir. Malların dəyərini təşkil edən pul vəsaitindən 55550 ABŞ dolları isə Bank “xxxx” ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. Bank “xxxx” ASC-dən çıxarılan 55.550 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda Bank “xxxx” ASC-nin əməkdaşları 55550 ABŞ dollarının İddiaçı1 MMC-yə nağd şəkildə verilməsinin şahidi olmuşlar. Bundan başqa pulun verildiyi İman Cəfərovla WhatsApp danışıqları və yazışmaları ilə də təsdiqini tapır. Həmçinin, Bank “xxxx” ASC-dən çıxarılmış 55550 ABŞ dollarının həmin bankda İddiaçı1 MMC-yə nağd şəkildə verilməsini Bankın müşayət kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. İddiaçı1 MMC-nun iddia tələbində də həmin pulu almış kimi hesab edib və həmin pulu bizdən tələb etmir. Lakin birinci instansiya məhkəməsinin işə qərəzli mövqeyi nəticəsində 55550 ABŞ dollarının Bank “xxxx” ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verildiyinin təsdiq edilməsi üçün Bankın əməkdaşları şahid qismində dindirilmələri məqsədilə məhkəməyə dəvət edilməmişdir və ümumiyyətcə bu tələbi araşdırmamışdır. Bununla yanaşı 55550 ABŞ dollarının həmin bankda tərəfimizdən İddiaçı1 MMC-yə nağd şəkildə verilməsini Bankın müşayiət kameralarından çıxarışlar etməklə təsdiq etmək mümkün olduğu halda müşayiət kameralarından çıxarışların məhkəməyə təqdim edilməsi Bank “xxxx” ASC-dən tələb edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq qeyd olunan mallar satıcı İddiaçı1 MMC tərəfindən 15 (on beş) iş günü ərzində Alıcı Cavabdeh MMC-yə təhvil verilmədiyindən, SOCAR qarşısındakı öhdəliyinə görə nəqliyyat vasitələrinə aid 40000 manat dəyərində yağ filtrlərini cavabdeh başqa mənbələrdən almaq məcburiyyətində qalmışdır. Satıcı İddiaçı1 MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək satılması nəzərdə tutulan malları bu günədək alıcı Cavabdeh MMC-yə təhvil verməmişdir. İddiaçı müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq həmin malların təhvil verildiyini təsdiq edən təhvil-qəbul sənədini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən, satıcı” İddiaçı1 MMC nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinin alıcı” Cavabdeh MMC-yə təhvil verilməsini üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən məbləğin 0,1%-i (sıfır tam onda bir faiz) miqdarında cərimə ödəməlidir. Lakin, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü maddəsinə əsasən, bu müqavilənin 5.2 - 5.3-cü maddələrində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 (beş) faizindən artıq ola bilməz. Nəzərə alınsa ki, “alıcı”nın sifarişinə əsasən təhvil-qəbul sənədi əsasında mallar İddiaçı1 MMC tərəfindən 2018-ci ilin avqust ayında təhvil verilməli idi, o halda həmin vaxtdan hazıradək keçən 2 il (730 gün) müddətində “satıcı” İddiaçı1 MMC-nin“alıcı” Cavabdeh MMC-yə ödəməli olduğu cərimə borcu müqavilənin 5.4-cü maddəsinə uyğun olaraq 5 (beş) faizlə hesablanmaqla 16971,184 (204988,68 manat + 40000 manat + 55550 ABŞ dolları (94435 manat) = 339423,68 manat x 5% =16971,184 manat) manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 MMC tərəfindən satılması nəzərdə tutulan yağ filtrləri təhvil verilmədiyindən ödənilmiş 204988,68 manat və 55550,00 ABŞ dolları, eyni zamanda 16971,184 manat faiz borcu İddiaçı1 MMC tərəfindən tutularaq Cavabdeh MMC-yə verilməlidir. Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1772/2020 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edildiyindən qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edilərək, yuxarıda qeyd olunan əsaslarla apelyasiya qaydasında ləğv edilməlidir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2, nümayəndəsi və vəkili Kərimbəyli Abbas Yaqub oğlu məhkəmə iclaslarında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 saylı 22.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə ilkin iddianın təmin edildiyi, qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirilir. İş materiallarından görünür ki, tərəflər arasında 08 avqust 2018-ci il tarixli 025 saylı malların alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən , satıcı İddiaçı1 MMC sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyat hissələrini alıcı «ALFA MARİNE» MMC-yə satılmasını, alıcı malların dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, alıcı bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0.1%-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvəsi 01.08.2019-cu il tarixədək müəyyən edilmiş, lakin müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır. İddiaçı ilkin iddia ərizəsində cavabdehə müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 349468,57 manat təşkil etdiyini göstərmiş, buna sübut olaraq məhkəməyə elektron vergi sistemi ilə göndərilmiş 09 avqust 2018-ci il tarixli EAAL seriyalı 248788 saylı, 26 oktyabr 2018-ci il tarixli EAAN seriyalı 111128 saylı, 20 iyun 2019-cu il tarixli EAAW seriyalı 070193 saylı, 02 oktyabr 2019-cu il tarixli EBAA seriyalı 637125 saylı, 03 oktyabr 2019-cu il tarixli EBAA seriyalı 721074 saylı 5 ədəd elektron qaimə təqdim etmişdir. Həmin qaimələrdən görünür ki, İddiaçı1 MMC tərəfindən Cavabdeh MMC-nə müvafiq olaraq 109046,24 manat, 80426,51 manat, 90516,14 manat, 10373 manat, 59106,68 manat olmaqla, cəmi 349468,57 manat dəyərində malla bağlı elektron qaimə göndərilmiş, həmin qaimələr təsdiq edilmiş, qaimələrdə nəzərdə tutulmuş malın təhvil verilmədiyinə dair alıcı tərəfindən satıcıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. İddiaçı tərəfindən cavabdehə satılmış 109046,24 manat dəyərində malın dəyərinin ödənilməsi üçün HV seriyalı 393292 saylı 31.10.2018-ci il tarixli hesab faktura, 80426,51 manat dəyərində malın dəyərinin ödənilməsi üçün HU seriyalı 067344 saylı 15.08.2018-ci il tarixli hesab faktura, 90516,14 manat malın dəyərinin ödənilməsi üçün İC seriyalı 551290 saylı 25.06.2019-cu il tarixli hesab faktura, 59106,68 manat dəyərində malın dəyərinin ödənilməsi üçün İG seriyalı 349318 saylı 08.10.2018-ci il tarixli hesab faktura, 10373 manat dəyərində malın dəyərinin ödənilməsi üçün İG seriyalı 349319 saylı 08.10.2018-ci il tarixli hesab fakturalar göndərilmişdir. İşin mübahisəsiz halıdır ki, satılmış malların dəyərindən 204988,68 manat alıcı tərəfindən ödənilmişdir. Belə ki, 21 avqust 2018-ci il tarixli 01 saylı, 26 oktyabr 2018-ci il tarixli 01 saylı, 30 yanvar 2019-cu il tarixli 01 saylı, 29 iyul 2019-cu il tarixli 01 saylı ödəniş tapşırıqlarının, 17 avqust 2018-ci il tarixli **********175865 saylı, 10 sentyabr 2018-ci il tarixli **********225460 saylı, 28 yanvar 2019-cu il tarixli **********618390 saylı köçürmənin aparılması haqqında bildirişlərin surətlərindən görünür ki, Cavabdeh MMM tərəfindən İddiaçı1 MMC-nin hesabına müvafiq olaraq 65.000 manat və 3158,06 manat (09 avqust 2018-ci il tarixli EAAL seriyalı 248788 saylı elektron qaimə üzrə), 73.000 manat (26 oktyabr 2018-ci il tarixli EAAN seriyalı 111128 saylı elektron qaimə üzrə), 29.600 manat, 12.000,45 manat və 268 manat (15.08.2018-ci il tarixli hesab faktura üzrə ƏDV) və 16634,17 manat (31.10.2018-ci il tarixli hesab faktura üzrə ƏDV) olmaqla, 5328 manat (25.06.2019-cu il tarixli hesab faktura üzrə ƏDV) ödəmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən normaların tələblərinə istinad edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 MMC tərəfindən Cavabdehnə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə göndərilmiş elektron qaimələr əsasında ümumilikdə 349468,57 manat dəyərində mal təhvil verdiyi işdəki sübutlarla təsdiq edildiyindən, həmin malların dəyərindən 144.479,89 (ƏDV daxil) manat qalıq borc alıcı tərəfindən ödənilmədiyindən həmin borcun və müqavilənin 5.3-cü bəndinə əsasən 3000 manat cərimənin tutulması hissəsində ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Hazırkı halda alıcı Cavabdeh qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi ilə bağlı öhdəliyin satıcı tərəfindən icra edilmədiyini və malların təhvil verilmədiyini göstərsə də, işə apelyasiya qaydasında baxılarkən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 07.04.2021-ci il tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, bütün sifarişlər satıcıya elektron poçt vasitəsi ilə göndərilmiş, İddiaçı1 MMC tərəfindən müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 200.000 manatdan artıq olmamışdır. Cavabdeh direktorunun izahatlarından göründüyü kimi, İddiaçı1 MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil. Bundan əlavə iş materiallarından göründüyü kimi, 02 oktyabr 2019-cu il tarixli və 03 oktyabr 2019-cu il tarixli elektron qaimələr istisna olmaqla «xxxx» MMC satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin və faizin İddiaçı1 MMC –dən tutulması barədə qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş (02.02.2021-ci il tarixdə yeni Qaydalar təsdiq edilənədək qüvvədə olmuş) “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, qanuna əsasən elektron qaimə satıcı tərəfindən malların alıcıya təhvil verilməsini təsdiq edən ilkin uçot sənədi olduğundan ilkin iddia ərizəsinin dəlilləri ilə bağlı işdə mötəbər sübutlar olmadığı, məhkəmə tərəfindən sübutların toplanması üçün sorğular verilməli olduğuna dair apelyasiya şikayətində qeyd edilənlər əsassızdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, müqavilənin 4.1.1-ci bəndində satılan malların alıcının sifarişi əsasında 15 gün ərzində təhvil-qəbul sənədi əsasında alıcıya təhvil vermək satıcının vəzifələrinə aid edilmiş, satıcı isə məhkəməyə malların təhvil verildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin müqavilədə “təhvil-qəbul sənədi” adı altında malın alıcıya təhvil verilməsi zamanı hansı sənədin tərtib edilməsini nəzərdə tutduqlarını müəyyənləşdirmək üçün müqavilənin digər bəndləri və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika da nəzərə alınmalıdır. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulur ki, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında 30 təqvim günü ərzində alıcı tərəfindən ödənilməlidir. Məhkəmə iclaslarında tərəflərin nümayəndələri göstərmişlər ki, tərəflər arasında malların təhvil-təslimi ilə bağlı heç vaxt ayrıca akt tərtib edilməmiş, malların təhvil verilməsi yalnız elektron qaimə ilə rəsmiləşdirilmiş və dəyəri satıcı tərəfindən təqdim edilmiş elektron hesab fakturalar üzrə ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədə “təhvil-qəbul sənədi” kimi malın təhvil verilməsi zamanı tərtib edilməli olan qaimə-faktura nəzərdə tutulmuşdur. «xxxx» MMC ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış müqavilənin müddəti bitdikdən sonra satıcı tərəfindən göndərilmiş 02 oktyabr 2019-cu il tarixli və 03 oktyabr 2019-cu il tarixli elektron qaimələrin formal olduğu və həmin qaimələrdəki malların alıcıya təhvil verilmədiyinə dair ilkin iddia üzrə cavabdehin nümayəndəsinin mülahizələri məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, işin hallarından göründüyü kimi, alıcının 5 gün ərzində sistem tərəfindən təsdiq edilənədək mübahisəli elektron qaimələrin ləğv edilməsi ilə bağlı satıcıya müraciəti olmamışdır. Qarşılıqlı iddia ərizəsində 55.550 ABŞ dolları məbləğində pulun «xxxx» MMC tərəfindən İddiaçı1 MMC-yə nağd formada ödənildiyi qeyd edilsə də, bu barədə nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də düzgün olaraq əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 saylı 22.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 saylı 22.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-202/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-202/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver