Məhkəmə qərarları › İş №2-2(103)-206/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-206/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-206/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-2(113)-3950/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz halı bundan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 168 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil 25.657,92 manat dəyərində 72 ədəd təkər satılmış, bu satışla bağlı EBCL seriyalı 873141 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş, satılan malın dəyəri dəyəri Cavabdeh MMC tərəfindən ödənilməmişdir.

2. Mübahisəli hal bundan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə ( hazırda direktoru olan Nümayəndə1) tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlananadək EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında ƏDV daxil dəyəri 25.657,92 manat olan 72 ədəd təkər təqdim edildiyi halda cavabdeh həmin malın dəyərinin hüquqi şəxs tərəfindən ödənilməli olduğunu qəbul etmir.

3. İddiaçı qeyd edilən qaimə üzrə malın cavabdehə təqdim edildiyinə sübut olaraq xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktını təqdim etmişdir. Həmin aktdakı “Təhvil aldım” sözünün qarşısındakı imzanın Cavabdeh MMC-nin hazırkı direktoru X1 məxsus olduğu cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh həmin sübuta etiraz edərək bildirmişdir ki, qeyd edilən təhvil-təslim aktını imzalayarkən Nümayəndə1 direktor deyil, müavin olduğundan onun hüquqi şəxsin adından aktı imzalamaq səlahiyyəti olmamışdır.

4. İşdəki e-qaimələr haqqında məlumatlardan görünür ki, EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə sistem tərəfindən və EBCL seriyalı 873141 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə isə cavabdeh tərəfindən təsdqilənmişdir. vəziyyətdədir.

5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun 10 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 168 saylı müqavilənin dəyəri olan ödənilməmiş 51.315 manat, illik 5 faiz olmaqla 1924 manat dəbbə pulu və mediasiya xərci üçün ödənilmiş 400 manat, eləcə də həmin hüquqların müdafiəsi üçün 100 manat vəkil xidmət haqqı və order marka xərci olmaqla, ümumilikdə 53.739 manat və dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 168 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı) alıcıya (Cavabdeh MMC) avtomobil şinlərini satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 30 noyabr 2022-ci il tarixli 168 nömrəli müqaviləyə edilmiş 01 saylı əlavəyə əsasən tərəflər arasında malların qiyməti barədə razılığa gəlinmişdir. Bundan başqa satıcı İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 000127 nömrəli və xx.xx.2022-ci il tarixli, 000106 nömrəli malların təhvil-qəbul aktlarına əsasən 51.315 manat dəyərində avtomobil şinləri alıcıya təhvil verilmiş və həmin aktlarda alıcı Cavabdeh MMC-nin direktoru Nümayəndə1 malları təhvil almasını təsdiq etmişdir. Sənədlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC seriyalı 398805 saylı malların təqdim edilməsi haqqında elektron qaiməyə əsasən 25.657,92 manat və xx.xx.2022-ci il tarixli EBCL seriyalı 873141 saylı elektron qaiməyə əsasən 25.657,92 manat dəyərində avtomobil şinləri Cavabdeh MMC-yə təqdim edilmişdir. 30 noyabr 2022-ci il tarixli 168 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə müəyyən olunmuş malın qiymətini tam şəkildə, malı təhvil aldığı tarixdən 10 gün ərzində nəgd və ya köçürmə yolu ilə satıcıya ödəməlidir. Dəfələrlə şifahi şəkildə müraciət etmələrinə və xx.xx.2022-ci il tarixində rəsmi qaydada pretenziya məktubu ünvanlamaqlarına baxmayaraq cavabdeh şini Cavabdeh MMC tərəfindən bu günə qədər hər hansı müsbət cavab tədbiri görülməmiş, ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında aparılmış mediasiya prosesinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi tərəflər arasında razılıq əldə olunmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3950/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2022-ci ilin avqust ayında tərtib edilmiş təhvil-təslim aktı və elektron qaimədə göstərilmiş malların (72 ədəd təkərin) tərəflərindən alınmadığını bildirmiş, digər tərəfdən iddiaçıdan noyabr ayında tərtib edilmiş təhvil-təslim aktı və elektron qaiməyə əsasən 72 ədəd təkər alması faktını təsdiq etməklə, iddiaçıya 72 ədəd təkərə görə 25.657,92 manat məbləğində borcun olduğunu dolayısı ilə etiraf etmişdir.

10. Məhkəmə 2022-ci ilin avqust ayında 25.657,92 manat dəyərində 72 ədəd təkərin iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə tələbini sübut etmək üçün ümumilikdə (ƏDV daxil) 25.657,92 manat dəyərində malların (315-80-22.5 adlı (72 ədəd) təkər) verilməsinə dair tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmiş EBCC seriyalı 398805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməni, eləcə də İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 25.657,92 manat məbləğində malların (315-80-22.5 adlı (72 ədəd) təkər) Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli (təhvil alanın (Mehdiyev Ş.) imzası ilə təsdiq edilmiş) malların təhvil-qəbul aktını məhkəməyə təqdim etmişdir.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh təhvil-təslim aktını imzalamış Şabəddin Mehdiyevin (hazırda cavabdehin qanuni təmsilçisidir) aktın imzalandığı dövrdə müəssisənin direktor müavini olmaqla təqdim edilən təhvil-təslim aktını imzalamağa səlahiyyətinin olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, hazırkı halda isə qanunvericilikdə təhvil-təslim aktlarında tərəflərin möhürünün vurulmalı olması barədə imperativ norma yer almamış, eləcə də belə bir şərt tərəflərın razılaşması ilə müəyyənləşdirilməmişdir.

13. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmiş və Cavabdeh MMC həmin niqanunvericilikdə müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh şirkət üçün vergi öhdəliyi yaradan elektron qaimə ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır.

14. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə Cavabdeh MMCnin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə təxminən 9 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 9 aylıq üçün 1924 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3950/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən, yəni dekabr 2022-ci il tarixli qaimə və 30 noyabr 2022ci il tarixli müqavilə üzrə müəyyən olunmuş vəsaitin ödənilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında qaimə tərtib edildikdə cavabdehlə iddiaçı arasında heç bir müqavilə münasibətləri olmamışdır. Buna görə də qaimənin “əsas” olan sənədlər bölməsində sadəcə müqavilə sözü yazılmışdır. Yəni qaimə özü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun şəkildə tərtib edilməmişdir. Əsas olan sənədlərin nədən ibarət olduğu qeyd edilməmiş, müqavilə sözü qeyd olunsa da, belə bir müqavilə olmamış və cavabdeh tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli qaimə avqust tarixli qaimədən fərqli olaraq bizim tərəfimizdən təsdiq edilmişdir. Həmçinin müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması Protokolu”ndan da görünür ki, tərəflər yalnız 72 ədəd təkərin alışına qeyd olunan qiymətlə razılaşırlar. Məhkəmə bu halı araşdırmamışdır ki, əgər daha əvvəl müqavilə münasibəti mövcud olmuşdursa o zaman Protokolda məhz daha əvvəl götürülməsi ehtimal olunan mala (təkər) dair də əlavə qeydlər salınmalı idi. Niyə müqavilə bağlanarkən bundan aylar öncə götürülmüş mal öz əksin tapmasın? Axı bu müqavilələri hər iki tərəf razılaşdırdıqdan məhz sonra imzaları ilə təsdiqləyiblər. Yəni təhvil-təslim aktını imzalamış şəxs səlahiyyətli olsa belə bu sənədi imzalaması təkərlərin alınması mənasına gəlməməlidir. Belə ki, bu təkərlərin iddiaçı tərəfindən alış sənədləri istənilməmişdir. Yəni belə malın ümumiyyətlə mövcudluğu yoxlanılmamışdır. Halbuki biz avqust ayında iddiaçıdan təkər almamışıq, qəbul etməmişik deyə ifadə vermişik. Yəni sənədlərin mövcudluğu əməliyyatın aparılması demək deyil. Hətta bu məsələ ilə bağlı şirkətimizin direktoru barəsində daxili araşdırma açılmışdır. Həmçinin məhkəmə öhdəliklərlə bağlı Mülki Məcəllənin normalarına istinad etmişdir. Halbuki müqavilə olmadan öhdəliyin yaranmaması ümumi bilinən haldır. Alğı-satqı münasibətləri müqavilə olmadan başlana bilməz. Müqavilə olmadan müqavilənin alt sənədi və ya əlavəsinin mövcud olması tamamilə qanunaziddir. Müqavilə olmadan da bu cür sənədlər tərtib edilə bilməz, çünki bu mümkün deyil. Avqust qaiməsinə nəzər yetirilsə əsas yerində müqavilə sözü qeyd edilib. Müqavilə mövcud olmamasına baxmayaraq qaimədə bu qeydin aparılması özü qanunauyğun deyildir. Qeyd olunan Mülki Məcəllənin normalarından da görünür ki, müəyyənləşdirilmiş şərtlərin məhz müqavilədə əksi bu şərtləri qanuniləşdirir. Tərəflər arasında olan yeganə müqavilə 30 noyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsidir. Məhkəmə iddiaçının satmasını bildirdiyi malların mövcudluğunu ümumiyyətlə araşdırmamışdır. Belə ki, malların idxal və ya istehsal olması, onların idxal bəyənnaməsi və zəruri sənədləşməsini tələb etməmiş, bu da düzgün və obyektiv araşdırmanın olmamasına dəlalət edir. Məhkəmə bu iş üzrə ədaləti deyil, sadəcə kağız üzərində sübut adlanan sənədlə qənaətə gəlmişdir. Halbuki məhkəmənin vəzifəsi ədalət olmalı və bunun üçün bütün zəruri tədbirləri görməlidir. Tərəflər arasında müqavilə olmamasına baxmayaraq qaimə və təhvil aktının artıq müqavilə münasibətində olması anlamına gəlmək kimi bir nəticə yanlışdır. Belə ki, bu münasibətin yaranmasını ehtimal etmək üçün daha öncəki tarixlərdə ən azı bir müqavilənin olması lazımdi ki, bu münasibət nə vaxtsa yaranmış olsun və ya davam eləsin.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.

19. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 49.1-ci maddə-hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddə-hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddə-hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 406.1-ci maddə-müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.1-ci maddə-müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 433.1-ci maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 385.1, 442, 443.1 və 448.1-ci maddələr- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddə (mübahisə yaranan dövrdə qüvvədə olan redaksiya)-bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Qətnamə cavabdeh tərəfindən qismən xx.xx.2022-ci il tarixli EBCC seriyalı 398805 saylı elektron qaimə üzrə 25.657,92 manat borcun, illik 5%-lə faiz tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3950/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Cavabdehin apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh iş üzrə qəbul edilmiş qətnamə ilə yalnız 30 noyabr 2022-ci il tarixli 168 nömrəli alqı-satqı müqaviləsi və EBCL seriyalı 873141 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 25.657,92 manat dəyərində satılmış mala görə borcun tutulması hissəsində razılaşdığından apellyasiya instansiyası məhkəməsi iddianın təmin edildiyi digər hissələrdə qətnamənin qanuni və əsaslı olduğunu yoxlamışdır.

23. İşin sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilmiş hallarından görünür ki, cavabdehə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə EBCC seriyalı 398805 nömrəli tarixli elektron qaimə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmişdir. Bundan 3 gün sonra həmin qaimədəki 72 ədəd təkər xx.xx.2022-ci il tarixdə imzalanmış malların təhvil-qəbul aktı ilə Cavabdeh MMC-nin hazırkı direktoru X1 təqdim edilmişdir.

24. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 2022-ci ilin avqust ayında tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmadığı halda elektron qaimədə əsas kimi “müqavilə” qeyd edildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bu mülahizəni əsassız hesab edərək qeyd edir ki, MM-nin 406.1-ci maddəsinə əsasən Mülki Məcəllədə əgər müvafiq əqd növü üçün yazılı forma tələb edilmirsə həmin müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada, o cümlədən şifahi bağlana bilər. MM-nin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslində alqı-satqı müqaviləsinin yazılı formada bağlanmalı olduğuna dair şərt nəzərdə tutulmadığından tərəflər arasında alqı-satqı ilə bağlı razılaşmanın şifahi olması və şifahi müqaviləyə istinad edilərək elektron qaimə əsasında mal təqdim edilməsi qanunidir.

25. Cavabdeh tərəfindən elektron qaimənin ləğv edilməsi barədə qarşı tərəfə müraciət edilməməsi, 2022-ci ilin avqust ayında 72 ədəd təkərin təhvil-təsliminə dair aktın cavabdehin direktoru tərəfindən imzalanması təsdiq edir ki, mallar həqiqətən cavabdehə təqdim edilmişdir. Bunun əksini təsdiq edən sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 26 Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində təhvil-təslim aktını imzalamış Şabəddin Mehdiyevin aktın imzalandığı dövrdə müəssisənin direktor müavini olduğunu və səbəbdən təqdim edilən təhvil-təslim aktını imzalamağa səlahiyyətinin olmadığını bildirsə də bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2022-ci il tarixdə EBCC seriyalı 398805 nömrəli tarixli elektron qaimə üzrə təqdim edilmiş malın dəyərinin cavabdehdən tutulması hissəsində qə qətnaməni qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, əgər direktor iddiaçıdan aldığı malı hüquqi şəxsin məqsədləri üçün istifadə etməmişsə cavabdeh tərəfindən MMnin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada qanuni təmsilçiyə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia qaldırıla bilər. Lakin bu hal öhdəliyin icrasından imtina üçün əsas ola bilməz.

27. Məhkəmə eyni zamanda hesab edir ki, pul öhdəliyinin icrasının cavabdeh tərəfindən 9 ay (noyabr 2022-iyul 2023) gecikdirilməsinə görə iddiaçının MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən əsas borcun illik faizi məbləğində pulun tutulmasını tələb etmək hüququ olduğundan (iddia ərizəsində həmin məbləğ səhvən dəbbə pulu kimi qeyd edilsə də MM-nin 449.4-ci maddəsinə əsasən tələb edilmişdir) qətnamə həmin hissədə də qanuni və əsaslı hesab edilir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3950/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3950/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar