Məhkəmə qərarları › İş №2-2(103)-210/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-210/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-210/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X6 və cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1112/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4080 manat əsas borcun, dəymiş maddi ziyanın əvəzi olaraq 4000 manat məbləğində pul vəsaitinin, cəmi 8080 manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)- 1112/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 4080 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının qanuni təmsilçisi X9 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə X5 (alıcı) arasında xx.xx.2018-ci il tarixli 1110/2018 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı tərəfindən alıcıya 28000 manata 2 ədəd 12 metrlik manqal üçün (motorla birlikdə) sulu filtr 20000 m3/h avadanlıqları satılmışdır. Müqaviləyə əsasən satıcı ilk 16000 manat avans ödənişindən (razılaşma əsasında ödənişin bir hissəsi malların göndərilməyə hazırlandığı zaman, qalan hissəsi isə mal təhvil verildikdən sonra həyata keçiriləcəkdir) sonra 3-5 həftə ərzində malların alıcıya təhvil verilməsini öhdəsinə götürmüşdür. 12 oktyabr tarixində Bəxtiyar Fətullayev tərəfindən 16000 manat avans ödənişi həyata keçirilmişdir. İddiaçı bildirir ki, müqaviləyə əsasən mallar Türkiyə Respublikasından noyabr ayında gəldiyi zaman təhvil verilmişdir. Müqavilədə malın quraşdırılıb təhvil verilməsi haqqında heç bir öhdəlik olmadığı halda avadanlığın quraşdırılması problemi yaranmış və onu da şirkət tərəfindən edilməli olması və yalnız bundan sonra tam ödəniş ediləcəyi bildirilmişdir. Noyabr ayının sonlarında aparılan quraşdırma işindən sonra ödənişin qalan hissəsi tələb edilsə də, cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. Onun şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmış, “Xəmsə” şadlıq sarayının icarədarı Fərid Balayev və inzibatçısı X3 nümayəndəsi kimi Dünyamalıyev Elşad adlı şəxs həmin idarəyə çağırılmış, nəticədə qalıq 12000 manat borcdan 7920 manat ödənilmiş, qalıq 4080 manat bu günədək ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən avadanlığın təhvil verilməsində gecikməyə yol verilmiş, avadanlıq tam şəkildə quraşdırılmamış, eləcə də iddiaçıdan aldıqları avadanlıq şadlıq sarayının zalının tavan hündürlüyünə və ölçüsünə uyğun gəlməməsi səbəbindən əlavə avadanlıq quraşdırmaq məcburiyyətində qalmış, nəticədə ona maddi ziyan vurulmuşdur. Aralarında bağlanmış müqaviləyə və razılaşmaya əsasən iddiaçı tərəfindən avadanlığın tam quraşdırılması nəzərdə tutulmuşdur. Lakin işin gedişatında əlavə avadanlıq alınmasını bildirmiş və iddiaçının işçisi ilə birlikdə həmin avadanlıq onun öz hesabına alınmışdır. Həmin vaxt iddiaçı həmin vəsaitin ümumi borcdan çıxacağı bildirilmişdir. İlkin ödənişdən sonra 12000 borc qalmış, daha sonra əlavə avadanlığın pulu da oradan çıxıldıqdan sonra 7920 manat borc qalmışdır. Daha sonra ödəniş edilmədiyi üçün iddiaçı tərəfindən şikayətlər edilmiş və Baş Mütəşəkkil X1 zaman qalan pul, yəni 7920 manat tam ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan halları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən satılmış əşyaların dəyərinin qalığı olan 4080 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, avadanlıqların quraşdırılması zamanı yaranan əlavə xərclərin ümumi məbləğdən çıxılması ilə bağlı tərəflər arasında bağlanmış müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən şahid X8 ifadəsi isə bunu təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin şahid iddiaçının işçisi qismində şadlıq saraylarında, o cümlədən “Xəmsə” şadlıq sarayında filtrlərin alınması və quraşdırılması prosesində iştirak etmiş və o, iş haqqın ödənilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarına iddiaçının qanuni təmsilçisi ilə bağlı şikayət məktubu ünvanlanmışdır. Bütün bunlar isə həmin şahid ifadəsinin qərəzsiz və səmimi olmasına kifayət qədər şübhə yaradan hallardır. Eyni zamanda cavabdeh istinad etdiyi həmin halların mövcudluğunu təsdiq edən digər heç bir mötəbər sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən 28000 manat yalnız avadanlıqların dəyəri kimi nəzərdə tutulmuş və müqavilənin 4.1.1 və 4.1.2-ci bəndlərində də göstərilmişdir ki, satıcının malları müqavilədə nəzərdə tutulan yerdə, tarixdə, çeşiddə, keyfiyyətdə və kəmiyyətdə, istifadəyə yararlı vəziyyətdə, müəyyən edilmiş standartlara uyğun keyfiyyətdə və komplektləşmədə alıcıya təhvil-təslim aktı üzrə təhvil vermək vəzifəsi vardır. Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə iddiaçının öhdəlikləri yalnız həmin avadanlıqları lazımi keyfiyyətdə və vaxtında cavabdehə təhvil vermək olmuşdur. Bu baxımdan, həmçinin bu sahədə olan işgüzar adətlərdən də aydın olur ki, həmin avadanlıqların quraşdırılması zamanı cavabdehə məxsus obyektin parametrləri (ölçüləri və s.) ilə avadanlıqların parametrlərinin bir-birinə uyğun gəlməməsi zamanı yaranan problemlər və bunun aradan qaldırılması xərcləri məhz cavabdehin üzərinə düşür. Ona görə də, cavabdehin həmin hallara istinad etməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1112/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar