Məhkəmə qərarları › İş №2-2(103)-213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-213/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-213/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2047/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 109990,90 manat borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2047/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə tələb edilən məbləğ 249.990,90 manat olmuşdur. Sonradan iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə borc məbləği azaldılmışdır. Lakin iddia tələbinin azaldılması prosessual qanunvericiliyin tələblərinə əsasən arayış deyil, əlavə ərizə təqdim edilməklə həyata keçirilməlidir. Eyni zamanda məhkəmə azaldılmanın səbəb və əsasını araşdırmamışdır. Bundan başqa iddiaçı müqavilə üzrə öz öhdəliklərini tam olaraq icra etməmişdir. Belə ki, təqdim edilmiş malların sonradan keyfiyyət baxımdan müqavilənin tələblərinə cavab verməməsi müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC dəfələrlə iddiaçıya öz etiraz və iradlarını bildirmiş və keyfiyyətsiz malların geri götürülməsini tələb etmişdir. Lakin iddiaçı keyfiyyətsiz malları geri götürməkdən imtina edərək, həmin mallar üçün ödənişin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxxxx 2019-cu il tarixli 19-00084 saylı malların alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşiddə metalı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 109.990,90 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan təhvil-təslim aktlarına əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən müxtəlif miqdarda və adda olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 876.106,76 manat (vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 133.643,4 manat) dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli EBAE seriyalı 188.154 nömrəli və xx.xx.2020-ci il tarixli EBAE seriyalı 720.497 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh də həmin malların göndərildiyini etiraf edir, lakin bildirir ki, mallar keyfiyyətsiz olduğuna görə, o, iddiaçıya qalan 109990,90 manat məbləğində ödənişi etməkdən imtina etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçının göndərdiyi mallar keyfiyyətsiz olsaydı və ya müqavilə tələblərinə cavab verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdeh tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin qüsursuz icra edilməsi cavabdeh tərəfindən inkar edilsə də, etirazı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, iddia tələbi iddianın dəqiqləşdirilməsi barədə ərizə verilməklə müəyyən edilmişdir (i/v 24). İddia tələbinin həcminin azaldılması isə iddiaçının Mülki Prosessual Məcəllənin 53-cü maddəsində təsbit olunan hüququdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2047/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar