Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-209/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-531/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 23.290,79 manat hesablar üzrə əsas borcun, 291.731,79 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin, 1.500 manat məbləğdə hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumuna görə ödənilmiş məbləğin, cəmi 316.552,58 manat məbləğin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, sementin satışına dair xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı birinci dəfə cavabdehə xx.xx.2016-cı il tarixdə 61,66 ton Sement C500 Qalaq məhsulu vermişdir. İkinci dəfə, yəni xx.xx.2016-cı il tarixdə 147,34 ton məhsul göndərmişdir. Müvafiq olaraq göndərilən məhsullara görə cavabdehə aşağıdakı qaimə-fakturalar və hesablar təqdim edilmişdir: xx.xx.2016-cı il tarixli 435604 nömrəli qaimə-faktura və xx.xx.2016 tarixli SA/002/16 saylı hesab; xx.xx.2016-cı il tarixli 435606 nömrəli qaimə-faktura və xx.xx.2016 tarixli SA/003/16 saylı hesab; xx.xx.2016 tarixli SA/002/16 saylı hesab üzrə yekun məbləğ 6.871,34 manat, xx.xx.2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə yekun məbləğ 16.419,45 manat, cəmi 23.290,79 manat təşkil etmişdir. Tərəflər arasında Müqavilənin Qiymət və ödəmə şərtlərinin 3-cü bəndinə əsasən “Alıcı”nın “Satıcı”ya olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Həmin Şərtlərin 4-cü bəndinə əsasən “Satıcı”, “Alıcı” tərəfindən yaranmış borc məbləği bir ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini “Alıcı”dan tələb edə bilər. Cavabdeh yuxarıda qeyd edilən hesablar üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə SM-M-1218-161 saylı məktub göndərərək yaranmış cəmi 23.290,79 manat borcun ödənilməsini xahiş etmişdir. O cümlədən, xx.xx.2019-cu il tarixdə ikinci dəfə cavabdehə SMX-04/76-19 saylı məktub göndərərək borcunun ödənilməsini xahiş etmişdir. Bununla belə, cavabdeh tərəfindən borcun ödənilməsinə heç bir cəhd olunmamışdır. Tərəflər arasında olan müqavilənin qüvvədə olma müddəti şərtlərinin 2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək etibarlı hesab olunur. Həmin şərtlərin 4-cü bəndinə əsasən “Alıcı” ödənişləri 30 gündən çox gecikdirdikdə dəyən zərərin əvəzini ödəməlidir. Tərəflər arasında müqavilənin və Mülki Məcəllənin müddəaları nəzərə alınsa, o zaman cavabdeh: xx.xx.2016 tarixli hesaba əsasən 6.871,34 manat borc məbləği üzrə bu günədək 1.266 gün; xx.xx.2016 tarixli hesaba əsasən 16.419,45 manat borc məbləği üzrə isə bu günədək 1.246 gün gecikdirmə edib. Müqavilənin qiymət və ödəmə şərtlərinin 4-cü bəndinin və Mülki Məcəllənin 462.3-cü maddəsinin tələbləri əsas götürülsə, cavabdehin borcun gecikdirilməsinə görə dəbbə pulu: xx.xx.2016 tarixli SA/002/16 saylı hesab üzrə 86.986,86 manat, xx.xx.2016 tarixli SA/003/16 saylı hesab üzrə isə 204.744,93 manat təşkil etmişdir. Beləliklə, cavabdehin əsas və gecikməyə görə faiz borcları aşağıdakı kimidir: xx.xx.2016 tarixli SA/002/16 saylı hesab üzrə əsas borc 6.871,34 manat, gecikməyə görə 86.986,86 manat, xx.xx.2016 tarixli SA/003/16 saylı hesab üzrə əsas borc 16.419,45 manat, gecikməyə görə 204.744,93 manat, cəmi 291.731,79 manat. Bundan başqa, müqavilənin qiymət və ödəmə şərtlərinin 4-cü bəndinə əsasən iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə yarana biləcək inzibati xərclərin ödənilməsini də tələb edə bilər. İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün “xxxx” Hüquq Şirkəti ilə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalamış və iddiaçını birinci instansiya məhkəmələrində təmsil etməsi üçün 1.500 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.419,45 manat ödənilməmiş borc, 1.080,55 manat cərimə (dəbbə pulu), hüquqi xidmətlərə görə 1.000 manat, cəmi 18.500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,75 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin əsas borcun gecikdirilməsinə görə faiz məbləği hissəsində ləğv edilib, iddia tələbi üzrə xx.xx.2016-cı il tarixli 435606 nömrəli qaimə-fakturaya görə ödənilməli olan 16.419,45 manat əsas borc və 204.744,93 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin ödənilməsi hissəsinin tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının vurğuladığı öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsinin xüsusi vasitələrindən biri mülki-hüquqi məsuliyyət tədbiri sayılan dəbbə puludur. Birinci instansiya məhkəməsinin qətnamə ilə iddiaçının cərimə ilə əlaqədar tələbini yalnız tənasübsüz surətdə yüksək olan penya olması səbəbi ilə azaltması Konstitusiya Məhkəməsinin qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qətnamədə cəriməni mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında müəyyən etməli olmasına baxmayaraq, cərimənin miqdarını 1.080,55 AZN məbləğdə müəyyən edərkən mülki qanunvericiliyin heç bir müddəasına əsaslanmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində cərimənin bu həcmdə azaldılmasını əsaslandırılmaq üçün vacib olan heç bir sübutun məhkəmə iclasında irəli sürülməsi və təhlil olunması öz əksini tapmamışdır. Qətnamənin bu hissənin hansı sübutlarla əsaslandırılması barədə heç bir ağlabatan qeyd də edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə müvafq müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış və həmin müqavilə üzrə iddiaçıya olan bütün borc məbləği xx.xx.2016-cı il tarixdə ödənilmiş, müvafiq ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir. 2016-cı ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən ƏDV ödəyiciləri arasında hər hansı borc məbləğləri barədə işlərin görülməsini, xidmətlərin göstərilməsini təsdiq edən elektron vergi hesab-fakturası ididaçı tərəfindən cavabdehə təqdim edilməli olduğu halda, təqdim edilməmişdir. 2016-cı ildə elektron vergi hesab-fakturasının təqdim edilmədən hər hansı malın alqı-satqısı üzrə ödənişin tələb edilməsi qanunvericiyə zidd olmuşdur. Hər hansı digər sənədlərin mövcudluğu isə heç bir halda ödənişə əsas vermir. 2018-ci ilin 01 yanvar tarixindən isə vergi ödəyiciləri arasında elektron qaimə sistemi tətbiq edilir. Məhkəmə ƏDV daxil olmaqla 16.419 manat məbləğində malın onlara verilməsini yalnız xx.xx.2016-cı il tarixli 435606 nömrəli qaimə-faktura ilə əsaslandırmış, lakin həmin sənədə əsasən iddiaçı tərəfindən ödəniş sənədi sayılan elektron vergi hesab-fakturasmın təqdim edilməməsini nəzərə almamışdır. Qaimə ödəniş sənədi sayıla bilməz, qaimənin təsdiq edilməsi texniki səhv ucbatından da mümkündür, 2016-cı ildə malın dəyərinin ödənilməsi yalnız elektron vergi hesab-fakturası əsasında həyata keçirilə bilərdi. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçmiş, bununla da iddiaçı tərəfindən Mülki Məcəllənin 373-cü maddəsində göstərilən iddia müddətləri ötürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən “Satıcı” “Alıcı” tərəfindən yaranmış borc məbləği 1 ay müddətində ödənməzsə, gecikdirilmiş məbləğin 1% məbləğində cərimənin və digər zərərin ödənilməsini “Alıcı”dan tələb edə bilər. Beləliklə, iddiaçı xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qaimələr əsasında yaranmış borc məbləğini tələb etmiş, müqaviləyə əsasən isə son ödəniş müddəti müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2016-cı ildir. Buna görə də qanuna əsasən göstərilən tarixlərdən etibarən iddiaçı onun hüquqlarının pozulduğunu bilirdi və ya bilməli idi. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı iddia müddətini 3 il 5 aydan artıq müddətdə ötürməklə 2019-cu ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə görə müəyyən edilmiş iddia müddətinin dəyişdirilməsinə tərəflər arasında yol verilmir və bununla bağlı tərəflər arasında mövcud olan hər hansı razılaşma etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə almamış və hesab etmişdir ki, müddət ötürülməmişdir. Bundan əlavə, məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli 435606 saylı qaiməyə əsasən 18 gün qabaq pulun ödənilməsi mümkün deyildir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 2-ci maddəsinə əsasən ödəniş “Alıcı” tərəfindən alınacaq məhsulun dəyərinin əvvəlcədən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu halı məhkəmə nəinki nəzərə almamış və inkar etmiş, hətta müqaviləyə əsasən tərəflər arasında adi ödəniş qaydası kimi yolverilən olduğunu da nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin dəbbə pulu rədd olunan hissədə ləğv edilməsinin xahiş edildiyi, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə iddianın təmin olunan hissəsi ilə bağlı olduğu üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayətləri həddində hüquqi qiymət verilməli, qalan (6.871,34 manat məbləğdə əsas borc və hüquqi xidmətlərə görə 500 manat rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün qətnamə yalnız iddianın təmin olunan və dəbbə pulu rədd olunan hissələrdə yoxlanılmalıdır. Beləliklə, işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə görə, Satıcı (iddiaçı) 1 tonun qiyməti ƏDV xaric 94,44 manat (ƏDV daxil 111,44 manat) olan sementi (Sement C500 Qalaq) Alıcı (cavabdehə) satmağı, Alıcı öz növbəsində məhsulu müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə təhvil almağı, məhsulun dəyərini əvvəlcədən satıcının bank hesabına köçürmə yolu ilə ödəməyi (hər bir halda alıcı satıcıya olan bütün borclarını hər ilin 25 dekabr tarixinə qədər ödəməlidir) yaranmış borcu 1 ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan sonra yarana biləcək inzibati xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 435606 nömrəli qaimə-fakturanın kötüyünə görə, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 147,34 ton, ümumi dəyəri 16.419,45 manat (13.914,79+2.504,66 ƏDV) olan Sement C500 Qalaq adlı sement məhsulu iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli SMX-01/65-20 nömrəli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə (xx.xx.2016-cı il tarixli SA/002/16 saylı hesab üzrə 6.871,34 manat əsas borc, 86.986,86 manat cərimə, xx.xx.2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə 16.419,45 manat əsas borc, 204.744,93 manat cərimə), ümüumilkdə 23.290,79 manat əsas borc, 291.731,79 manat cərimə olmaqla, cəmi 315.022,58 manat məbləğdə borcu vardır. xx.xx.2019-cu il tarixli 11463 nömrəli invoysa (hesab-fakturaya) və xx.xx.2020-ci il tarixli EBAG 629779 nömrəli elektron qaiməyə görə, xx.xx.2019-cu il tarixli ödənişin təyinatı və əsası birinci instansiya məhkəməsində göstərilən hüquqi yardımın dəyəri olan cəmi 1.888,47 manat vəsait iddiaçı tərəfindən “xxxx” MMC hüquq firmasının hesabına köçürülməlidir. AR Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448.4-cü maddəyə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh aldığı məhsulların alqı-satqısı üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgün olmuşdur və məhz bu mənada apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Əvvəlcə, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə, “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.” Birinci instansiya məhkəməsi də qətnamədə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə kreditorun əmlak və əsaslı mənafelərini nəzərə alaraq düzgün hesab etmişdir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və azaldılmalıdır, onun təmin etdiyi dəbbə pulu məbləği ədalətli və ağlabatan olmaqla, bu qəbildən olan kommersiya mübahisələrinə münasibətdə artıq formalaşmış olan məhkəmə təcrübəsinə uyğundur. Cavabdehin də apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan bütün borc məbləğinin xx.xx.2016-cı il tarixdə ödənilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçdiyindən iddiaçı tərəfindən Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə görə iddia müddətini ötürülməsi ilə bağlı qeyd edir ki, xx.xx.2016-cı il tarixdə edilmiş ödəniş aşağıdakı qaimələrlə təqdim olunmuş mallar üzrə həyata keçirilib: xx.xx.2016-ci il tarixli 435602 saylı qaimə üzrə (əsas məbləğ 11.935,33 manat, ƏDV 2.148,36 manat, ümumi məbləğ 14083,69 manat); xx.xx.2016-ci il tarixli 435603 saylı qaimə üzrə 5.985,61 manat, ƏDV 1.077,41 manat, ümumi məbləğ 7.063 manat, cəmi 21.146,70 manat (17.920,93 manat əsas məbləğ və 3.225,77 manat ƏDV). Qeyd olunan qaimələrin ödənilməsi üçün iki qaimə üzrə ödənişi özündə birləşdirən xx.xx.2016-cı il tarixli SA/001/16 saylı hesab təqdim olunmuşdur. Hesab üzrə ödəniləcək məbləğ 21.146,70 manat edir (17.920,93 manat əsas məbləğ və 3.225,77 ƏDV). Məhz bu SA/001/16 saylı hesab cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə ödənilmişdir və bu məbləğ müvafiq olaraq bank çıxarışlarında öz əksini tapmışdır. Bu məqamda nəzərə alınmalıdır ki, ümumi dəyəri 16.419,45 manat olan sement məhsulu xx.xx.2016-cı il tarixli 435606 nömrəli təhvil–təslim qaimə-fakturaya əsasən xx.xx.2016-cı il tarixdə təhvil verilmişdirsə, həmin sementə görə 18 gün qabağ pulun ödənilməsi mümkün deyildi. Ümumi dəyəri 16.419,45 manat olan sement məhsuluna görə 435606 nömrəli təhvil– təslim qaimə-faktura xx.xx.2016-cı il tarixdə tərtib edildiyinə görə tələbetmə, yəni iddia müddətinin 16.05.19-cu il tarixdə bitməsi ilə bağlı cavabdehin dəlili barədə isə qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndində bütün borcların hər ilin 25 dekabr tarixinə qədər ödənilməsi göstərilmişdir. Bu da o deməkdir ki, iddia müddətinin axımı xx xxxxxx 2016-ci il tarixdən başlamaqla, məhkəməyə müraciət etmənin son tarixi xx.xx.2019-cu ildir (3 illik iddia müddəti). Nəzərə alınsa ki, iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edib, o halda 3 illik iddia müddəti ötürülməmişdir. Elektron vergi hesab-fakturasının ididaçı tərəfindən cavabdehə təqdim edilməməsi də iddianın qismən təmin olunmasına təsir etmir. Belə ki, həmin hissədə iddia cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilən qaimə-faktura ilə tam sübuta yetir. Mülki Məcəllənin 121.1-ci maddəsinə əsasən isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır ki, birinci instansiya məhkəməsinin iddianı hüquqi xidmətlərə görə 1.000 manat hissədə qismən təmin etməsi də ədalətli və ağlabatan olmuşdur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-531/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-209/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-209/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver