Məhkəmə qərarları › İş №2-2(103)-219/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-219/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-219/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin cavabdeh «xxxx» Məhdud Məhdud Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1967/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhdud Cəmiyyəti cavabdeh «xxxx» Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16200 manat əsas məbləğ və 97,2 manat cərimə olmaqla, ümumilikdə 16297,2 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmalıdır. Bununla əlaqədar İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 09 saylı ödəniş tələbnaməsinə əsasən “xxxx” MMC-nin hesabına 16200 manat köçürülmüş, lakin “xxxx” MMC tərəfindən mallar bu günədək təqdim edilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1967/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1967/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəf (cavabdeh) olaraq məhkəmə proseslərində cavabdehin iştirakını və özünü müdafiə hüququndan istifadə etməyi təmin etməmiş, yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq qətnamə qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmağı, alıcı isə malları qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “satıcı” müqaviləyə uyğun olaraq ödəniş həyata keçirildikdən sonra malı 2 (iki) ay ərzində “alıcı”ya təqdim etməlidir; 4.3-cü bənddə qeyd edilmişdir ki, satıcı tərəfindən malın verilməsi gecikdirildiyi halda hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,01% miqdarında cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 006XOH********** nömrəli ödəniş qəbzindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı MMC tərəfindən 16200 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020ci il tarixli, məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla «xxxx» MMC-yə müraciət edilərək 16297,2 manat borcun ödənilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair imzalanmış xx.xx.2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən satıcı “xxxx” MMC alıcı İddiaçı MMC-yə 900 ədəd hər biri 18 manat dəyərində, ümumi dəyəri 16200 manat olan linoleum satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək alıcı tərəfindən haqqı ödənilən malı alıcıya təqdim etməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehdən 16200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin olunmalıdır. Cavabdehin apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, məhkəmə prosessual pozuntuya yol verərək cavabdehə məhkəmə iclaslarının vaxtı barədə məlumat verilməsini təmin etməmişdir. İş materiallarında olan kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatdan görünür ki, hüquqi şəxs «xxxx» MMC-nin hüquqi ünvanı AZ 1009, ünvan 1 ünvanıdır. İddiaçı ilə bağlanmış müqavilədə də həmin ünvan qeyd edilmişdir. Məhkəmə bildirişləri birinci instansiya məhkəməsi tərəfindən həmin ünvana göndərilmiş, ünvanın düzgün olmaması əsası ilə çatmamışdır. Göründüyü kimi, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün işə baxmış məhkəmə tərəfindən tədbirlər görüldüyündən, cavabdeh faktiki ünvanı barədə müqavilə tərəfinə məlumat vermədiyi üçün işə baxılarkən məhkəmədə bu barədə məlumat olmadığından birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsas olan prosessual pozuntuya yol verildiyi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 1967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh «xxxx» Məhdud Məhdud Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar