Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-212/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə. İddiaçı Nümayəndə1 Məhdud Məsuliyətli Cəmiyyətinin («MMC») Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə («MMC») qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1059/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Nümayəndə1 MMC cavabdeh “Cavabdeh»” MMC-yə qarşı məhkəməyə iddia ərizəsi və sonradan ona əlavə verərək cavabdehdən 18.350,76 manat ödənilməmiş borcun, gecikdirilmiş müddət üçün 1.835 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi, 20.215,76 məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə1 MMC (əvvəlki adı “xxxxxxxxx” MMC) ilə Cavabdeh MMC arasında beton satışına dair HGC-SB 04/0317 saylı, xx xxxx 2017-ci il tarixli, sement məhsullarının satışına dair isə HGC GS 055/0118 saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən beton və sement məhsullarının cavabdehə satışı həyata keçirilmiş, lkin cavabdeh hər iki müqavilə üzrə aldığı malların dəyərini qismən ödəmiş, məhkəmə araşdırması zamanı 30.000 manat əlavə ödəniş etdidikdən sonra, ümumilikdə, onun iddiaçıya 18.350,76 manat məbləğində ödənilməyən borcu qalmışdır. İddiaçı hesab edir ki, həmin qalıq borc məbləği, bununla yanaşı, ödənişin gecikdirilməsinə görə hesablanmış 1835 manat məbləğində cərimə cavabdehdən onun xeyrinə tutulmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh MMC-dən 18.350,76 manat ödənilməmiş borc, gecikdirilmiş müddət üçün 300 manat cərimə və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin əvəzi, cəmi 18670,76 manat pul məbləği tutularaq iddiaçı Nümayəndə1 MMCyə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, cərimə məbləğinin tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən gecikdirilmiş müddət üçün 300 manat cərimə məbləğinin ödənilməsi hissəsindən narazı və şikayətçidir. Belə ki, cavabdeh iddiaçı ilə qarşılıqlı iş birliyi davam edir və mütəmadi olaraq onlardan tikinti obyektlərində istifadə etmək üçün beton məhsulu alınır, Belə bir vəziyyətdə cərimə tələb edilməsi ədalətsizlik olaradı. Çünki mütəmadi yerinə yetirilən ödənişlər üzrə hansı məbləğdə pul vəsaitinin borc olaraq gecikdirilməsi və gecikdirmənin konkret hansı məbləğdə borc vəsaitinə görə təyin edilməsi mümkünsüzdür. Bundan əlavə ilkin olaraq, iddiaçı 48.350,76 manat məbləğində iddia qaldırmış, qısa müddət ərzində borcun böyük bir hissəsi ödənilmiş və 18.350,76 manat borc qalmışdır. Ödəmə aparılan zaman iddiaçı ilə aparılan danışıqlarda borcun məbləği azaldılarsa, məhkəmədə iddianı baxılmamış saxlanılması və cərimə məbləğinin tam götürülməsi barədə razılaşma olmuş, sonradan məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, tərəflər arasında - beton satışına dair xx xxxx 2017-ci il tarixli, sement məhsullarının satışına dair isə xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqavilələri bağlandığı və həmin müqavilələrə əsasən cavabdehə iddiaçı tərəfindən beton və sement məhsullarının satışı həyata keçirildiyi və sonuncu tərəfindən təhvil alındığı və onun hazırkı məhkəmə mübahisəsinin baxıldığı günə ümumilikdə, iddiaçıya 18.350,76 manat məbləğində ödənilməyən borcu qaldığı işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, ondan 18.350,76 manat məbləğində əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmir. Onun tərəfindən qətnamə, yalnız 300 manat cərimə məbləğinin tutulması hissəsində mübahisələndirilir. Belə olan halda, MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehdən 300 manat məbləğində cərimənin tutulması qət olunarkən aşağıdakılara əsaslanmışdır. «Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdə hər gecikən gtün üçün satıcıya ödənilməyən məbləğin 1 % həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ödənilməyən məbləğin 10% çox olmamalıdır. Bu dəbbə pulu üç gün ərzində ödənilməlidir… 3.1-ci, 3.2-ci, 3.3-cü bəndlərtinə əsasən mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4-cü maddəsi daxilində) alıcıya təhvil verilir. Ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının Bank hesbaına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Satıcı istisna hallarda razxılaşdırılmış kredit limiti çərçivəsində alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə- faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günüdən gec olmayaraq satıcıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı müqavilələrə əsaslanaraq, hər bir gecikmə gününə görə müqavilə qiymətinin 0.1 %-i miqdarında dəbbə (cərimə) tətbiq etməklə 1.835 manat məbləğində cərimə borcu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin bu hissəsinin qanuni əsası kimi Mülki Məcəllənin 465.2-ci maddəsi cıxış edir. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə məbləği tənasübsüz sürətdə yüksəkdir və iddiaçının mənafeləri nəzərə alınmaqla, həmin məbləğ azaldılaraq, 300 manat məbləğində müəyyən edilməlidir.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tutulmasını tələb edilən 1835 manat məbləğində cərimə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin qeyd olunan 5.2-ci bəndinə müvafiq qaydada, ödənilməsi gecikdirilən 18.350,76 manat məbləğində əsas borcun 10 faizi həcmində hesablanan bir məblği təşkil edir. Məhkəmə tərəfindən cavabdehdən tutulması qət olunan 300 manat cərimə məbləği isə qeyd olunan həmin borcun heç 2 faizini belə təşkil etmir. Halbuki, iş materiallarına əsasən müəyyən olunur ki, malların sonuncu təhvili 2019cu ilin yanvar- fevral aylarında həyata keçirildiyi halda, iddiaçı cavabdehə qarşı müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiynə görə həmin ilin avqust ayında, yəni, 5 ay sonra müraciət etmişdir. Yəni, həmin 5 ay ərzində iddiaçı alqı-satqı müqaviləsinin 3.3-cü bəndinin tələbinə görə aldığı malın dəyərini onu əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən 30 təqvim günündən gec olmayaraq iddiaçıya (satıcıya) ödəməyə borclu idi, müqavilənin həmin şərtlərini pozaraq uzun müddət iddiaçıya olan qalıq borcunu ödəməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ödənişin gecikməsi iddiaçının əsaslı mənafelərinə xərəl gətirməsi baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaya bilməzdi. Digər tərəfdən, 467-ci maddəsinin tələbi baxımından, məhkəmə öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən borcluya qarşı kreditor tərəfindən irəli sürülən cərimə tələbini tam şəkildə azaltmaq, daha konkret, nəzərə almamaq kimi səlahiyyəti də qanunvericiliklə müəyyən olunmamışdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın cərimə tələbi hissəində 300 manat məbləğinə qədər azaldılması - işin sübutlarla müəyyən edilən hallarına və maddi hüquq normalarına uyğundur MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayətinin «ondan iddiaçının xeyrinə 300 manat cərimə məbləğinin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu mənada məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(81)-1059/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi mübahisələndirilən (cərimə) hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1059/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən (cərimə) hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-212/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-212/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver