Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-221/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi, zərər Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh lizinq müqaviləsi üzrə borcun və zərərin tutulmasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2- 2(113)- 503/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında xx.xx.2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi bağlanaraq 13700 manat dəyəri olan “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil lizinqə verilmiş, xx.xx.2019-cu il tarixli müqavilə əsasında bu lizinq müqaviləsi üzrə öhdəliklər X5, xx.xx.2020-ci il tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında isə Cavabdeh ötürülmüşdür.
2. Müqavilənin 5.1 və 5.2-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 5.3-cü maddəsinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti müddəti keçmiş etibarnamə ilə idarə edildikdə b) lizinq obyekti alkoqollu içki və ya psixatrop maddələrin təsiri altında idarə edilərsə c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə ç) lizinq alan avtomobilin bərpa edilməsi üçün 800 manat ödəməzsə d) daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçərsə e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda. Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. Müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
3. İşdəki ödəniş cədvəlindən görünür ki, iddiaçıya lizinqə verilmiş avtomobilin dəyəri olaraq 13700 və 5275 manat mükafat ödənilməli idi. Aylıq ödənişin məbləği 395,31 manat olmuşdur.
4. İşdəki təhvil-təslim aktından görünür ki, “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil xx.xx.2020-ci il tarixdə X7 tərəfindən Cavabdeh təhvil verilmişdir.
5. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, FHN DYNX-nin 3-cü ərazi X9 İdarəsinin 01 iyul 2021-ci il tarixli Yanğın haqqında Aktına əsasən, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan Cavabdeh idarə etdiyi İddiaçı MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində xx.xx.2021-ci il tarixdə yanğının baş verməsinə səbəb avtomobilin mühərrik hissəsində yaranan nasazlıq olmuşdur. Məhkəmə Yanğın və texnoloji partlayışlarının tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4550 saylı rəyindən görünür ki, “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğının mənşəyi avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədə olmuşdur. Yanğın, mənbə zonasında olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması nəticəsində baş vermişdir. Beləliklə toplanmış materialdan görünür ki, Cavabdeh idarə etdiyi Azərmaş MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğının baş verməsinə səbəb kənar müdaxilə nəticəsində yaranmadığı üçün toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, 9575 manat dəymiş zərər, ümumilikdə 11827,39 manat borc və ödənilmiş 125,89 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17 % hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18975 manatın 13700 manatı əsas məbləğ təşkil edir. 27 noyabr 2019-cu il tarixdə X3, X7 və İddiaçı MMC arasında MAS1146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 avqust 2019-cu il tarixli MAS-1146saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 fevral 2020-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-1146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 noyabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9575 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 iyun 2021-ci il tarixdə 396 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, ümumilikdə 2252,39 manat gecikmə borcu yaranmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8988 manat dəymiş zərər ümumilikdə 11000 manat borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4119 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8988 manat müəyyən edilir.
10. Məhkəmə qeyd etmişdir ki, müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmış, yanğın hadisəsi isə 1 il 4 ay 8 gün keçəndən sonra, yəni xx.xx.2021-ci il tarixdə baş verdiyinə görə İddiaçı MMC müqavilənin 5.3-cü bəndinə əsasən 1 illik müddət keçdiyinə görə heç bir maddi məsuliyyət daşımır, avtomobilə yanğın zamanı dəymiş zərərlə bağlı məsuliyyət müqavilənin 5.1 və 6.1-ci bəndlərinə əsasən Cavabdeh üzərinə düşür. Odur ki, İddiaçı MMC-nin avtomobilə yanğın nəticəsində dəymiş zərər tələbi əsaslı olsa da, dəymiş zərərin həcmi ilə bağlı iddia qismən ekspert rəyində müəyyən edilmiş həcmdə, yəni 8988 manat məbləğində qismən təmin edilmədir.
11. Məhkəmə hesab etmişdir ki, iddia 1395,87 manat əsas borc və 577,96 manat gecikdirilmiş mükafat hissəsində əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 38,17 manat məbləğində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və əsl cavabdeh müəyyən olunmaqla iş üzrə yeni qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iş üzrə toplanmış sübutları və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Cavabdeh “Khazar Peugeot” minik markalı avtomobilini istehsal edən zavod olduğu halda, qanunsuz və əsassız olaraq Cavabdeh olması müəyyən olunmuşdur. Halbuki, istintaq yolu ilə Cavabdeh sözügedən avtomobilin mühərrik hissəsində qəfildən baş vermiş yanğında təqsiri olmadığını, yanğının avtomobildə olan nasazlığı nəticəsində baş verdiyi müəyyən olunmuşdur. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. İşin materialları məhkəmədə tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İşin real vəziyyəti və hadisənin baş vermə səbəbinin istehsalçı zavodun təqsirindən baş verməsi və həmin səbəbdən zərərin yaranması hansı səbəblərdənsə ümumiyyətlə məhkəmədə araşdırılmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinə etriaz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddə-lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 750-ci maddə-lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 751-ci maddə-lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir.
20. İddiaçının tələbi iki hissədən ibarətdir: lizinq müqaviləsi üzrə ödənilməmiş borcun, cərimənin tutulması, lizinq obyekti olan əmlaka dəymiş zərərin tutulması.
21. İşin mübahisəsiz halıdır ki, xx.xx.2020-ci il tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında Cavabdeh lizinqə verilmiş “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində xx.xx.2021-ci il tarixdə yanğın baş vermişdir. 22 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla təsdiq edilir ki, yanğının mənşəyi avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədə mənbə zonasında olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması nəticəsində baş vermiş, lizinq alanın təqsiri olmamışdır.
23. İddia ərizəsində qeyd edilənlərə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 396 manat olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi bildirmişdir ki, hazırda tələb edilən borc məbləği avtomobildə yanğın baş verdikdən sonrakı dövr üçün hesablanmış borcdur. Həmin vaxta qədər borc olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən borcun hansı dövr üçün tələb edildiyini, lizinqə verilmiş nəqliyyat vasitəsinin hansı tarixdən iddiaçının sahibliyindən çıxdığını araşdırmamış, qətnamədə borcun tutulması barədə nəticəyə gəlsə də, iddianı bu hissədə hansı əsasla təmin etdiyini göstərməmişdir.
24. Tərəflərin izahatlarına əsasən müəyyən edilir ki, yanğın hadisəsindən sonra lizinq obyekti lizinqalanın sahibliyindən alınmışdır. Məhkəmə hesab edir ki, yanğın hadisəsi baş verdikdən sonra lizinq obyekti cavabdehin istifadəsində və sahibliyində olmadığından lizinqalanın həmin dövr üçün borcun ödənilməsinə dair tələbi əsassızdır. Belə ki, MM-in 748-10.1-ci maddəsinə əsasən lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinqalana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinqverənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu normaya əsasən lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə etmək imkanından olmuşsa həmin dövr üçün lizinqalandan lizinq ödənişlərinin tutulması ədalətli və qanuni hesab edilə bilməz.
25. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının tələbi lizinq obyektinə yanğın hadisəsi nəticəsində dəymiş zərərin tutulması hissəsində də əsassızdır. Hazırkı halda iddiaçı iddia edir ki, lizinq alanın təqsiri olmasa da lizinq obyektinin yanması nəticəsində dəymiş ziyana görə məsuliyyəti həm MM-nin 748-7.1-ci maddəsinə əsasən, həm də lizinq müqavilənin 4.4.2-ci, 5.1-ci bəndlərinə əsasən lizinq alanın üzərinə düşür.
26. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir. Göründüyü kimi, Mülki Məcəllədə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin iki əsası nəzərdə tutulmuşdur. Təqsirə görə və qanuna əsasən təqsir olmadan müəyyən edilmiş obyektiv məsuliyyət. Beləliklə, cavabdehə qarşı irəli sürülmüş zərərin tutulması iddiasının əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, zərər cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
27. Məhkəmə qeyd edir ki, lizinqalanın MM-nin 748-7.1-ci maddəsində və həmin normaya uyğun lizinq müqaviləsinin şərtlərində nəzərdə tutulmuş məsuliyyəti təqsirsiz, yəni obyektiv məsuliyyət deyil. Belə ki, MM-nin 748-7.1-ci maddəsində və müqavilə şərtlərində qeyd edilir ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Normanın məzmunundan göründüyü kimi, burada lizinq alanın üzərinə lizinq obyektinin hər cür risklərdən və təhlükələrdən “qorumaq” öhdəliyi qoyulur. Yəni, lizinq alan baş verə biləcək riskləri və təhlükələri əvvəlcədən görmək və ya ehtimal etmək imkanına malik olmalıdır ki, lizinq obyektini qorumaq imkanına malik olsun. Məsələn: nəqliyyat vasitəsini gecə küçədə nəzarətsiz qoyarsa və oğurluq hadisəsi baş verərsə, artıq lizinqalanın ehtiyatsızlığı nəticəsində lizinqverənə ziyan vurulmuş olur. Hazırkı halda isə, cinayət işi üzrə araşdırma zamanı verilmiş ekspert rəyindən göründüyü kimi, yanğın hadisəsi əvvəlcədən görülə və ehtimal edilə bilməyən hadisə (avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədədə elektrik naqillərində yaranmış qəza nəticəsində naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması) nəticəsində baş vermişdir. İddiaçı tərəfindən məhkəməyə hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuna və müqavilə şərtlərinə əsasən lizinqalanın iddiaçı qarşısında mülki məsuliyyəti yaranmadığından iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 503/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia Cavabdeh 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8988 manat dəymiş zərər, ümumilikdə 11000 manat borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində də rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.