Məhkəmə qərarları › İş №2-2(103)-207/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-207/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair ilkin, Cavabdeh İddiaçınə qarşı qüsurlu malın satıcıya qaytarılması və ödənilmiş pulun qaytarılmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 43/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) Cavabdeh apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə cavabdehdən 03.04.2017, 02.05.2017, 12.06.2017 və 16.06.2017-ci il tarixli hesab fakturalar üzrə yaranmış ümumilikdə 138.868 ABŞ dolları məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandrımışdır ki, cavabdehə 03.04.2017, 02.05.2017, 12.06.2017 və 16.06.2017-ci il tarixli hesab fakturalar üzrə Türkiyə Respublikasından ümumilikdə 138.868 ABŞ dolları dəyərində elektrik sobası göndərilmiş, cavabdeh tərəfindən malın dəyəri ödənilməmişdir. MM-nin 385.1, 386.1, 439.1, 442, 443.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Eyni zamanda Cavabdeh MMC İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbin həcmini artıraraq 15 mart 2017-ci il tarixli, 001 saylı müqavilə ilə 03 mart 2017-ci il tarixdən 17 iyun 2017-ci il tarixədək olan dövrdə Cavabdeh MMC-yə İddiaçı tərəfindən satılmış, elektrik qazla işləyən müxtəlif çeşiddə sobaların ümumi məbləğindən 25000 ABŞ dolları məbləğində keyfiyyətsiz malın geri götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 76272 ABŞ dolları pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sobaların alqı-satqısını həyata keçirmək məqsədi ilə əvvəlcə tərəflər arasında həmin sobaların ödənişi və göndərilməsi qaydalarına dair şifahi razılaşma əldə olunduqdan sonra İddiaçı nümayəndəsi Mehmet Akıcı 20.10.2016-cı il tarixdə 20 faiz ilkin ödəniş etməklə pul vəsaitinin sərraf vasitəsilə ödənilməsinin həyata keçirilməsi barədə razılaşmışlar. Bundan sonra tərəflərin bütün razılaşmalarını nizama salandan sonra 15.03.2017-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə bağlandıqdan sonra 03.04.2017-ci il tarixli faktura ilə 23740 ABŞ dolları məbləğində sobaların Cavabdeh MMC-nin ünvanına göndərilməsindən əvvəl, həmin sobaların 20 faiz dəyəri kimi 4748 ABŞ dolları məbləğində pul vəsaitini sərrafla göndərdikdən sonra həmin faktura ilə göstərilən məbləğdə sobaların göndərilməsi təmin olunmuşdur. Bu sobaların satışı tam həyata keçirildikdən sonra qeyd edilən 03.04.2017-ci il tarixli faktura ilə satılmış sobaların dəyərindən 18992 ABŞ dolları məbləğində pul vəsaiti sərraf vasitəsi ilə İddiaçınə çatdırılmışdır. 03.04.2017-ci il tarixli faktura ilə göndərilmiş sobaların dəyəri Cavabdeh MMC tərəfindən ödənilməsəydi, İddiaçı növbəti dəfə faktura ilə sobaların göndərilməsini təmin etməzdi. Beləliklə də, Cavabdeh MMC tərəfindən ödənişin tam təmin olunduğunu nəzərə alaraq, İddiaçı 02.05.2017-ci il tarixli fakturaya əsasən dəyəri 42.532 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. Buna görə də əvvəlcədən həmin göndərilməsi nəzərdə tutulan sobaların dəyərinin 20 faizi, yəni 8.506 ABŞ dolları məbləğində pulu sərraf vasitəsilə aldıqdan sonra iddiaçı həmin sobaları Cavabdeh MMC-yə göndərmişdir. Həmin sobaların dəyərinin qalıq hissəsi olan 34.026 ABŞ dollarından 17.000 ABŞ dolları 31.05.2017-ci il tarixdə İddiaçı 06-334455 saylı hesab nömrəsinə ödənilmişdir və buna dair 31.05.2017-ci il tarixli elektron qəbz mövcuddur. Qalan 17.026 ABŞ dolları məbləğində pul vəsaiti sərraf vasitəsilə göndərilmişdir. 02.05.2017-ci il tarixli faktura ilə göndərilmiş sobaların dəyərinin ödənişi olmasaydı, İddiaçı növbəti dəfə faktura ilə sobaların göndərilməsini təmin etməzdi. Beləlikdə, İddiaçı 12.05.2017-ci il tarixli fakturaya əsasən dəyəri 34.171 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. İddiaçı əvvəlcədən həmin dəyərdə göndərilməsi nəzərdə tutulan sobaların dəyərinin 20 faizi, yəni 6834 ABŞ dolları məbləğində pul vəsaiti ödəməli olmasına baxmayaraq, faktiki 10000 ABŞ dolları məbləğində pul İddiaçı 06-334455 saylı hesab nömrəsinə ödənilmişdir və 12.06.2017-ci il tarixli faktura ilə göndərilən sobaların satışı tam başa çatmamış İddiaçı ödəniş almadan 16.06.2017-ci il tarixdə təkidlə əlavə olaraq dəyəri 38.425 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. 12.06.2017ci il və 16.06.2017-ci il tarixlərdə göndərilən sobalardan 22.000 ABŞ dolları dəyərində sobalar keyfiyyətsiz və yararsız olduğu üçün Cavabdeh MMC həmin malın geri göndərilməsini tələb etmiş, İddiaçı isə həmin malı geri götürməkdən imtina etmişdir. Həmin sayda mal hazırda anbarda saxlanılır. Daha sonra satış üçün Əhmədli qəsəbəsində “Eurolux” mağazasında çalışan Əlgün Kazımova verildiyi sobalardan 3000 ABŞ dolları dəyərində sobalar yararsız olduğu üçün İddiaçı nümayəndəsi Türkiyə Respublikasından Bakı şəhərinə gələrək yerində yoxlayıb, malın zay olmasını təsdiqləmiş, lakin həmin malı geri götürməkdən imtina etmişlər. Həmin məbləğdə pul vəsaitini Cavabdeh MMC-nin üzərində saxlayaraq faktiki zay mala görə pul tələb edirlər. İddiaçı sahibinə 1000 ABŞ dolları dəyərində xalça alınıb göndərilmişdir. Sonuncunun tapşırığına əsasən həmin məbləğdə pulu da Cavabdeh MMC-nin üzərində saxlamışlar. Beləlikdə də, 12.06.2017-ci il və 16.06.2017-ci il tarixlərdə fakturalarla göndərilən 72596 ABŞ dolları dəyərində olan sobalardan 22000 ABŞ dolları dəyərində olan zay mal anbarda, 3000 ABŞ dolları məbləğində mal isə “Eurolux” mağazasında çalışan Əlgün Kazımovda saxlanılır. 1000 ABŞ dolları xalçanın alınıb göndərilməsinə xərclənmişdir. Beləliklə, dəyəri 26000 ABŞ dolları olan malın zay mal olması təsdiqlənir. Malların dəyərindən 20000 ABŞ dolları sərraf vasitəsilə ödənilmişdir. Ödənilməyən qalıq pul vəsaitindən 26596 ABŞ dolları sərraf vasitəsilə İddiaçınə göndərilmişdir. Belə olan halda İddiaçı satış üçün göndərdiyi sobaların 25000 ABŞ dolları dəyərində olan malın zay mal kimi geri götürüləcəyi halda Cavabdeh MMC-nin İddiaçınə borcu qalmır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-43/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, MPM-nin 14-cü maddəsinin tələbi pozulmuşdur. Cavabdeh MMC-yə göndərilmiş mallar iddiaçının qeyd etdiyi həcmdə və sayda olmamışdır. Göndərilmiş malların bir hissəsinin dəyəri nağd olaraq, bir hissəsi sərraf vasitəsilə ödənilmiş, bir hissəsi isə keyfiyyətsiz mal olmuşdur. Malların keyfiyyətsizliyi ilə bağlı qarşılıqlı iddianın dəlillərinin yoxlanılması üçün məhkəmə tərəfindən ekspert rəyinin alınması təmin olunmamışdır. 25.000 ABŞ dolları dəyərində mal geri götürüləcəyi təqdirdə Cavabdeh MMC-nin iddiaçıya borcu qalmır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 05.05.2021-ci il tarixə təyin edilmiş, ilkin iddia üzrə iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-43/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin edilərək Cavabdehndən İddiaçı xeyrinə 73416 ABŞ dolları pul tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxanılmalıdır. Hazırkı kommersiya mübahisəsi üzrə iddiaçı tərəf xarici hüquqi şəxs olduğundan və mübahisə xarici elementi olduğundan məhkəmə əvvəlcə mübahisənin Azərbaycan Respublikası məhkəməsinin yurisdiksiyasına aid olub-olmaması, hansı ölkənin hüququnun mübahisəyə tətbiqi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İddiaçı Türkiyə Respublikasının İddiaçı Azərbaycan Respublikasında filialı və nümayəndəliyi olması barədə işdə sənəd mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.3-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.7-ci maddəyə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. İş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsində aralarında yazılı müqavilə bağlandığını qeyd etsə həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehə Azərbaycan Respublikasında satılması üçün elektrik sobaları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 426.1-ci maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. Hazırkı halda satılan əşyalar alıcıya Azərbaycan Respublikasında təhvil verildiyindən və cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsi olduğundan Bakı Kommersiya Məhkəməsinin işə baxmağa səlahiyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. Hazırkı halda tərəflər arasında aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə hansı ölkənin hüququnun tətbiqi barədə yazılı saziş bağlanmasa da, iddiaçı iddia ərizəsində və cavabdeh qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etməklə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasına razılıqlarını ifadə etdiklərindən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işə mili qanunvericilik normalarını tətbiq edərək baxmışdır. İşin mübahisəsiz hallarından görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə iş materiallarına əlavə edilmiş 4 hesab faktura üzrə mal göndərilmişdir. 03.04.2017-ci il tarixli, 559066 nömrəli faktura üzrə göndərilmiş malın ümumi dəyəri 23740 ABŞ dolları, 02.05.2017-ci il tarixli, 559083 nömrəli faktura üzrə 42532 ABŞ dolları, 12.06.2017-ci il tarixli, 559104 nömrəli fakturası üzrə 34171 ABŞ dolları, 16.06.2017-ci il tarixli, 559109 nömrəli faktura üzrə 38295 ABŞ dolları olmaqla, cəmi 138738 ABŞ dolları təşkil etmişdir. Malların Türkiyə Respublikasından Cavabdeh adına göndərilməsi ilə bağlı gömrük bəyannamələri iş materiallarına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində alıcı tərəfindən satılmış malın dəyəri üzrə hər hansı ödəniş edilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş Burak Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, Sədərəkdə bazarı var, orada qaz sobası satır. Mehmet Akıcı ilə tanış olmuş, onunla razılaşmışdır ki, onlardan mal alıb satsınlar. Mehmet yalnız İddiaçındən deyil, başqa şirkətlərdən də mal alıb ona verirdi. O da pulu Mehmetə verirdi. Mehmet şirkətə pulu necə verirdi, bilmir. Ödül DişTicaret LTD” şirkəti onu tanımırdı. Onlar ona hesab-faktura ilə malı göndərirdilər, amma pulu Türkiyədən alırdılar. Burada bir faktor da var. Mehmet Akıcı pulu tam göndərməmiş ola bilər. Tərəf ona 5 hesab-faktura göndərir, necə olur ki, 5 hesab-fakturanı heç ödəniş etmədən göndərir. Mehmet Akıcı həmin şirkətdə bir müddət 3-4 ay satıcı vəzifəsində işlədi, sonra şirkətdən qovuldu. Şirkət bir daha onunla işləmədi. Türkiyədə hər dəfə nağd formada əldən ödəniş ediblər. O, Mehmet Akıcıya inanıb, ona ödəniş edib. Malların hamısını qəbul etmişlər. Nə göndərilirdisə, qəbul edilirdi. O, Türkiyəyə zəng edirdi, oradan ödəniş edirdilər. Verdikləri mallarda problemlər çıxdı. Onlarla əlaqə saxlayıb dedi ki, verdikləri mallarda problemlər çıxıb, gəlib malları geri götürsünlər. Burak Kolemanın apelyasiya instansiyası məhkəməsinə təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizəsində 07.03.2017-ci il tarixdə iddiaçıya 13.12.2016-cı il tarixdə 35.000 ABŞ dolları ödəniş edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilən normanın tələbinə əsasən hesab edir ki, şahid B.Kolemanın ifadəsində və ərizəsində qeyd edilən hallara ilkin iddia üzrə cavabdehin təqdim etdiyi digər sübutlarla birgə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qalıq borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 24.10.2019-cu il tarixli 101983 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə işdəki qaimə-fakturalara görə cəmi 138868 ABŞ dolları məbləğində mal satılmış və iş materiallarına Cavabdeh MMC tərəfindən İddiaçınə pul vəsaitinin ödənilməsini özündə əks etdirən ödəniş sənədləri əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 567-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 138868 ABŞ dolları dəyərində mal satıldığı işdəki sübutlarla təsdiq edildiyi halda, alıcı tərəfindən isə alınmış malın dəyərinin ödənilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən ilkin iddia tam təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmamış, Cavabdeh MMC tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, satıcı tərəfindən alıcıya göndərilmiş malların ümumi dəyəri adi riyazi hesablama ilə toplandıqda Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 24.10.2019-cu il tarixli 101983 saylı ekspert rəyində qeyd edildiyi kimi 138868 ABŞ dolları deyil, 138738 ABŞ dolları (23740+42532+34171+38295) təşkil edir. İş üzrə rəy vermiş ekspert tərəfindən bu 4 rəqəm düzgün toplanmamış, işə baxmış məhkəmə isə buna əhəmiyyət vermədən həmin məbləğin Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə Cavabdeh MMC tərəfindən təqdim edilmiş e-mail yazışmalarına hər hansı hüquqi qiymət verməmişdir. Halbuki İddiaçı nümayəndəsi məhkəmə iclaslarında qeyd edilən e-mail yazışmalarının həqiqiliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Elektron poçt vasitəsilə həyata keçirilmiş yazışmalara hüquqi qiymət vermək mühasibatlıq ekspertizasının səlahiyyətinə aid olmadığı üçün məhkəmə tərəfindən Cavabdeh MMC-nin borcunun və həyata keçirilmiş ödənişlərin hesablanması üçün mühasibatıq ekspertizası təyin etməsinə zərurət olmadığı halda məhkəmə iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş email yazışmalarının həqiqiliyi qarşı tərəfin nümayəndəsi tərəfindən mübahisələndirilmədiyindən, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığı və satıcı tərəf Türkiyə Respublikasının hüquqi şəxsi olduğu üçün tərəflər arasındakı razılaşmanın şərtləri, ödəniş şərtləri və digər məsələlərlə bağlı danışıqlar yalnız elektron poçt vasitəsilə həyata keçirildiyindən mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün tərəflər arasındakı Gmail şəbəkəsi vasitəsi ilə həyata keçirilmiş email yazışmaları (1-ci cild 121-128-ci, 135-136-cı vərəqlər) məhkəmə tərəfindən sübut qismində qəbul edilməlidir. İddiaçı satış direktoru Mehmet Akıcı tərəfindən Cavabdeh MMC-nin əməkdaşı olmuş Burak Kolemana 20.10.2016-cı il tarixdə göndərilmiş məktubda məktuba qoşulmuş müqavilənin tərəflərindən təsdiq edildiyi və ödənişin 20 %-nin ilkin ödəniş olaraq sərraf vasitəsi ilə həyata keçirilməsi xahiş olunur. 17.10.2017-ci il tarixli digər məktubda isə X1 Kolemana ödənişin həyata keçirilməsi üçün bank hesabı göndəriləcəyini qeyd edir. Bu məktublar təsdiq edir ki, razılaşmaya əsasən alıcı satıcıya malın dəyərinin 20%-ni əvvəlcədən ödəməli idi. Tərəflər arasında belə bir razılaşma şərti olduğu halda iddiaçı tərəfindən cavabdehə hər hansı ödəniş olmadan 138.738 ABŞ dolları dəyərində mal göndərildiyi məhkəmə tərəfindən ağlabatan və inandırıcı hesab edilmir. 30.05.2017-ci il tarixdə elektron poçt vasitəsi ilə X1 Kolemana göndərilmiş məktubda satılmış 72910 ABŞ dolları dəyərində malın dəyərindən 35000 ABŞ dolları ödənildiyi, həmin tarixə olan qalıq borcun 37.950 ABŞ dolları olduğunu qeyd etmişdir. (22.05.2017-ci il tarixli məktubda qalıq borcun 37910 ABŞ doları olduğu qeyd edilsə də, 30.05.2017-ci il tarixli məktub daha sonra göndərildiyindən əvvəlki məktubdakı rəqəmin dəqiqləşdirildiyi ehtimal edilir) İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh MMC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışdan və təqdim edilmiş gömrük bəyannaməsinin üzərində olan “AG bank” KB-nın möhürü ilə təsdiq edilmiş qeyddən görünür ki, 31.07.2017-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 03.04.2017-ci il tarixli, 559.066 nömrəli faktura üzrə 10.000 ABŞ dolları vəsait ödənilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi kimi göstərmişdir ki, İddiaçı ilə alqı-satqı ilə bağlı danışıqları həyata keçirmiş Burak Koleman hazırda şirkətin işçisi olmadığından və pandemiya ilə əlaqədar sübutların bir çoxu Türkiyə Respublikasında qaldığından birinci instansiya məhkəməsinə ödənişlərlə bağlı bütün sübutların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sübut və birinci instansiya məhkəməsinə təqdim edilmiş elektron poçt vasitəsilə həyata keçirilmiş yazışmalar nəzərə alınarsa Cavabdeh MMC-nin 2017-ci ilin iyun ayınadək 37.950 ABŞ dolları qalıq borcu olduğu, həmin borcdan 10.000 ABŞ dollarının 31.07.2017-ci il tarixdə ödənildiyi, 2017-ci ilin iyun ayınadək göndərilmiş mallar üzrə 27.950 ABŞ dolları borc qalığı olduğu müəyyən olunur. Eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “Döviz havalesi” adlı qəbzlərdən görünür ki, İddiaçı hesabına 31.05.2017-ci il tarixdə 17.000 ABŞ dolları və 10.000 ABŞ dolları olmaqla 27.000 ABŞ dolları ödəniş edilmişdir. Nümayəndə izah etmişdir ki, ödənişlər onlayn (telefon vasitəsilə) həyata keçirildiyindən ödənişləri təsdiq edən qəbzlərin yalnız telefon vasitəsilə çəkilmiş fotoşəkillərinin məhkəməyə təqdim edilməsi mümkün olmuş, pandemiya ilə əlaqədar ödənişi təsdiq edən bank sənədlərinin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə qarşı tərəfin nümayəndəsinin məhkəmə araşdırmasında iştirak etmədiyini və təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsinə etiraz etmədiyini, ödənişlərin ödəniş kartı vasitəsi ilə onlayn həyata keçirilməsinin və onlayn ödənişi təsdiq edən qəbzin fotoşəklinin çap edilərək sübut kimi təqdim edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehin təqdim etdiyi sübutlara əsasən iddiaçının hesabına 27.000 ABŞ dolları vəsaitin ödəniş kartı vasitəsi ilə ödənildiyi, həmin məbləğ 2017-ci ilin iyun ayınadək göndərilmiş mallar üzrə 27950 ABŞ dolları qalıq borcdan çıxıldıqda iddiaçıya olan qalıq borcun cəmi 73416 ABŞ dolları ( 2017-ci ilin iyun aynadək qalıq 950 ABŞ dolları+ 2017-ci ilin iyun ayında göndərilmiş mallar üzrə 72466 ABŞ dolları) olduğu müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən 73.416 ABŞ dolları pulun Cavabdehndən İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir. Cavabdeh nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən məhkəməyə 08.05.2017-ci il tarixli, 29.06.2017-ci il tarixli gömrük bəyannamələrini təqdim edərək bəyannamələrin “Çatdırılma şərtləri” bölməsində “100” kodu (malın dəyəri əvvəlcədən ödənilmişdir) ilə doldurulmasının həmin bəyannamə üzrə çatdırılmış malın dəyərinin alıcı tərəfindən ödənildiyini təsdiq etdiyini göstərərək məhkəmə tərəfindən bəyannamələrin ödənişi təsdiq edən sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən gömrük bəyannamələrinin çatdırılma şərtləri qrafası sənədlər əsasında deyil, Burak Kolemanın 02.04.2019-cu il tarixli məhkəmə iclasında bildirdiyinə görə, alıcının gömrük orqanına verdiyi şifahi məlumat əsasında qeyd edildiyindən qeyd edilən bəyannamələr ödənişi təsdiq edən sübut qismində qəbul edilə bilməz. Qarşılıqlı iddianın rədd edildiyi hissədə isə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğu məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC İddiaçındən 76272 ABŞ dolları pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etsə də, bu tələbi əsaslandırmamış, apelyasiya şikayətində də bu tələbin hansı əsasla təmin edilməli olduğunu qeyd etməmişdir. İddiaçındən satın alınmış və keyfiyyətsiz olduğu iddia edilən 25000 ABŞ dolları məbləğində malın geri götürülməsi barədə 27.11.2019-cu il tarixdə iddia qaldırmaqla Cavabdeh MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsində nəzərdə tutulmuş iki illik müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Hazırkı halda satıcı tərəfindən mallar sonuncu dəfə 2017-ci ilin iyun ayında göndərildiyindən və işdəki gömrük bəyannaməsinə əsasən 29.06.2017-ci ildə Azərbaycan Respublikasına daxil olduğundan satın alınan malların qüsuru ilə bağlı müddətin axımı hə mi tarixdən başlamış və Cavabdeh bu barədə tələb irəli sürmək hüququ 2019-cu ilin iyun ayında xitam olunmuşdur. Buna görə də, məhkəmə prosessual qənaət prinsipinə müvafiq olaraq qarşılıqlı iddianın bu dəlilinin araşdırılması məqsədi ilə ekspertiza təyin edilməsini zəruri hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-43/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı” şirkətinin xeyrinə 73416 ABŞ dolları pul tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-43/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilərək Cavabdehndən İddiaçı xeyrinə 73416 ABŞ dolları pul tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxanılmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar