Məhkəmə qərarları › İş №2-2(103)-204/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-204/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-204/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1179/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68867,41 avro əsas borc və 6886,74 avro cərimə məbləği olmaqla cəmi 75754,151 avro, 03 may 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15824 əsas borc məbləği və 1582,40 avro cərimə məbləği, cəmi 17406,4 avro, 19 iyun 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176,47 ABŞ dolları əsas borc və 417,64 ABŞ dolları cərimə məbləği, cəmi 4594,11 ABŞ dolları, göstərilmiş hüquqi xidmətə görə 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.10.2020-ci il tarixli e-2-2(113)-1179/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalından 24 iyun 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68867,41 avro əsas borc və 3443 avro cərimə məbləği, 03 may 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15824 əsas borc məbləği və 791 avro cərimə məbləği, cəmi 88925,41 avro, 19 iyun 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176,47 ABŞ dolları əsas borc və 208 ABŞ dolları cərimə məbləği, cəmi 4384,47 ABŞ dolları, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” şirkətinin hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” şirkəti xarici hüquqi şəxs (X3) olduğuna görə hüquqlarının müdafiə olunması və təmsilçilik üçün nümayəndəyə vermiş olduğu etibarnamə ərəb və ya ingilis dilində tərtib edilməli, daha sonra isə Azərbaycan dilinə tərcümə edilməklə konsul orqanları tərəfindən qanuniləşdirildikdən (appostile) sonra məhkəməyə təqdim edilməli idi. Lakin, iş materiallarında olan iddiaçının nümayəndəsinin etibarnaməsi Azərbaycan dilində tərtib edilməklə qanuniləşdirilmədiyinə görə, yəni etibarnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən və həmin etibarnaməyə əsasən iddia ərizəsini imzalamaq səlahiyyəti verilmiş nümayəndənin (vəkilin) iddia ərizəsini imzalamaq hüququ olmadan onu imzalamışdır. Lakin, məhkəmə göstərilən qanunvericiliyin tələbinə əhəmiyyət verməmiş və bu vəziyyəti araşdırmadan iddia ərizəsini icraata qəbul etmiş və mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı “İddiaçı” şirkəti 20 dekabr 2017-ci il tarixli PUR/BOC 179/17 saylı müqavilə üzrə öhdəliklərini lazımınca və Spesifikasiya üzrə şərtləşdirilmiş qaydada icra etməmişdir. Belə ki, müqaviləyə 24.06.2019-cu il tarixli 05/19 saylı Spesifikayaya əsasən sifariş verilmiş malların çatdırılması təchizatçı tərəfindən əvvəlcədən ödəniş edildiyi gündən sonra növbəti gündən etibarən 20 həftə ərzində həyata keçirilir. Lakin 05/19 saylı Spesifikasiya əsasında sifariş verilmiş mallar alıcının anbarına 18.11.2019-cu il tarixdə təhvil verilməli olsa da, mallar 10 gün gecikmə ilə 29.11.2019-cu il tarixdə çatdırılmışdır. Cavabdeh şirkəti 24 saat iş rejimi olan yüksək dərəcəli neft sənayesi müəssisəsi olduğundan, sözügedən malların gecikdirilməsi şirkətin neft-qaz əməliyyatları üzrə həyata keçirdiyi fəaliyyətə mənfi təsir göstərərək, Şirkətin böyük zərər və itkilərlə üzləşməsinə səbəb olmuşdur. Apellyasiya baxışı zamanı Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbləri və Cavabdeh şirkətinin Azərbaycan Respublikasında nümayəndə vasitəsilə təmsil olunduğu nəzərə alınaraq, iddiaçının razılığı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl Cavabdeh şirkəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının qanuni nümayəndəsi X6 və iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı «İddiaçı» Şirkəti ilə alıcı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 20 dekabr 2017-ci il tarixli PUR/BOC179/17 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə malların alqı-satqısının tərəflər arasında əvvəlcədən təsdiq edilmiş Spesifikasiya sənədi üzrə müəyyən edilməsi və həmin sənədin müqavilənin ayrılmaz hissəsi olması razılaşdırılmışdır. 03.05.2019-cu il tarixli 03/19 saylı Spesifikasiyaya əsasən alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 165600 avro təşkil etmişdir. Həmin Spesifikasiyaya dair çatdırılma sənədinə əsasən ümumi çəkisi 18135,92 kq olan mallar satıcı tərəfindən alıcıya 27.11.2019-cu il tarixdə çatdırılmışdır. 19.06.2019-cu il tarixli 04/19 saylı Spesifikasiyaya əsasən alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 112455 ABŞ dolları təşkil etmişdir. Həmin Spesifikasiyaya dair çatdırılma sənədinə əsasən ümumi çəkisi 45574 kq olan mallar satıcı tərəfindən alıcıya 16.09.2019-cu il tarixdə çatdırılmışdır. Bundan başqa 24.06.2019-cu il tarixli 05/19 saylı Spesifikasiyaya əsasən alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 688674,13 avro təşkil etmişdir. Həmin Spesifikasiyaya dair çatdırılma sənədinə əsasən ümumi çəkisi 8717 kq olan mallar satıcı tərəfindən alıcıya 02.12.2019-cu il tarixdə çatdırılmışdır. 28.06.2019-cu il tarixli 0085 nömrəli və 30.09.2019-cu il tarixli 0088 nömrəli ödəniş tapşırıqlarına əsasən alıcı tərəfindən satıcıya 05/19 saylı Spesifikasiya üzrə ümumilikdə 619806,72 avro ödəniş edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 24 iyun 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə əsas borcu 68867,41 avro, cərimə 6886,74 avro, cəmi borcu 75754,151 avro, 03 may 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə əsas borcu 15824 avro, cərimə 1582,40 avro, cəmi borcu 17406,4 avro, 19 iyun 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə əsas borcu 4176,47 ABŞ dolları, cərimə 417,64 ABŞ dolları, cəmi borcu 4594,11 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Cavabdeh də həmin halları etiraf edir, lakin bildirir ki, mallar gecikdiyinə görə, o, iddiaçıya qalan ödənişi etməkdən imtina etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən malın hər bir partiyasının çatdırılması şərtləri və müddəti bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan spesifikasiyalarda göstəriləcək. Həmin müqavilənin 7.3-cü bəndində isə göstərilmişdir ki, bu Müqavilə üzrə Malın çatdırılma və/və ya göndərilmə müddəti Təchizatçı tərəfindən pozulduğu təqdirdə, Alıcı hər gecikdirilmiş gün üçün Təchizatçıdan müvafiq çatdırılmamış Malların dəyərinin 0,1 % məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir, cərimənin ümumi məbləği isə müvafiq çatdırılmamış Malların ümumi məbləğinin 10%-dən artıq ola bilməz. 03.05.2019-cu il tarixli 03/19 saylı Spesifikasiyaya əsasən malların çatdırılması təchizatçı tərəfindən əvvəlcədən ödəniş edildiyi gündən sonra növbəti gündən etibarən 125 təqvim günü ərzində həyata keçirilir. Bu müddət 19 iyun 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 125 təqvim günü, 24 iyun 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə isə 20 həftə müəyyən edilmişdir. İş materiallarında olan malların çatdırılma sənədlərinə əsasən müəyyən olunur ki, 03.05.2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə mallar 27.11.2019-cu il tarixdə, 19.06.2019-cu il tarixli 04/19 saylı Spesifikasiyaya üzrə mallar 16.09.2019-cu il tarixdə, 24.06.2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə mallar 02.12.2019-cu il tarixdə alıcıya çatdırılmışdır. Bununla bağlı iddiaçı bildirir ki, müqavilə şərtlərinə uyğun olaraq cavabdeh ilkin olaraq ona 20% ödəniş etməli olduğu halda, 10% ödəniş etmişdir. Belə olan halda isə o, da malları vaxtında ala bilməmiş və buna görə də malları cavabdehə gecikdirməklə çatdırmışdır. Tərəflər arasında imzalanmış 03.05.2019-cu il tarixli 03/19 saylı və 19.06.2019-cu il tarixli 04/19 saylı Spesifikasiyaya əsasən malın dəyərinin 50% miqdarında əvvəlcədən ödəniş, Alıcı tərəfindən Spesifikasiya imzalandıqdan sonra, Təchizatçının əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, Malın dəyərinin qalan 50% isə təchizatçının malın göndərilməyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 (on) bank günü ərzində, təsdiqedici sənədlər təqdim edilməklə həyata keçirilir. Tərəflər arasında imzalanmış 24.06.2019-cu il tarixli 05/19 saylı Spesifikasiyada isə göstərilmişdir ki, malın dəyərinin 20% miqdarında əvvəlcədən ödəniş, alıcı tərəfindən Spesifikasiya imzalandıqdan sonra, Təchizatçının əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 bank günü ərzində, malın dəyərinin qalan 80% isə təchizatçının malın göndərilməyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 bank günü ərzində, təsdiqedici sənədlər təqdim edilməklə həyata keçirilir. İş materiallarından da görünür ki, “İddiaçı” şirkəti malların göndərilməyə hazır olması haqqında bildirişi hesab-faktura ilə birlikdə 2019-cu ilin oktyabr ayında alıcı Cavabdeh şirkətinə təqdim etmiş, lakin cavabdeh tərəfindən Spesifikasiyada nəzərdə tutulmuş qaydada malların dəyəri ödənilməmişdir. Göründüyü kimi malların gecikdirilməklə çatdırılmasının səbəbkarı məhz cavabdeh özü olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır və iddiaçı Mülki Məcəllənin həm 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ayrı-ayrı Spesifikasiyalar üzrə 6886,74 avro, 1582,40 avro və 417,64 ABŞ dolları dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğləri 50 faizədək azaldaraq, müvafiq olaraq 3443 avro, 791 avro və 208 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, hazırki apellyasiya baxışı zamanı iddiaçının razılığı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl Cavabdeh şirkəti ilə əvəz edildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və alqısatqı müqaviləsi üzrə ödənilməmiş məbləğlər məhz Cavabdeh şirkətindən tutulmalıdır. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, həqiqətən də işin 15-ci vərəqəsində olan iddiaçının adından nümayəndə Vəkil adına verilmiş 21.02.2020-ci il tarixli etibarnamə Mülki Prosessual Məcəllənin 457-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamış və rəsmiləşdirilməmişdir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iddiaçı “İddiaçı” şirkəti X1 qeydiyyata alınmış xarici hüquqi şəxsdir və onun qanuni nümayəndəsi – direktoru və təsisçisi Azərbaycan Respublikasının vətəndaşı olan X5r. X6 isə məhkəmə iclasında şəxsən iştirak etmiş və iddia ərizəsinin nümayəndə Vəkil tərəfindən imzalandığının bəyəndiyini bildirmişdir. Həmçinin 02.12.2020-ci il tarixdə iddiaçı şirkətin adından nümayəndə Vəkil adına yeni etibarnamə verilmiş, həmin etibarnamə şirkətin direktoru X6 tərəfindən imzalanmış və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq olunmuşdur. Mülki Məcəllənin 360.2-ci maddəsində də təsbit olunmuşdur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi əsassızdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1179/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh şirkətindən 24 iyun 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68867,41 avro əsas borc və 3443 avro cərimə məbləği, 03 may 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15824 əsas borc və 791 avro cərimə, cəmi 88925,41 avro, 19 iyun 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176,47 ABŞ dolları əsas borc və 208 ABŞ dolları cərimə, cəmi 4384,47 ABŞ dolları, 1000 manat məbləğində hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq “İddiaçı” şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar