Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Ağazadə Nüsrət Qasım oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borcun, hesablanmış 111.475,78 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 30 manat dövlət rüsumunun, cəmi: 249.099,78 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03-LA/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixinə onun 137094 manat gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 111475,78 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmiş, öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan (Cavabdeh MMC) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi dövlət rüsumunun ödənilməsi haqqında məlumat həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və hüquqi yardıma görə 500 (beş yüz) manat məbləğində ödəniş aparılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 03- LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş əsas borc, 13.709 manat məbləğində cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 151.333 manat tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «27 avqust 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış lizinq üqaviləsin görə ümumi dəyəri 412000 manat olan 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının Cavabdeh MMC-yə lizinqə (icarəyə) verilmişdir. Cavabdeh MMC lizinq avadanlıqlarının dəyərinin 25 faizindən artığını, yəni, 107376 manat məbləğində ilkin ödənişi xx.xx.2015-ci il tarixində ödəmiş, qalan məbləği isə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2016-cı ildən başlayaraq 7639 manat ödəniş etməklə, sonrakı ödənişlər hər kvartal 7615 manat ödəməklə xx.xx.2026-cı il tarixdə lizinq avadanlıqının dəyərini "xxxx" ASC-yə ödəyib başa çatdırmaq öhdəliyini üzərinə götürmüşdir. Cavabdeh MMC Ödəniş qrafiki ilə müəyyən edilən pulu ödəməmiş, çünki, lizinq avadanlıqlarından da istifadə etməmişdir. Bu barədə “Aqrolizinq*1 ASC-ə dəfələrlə məlumat vermiş, avadanlıqların geri götürülməsini "xxxx" ASC-dən tələb etmişdir. Məhkəmə, hazırkı işdə Agentliyin iddia qaldırmaq səlahiyyətinin olmasını qətnamədə əsaslandırılmamışdır. Agentliyin Aqrolizinq» ASC müqavilə tərəf olduğu üçün iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur, çünki müqavilə tərəfi deyildir. Bundan əlavə, ödəniş cədvəlinə görə Cavabdeh MMC xx.xx.2016-cı il tarixdən lizinq haqqını ödəməyə başlamalı idi. Lakin Cavabdeh MMC ağır maliyyə böhranında olduğundan və lizinq avadanlıqlarını istifadə edə bilmədiyindən ödənişləri həyata keçirə bilməmişdir. Cavabdeh MMC tərəfindən avadanlıqların geri götürülməsi tələbləri "xxxx" ASC-ə yönəldiyindən lizinq verən "xxxx" ASC lizinq haqqını 5 il Cavabdeh MMC-dən tələb etməmiş, lizinq avadanlıqlarını geri götürməmişdir. Cavabdeh MMC lizinq verən "xxxx" ASC-yə zərər vurmamışdır. lizinq avadanlıqları işlək vəziyyətdə amortizasiya məruz qalmadan saxlanılmış və "xxxx" ASC lizinq əmlakını qəbul edərsə axırıncıya hər hansı zərər vurulmaz. Bundan əlavə, məhkəmə xərcləri kimi, 500 manat pulun Cavabdeh MMC-dən tutulması qanunsuzdur. Belə ki, iş maeriallarından görünür ki, 500 manat pulu "xxxx" MMC 5 saylı Vəkil Bürosunun bank hesabına köçürmüşdür. "xxxx" MMC kommersiya işi üzrə tərəf deyil buna görə Cavabdeh MMC məhkəmə xərci kimi 500 manat pulu ödəməli deyildir.” Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin iddiaçı ilə aralarında barışıq danışıqları getdiyini bildirmiş, bu məqsədlə məhkəmə iclası bir bir neçə dəfə təxirə salınssa da barışıq reallaşmamış, hər bir halda apellyasiya şikayətinin təmin olunmasında israrlı olmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, lizinq müqaviləsinin ləğvinə və lizinq obyektinin geri qaytarılmasına dair hər hansı mətubunun lizinq verənə təqdim edildiyi, bununla bağlı hərəkətlər edildiyi iş materialları ilə sübuta yetirilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını təkrar apellyasiya qaydaında araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş 27 avqust 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh MMC arasında 10 il müddətinə bağlanmış lizinq müqaviləsindən görünür ki, lizinq alan Cavabdeh MMC ümumi dəyəri 412000 manat olan kəsimxana avadanlıqlarının ilkin olaraq həmin avadanlıqların dəyərinin 25 faizi (107376 manat) ödənilməklə, qalan 304.624 manat məbləğində hissəsinin isə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2016-cı il tarixdən başlayaraq 7639 manat ödəniş etməklə, sonrakı hər kvartal üzrə 7615 manat ödəməklə xx.xx.2026-cı il tarixinək avadanlığın dəyərinin tam ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, onun tərəfindən lizinq müqaviləsinin bağlandığı və lizinq avadanlığının ona təhvil verildiyi mübahisələndirilmir. İşə əlavə olunmuş iddiaçı tərəfin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, lizinq alan Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borcu və ödəmənin gecikdirilməsinə görə 111.475,78 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründyü kimi, iddia 137.094 manat gecikdirilmiş əsas borc tələbi hissəsində tam, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 111475,78 manat məbləğində cərimə hissəsində isə qismən, Mülki Məcəllənin 467-ci maddəsinin tələbi qaydasında, 13.709, 00 manata qədər azaldılmaqla, təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayətindən göründüyü kimi, həmin hissədə qətnamə mübahisələndirilmir. Apellyasiya şikayətində ilk öncə cavabdeh mübahisələndirir ki, lizinq müqaviləsi “Aqrolizinq» ASC ilə bağlanmış və iddiaçı müqavilə tərəfi olmadığına görə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız sayır. Belə ki, 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə qərara alınmışdır ki: 1.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın.
2. Müəyyən edilsin ki: 2.1. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir; 2.2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir. (-)
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 4.3. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: 4.3.1. mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini; 4.3.2. lizinq ödənişləri üzrə borcların yığılmasını; (-) Qeyd edilənlərdən göründüyü kimi, hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olan şəxs, məhz, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyidır. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlilində lizinq haqqı xx.xx.2016-cı il tarixdən ödənilməyə başlanılmalı olduğunu bildirərək mübahisələndirir ki, lizinq alan ağır maliyyə böhranında olduğundan və lizinq avadanlıqlarını istifadə edə bilmədiyindən, ödənişləri həyata keçirə bilməmiş, avadanlıqlarının geri götürülməsini lizinq verəndən ("xxxx" ASC) tələb etmiş, lakin sonuncu onları geri götürməmiş, lizinq haqqını da 5 il tələb etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin qeyd olunan dəlilləri də ona qarşı irəli sürülən iddianın əsassız olduğunu deməyə əsas vermir. Belə ki, birincisi, iş materiallarına əsasən cavabdeh istinad etdiyi, lizinq müqaviləsinin ləğv edilməsi və lizinq avadanlığının geri götürülməsi barədə məktublarının lizinq alana çatdırılmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir, iddiaçı da konkret halda, belə məktubların ona təqdim edildiyini və müvafiq müzakirələrin aparıldığını inkar edir. Müqavilə şərtlərinə gəldikdə isə lizinq müqaviləsində tərəflərdən hər hansı birinin birtərəfli qaydada lizinq müqaviləsini ləğv etmək kimi səlahiyyəti müəyyən olunmamışdır. Müqavilənin 1.1-ci və 10.1.1-ci bəndlərində tərəflərin belə razılığa gəldiyi görünür ki, lizinq avadanlığı lizinq alana 10 il müddətinə lizinqə verilir və müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda, müqavilənin qüvvədən düşmüş hesab edilir. Mülki Məcəllənin 421.3-cü maddəsinin tələbində isə tələb olunur ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Digər tərəfdən, həmin Məcəllənin 690.1-ci və 690.2-ci maddələrinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməsi və əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsasların göstərilməli olduğu nəzərdə tutulur. Məcəllənin 689-cu maddəsi isə tələb edir ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. İş materiallarına əsasən isə cavabdeh tərəfindən lizinq müqaviləsinin ləğv edilməsi və lizinq avadanlığının geri götürülməsi istiqamətində qanunvericilyin qeyd olunan tələblərinə müvafiq hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Cavabdehin apellyasiya şikayətinin, lizinq haqqının lizinq verən tərəfindən 5 il müddətində tələb etmədiyi mübahisələndirməsinə gəldikdə, lizinq müqaviləsinin müddəti 2026-cı ilədək davam edir. Müqavilənin şərtlərindən görünür ki, ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödəniş müddətləri müəyyən edilsə də cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun mübahisələndirilən məbləğdə gecikdirilmiş borcu və üzərinə hesablanmış cərimə məbləği yaranmışdır. Halbuki, lizinq müqaviləsinin 1.2-ci bəndi nəzərdə tutur ki, lizinq alan avadanlığın dəyərindən 107.376,0 manat məbləği əvvəlcədən, lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 2) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.3-cü bəndə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ Lizinq alan tərəfındən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. 4.1-ci bəndə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyala keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə lizinq müqaviləsi üzrə gecikdirilmiş əsas borca görə 137.094,00 manat, ödənişin gecikdirilməsinə görə isə 13.709,00 manat cərimə məbləğinin tutulmasının qət olunması işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda, ondan iddiaçının xeyrinə 500 manat məhkəmə xərcinin tutulması ilə razılaşmayaraq mübahisələndirir ki, tərəf olmayan "xxxx" MMC tərəfindən həmin pulun 5 saylı Vəkil Bürosunun bank hesabına köçürməsini məhkəmə xərci kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. İş üzrə iddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş Ref:000İPX121151VFE nömrəli xx.xx.2021-ci il tarixli ödəniş sənədinə, eləcə də, iddiaçıya hüquq yardım göstərən Vəkil1 fəaliyyət göstərdiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosu ilə "xxxx" MMC arasında bağlanmış 02.06.21-ci il tarixli1024 saylı “hüquqi yardım göstərilməsi haqqında” müqavilədən görünür ki, sonuncu tərəfindən iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində baxılan kommersiya mübahisəsi üzrə göstərilən hüquqi yardıma görə 500 manat məbləğində haqq 5 saylı Vəkil Bürosunun (VÖEN**********1) bank hesabına (AZ31AİİB********************) ödənilmişdir. MPM-in 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin qeyd olunan əsasla 500 manat vəkil haqqının ondan tutulmasının əsassız olduğunu mübahisələndirən dəlilləri də əsassızdır. Beləliklə də yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticəni faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.