Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-210/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2927/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı İB) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 9 çeşid, 466 ədəd polietilendən metala keçidlərin iddiaçının Anbar Təsərrüfat İdarəsindən geri götürülərək malların dəyərini təşkil edən ƏDV daxil 47231 manat məbləğində pulun ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,69 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2927/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 483 (dörd yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi bütünlüklə mаddi və prosessuаl hüquq normаlаrının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qətnamə ləğv edilməlidir. SOCAR İddiaçı İB (bundan sonra Birliki)lə "xxxx" MMC (bundan sonra MMC) arasında 9 adda 1040 ədəd polietilendən metala keçidlərin (bundan sonra malların) satın alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, SOCAR**********20370861X00064 nömrəli “Malların alqı-satqısı” müqaviləsi bağlanmışdır. "xxxx" MMC X3 anbarına tədarük edilən zaman tərəflər arasında mövcud müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən öhdəliklərini yerinə yetirməmişdir. Birliyin Mərkəzi anbarına təhvil verilərkən mallarla birlikdə müqavilə üzrə müəyyən edilmiş "xxxx" sənədləri MMC tərəfindən Birliyə təqdim edilməmişdir. Həmin Müqavilənin 6.1-ci bəndinə (6. Yoxlama və sınaqlar) əsasən “malların müqavilənin spesifikasiyasında olanlara uyğun gəldiyini təsdiq etmək üçün onları yoxlamaq, ya da sınaqdan keçirmək” Alıcının hüququdur. Əgər hər hansı yoxlanılan, yaxud sınaqdan keçirilən mal Spesifikasiyalara cavab verməzsə, Alıcı maldan imtina edə bilər (6.2 bənd). Bundan başqa Müqavilənin 6.3cü bəndində təhvil verilən malların keyfiyyət göstəriciləri yoxlama-sınaq nəticələrinə uyğun gəlmədikdə malların Satıcıya geri qaytarılması və alqı-satqı müqaviləsinə xitam verilməsi təsbit olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam icra edilməsinin vacibliyi dəfələrlə həm şifahi, həm də yazılı qaydada MMC-yə bildirilmişdir. Lakin, malların sınaq sənədlərinin təqdim olunması barədə olan tələb MMC tərəfindən təmin edilməmişdir. Malların sınaq sənədləri təqdim edilmədiyinə görə tədarük edilmiş malların istismara yararlı olub-olmaması barədə əsaslı şübhələr yaranmış və malların test-sınaq yoxlamasının aparılması, eyni zamanda malların müqaviləyə Əlavə N 1-də (Malların qiymətinin razılaşdırılma Protokolunda) qeyd olunan standartların tələblərinə cavab verib-verməməsinin araşdırılması qərara alınmışdır. Bu məqsədlə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə MMC tərəfindən Birliyin Mərkəzi anbarına təqdim edilmiş malların kipliyinin (sızmanın-müəyyən olunmuş xüsusi təzyiq altında) test-sınaq yoxlaması SOCAR “Azneft” İB-nin X4 (Zavod) həyata keçirilmişdir. Test-sınaq yoxlamalarında obyektiv qiymətləndirmənin aparılması üçün MMC-nin nümayəndəsinin də iştirakı təmin edilmiş, müvafiq qaydada aktlaşdırılmışdır. Təqdim edilmiş polietilendən metala keçidlərin metal birləşmə hissələrində sızmalar aşkarlanmış, Mallar istismara yararsız hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən xüsusatlar yazılı şəkildə MMCyə bildirilərək tədarük edilən Mallar üzrə uyğunsuzluqların aradan qaldırılması tələb olunsa da, MMC müraciətlərə münasibət bildirməmişdir. İddia tələbinin əsasını cavabdeh tərəfindən təqdim edilmiş mallar üzrə sınaq sənədinin təqdim edilməməsi səbəbindən qeyd olunan malların Müqaviləyə Əlavə 1-də verilmiş texniki göstərici, standart və spesifikasiyaya uyğun olaraq yüksək keyfiyyətlə istehsal olunmasına şübhələr yarandığı üçün geri götürülərək pulun qaytarılması təşkil edir. Lakin 1-ci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Qətnamənin 47-ci bəndinə nəzər yetirilsə görünər ki, 1-ci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin malların təqdim olunduğu tarixdən 1 il sonra, yəni zəmanət verilən tarixdən sonra verilməsinə əsaslanmışdır. Lakin, məhkəmə nədənsə mübahisənin başlandığı müddəti, eyni zamanda müqavilənin 5-ci bəndində “zəmanətin yalnız mal istifadə edildiyi təqdirdə təchiz olunduğu gündən 1 il qüvvədə olduğu” halına, həmçinin ekspertiza rəyinin alınmasına məhz məhkəmə tərəfindən təklifin edilməsinə diqqət yetirməmişdir. Baxmayaraq ki, məhkəmə icraatı zamanı tərəfindən məhkəməyə qaytarılmasını tələb etdiyi malın istifadə olunmadığını dəfələrlə bildiriblər. Bu absurd və qanunsuz hala da apellyasiya instansiya məhkəməsinin ədalətli mövqe nümayiş etdirəcəyini güman edir. Birinci instansiya Məhkəməsi Satınalma prosesinin təşkilinin dövlət büdcəsinin vəsaiti hesabına olub-olamamsını araşdırmadan “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir (Qətnamə 12, 13, 28, 29-cu paraqraflar). Birinci instansiya Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin alqısatqı münasibətlərini tənzimləyən normalarını bir-bir sadalamışdır. Qeyd olunan normalara istinad sanki, elə bir təəssürat yaradır ki, qəbul ediləcək qətnamədə iddia təmin olunacaq. Çünki qətnamədə sadalanan normalar hər biri ayrılıqda satıcının üzərinə qoyulmuş vəzifələrin ümumi anlayışını formalaşdırır. Məsələn, qətnamənin 38, 39-cu paraqraflarında Mülki Məcəllənin 581.1 və 581.4-cü maddələrinə istinad olunmuşdur. 581.1-ci maddədə “satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu” olması, 581.4-cü maddədə isə “satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borclu” 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borclu” olması qeyd olunmuşdur. Kommersiya işinin materialları ilə tanış olduqda, eyni zamanda məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, satıcı, yəni cavabdeh tərəflər arasında mövcud olan Müqaviləyə Əlavə 1-də verilmiş məcburi tələbləri özündə əks etdirən texniki göstərici, standart və spesifikasiyaya uyğun olan malı təqdim etməmişdir. Eyni zamanda müqavilənin 2.1.5-ci yarım bəndinə əsasən öhdəliklərini yerinə yetirməmişdir. Birliyin Mərkəzi anbarına təhvil verilərkən mallarla birlikdə müqavilə üzrə müəyyən edilmiş "xxxx" sənədləri Birliyə, yəni iddiaçıya təqdim etməmişdir. Məhkəməisə işin mübahisə doğurmayan bu halını nəzərə almamış tətbiq olunmalı olan normanı düzgün tətbiq etməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
11. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur.
12. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında tender nəticəsi haqqında xx.xx.2022-ci il tarixli yekun protokola əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh malların qiymətinin razılaşdırılması haqqında protokolda qiyməti, çeşidi və sayı razılaşdırılmış 9 adda 1040 ədəd polietilendən metala keçidi iddiaçıya təhvil vermiş, iddiaçı malların dəyərini təşkil edən ƏDV daxil 112 412,70 manat məbləğində pulu cavabdehə ödəmişdir.
16. İddiaçı bildirmişdir ki, təqdim olunan 1040 ədəd polietilendən metala keçidin sınaq sənədi cavabdeh tərəfindən təqdim olunmamış, həmin malların 574 ədədi sınaq sənədi olmadan istifadə olunmuş, daha sonra keçidlərdə sızmalar olduğu müəyyən edildikdən sonra istifadə dayandırılmışdır. Cavabdehin təqdim etdiyi uyğunluq sertifikatında sınaq sənədinə istinad olunması bütün malların sınaqdan keçirilməsi nəticəsinə gəlməyə əsas vermir və sertifikata əlavə edilmiş akkreditasiya attestatı – protokol sınaq sənədi hesab edilə bilməz. Belə ki, həmin protokolda müqavilə üzrə tədarük olunan mallara dair heç bir məlumat öz əksini tapmamışdır. xx.xx.2023-cü il tarixli “Ekspertiza aktı” isə istehsal olunan malların mənşə ölkəsini göstərən, ixrac üçün nəzərdə tutulan sənəddir və istehsal olunması nəzərdə tutulan mallara aiddir. Sınaq sənədi təqdim olunmadığı üçün hesab edirlər ki, malların hamısı qüsurludur və 466 ədəd polietilendən metala keçidin geri götürülərək malların dəyərinin ödənilməsini xahiş edir.
17. Cavabdeh bildirmişdir ki, iddiaçı müqavilə şərtlərinə əsasən qüsur aşkar olunduğu tarixdən 15 gün müddətində yazılı qaydada məlumat verməli olduğu halda, belə məlumat verməmiş, yalnız xx.xx.2022-ci il tarixdə məktub göndərmiş, sonrakı məktublarda da qüsur barədə ehtimallara əsaslanmış, konkret sübuta istinad etməmişdir. Cavabdeh qüsur aşkar olunmuş malların cavabdehə qaytarılması xahiş etmiş, lakin belə bir mal qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli aralıq aktında sızma aşkar olunmuş keçidin sınağı düzgün aparılmamış, normadan yüksək atmosfer təzyiqi verilmişdir. İddiaçının tələb etdiyi hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsi barədə şərt tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi iddiaçıya təqdim olunmuşdur.
18. Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün mal göndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Dövlət satınalmaları” haqqında Qanun) müəyyən edir.
19. Həmin Qanunda malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının metodlarını kimi açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender və s. göstərilmişdir. Eləcə də həmin Qanunun 40.4-cü maddəsinə əsasən, satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
20. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanan xx.xx.2022-ci il tarixli müqavilə malların satın alınması müqaviləsi olub mahiyyətcə Mülki Məcəllədə nəzərdə tutulmuş alqı-satqı müqaviləsidir. Mübahisə də məhz “Dövlət satınalmaları” haqqında Qanun, Mülki Məcəllədə nəzərdə tutulmuş imperativ maddi hüquq normaları və tərəflərin razılaşdırdıqları şərtlər əsasında həll edilməlidir.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı tələbinin faktiki əsası kimi lazımi keyfiyyətli olmayan əşyanın verilməsinə istinad edir, iddia ərizəsində isə tələbinin faktiki əsası kimi müqavilədə razılaşdırılmış sınaq sənədinin təqdim olunmamasına istinad edir.
22. Məhkəmə bildirmişdir ki, Mülki Məcəllədə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlərin təqdim edilməməsinin və lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin hüquqi nəticələrinə dair müstəqil tənzimləmələr əks olunmuşdur.
23. Belə ki, Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
24. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.
25. Hazırkı iş üzrə müqavilənin 2-ci bəndinə əsasən “Malların qiymətinin razılaşdırılması haqqında protokol”da göstərilmiş malları müqavilə bağlandıqdan sonra satıcı tərəfindən alıcının ünvanına 60 təqvim günü ərzində təhvil verməyi öhdəsinə götürür (2.1.1), mallar alıcının anbarında təhvil verilir (2.1.3), mallarla bir vaxtda onlara aid olan sənədləri – malların göndərilməsini təsdiq edən sənəd – nəqliyyat qaiməsi, malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi, qaimə-faktura alıcıya təqdim edilir (2.1.5), mallar alıcının anbarına təhvil verildikdən sonra onların dəyəri fakt üzrə 30 iş günü ərzində ödəniləcəkdir (4.3).
26. Malların təhvil verilməsi işin mübahisəsiz halıdır, lakin təhvil verilmə tarixi barədə tərəflər məhkəməyə dəqiq məlumat verə bilməmiş, bunu təsdiq edən sənəd təqdim etməmişlər. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunda iddiaçı malların sentyabr ayının sonu, oktyabr ayının əvvəlində təhvil verildiyinə istinad etmiş, cavabdeh tərəf bu fakta dair iddiaçıya etiraz ünvanlamamışdır. Belə olan halda, malların təhvilinin oktyabr ayının əvvəlində yekunlaşdığı qənaətinə gəlmək olar.
27. İddiaçı sınaq protokolunun ona təhvil verilmədiyini, uyğunluq sertifikatı və sertifikata əlavə edilmiş akkreditasiya attestatı – protokolun sınaq sənədi hesab edilə bilmədiyini qeyd etmiş və hər bir təhvil verilən malın sınaq sənədinin verilməli olduğunu bildirmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, tərəflər müqavilədə mallarla bir vaxtda uyğunluq sertifikatı və sınaq sənədinin təqdim edilməli olmasını razılaşdırmışlar. Həmçinin malların qiymətinin razılaşdırılması haqqında protokolda polietilendən metala keçidlərin texniki xüsusiyyəti qrafasında ГОСТ P 58121.3-2018, İSO 4437-3:2014, İSO 17885- 2021 standartları qeyd olunmuşdur. İddiaçı sentyabr ayının sonu oktyabr ayının əvvəlində malları təhvil alsa da, razılaşdırılmış hər hansı sənədin verilmədiyinə istinad edərək verilməsini tələb etməmiş, qeyd etdiyi hal mövcud olduğu halda əşyadan imtina hüququ barədə təşəbbüs göstərməmişdir. xx.xx.2022-ci il tarixli məktubunda isə yoxlama nəticəsində sızma aşkar olunmasına istinadla hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartın tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsini, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə ayrı-ayrılıqda sınaqdan keçirilməsi tələbi müəyyən edilməmişdir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən təqdim olunan uyğunluq sertifikatından görünür ki, verilmə tarixi xx.xx.2022, qüvvədə olma tarixi xx.xx.2023-cü il olan sertifikatla PE 100 polietilen borular üçün metal keçiricilərin İSO 4437-1:2014 standartlarının tələblərinə cavab verdiyi, sertifikatın xx.xx.2022-ci il tarixli sınaq protokolu əsasında verildiyi təsbit olunmuşdur.
29. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sifarişdə məhsulların sertifikatlaşdırılması üçün İSO 4437-3.2014 standartı qeyd olunmuş, məhsulun sınaqları sifarişdə qeyd olunan standartın tələbləri əsasında həyata keçirilmiş, lakin məhsulun verilmiş uyğunluq sertifikatı çap edilərkən texniki səhv nəticəsinə İSO 4437-3.2014 standartı əvəzinə İSO 4437.1-2014 qeyd edilmişdir.
30. Cavabdehin təqdim etdiyi akkreditasiya attestatı – AZ 01.0398.01.19 saylı protokollardan görünür ki, "xxxx" MMC-də istehsal olunan PE 100 polietilen borular üçün metal hissəli “fiting”lər ГОСТ P 58121.3-2018 (ИСО 4437-3:2014) üzrə sınaqdan keçirilmiş və hər parametr üzrə uyğun hesab olunmuşdur. 26. “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.
31. Təqdim olunan sənədlərdən, göründüyü kimi, satılan mallar müvafiq standartların tələblərinə əsasən sınaqdan keçirilmiş və uyğunluq sertifikatı verilmişdir. “Dövlət satınalmaları” haqqında Qanunun 40-1.4-cü maddəsinə əsasən müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir. Həmin Qanunun 40-2-ci maddəsinə əsasən satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır. Hazırkı işin hallarını qanunun qeyd olunan tələbləri baxımından qiymətləndirdikdə aydın olur ki, iddiaçı malları təhvil almış, müqavilədə razılaşdırılan sənədlərin təqdim edilməməsinə dair cavabdehə müraciət etməmiş, təqdim edilmiş sənədləri mübahisələndirməmiş, son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi qanunun tələbi olmuş, lakin malların qeyd olunan tələblərə və standartlara uyğun olmamasına dair cavabdehə hər hansı etiraz irəli sürməmiş və malların dəyərini tam ödəmişdir. Təqdim olunan mallardan isə 574 ədədini istifadə etmişdir.
32. Məhkəmə Mülki Məcəllənin 5.3 və 16.1-ci maddələrinin tələblərinə əsasən qeyd etmişdir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
33. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Həmin Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
35. Vicdanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
36. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir.
37. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkar yönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Bu mənada hazırkı iş üzrə iddiaçının son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi olduğu halda malları təqdim olunan sənədlərlə təhvil alaraq etiraz bildirməməsi, 574 ədəd malı istifadə etməsi, sonradan sınaq sənədinin təqdim edilməməsinə, hər mala görə sınaq sənədinin təqdim edilməli olmasına istinad etməsi prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edən estoppel prinsipinə ziddir.
38. İddiaçının tələbinin faktiki əsası kimi qeyd etdiyi bu hal sınaq sənədi təqdim olunmadığından 466 ədəd malın keyfiyyətsiz hesab olunaraq dəyərinin cavabdehdən alınması əsaslı hesab olunaraq iddianın təmin olunması üçün əsas hesab oluna bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut qismində iddia ərizəsinə xx.xx.2022 və xx.xx.2022-ci il tarixli anbara daxil olmuş mal-material barədə aralıq aktlarını və “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli ekspertiza aktını təqdim etmişdir. Məhkəmə icraatının gedişində isə iddiaçı "xxxx" MMC şirkətinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyini təqdim etmişdir.
39. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 5-ci bəndinə əsasən, satıcı malların keyfiyyətinə istehsalçının təlimatına müvafiq olaraq saxlandığı və istifadə etdiyi təqdirdə mal təchiz edildiyi tarixdən 1 il ərzində zəmanət verir.
40. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqısatqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır.
41. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə SOCAR-ın X4 keçirilən sınaq nəticəsində polietilendən metala keçiddə sızma olduğunda istinad edərək malların geri götürülərək hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, seçmə üsulu ilə polietilendən metala keçidlərin X4 xx.xx.2023cü il tarixdə sınağının aparılacağı bildirilmiş, cavabdehin nümayəndəsinin iştirakının təmin olunması xahiş olunmuşdur. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, polietilendən metala keçidlərin istismara verilərkən qaz sızmasının aşkarlandığına istinad edilərək malların geri götürülərək uyğun sınaq sənədləri ilə birlikdə yeni mallarla əvəzləşdirilərək təqdim edilməsi, bu mümkün olmadıqda əvəzinin ödənilməsi tələb edilmişdir.
42. Göründüyü kimi, iddiaçı təqdim olunan polietilendən metala keçiddə sızma olduğuna istinad etmiş, keyfiyyət tələbinə dair etirazını bunun üzərindən etmiş, tərəflərin razılaşdıqları standartların tələblərinə uyğun mal verilmədiyinə istinad etməmişdir. Həmçinin görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə SOCAR-ın X4 keçirilən sınaq nəticəsinə istinad edərək xx.xx.2023-cü il tarixdə sınağın aparılacağı bildirilmişdir.
43. Qeyd olunan sınağın keçirildiyinə dair sənəd təqdim etməmiş, bundan fərqli olaraq məhkəməyə “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli ekspertiza aktını təqdim etmişdir. Həmçinin məhkəmə icraatının gedişində də məhkəməyə "xxxx" MMC şirkətinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyini təqdim etmişdir. xx.xx.2023-cü il tarixli ekspertiza aktından görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, daha sonra hissələrə bölünərək baxış keçirməklə rəylər verilmişdir.
44. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan rəylərin verilməsi üçün təqdim olunan malların cavabdehdən alınan mallar olması adıçəkilən rəylərdən müəyyən olunmur. Həmçinin mallara baxış keçirilən zaman cavabdehin iştirakı təmin olunmamışdır. xx.xx.2023-cü il tarixli ekspertiza rəyi isə mallar təqdim olunan tarixdən 1 il sonra, yəni qarantiya verilən tarixdən sonra verilmişdir.
45. Bundan başqa, məhkəmə icraatı gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsası ilə imtina edilmişdir.
46. İddiaçı əşyaların keyfiyyətini sızma olması əsası ilə mübahisələndirdiyinə görə məhkəmə hazırlıq və sonuncu baxış iclasında polietilendən metala keçidlərdə sızmanın olub-olmamasının müəyyən edilməsi üçün SOCAR-ın X4 tərəflərin iştirakı ilə sınağın keçirilməsini təklif etsə də, iddiaçı sınağın keçirilməsi, dəyərinin ödənilməsi ilə razılaşmamış, sonuncu baxış iclasında məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sınaq keçirilərək keçidlərin kipliyi müəyyən olunduğu halda standartların tələblərinə uyğunluğuna baxacaqlar, sınaq sənədi olmadığından mallar keyfiyyətsizdir.
47. Halbuki sübutetmə ilə bağlı mülki icraatda müəyyən olunan tələblərə əsasən iddiaçı öz tələbinin əsasını təşkil edən bu halı, yəni cavabdeh tərəfindən təqdim olunan məhz 466 ədəd polietilendən metala keçidlərdə sızma olması, kipliyində qüsurların olması ilə bağlı sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır.
48. İddiaçının iddia ərizəsində və cavabdehə ünvanladığı xx.xx.2022, xx.xx.2023-cü il tarixli məktublarda sınaq protokolunun təqdim olunmamasına, təqdim olunan keçidlərdə sızmanın olduğuna, test-sınaq aparılmalı olmasına istinad etdiyi halda məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza sənədlərində fərqli əsasa istinad etməsi anlaşılan deyildir.
49. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli məktubda SOCAR-ın X4 sınağın keçiriləcəyini bildirsə də, xx.xx.2023-cü il tarixli ekspertiza aktı mallara vizual baxış keçirilməklə aparılmışdır. İddiaçı isə cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda yenə də polietilendən metala keçiddə sızma olduğunda istinad etmişdir.
50. Məhkəmə hüquqdan sui-istifadə və estoppel prinsipinin tələblərinə və işin hallarına əsasən bildirmişdir ki, iddiaçının özünün istinad etdiyi (keçidlərdə sızmanın olduğu, sınaq protokolunun təqdim olunmadığı) hallara uyğun olmayan, mübahisələndirmədiyi hallara sonradan istinad edərək təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza aktı və rəyi digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olmaqla hüquqdan sui-istifadəni qadağan edən qanunvericiliyin tələbinə ziddir və hüquqdan suiistifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
51. Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza aktı və rəyini iddianın əsasını təşkil edən halı təsdiq edən mötəbər sübut kimi nəzərə almamışdır.
52. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli anbara daxil olmuş malmaterial barədə aralıq aktına münasibətdə məhkəmə qeyd etmişdir ki, akt birtərəfli – iddiaçının nümayəndələrinin iştirakı ilə tərtib olunmuş, cavabdehin nümayəndəsinin iştirakı təmin olunmamış, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022 və xx.xx.2023-cü il tarixli məktublarında da qeyd olunan sınaq nəticələrinə istinad olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan aralıq aktını mötəbər sübut kimi qəbul etməmişdir.
53. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli anbara daxil olmuş malmaterial barədə aralıq aktından görünür ki, akt hər iki tərəfin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş, akta əsasən DN160xDN159 ölçülü polietilendən metala keçiddə sızma və təzyiq düşküsünün aşkarlanmadığı, DN315xDN325 ölçülü polietilendən metala keçiddə sızma olduğu və təzyiq düşküsünün müşahidə edildiyi təsbit olunmuşdur.
54. İddiaçı əşyanın keyfiyyətsiz olduğuna istinad edərək müqavilə üzrə təqdim olunan əşyaların bir qisminin dəyərinin ödənilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli aktı mötəbər sübut kimi nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan akt ilə keyfiyyətsiz olduğu müəyyən olunan DN315xDN325 ölçülü polietilendən metala keçidin dəyərini təşkil edən ƏDV daxil 483,80 manat (410 manat + 73,8 manat ƏDV) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
55. İddia tələbinin əsasını cavabdeh tərəfindən təqdim edilmiş mallar üzrə sınaq sənədinin təqdim edilməməsi səbəbindən qeyd olunan malların Müqaviləyə Əlavə 1də verilmiş texniki göstərici, standart və spesifikasiyaya uyğun olaraq yüksək keyfiyyətlə istehsal olunmasına şübhələr yarandığı üçün geri götürülərək pulun qaytarılması təşkil edir. İddiaçı əsaslı şübhə yarandığı üçün malların test-sınaq yoxlamasını həyata keçirmiş və müvafiq sübutlar vermişdir. Lakin məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş və aparılmış araşdırma nəticəsində malların keyfiyyətsiz olması müəyyən edilməmişdir.
56. Apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən SOCAR-ın X5 mütəxəssis rəyinin təqdim edilməməsi və qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsasları ilə imtina edilmişdir.
57. Apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılması SOCAR-ın X6 həvalə edilmiş, lakin həmin zavod tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, qərardadda qeyd edilən avadanlıqların istismarı və təmiri və s. üzrə bu sahədə xüsusi biliyə və kvalifikasiyaya malik olan mühəndis-texniki mütəxəssislərin olmadığı, bu tipli avadanlıqların keyfiyyət göstəricilərinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olub-olmamasının və bu barədə müvafiq ekspert rəyinin verilməsinin zavodun imkanları xaricində olması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
58. Göründüyü kimi iddiaçı tərəfindən SOCAR-ın X7 sınaq keçirilməsi üçün cəlb edilmiş, zavod buna etiraz etməmiş, lakin məhkəmə tərəfindən ekspertizaya cəlb olunduqda ekspertizanın aparılmasından imtina etmişdir. İddiaçı və qeyd olunan zavodun hər ikisi SOCAR-a tabe olan qurumlardır.
59. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2927/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.