Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-202/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6666/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-nin Gürcüstan Filialına və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ALF-050 saylı nəqliyyat ekspedisiya müqaviləsinə əsasən yaranmış 268 166,40 (iki yüz altmış səkkiz min yüz altmış altıABŞ dolları 40 sent) ABŞ dolları məbləğində borcun, 02 oktyabr 2023-cü il tarixinə hesablanmış 917 129,09 (doqquz yüz on yeddi min yüz iyirmi doqquz ABŞ dolları 09 sent) ABŞ dolları məbləğində cərimənin, 2 000(iki min) manat hüquqi yardıma görə ödənilmiş vəsaitin və ödənilmiş 1798 (bir min yeddi yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-nin Gürcüstan Filialı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq iddiaçı Alliance Logistics FZCO-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli e-2-2(113)-6666/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 362.5-ci maddəsinə görə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Qeyd edilən maddədən görünür ki, Mülki Məcəllədə etibarnamənin yerli və ya xarici hüquqi şəxs tərəfindən verilməsinə dair hər hansı əlavə qeyd nəzərdə tutulmamış, Məcəllə hər iki hüquqi şəxsə eyni yanaşmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş etibarnamə Məcəllənin 362.5-ci maddəsinin tələblərinə riayət etməklə tərtib edilmişdir. Müvafiq etibarnamə Bakı şəhəri 1 saylı notariat ofisində Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilərək, notarial qaydada təsdiq edilmiş, Alliance Logistics FZCO-nun direktoru tərəfindən imzalanmış, şirkətin möhürü vurmaqla təsdiq edilmişdir. Göstərilənlərdən məlum olur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş etibarnamənin hüquqi təbiətinə tam uyğundur və qanunidir. İddia ərizəsi mülki və mülki prosessual qanunvericiliyin bütün tələblərinə riayət etməklə tərtib edilmiş, qeyd edilən bütün sənədlər ərizəyə əlavə edilmiş və ALF/L/49- 2023/o nömrəli etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə, Alliance Logistics FZCO ilə Vəkil arasında xx.xx.2023-cü il tarixli, 0628 nömrəli hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilə əsasında iddiaçı 2000 manat pul vəsaitini “Vəkil və partnyorları” vəkil bürosunun bank hesabına köçürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 149.1, 152.1 və 152.1.2, 457-ci maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, İddiaçı X1 qeydiyyatdan keçmiş olan hüquqi şəxsdir. X3 ilə Azərbaycan Respublikası arasında bu barədə hər hansı bir beynəlxalq və yaxud ikitərəfli müqavilə olmadığından X1 qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən verilmiş etibarnamələr qanuniləşdirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Vəkil verilmiş olan etibarnamə isə qanuniləşdirilməmişdir. Qeyd olunanları və Mülki Prosessual Məcəlləsinin 151.1 və 152.4-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 457-ci maddəsinin tələblərindən görünür ki, etibarnamələrin və digər sənədlərin konsul orqanları tərəfindən qanuniləşdirilməsi qaydası yalnız Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlərə aiddir. Hazırki işdə isə İddiaçı X1 qeydiyyatdan keçmiş olan hüquqi şəxs olsa da, onun adından Vəkil adına olan etibarnamə Azərbaycan Respublikasında verilmiş (etibarnamədə verilmə yeri kimi Bakı şəhəri göstərilmişdir) və şirkətin möhürü vurmaqla təsdiq edilmişdir. Ona görə də, həmin etibarnaməyə münasibətdə Mülki Prosessual Məcəllənin 457-ci maddəsi tətbiq edilə bilməz. Kollegiya izah edir ki, Mülki Prosessual Məcəllənin 457-ci maddəsinin məqsədi Azərbaycan Respublikasından kənarda verilmiş sənədlərin həqiqiliyinin müəyyən edilməsindən ibarətdir. Məhkəmənin müstəqil olaraq bu məsələni müəyyən etməyə imkanı olmadığına görə MPM-in 457-ci maddəsinə əsasən həmin məsələ konsul orqanlarının müvafiq təsdiqinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasında verilmiş sənədlərin həqiqiliyi isə işə baxan məhkəmənin özü tərəfindən yoxlanılır. Birinci instansiya məhkəməsinin də İddiaçı direktorunu məhkəməyə dəvət etməklə həmin etibarnamənin həqiqiliyini və mötəbərliyini yoxlamağa imkanı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Lakin məhkəmə həmin imkandan istifadə etməmiş və Mülki Prosessual Məcəllənin 457-ci maddəsini səhv tətbiq etməklə iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6666/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-202/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-202/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver