Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Sahin Serdarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya mübahisəsi (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Sahin Serdarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8264/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Sahin Serdara xx.xx.2011-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsidir.
2. Vergi orqanı tərəfindən Sahin Serdara ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Sahin Serdardan dövlət büdcəsinə olan 41363 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
3. Vergi orqanı tərəfindən Sahin Serdara ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Sahin Serdardan dövlət büdcəsinə olan 4971,49 manat borcun 15 gün müddətində ödənilməsi tələb edilmiş və əks halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğə münasibət bildirildikdən sonra borc məbləğinin dəyişə (arta) biləcəyi maraqlı şəxsin diqqətinə çatdırılmışdır.
4. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş maraqlı şəxsin elektron kabinetinə yerləşdirilmişdir.
5. Vergi orqanı ilə maraqlı şəxs arasında bağlanmış 10 may 2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilənin 4.1.7-ci bəndindən görünür ki, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən çox olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir.
6. Sahin Serdarın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 34084,98 manat, o cümlədən kameral yoxlanılmalı məbləğ 34223,99 manat təşkil edir. Həmçinin şəxsi hesab vərəqəsinin vergilər üzrə vərəqə bölməsinə görə, xx.xx.2024-cü il tarixli borc bildirişi göndərildikdən sonra ödəmə tapşırıqları əsasında xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 4000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə 2972 manat ödəniş edildiyi, 139,01 manat artıq ödəmənin yarandığı görünür.
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Sahin Serdarın dövlət büdcəsinə olan 31367,91 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Sahin Serdarın (VÖEN: **********) dövlət büdcəsinə 31367,91 manat məbləğində (o cümlədən vergilər üzrə 23876,47 manat, faizlər üzrə 7491,44 manat) olmaqla, ümumilikdə 31367,91 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********176200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8264/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Sahin Serdar vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş və xəbərdarlıq ünvanlanaraq borcun müvafiq olaraq 5 gün və 15 gün müddətində ödənilməsi tələb edilmişdir. Məhkəmə hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanuni əsas görmür. Belə ki, vergi orqanı tərəfindən maraqlı şəxsə göndərilən sonuncu – xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda Sahin Serdardan dövlət büdcəsinə olan borcunun 4971,49 manat olduğu göstərilmiş, həmin borc da xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə ödəniş tapşırıqları əsasında ödənilmişdir. Digər tərəfdən, vergi orqanı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda kameral yoxlanılmalı məbləğə münasibət bildirildikdən sonra borc məbləğinin dəyişə (arta) biləcəyini bildirmiş, məhkəmə tərəfindən kameral yoxlanılmalı məbləğə münasibət bildirilib-bildirilməməsinin dəqiqləşdirilməsi məqsədilə 07 noyabr 2024-cü il tarixli və 20 noyabr 2024-cü il tarixli məktublarla ərizəçiyə müraciət edilmiş və göstərilmişdir ki, şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsində borcun olması təsdiqlənmədiyi, əksinə vergi ödəyicisinin artıq ödəməsinin olduğu göründüyü halda, şəxsi hesab vərəqəsinin sonunda ödənilməli borc kimi 34 084,98 manatın əks olunması məsələsinin aydınlaşdırılması və vergi ödəyicisinin hazırkı tarixə borcunun olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1ci maddəsinə uyğun olaraq sübutların təqdim edilməsi, mövqenin (müvafiq yoxlamanı həyata keçirilib-keçirilməməsi, vergi ödəyicisinin borcunun nə qədər təşkil etməsi) bildirilməsi təklif olunur. Lakin vergi orqanı tərəfindən qeyd edilən məktublara münasibət bildirilməmiş, xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsi yüklənmiş, həmin vərəqəyə əsasən də maraqlı şəxsin dövlət büdcəsinə 139,01 manat artıq ödəməsinin olduğu, həmçinin 34223,99 manat kameral yoxlanmalı məbləğ göstərilmişdir. Göründüyü kimi, vergi orqanı sonuncu xəbərdarlığında 4971,49 manat borcun olduğunu göstərmiş, həmin borc tam olaraq ödənilmiş, həmçinin kameral yoxlanılmalı məbləğə münasibət bildirildikdən sonra borc məbləğinin arta biləcəyi göstərilmiş, həmin münasibət isə bildirilməmişdir. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qismində ehtimallara əsaslan borc deyil, konkret borc çıxış edir. Kameral yoxlanılmalı məbləğ isə hələ mövcud borc demək deyildir. Bu mənada məhkəmə məhdudlaşdırma üçün qanuni əsasın olmadığı qənaətinə gəlir. Digər tərəfdən, hazırkı işin hallarından belə bir məhdudiyyətin mütənasiblik prinsipinin tələblərinə uyğun olduğu da görünmür. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərdən ancaq bank hesabına sərəncam qoyulması ilə bağlı sənədi təqdim etmiş, digər tədbilərin görülübgörülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), görülən tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Maraqlı şəxs isə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna biganə qalmayaraq qeyd olunan məbləği (4971,49 manat) tam ödəmişdir. Qalıq borc kimi təqdim edilən məbləğ isə kameral yoxlanılmalı məbləğ olmaqla, hətta mövcud borc kimi qəbul edilsə belə, vergi orqanı tərəfindən borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
11. Məhkəmə hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 28, 71, 73, AR Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1, 15-3, 24.0.2-1, 77.3, 78.1, Mülki Prosessual Məcəllənin 355-5, 355-7.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8264/2024 nömrəli qətnaməsindən ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. Yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi məhkəmənin işə birtərəfli yanaşmaqla ortaya qoyduğu hüquqi mövqe Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci madəsinin İ və İİ hissələrinin, 73-cü maddəsinin İ hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 11, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixli **********004200 nömrəli ərizə üzrə onun dövlət büdcəsinə borcu ödənilməmiş qalmaqdadır. Göründüyü kimi məhkəmə vergilərin dövlət büdcəsinə alınması vəzifəsini yerinə yetirmək üçün vergi orqanının qanunvericilikdə, daha dəqiq desək Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməsinə mane olan qanunsuz qətnamə qəbul etmişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi Sahin Sərdarın xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 31367,91 manat məbləğində (o cümlədən vergilər üzrə 23876,47 manat, faizlər üzrə 7491,44 manat) borcu olmuşdur. Məhkəmənin istinad etdiyi şəxsi hesab vərəqəsinin vergilər üzrə vərəqəsindən göründüyü kimi vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamələr təqdim edilərək gəlir vergisi azaldılmışdır, eyni zamanda kameral yoxlanılmalı məbləğ 34223,99 manat təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələr üzrə Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə kameral vergi yoxlaması keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim etməsi vergilərin yenidən hesablanmasını tələb etməsi hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Vergi ödəyicisinin o hüququndan istifadə etməsi hələ həmin bəyannamənin qəbul edilməsi, borcunun azalması anlamına gələ bilməz. Vergi ödəyicisinin verdiyi hər bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmadığı müddətcə həmin bəyannamənin göstəriciləri əsas götürülə bilməz. Bundan əlavə vergi ödəyicisi Sahin Serdar (VÖEN: **********) İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********60100 saylı qərarı ilə riskli vergi ödəyicisi hesab edilməklə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmənin vergi orqanı tərəfindən borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə verib-verməməsi barədə məlumatın təqdim edilməməsi barədə qeyd etdiklərinə gəldikdə, vergi borcunun alınmasını təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş məcburetmə tədbirlərindən birinin tətbiq edilməsi digərinin də tətbiq edilməsini istisna etmir. Bununla belə, məhkəmənin də qeyd etdiyi kimi, ərizəçi vergi orqanı tərəfindən borcun alınması istiqamətində tədbirlər görülmüş, borcun alınması üçün təsirli vasitələrdən biri olan maraqlı şəxsin bank hesablarına sərəncamlar qoyulmuşdur. Lakin qoyulmuş sərəncamlar nəticəsində borcun tam şəkildə alınması mümkün olmadığından borcun ödənilməsinin təsir tədbiri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 89.3.-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. - 89.4.-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - 89.5.-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolu
Maddə 2.1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Maddə 2.2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
19. Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8264/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından görünür ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Sahin Serdar vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş və xəbərdarlıq ünvanlanaraq borcun müvafiq olaraq 5 gün və 15 gün müddətində ödənilməsi tələb edilmişdir. Məhkəmə hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanuni əsas görmür. Belə ki, vergi orqanı tərəfindən maraqlı şəxsə göndərilən sonuncu – xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda Sahin Serdardan dövlət büdcəsinə olan borcunun 4971,49 manat olduğu göstərilmiş, həmin borc da xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə ödəniş tapşırıqları əsasında ödənilmişdir. Digər tərəfdən, vergi orqanı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda kameral yoxlanılmalı məbləğə münasibət bildirildikdən sonra borc məbləğinin dəyişə (arta) biləcəyini bildirmiş, birinci instansiya məhkəməsi tərəfindən kameral yoxlanılmalı məbləğə münasibət bildirilib-bildirilməməsinin dəqiqləşdirilməsi məqsədilə 07 noyabr 2024-cü il tarixli və 20 noyabr 2024-cü il tarixli məktublarla ərizəçiyə müraciət edilmiş və göstərilmişdir ki, şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsində borcun olması təsdiqlənmədiyi, əksinə vergi ödəyicisinin artıq ödəməsinin olduğu göründüyü halda, şəxsi hesab vərəqəsinin sonunda ödənilməli borc kimi 34 084,98 manatın əks olunması məsələsinin aydınlaşdırılması və vergi ödəyicisinin hazırkı tarixə borcunun olubolmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1-ci maddəsinə uyğun olaraq sübutların təqdim edilməsi, mövqenin (müvafiq yoxlamanı həyata keçirilib-keçirilməməsi, vergi ödəyicisinin borcunun nə qədər təşkil etməsi) bildirilməsi təklif olunur. Lakin vergi orqanı tərəfindən qeyd edilən məktublara münasibət bildirilməmiş, xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsi yüklənmiş, həmin vərəqəyə əsasən də maraqlı şəxsin dövlət büdcəsinə 139,01 manat artıq ödəməsinin olduğu, həmçinin 34223,99 manat kameral yoxlanmalı məbləğ göstərilmişdir. Ərizəçi apellyasiya şikayəti təqdim edərkən əlavə etdiyi şəxsi hesab vərəqəsində ödənilməli borcun 34 084,98 manat olduğunu göstərərək şikayətin əsaslı olduğunu bildirmişdir. Lakin vergi orqanı sonuncu xəbərdarlığında 4971,49 manat borcun olduğunu göstərmiş, həmin borc tam olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qismində ehtimallara əsaslan borc deyil, konkret borc çıxış edir. Kameral yoxlanılmalı məbləğ isə hələ mövcud borc demək deyildir. Bu mənada məhkəmə məhdudlaşdırma üçün qanuni əsasın olmadığı qənaətinə gəlir. Digər tərəfdən, hazırkı işin hallarından belə bir məhdudiyyətin mütənasiblik prinsipinin tələblərinə uyğun olduğu da görünmür. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərdən ancaq bank hesabına sərəncam qoyulması ilə bağlı sənədi təqdim etmiş, digər tədbilərin görülüb-görülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), görülən tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Maraqlı şəxs isə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna biganə qalmayaraq qeyd olunan məbləği (4971,49 manat) tam ödəmişdir. Qalıq borc kimi təqdim edilən məbləğ isə kameral yoxlanılmalı məbləğ olmaqla, hətta mövcud borc kimi qəbul edilsə belə, vergi orqanı tərəfindən borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə veribverməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Apelyator kameral yoxlamanın nəticəsi olan 34 084,98 manat borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş edir, halbuki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, ərizəçinin xəbərdarlıq məktubunda tələb etdiyi məbləğ maraqlı şəxs tərəfindən ödənilmişdir. Göründüyü kimi maraqlı şəxs xəbərdarlıqda nəzərdə tutulmuş vergi borclarını ödəmişdir, ərizəçinin əsaslandığı 34 084,98 manat isə kameral qaydada yoxlanılmalı olan məbləğ olduğundan maraqlı şəxsin dövlət büdcəsinə mövcud borcu kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Eyni zamanda, maraqlı şəxsin borcları olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Kollegiya bir daha qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
24. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8264/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.