Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-221/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6641/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Masallı 005 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, 3,830.18 (üç min səkkiz yüz otuz manat on səkkiz qəpik) manat gecikdirilmiş əsas borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd başak 2110 SL markalı traktor və 1 ədəd 3.5 tonluq lafet karataşın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6641/2022 saylı qərardadı ilə işin ərazi aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “Prior Leasing" ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 26.1-ci və 35.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, Maraqlı şəxs MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 2 ədəd texnika yəni, Başak 2110 SL markalı traktor və karataş 3,5 tonluq lafet sonuncuya lizinqə verilmişdir. Qeyd edilən müqavilənin 8-ci bəndində ərazi aidiyyat qaydası müəyyən edilmiş və mübahisələrin lizinqə verənin yerləşdiyi ərazi üzrə məhkəmə ilə bağlı tərəflər razılığa gəlmişlər. Sonradan xx.xx.2020-ci il tarixdə Masallı 005 nömrəli Maraqlı şəxs MMC, “Prior Leasing" ASC və Cavabdeh arasında üçtərəfli saziş bağlanmışdır. Həmin sazişə əsasən hüquq ötürən şəxs yəni Maraqlı şəxs MMC xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə yəni, “Prior Leasing" ASC-yə ötürmüşdür. Göründüyü kimi, hazırkı iddiaçı “Prior Leasing" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ məhz Maraqlı şəxs MMC, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Masallı 005 nömrəli üçtərəfli saziş əsasında yaranmışdır. Yəni qeyd edilən saziş bağlanmamış olsa idi, İddiaçı ASC-nin qeyd edilən iddia ilə məhkəməyə müraciət etməyə hüququ olmayacaqdı. Məhz qeyd edilən, iddiaçının tələb hüququnun əsasında dayanan xx.xx.2020-ci il tarixli üçtərəfli sazişin isə 3-cü bəndində mübahisələrin həllinin qaydası müəyyən edilmişdir. Həmin bəndə əsasən “bu sazişdən əmələ gələn bütün mübahisələr Azərbaycan Respublkasının müvafiq məhkəmələri tərəfindən həll olunmalıdır”. Yəni hazırkı halda tərəflər xx.xx.2020-ci il tarixdə üçtərəfli saziş bağlamaqla yeni, əvvəlki NBC Lizinq” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 525 nömrəli müqavilədəki qaydadan fərqli olaraq ərazi aiddiyyat qaydası müəyyən etmişlər. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli üçtərəfli sazişin 3-cü bəndində nəzərdə tutulan “bu sazişdən əmələ gələn bütün mübahisələr Azərbaycan Respublkasının müvafiq məhkəmələri tərəfindən həll olunmalıdır” ifadəsi məhz Mülki Prossesual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Qeyd olunanları və Mülki Prosessual Məcəlləsinin 31.1, 44.2 və 44.2.2-ci maddələrini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda işin ərazi aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi nəticəsinə birmənalı gəlmək mümkün deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Hazırki işdə də Maraqlı şəxs MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin 8-ci bəndində göstərilmişdir ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinqə verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəməyə müraciət etməlidirlər. Göründüyü kimi tərəflər öz aralarındakı müqavilə ilə mübahisənin lizinqə verənin hüquqi ünvanı üzrə aidiyyatı məhkəmədə həll olunması barədə razılığa gəlmişlər. Maraqlı şəxs MMC-nin hüquqi ünvanı da Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev, ev 27/121-dir. Sonradan Maraqlı şəxs MMC, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli Masallı 005 nömrəli üçtərəfli saziş bağlanmışdır. Həmin sazişə əsasən hüquq ötürən şəxs, yəni Maraqlı şəxs MMC xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə, yəni İddiaçı ASC-yə ötürmüşdür. Kollegiya qeyd edir ki, həmin saziş Mülki Məcəllənin 194-cü maddəsində göstərilən tələbin güzəşti müqaviləsidir. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsində isə təsbit edilmişdir ki, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Qeyd olunan maddələrdən müəyyən edilir ki, tələb güzəşt edildikdən sonra ilk sahibin yerini üçüncü şəxs tutur. Bu isə o anlama gəlir ki, tələbin əsasında duran müqavilə üzrə bütün hüquq və vəzifələr üçüncü şəxsə (yeni sahibə) keçir və ilk sahiblə borclu arasında müəyyən edilən bütün müqavilə şərtləri tələbin yeni sahibi üçün də məcburi xarakter daşıyır. Bu baxımdan kollegiya kesab edir ki, Maraqlı şəxs MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin 8-ci bəndində göstərilən şərt İddiaçı ASC üçün də məcburi xarakter daşıyır. Bununla yanaşı, Maraqlı şəxs MMC, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Masallı 005 nömrəli üçtərəfli sazişin 3-cü bəndində göstərilmişdir ki, bu sazişdən əmələ gələn bütün mübahisələr Azərbaycan Respublkasının müvafiq məhkəmələri tərəfindən həll olunmalıdır. Həmin bənddə göstərilənlərin hərfi mənasına görə yalnız sazişdən irəli gələn mübahisələrə dair aidiyyat qaydaları müəyyən edilmişdir. Bununla yanaşı, həmin bənddə göstərilən qaydaların xx.xx.2019-cu il tarixli 525 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilədən irəli gələn mübahisələrə aid olub-olmamasını birmənalı müəyyən etmək mümkün olmur və bu məsələ yalnız tərəflərlə müzakirə etməklə müqavilənin təfsiri ilə müəyyən edilə bilər. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6641/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-221/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-221/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver