Məhkəmə qərarları › İş №2-2(103)-216/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-216/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-216/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MKT İstehsalat Kommersiya" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6090/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC (abonent kodu **********5) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır;

2. 04 noyabr 2021-ci il tarixli NDQ 010643 saylı akta əsasən EEİQ-ya uyğun sayğaca baxış keçirilən zaman sayğacın 35/10 kvt-lıq yarımstansiyanın 10 kvt-lıq olan hissəsində quraşdırıldığı, sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları quraşdırılan yuvanın möhürün simi qırıldığı müəyyən edilmişdir.

3. 14 aprel 2022-ci il tarixli icra vərəqinə əsasən akt əsasında 1696 manat məbləğinin "xxxx" MMC-dən tutulması müəyyən edilmişdir;

4. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 959 nömrəli bildirişə əsasən sonuncudan 1694,51 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur;

5. Abunə haqqında çıxarışdan görünür ki, cavabdehin iddiaçıya akt üzrə borcu 1695,4 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya hesablanmış 1695,40 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, 04 noyabr 2021-ci il tarixdə iddiaçının “Ağcabədi İnovvasiya” filialına cavabdehin nümayəndələri tərəfindən NQD 010643 saylı akt tərtib edilmişdir. Akta əsasən filialda quraşdırılmış elektrik sayğacını qidalandıran cərəyan və gərginlik transformatorları quraşdırılan yuvanın möhürünün simi qırıldığı üçün itirilmiş elektik enerjisinin bərpasına görə iddiaçıya 1695,4 manat vəsait hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsassızdır. Belə ki, elektrik sayğacını qidalandıran cərəyan və gərginlik transformatorları quraşdırılan yuva cavabdeh – "xxxx" MMC-nin balans mənsubiyyəti sərhəddində yerləşdiyi və həmin yuvaya birbaşa cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən texniki xidmət göstərildiyi üçün iddiaçının işçilərinin həmin uçot hesabat dəstinin yerləşdiyi bölməyə müdaxilə edilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6090/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6090/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayğaca baxış zamanı məlum olmuşdur ki, 04 noyabr 2021-ci il tarixli NDQ 010643 saylı akta əsasən EEİQ-ya uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac 35/10 kvt-lıq yarım stansiyanın 10 kvt-lıq olan hissəsində quraşdırılmışdır. Sayğacı qidalandıran cəryan və gərginlik transformatorları quraşdırılan yuvanın möhürün simi qırılmışdır. Həmin akt əsasında 14 aprel 2022-ci il tarixli icra vərəqi üzrə qeyd olunmuş qərarda 1696 manat məbləğ hesablanmışdır. Hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır. Məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etmişdir. Belə ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 15.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hesablanan məbləğ cərimə deyil, iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyat olmuş, cavabdehin apardığı yoxlama heç də iddiaçının maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, "xxxx" ASC tərəfindən mübahisələndirilən borc akt əsasında hesablandığından və akt tərtib edilərkən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi olmadığı üçün borcun silinməsi barədə iddia əsaslıdır.

19. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar