Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-211/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, X1, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı («MMC») Cavabdehnə («MTK») qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və sonradan isə iddia tələbinin azaldılması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 43 ünvanında bina üçün Cavabdeh MTK tərəfindən özül qazılan zaman İddiaçı MMC-yə məxsus magistral yeraltı kabelkanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində İddiaçı MMC-yə dəymiş 13.352,24 manat məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş vərəqi 81). İddia ərizəsində şərh olunan faktiki hallara əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında bina inşası zamanı həmin ərazidən keçən “İddiaçı" MMC-yə məxsus yeraltı magistral kabel-kanalizasiya qurğuları dağıdılmış və rabitə kabelləri yararsız hala salınmışdır. Baxmayaraq ki, rabitə qurğularının yeri “Cavabdeh" MTK-nın mütəxəsislərin iştrakı ilə qabaqcadan dəqiqləşdirilmişdir. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi və mühəndisi yerli baxış keçirərək xx.xx.2015-ci il tarixində akt tərtib etmişlər. Cavabdehin nümayəndələrinə tikilini tikməklə, içindən müxtəlif tutumlarda, abunəçiyə xidmət göstərən, cox sayda kabelin keçdiyi kanalı tikilinin altında qoyduğu və bunun da qəza vəziyyəti yarandığı zaman cox sayda ev və iş abunəçilərin telefonlarının bərpa edilməsini imkansız etdiyi bildirilmişdir. Eyni zamanda, müəssisə tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli məktubla müraciət olunaraq, yeraltı rabitə qurğularının mühafizə zonasındakı ofis binasının və digər tikililərin sökülməsi və rabitə qurğularının mühafizə zonasının 3 gün müddətində boşaldılması tələb olunmuş. Lakin cavabdeh bu günədək İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üstündə inşa etdiyi ofis binasını sökməmiş, rabitə qurğularının mühafizə zonası boşaldılmamış, dağıdılmış yeraltı rabitə qurğularının bərpa etməmişdir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə xx.xx.2015-ci il tarixli məktubla müraciət edilərək “İddiaçı" MMC-yə məxsus yeraltı rabitə qurğularının mühafizə zonasının boşaldırılmasına köməklik etmələrini xahiş etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş «Telekomunikasıya şəbəkələrinin, vasitə və qurğuların mühafizəsi haqqında Qaydalar»-ın 2.1.1, 4, 4.1.1, 5.9-cu bəndlərinin tələbələrin “Cavabdeh" MTK yerinə yetirməmişdir. Həmçinin kabel-kanalizasıya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telefondan istifadə edən abunəçilərin və həmçinin cəmiyyətin hüquqları kobud şəkildə pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 43 ünvanında bina üçün Cavabdeh MTK tərəfindən özül qazılan zaman İddiaçı MMC-yə məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində İddiaçı MMC-yə dəymiş ziyanın əvəzi olaraq 11482,83 manat və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi Cavabdeh MTK-dan tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Cavabdeh MTK-dən tutularaq X6 hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertin rəyi ilə razılaşmamışdır ki, guya ekspert nəzərə almamışdır ki, içərisində icərisində rabitə kabelləri olan asbest boruların yenisi ilə əvəz olunması zamanı deformasiyaya uyğramış kabellərin dəyişdirilməsi ilə eyni vaxtda mümkündür. Bu səbəbdən də dəyişdirilməli kabellərin ölçüsü, məbləği və işçilik haqları rəydə nəzərə alınmalı olduğu halda, məsələyə toxunulmamışdır. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, bu hissədə İddiaçı MMC tərəfindən ATS 476 Şərq Bazarı Ə.Əlizadə küçəsi 43 ünvanında Cavabdeh MTK tərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpası üçün smetada qeyd edilən kabellərin dəyəri və işçilik haqları nəzərə alınmalı və dəymiş ziyanın ümumi məbləği 11482,83 manat müəyyən edilməlidir. Hesab edir ki, qətnamə əsassızdır, ləğv edilməlidir (MPM-in 101, 88, 2017-ci maddələrinin müddəalarına istinad olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Şirinov cavabdehin şikayətinin dəlilləri ilə razılaşmamış, zədələnmiş asbest boruların, onların içərisində keçən kabellərə zərər yetirmədən, yeniləri ilə əvəz olunmasının mümkünsüz olduğunu və praktikada belə hallara rast gəlinmədiyni, borular dəyişdirilərkən, içərisindəki kabellerlə birlikdə dəyişdirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Telekommunikasiya haqqında» Qanunun 35.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 №-li xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın 1.-cü bəndinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına, o cümlədən yeraltı, hava və sualtı kabel rabitə xətləri aid edilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədi ilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla); mühafizə zonaları müəyyən edilir. Həmin Qaydadarın 4.1-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması, 0,3 metr dərinlikdə qazma işlərinin aparılması, xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır. Qanunvericiliyin müəyyən etdiyi qaydalardan göründüyü kimi, telekommunikasiya vasitələrinin yerləşdiyi sahədə qazıntı işlərinin aparılması üçün telekommunikasiya operatorunun müvafiq razılığının və onun iştirakının təmin olunması məcburi şərt kimi qeyd olunmuşdur. Lakin, cavabdeh tərəfindən mübahisəli - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 43 ünvanında bina tikintisi üçün qazıntı işləri aparılarkən qanunvericilyin qeyd olunan tələblərinə riayət olunmamış, nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Rabitə xəttinin pozuntuları haqqında” akta əsasən müəyyən olunur ki, ATS 496 Şərq Bazarı Ə.Əlizadə küçəsi 43 ünvanda birmətəbəli evləri söküb yerində katlavan qazılmış, kommunikasiyadan aralı (QS) metr qurğular hasarın daxilində qalmışdır. İddiaçının tərtib etdiyi Cavabdeh MTK tərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpası smetasından görünür ki, bərpa üçün 13.352,24 manat məbləğində material sərfiyyatı tələb olunmuşdur. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli bildiriş məktubundan isə görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 43 ünvanında bina tikintisi üçün özül qazılan zaman iddiaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində cəimiyyətə 13.352,24 manat məbləğində dəydiyi bildirilməklə, həmin ziyanın 3 gün ərzində ödənilməsi tələb edilmişdir. İddiaçının iş materiallarına əlavə dilmiş, mübahisəli ünvanda cavabdeh tərəfindən aparılan qazıntı və özül tikinti işləri zamanı iddiaçıya məxsus yeraltı kommunikasiya xəttinin zədələndiyi aydın görünür. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən X7 - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 43 ünvanında bina tikintisi üçün cavabeh tərəfindən özül qazılan zaman iddiaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərin dağıdılması nəticəsində iddiaçıya vurulmuş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin olunmuşdur Həmin rəydən görünür ki, aparılan ekspert tədiqatı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən aparılan adıçəkilən ünvanda bina üçün özül qazan zaman «xxxxx» MMC-yə məxsus yeraltı magistral qurğular (asbest borular) qismən, 46 m məsafədə deformasiyaya uğramış, lakin kabellər və qurğular işlək, saz vəziyyətdir. İddiaçı tərəfin işə əlavə olunmuş, mübahisəli ünvanda iddiaçıya məxsus əmlaknı əsaslı bərpasına dair tərtib olunmuş smetadan da görünür ki, iddiaçıya məxsus yeraltı kommunikasiya qurğula 46 m məsafədə deformasiyaya uğramışdır. Birinci iinstansiya məhkəməsi qətnaməsindən göründüyü kimi, ekspertin gəldiyi nəticə ilə tam razılaşmayaraq qeyd etmişdir ki, ekspert nəzərə almamışdır ki, içərisində rabitə kabelləri keçən asbest borularının yenisi ilə əvəz olunması zamanı deformasiyaya uğramış kabellərin dəyişdirilməsi ilə eyni vaxtda mümkündür. Bu mənada, məhkəmə hesab etmişdir ki, Əlizadə 43 ünvanında cavabdeh tərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpa edilməsi üçün smetada qeyd edilən kabelərin dəyəri və işçilik haqları nəzərə alınmalı və dəymiş ziyanın ümumi məbləği ekspert rəyi ilə vurulan ziyan da nəzərə alınmaqla, onun içərisindən keçən 46 m kabel xəttinin də yenilənməsi üçün çəkilməli xərclər, işdə olan qeyd olunan smetada göstərilən kabellərin dəyəri nəzərə alınmaqla, ümumi zərər məbləği 11.482,83 manat (kabel xətti üzrə: 274,72+307,02+6296,10+2461,86) manat + (ekspert rəyinə əsasən asbest boru xəttinə çəkiləcək xərc 2833,13 manat – 690 manat həmin xəttin bərpası üçün işçilik haqqı) müəyyən edilməlidir. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi qeyd olunan izahatından da görünür ki, cəmiyyətin praktikasında oxşar hallarda zədələnmiş asbest borular dəyişdirilərkən onların içərisində keçən kabel sitemi də dəyişdirilir. Bu onunla izah edilir ki, zədələnmiş asbest boruların çıxarılması mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və iddiaçının nümayəndəsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, ən azından adıçəkilən asbest borular, içərsindən keçən kabel xətti kəsilmədən-qırılmadan təmir bərpa işlərinin aparılması ağlabatan deyil. Beləliklə də, cavabdehin qeyd olunan ünvanda qanunvericiliyə müvafiq razılaşdırma aparılmadan (texniki şərt alınmadan) hüququqazid həyata keçirdiyi qazıntı-tikinti işləri nəticəsində iddiaçıya maddi ziyan vurduğu öz təsdiqini tapır. «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın 6.1-ci bəndinə əssən hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, onlar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar. Həmin Qaydaların 6.2-ci bəndinə görə telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki höquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə də işin sübutlarla müəyyən edilən halları və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə imkan verir ki, iddiaçı cavabdeh tərəfindən mübahisli - ATS 476 Şərq Bazarı Ə.Əlizadə küçəsi 43 - ünvanında cavabdeh tərəfindən aparılan bina tikintisi zamanı qazıntı-tikinti işlərinin görülməsi nəticəsində iddiaçıya məxsus yeraltı kommunikasiya xəttinin dağıdılması ilə ona vurulmuş 11.482,83 manat məbləğində maddi ziyan ödənilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın 11.482,83 manat məbləğində hissəsində, qismən, təmin olunması işin sübutlarla müəyyən olunan halarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara güzgün qymət verilmədiyini vurğulayan və ondan 11.482,83 manat məbləğində pulun tutulmasını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-211/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-211/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver