Məhkəmə qərarları › İş №2-2(103)-213/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-213/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-213/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: maddi ziyan tələbi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və digər tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3385/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı 2014-cü ilin dekabr ayında Cavabdeh1 şifahi tapşırığı ilə onlara məxsus olmuş “Globus Center” Ticarət və Biznes Mərkəzi üçün İtaliya Respublikasında fəaliyyə göstərən Martini SPA müəssisəsindən ümumi dəyəri 524215 ABŞ dolları olan işıqlandırma avadanlıqları sifariş etdiyini, avadanlıqların dəyərinin 50 %-nin (262107 avro) Mahmudovlar ailəsinə məxsus afşor zonada yerləşən “Madison Design LTD” müəssisəsinin hesabından köçürüldüyünü, sonradan cavabdehlərin atası Eldar Mahmudov (keçmiş MTN) ondan ödənilmiş avansı geri qaytarmağı tələb etdiyini, məcbur qalaraq 331461 manat vəsaiti xx.xx.2015-ci il tarixdə “Globus Center” Ticarət və Biznes Mərkəzinin baş mühasibi Tofiq İsmayılova ödədiyini, avadanlıqların qalıq dəyərinin 82750 Avroya endirilməsi barədə Martini SPA müəssisəsi ilə razılıq əldə edildikdən sonra bu məbləği həmin şirkətə ödəyərək avadanlıqları əldə etdiyini, 2015-ci ildə alınmış avadanlıqların saxlanılması üçün Gürcüstan Respublikasında firma açdığını, avadanlıqların hal-hazıradək orada saxlanıldığını, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 4 qəbz üzrə “Globus Center” Ticarət və Biznes Mərkəzinin nümayəndəsi Tofiq İsmayılovun şahidliyi ilə ondan alınmış pulun 231461 manatının qaytarıldığını, qalan 103.000 manatın avadanlıqlar satıldıqdan sonra qaytarılacağının vəd edildiyini, lakin halhazıradək həmin məbləğin ödənilmədiyini iddia edərək bununla bağlı aşağıdakı sübutları təqdim etmişdir.

2. X2 şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh2 təsis etdiyi "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur.

3. 24 dekabr 2014-cü il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı Elektron ünvan 1 e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “hörmətli Anar bəy, Globus Mərkəzinin rəngləmə avadanlığı üçün faktura göndərirəm. Bu avadanlığın bütün dünyada analoqu yoxdur, zavod onu xüsusi olaraq bizim üçün hazırlayır, qiymətə çatdırılma, gömrük və quraşdırılma daxil deyil. Quraşdırılma qiyməti 32500 AZN, bütün avadanlıqların ümumi çəkisi 5 tondur ki, bu əvvəlki təklifdən 2 dəfə azdır, gömrüklə çatdırılmanı təşkil edə bilərsiniz, amma əminəm ki, bunu daha ucuza başa çatdıra bilərik”.

4. 24 yanvar 2015-ci il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı Elektron ünvan 1 e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “Hörmətli Anar bəy, Globus Mərkəzinin işıqlandırılması və elliptik hesablama üçün yekun təklifi göndərirəm”.

5. 02 fevral 2015-ci il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı Elektron ünvan 1 e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “Hörmətli Anar bəy, Globus Mərkəzinin işıqlandırılması və elliptik hesablama üçün yekun təklifi göndərirəm”.

6. İddiaçı “Martini” S.p.A şirkətinin e-mail ünvanına göndərdiyi məktubdan görünür ki, İddiaçı “Martini” S.p.A şirkətinə müraciət edərək sifarişi ləğv etmək məcburiyyətində olduqlarını bildirmişdir.

7. 02 mart 2015-ci il tarixli “Martini” S.p.A şirkətinin İddiaçı ünvanladığı e-mail yazışmasından görünür ki, “Martini” S.p.A şirkəti İddiaçı müraciət edərək layihə üzrə istehsala başlandığını, bu səbəbdən sifarişi ləğv edə bilməyəcəklərini bildirmişdir.

8. 31 mart 2015-ci il tarixli “Martini” S.p.A şirkətinin ünvanladığı e-mail yazışmasından görünür ki, “Martini” S.p.A şirkəti avadanlıqların sifarişinə görə ödənilməli olan 262215,05 avronun ödənilməsini, ya da istehsalı üçün materialların alınması ilə bağlı hesablanmış 82750 avronun ödənilməsini, sonuncu məbləğin ödəniləcəyi halda sifarişin ləğv ediləcəyini bildirmişdir.

9. İşdəki Gürcüstan Respublikasının Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, hüquqi ünvanı Gürcüstan Respublikası, Vake-Saburtalo rayonu, Qavtaradze küçəsi, 1 a nömrəli, 3 saylı Kommersiya məkanı, 2, mərtəbə 2, blok A olan "xxxx" MMC (identifikasiya nömrəsi 4********) xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, MMC-nin 100% təsis payının sahibi və direktoru İddiaçıdur.

10. “Martini” S.p.A şirkətinin ******* nömrəli, xx.xx.2015-ci il tarixli hesabfakturasından (invoice) görünür ki, nomeklatura kodu 94054091, hər birinin qiyməti 4 057,14 avro, 67 ədəd “SPOT” ümumi dəyəri 271 828,38 avro və 18 ədəd “MEDİUM” ümumi dəyəri 73 028,52 avro, cəmi 344 856,90 avro olan avadanlıqlarının dəyərinin ödənilməsi üçün Gürcüstanda Respublikasında yerləşən "xxxx" MMC-yə (hüquqi ünvanı Gürcüstan Respublikası, Vake-Saburtalo rayonu, Qavtaradze küçəsi, 1 a nömrəli, 3 saylı Kommersiya məkanı, 2, mərtəbə 2, blok A) faktura təqdim edilmişdir.

11. 31354643 nömrəli Proforma Fakturasından görünür ki, göndərən “Martini” S.p.A şirkəti, müştəri “Ram” LTD, malı qəbul edən Gürcüstan Respublikasının "xxxx" MMC olmaqla, karqo üzrə xx.xx.2015-ci il tarixdə 2690 avro nağd qaydada ödənilmişdir.

12. Gürcüstan Respublikasının "xxxx" MMC Audit Şirkətinin (e\kodu:4********) Rəyindən görünür ki, "xxxx" MMC-nin (e\kodu 4********) mülkiyyətçisi, 100% pay sahibi və direktoru İddiaçı sifarişi ilə təşkilatın mülkiyyətində olan daşınar əmlakın, o cümlədən 85 ədəd bayır işıqlandırma cihazlarının bazar dəyərinin qiymətləndirilməsini həyata keçirilmiş və həmin cihazların xx.xx.2022-ci il tarixə bazar qiyməti ƏDV-siz 62 900 avro təşkil edir.

13. 17 avqust 2015-ci il tarixli 1002 nömrəli "xxxx" MMC ilə “Lilo 1” SC arasında bağlanmış şirkətin gömrük anbar sahəsinə xidmət haqqında müqavilədən görünür ki, “Lilo 1” SC Tbilisi şəhəri, Yumaşev küçəsi, 14 nömrəli ünvanda yerləşən anbarı "xxxx" MMC-yə icarəyə verməyi, "xxxx" MMC isə anbardan istifadənin qarşılığında icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

14. 10 fevral 2015-ci il tarixli çıxarışdan görünür ki, Madison Design LTD-nin “Bank of Latvia” adlı bankda yerləşən hesabından “Martini” S.p.A şirkətininin bank hesabına 262107,53 avro məbləğində pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan alınmış puldan qaytarılmamış 103.000 manatın və həmin məbləğə hesablanmış 7982,5 manat faizin, Gürcüstanda "xxxx" MMC-nin açılmasına görə, Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri üçün, kredit üzrə ödənilmiş faizlər və penyaya görə və Gürcüstanda 07.2015-ci il tarixdən-04.2022-ci il tarixədək icarə haqqına görə ödənilən cəmi 47562 ABŞ dollarının qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 6299 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən avadanlıqların qalıq dəyərinə görə Martini S.p.A-ya və avadanlıqların Gürcüstana göndərilmə xərcləri üçün ödənilən cəmi 85450 avronun avadanlıqların hazırkı dəyəri olan 62900 avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi; qalan 22550 avronun qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 3207 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi, məhkəmə məsrəfləri olan-133 manat dövlət rüsumunun, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 300 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehlərin nümayəndəsi və Vəkil2 birinci instansiya məhkəməsində EMİSdəki e-kabinet vasitəsilə təqdim etdiyi ərizələrdə qeyd etmişdir ki, hazırlıq iclasında da bildirdiyi kimi, tərəflər arasında müqavilə münasibətlərinin olmasına dair hər hansı bir sübut təqdim edilməmiş, belə bir müqavilə mövcud olmamışdır. İddia tələbi tamamilə əsassızdır və iddiaçı tərəfin sübut kimi təqdim etmək istədiyi sənədlər toplusunun təmsil etdiyim şəxslərə qarşı irəli sürülmüş iddiaya heç bir aidiyyəti olmamaqla yanaşı, hansısa mətbuatdan götürülmüş məqalələrə istinad isə ümumiyyətlə absurddur. Tələb əsassız olmaqla yanaşı iddia müddəti də ötürülmüşdür. Belə ki, iddianın faktiki əsası kimi 2015-ci ildə bağlanılmış hansısa alqı-satqı müqaviləsinə istinad edilir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğu halda, iddiaçı 8 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3385/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia rədd edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında tapşırıq münasibətlərinin məhz iddiaçı ilə Cavabdeh1 arasında yaranması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiaçının nümayəndəsi, vəkilin izahatında cavabdehlərə məxsus bank hesabından “Martini” S.p.A şirkətinə pul köçürüldüyünü bildirsə də, həmin hesabın məhz Cavabdeh1 məxsusluğu ilə bağlı da sübut təqdim edilməmişdir.

19. Məhkəmə digər Cavabdeh2 münasibətdə isə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında hazırki tələblə bağlı ümumiyyətlə hər hansı münasibətlər yaranmadığından tələb Cavabdeh2 aid olan hissədə də rədd edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3385/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkəniddiaçının hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş; məhkəmə iddiaçıya qarşı bir qədər ədalətsiz mövqe nümayiş etdirərək, işi hərtərəfli və tam araşdırmamış; iş üçün əhəmiyyətli olan sübutlar, faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş; nəticədə, məhkəmə icraatı həqiqəti müəyyən etməmişdir. Açıq-aşkardır ki, iddiaçı işıqlandırma avadanlıqlarının əldə olunması üçün cavabdehlərin tapşırığını qəbul etmiş və Azərbaycan Respublikası MM-nin tələbinə müvafiq olaraq, həmin tapşırığı yerinə yetirmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hər tərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2020-ci il 18 noyabr tarixli Qərarı). Odur ki, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Eyni zamanda, hazırda şikayət olunan hissədə məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və işi hərtərəfli, tam və ədalətli araşdırmamaqla, nəticədə əsassız qətnamə çıxarmışdır. Bakı Hərbi Məhkəməsinə, “Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin 2019-cu ildə sədrliyi ilə keçirilən Vüqar Mahmudov barəsindəki cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmünün və həmin iş üzrə yekun məhkəmə qərarının, eləcə də həmin məhkəmə işi üzrə məhkəmədə və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsevin, "xxxx" MMC-nin faktiki rəhbəri olan Cavabdeh1 və həmin MMC-nin direktoru X1 şahid ifadələrinin təsdiq olunmuş surətlərinin təqdim olunması barədə” sorğu göndərilməsi barədə qərardad çıxarılmasını xahiş olunmuş, bi vəsatət təmin edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncular məhkəmə iclaslarında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

23. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddə-tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə- əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə-varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddə-əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1095-ci maddə-əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 1096.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3385/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin əsaslı olduğuna dair nəticəyə gəlmək üçün kifayət etmir.

27. Cavabdeh2 qarşı iddia tələbi irəli sürülsə də, iddianın ona qarşı hissədə hansı əsasla təmin edilməli olduğu qətnamədə əsaslandırılmamış, iddia ərizəsində Cavabdeh2 iddiaçının 2013-2015-ci illərdə qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin təsisçisi olduğu göstərilmişdir. İddia ərizəsində qeyd edilir ki, 2014-cü ilin dekabrında digər Cavabdeh1 tərəfindən ona İtaliyadan işaqlandırma avadanlığının alınması üçün göstəriş verilmiş, Cavabdeh2 da bundan məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən hal (sifariş barədə məlumatlı olma) Cavabdeh2 iddiaçı qarşısında hər hansı öhdəliyini yaratmadığından birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia ona qarşı hissədə əsassızdır.

28. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Cavabdeh1 qarşı hissədə də iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmir.

29. İddiaçı iddia edir ki, Cavabdeh1 atası, keçmiş nazir E.Mahmudov onu həbs etdirəcəyi ilə hədələdiyindən o Mahmudovlar ailəsinə məxsus afşor zonada yerləşən “Madison Design LTD” müəssisəsinin hesabından Martini SPA müəssisəsinin hesabına köçürülmüş 331461 manat avansı məcbur qalaraq xx.xx.2015-ci il tarixdə “Globus Center” Ticarət və Biznes Mərkəzinin baş mühasibi Tofiq İsmayılova ödəmiş, sonradan həmin vəsaitin 231.461 manatının qaytarılsa da, qalan 103.000 manat qaytarılmamışdır. İddiada qeyd edilən faktiki hallardan belə məlum olur ki, iddiaçı ondan əsassız qaydada pul alındığını, qarşı tərəfin onun vəsaiti hesabına əsassız varlandığını iddia edir. Yəni cavabdehdən həmin vəsait nə alqı-satqı, nə tapşırıq müqaviləsi əsasında deyil, əsassız varlanma qaydasında tələb olunur.

30. İddiaçı pul vəsaitinin “Globus Center” Ticarət və Biznes Mərkəzinin işçisinə ödədiyi bildirildiyindən sübuta yetirildiyi halda əsassız varlanmış şəxsin “Globus Center” Ticarət və Biznes Mərkəzi olduğu müəyyən edilə bilərdi. Lakin iş üzrə sübut qismində təqdim edilmiş pul məbləğılərinin iddiaçıdan alınması və geri qaytarılması barədə iltizamların üzərində “Globus Center” Ticarət və Biznes Mərkəzinin möhürü olmadığından vəsaiti qəbul edən şəxsin məhz həmin hüquqi şəxsin işçisi olaraq hərəkət etdiyi mötəbər sübutla təsdiq edilmir. Bu fakt sübut edilmiş olsaydı belə həmin hüquqi şəxs hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməmişdir. “Globus Center” Ticarət və Biznes Mərkəzinin işçisinin qəbul etdiyi vəsaitin Cavabdeh1 tutulması üçün isə bu vəsaitin məhz Cavabdeh1 sifarişi ilə qəbul etməsi və qəbul etdikdən sonra Cavabdeh1 təqdim etməsi, Cavabdeh1 bu hüquqi şəxslə hər hansı əlaqəsi olması barədə məhkəməyə sübutlar təqdim edilməli idi.

31. İddiaçının elektron poçt vasitəsi ilə məktublar göndərdiyi Elektron ünvan 1 poçt ünvanının cavabdehlər Cavabdeh1 məxsus olduğu barədə də iş materiallarında hər hansı sübut mövcud deyil. Eyni zamanda iddiaçı məhkəməyə yalnız öz məktublarını təqdim etmiş, həmin ünvandan iddiaçıya avadanlıqların sifarişi ilə bağlı hər hansı məktub təqdim edilməmişdir. İddiaçının birinci instansiya məhkəməsində şahid qismində dindirilməsi barədə vəsatət verdiyi Həmidova Tamara ifadəsində İddiaçı anası olduğunu, oğlunun işıq avadanlıqları aldığını, avadanlıq alındıqdan sonra Cavabdeh1 ilə oğlu arasında münasibətlərin pozulduğunu, avadanlıq üçün ödənilən pul qaytarılan zaman Allahverdiyev Zülfüqar, İsmayılov Tofiqin və özünün şahid kimi iştirak etdiyini, Cavabdeh1 sifariş verilən avadanlığı özünün seçdiyini bildirmişdir. Məhkəmə bu ifadə ilə bağlı qeyd edir ki, şahidin iddiaçının anası olduğu nəzərə alınarsa onun ifadəsi digər mötəbər sübutlarla təsdiq edilmədiyi halda iddianın təmin edilməsi üçün əsas ola bilməz.

32. İddiaçı tərəfindən məhkəməyə flaş diskdə təqdim edilmiş səs yazılarının kimə aid olduğu, həmin danışıqların hazırkı mübahisə ilə əlaqəsi olduğunu müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilmir.

33. İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianı qəbul etməmiş, Martini SPA müəssisəsi tərəfindən satılmış və hazırda iddiaçı tərəfindən Gürcüstan Respublikasında saxlanılan işıqlandırma avadanlıqları üzərində cavabdehlərə və onlara məxsus hüquqi şəxslərə hər hansı aidiyyatı olmadığını bildirmişdir. İddiaçı tərəfindən bunun əksi mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin avadanlıqların onların saxlanma, daşınma xərclərinin, bu avadanlıqların əldə edilməsi ilə əlaqədar ödənilmiş vəsaitin cavabdehlərdən tutulması barədə tələb əsassızdır.

34. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının öz hesabından “Martini SPA” müəssisəsinə hər hansı vəsait ödənilməsi barədə də iş materiallarında hər hansı sübut mövcud deyil. İşdəki sənədlərdən görünür ki, “Martini SPA” şirkəti ilə, işıqlandırma avadanlıqlarını sifariş edən və qəbul edən şəxs olaraq Gürcüstan Respublikasında yerləşən, mülkiyyətçisi, 100% pay sahibi və direktoru İddiaçı olan "xxxx" MMC (identifikasiya nömrəsi 4********) arasında müvafiq sənədləşmə və hesablaşmalar aparılmışdır. Odur ki, S.p.A şirkəti ilə "xxxx" MMC arasında aparılmış müvafiq sənədləşmə və hesablaşmaları təsdiq edən sənədlər hüquqi şəxsə aid olduğundan, İddiaçı təsis etdiyi hüquqi şəxsin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, digər iddia tələbləri öz təsdiqini tapmadığından Gürcüstan Respublikasında "xxxx" MMC-nin təsis edilməsi ilə əlaqədar çəkilmiş xərclərin də cavabdehlərdən tutulması barədə iddia tələbinin də əsaslı olduğu müəyyən edilmir.

35. 85450 Avronun avadanlıqların hazırkı dəyəri olan 62900 Avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işdəki email yazışmaları ilə işıqlandırma avadanlığının satın alınması ilə bağlı Martini SPA müəssisəsi ilə elektron poçtla yazışmaların iddiaçı ilə həyata keçirildiyi təsdiq edilsə də, məhkəməyə avadanlığın qalıq dəyərinin iddiaçının vəsaiti hesabına ödənildiyini təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər S.p.A şirkəti ilə, işıqlandırma avadanlıqlarını sifariş edən, dəyərini ödəməli olan, qəbul edən Gürcüstan Respublikasında qeydə alınmış hüquqi şəxs "xxxx" MMC arasındakı sənədləşmə və hesablaşmaları təsdiq edən sənədlərdir.

36. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatəti əsasında Bakı Hərbi Məhkəməsinə sorğu verilərək həmin məhkəmənin icraatında olmuş Vüqar Mahmudov barəsindəki cinayət işində öz əksini tapmış Cavabdeh1, Mixail Framsevin, X1 şahid ifadələrinin surətlərinin təqdim edilməsi xahiş olunmuş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubunda Cavabdeh1, X1 şahid qismində dindirmə protokollarının cinayət işi materiallarında olmadığı qeyd edilərək Mixail Framsevin ifadəsi təqdim edilmiş, həmin ifadədə iddia tələbinin əsaslı olduğunu təsdiq edən hər hansı məlumatın yer almadığı müəyyən edilmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3385/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3385/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar