Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-222/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx ” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , “xxxx” ASC-nin “xxxx” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, O000662149 saylı müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, L5350/20 saylı bildirişin etibarsız hesab edilməsi və iddianın təmin tədbiri qismində “xxxx” ASC-dən “xxxx” MMCnin xeyrinə əvvəlki həcmdə mal təchizatına və çıxışının davam etdirilməsinin “xxxx ASC-nin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin təmin edilməməsi üçün məhkəmənin gəldiyi “nəticə” doğru deyildir və məhkəmədə qaldırılmış iddia, uzunmüddətli kommersiya fəaliyyəti ilə bağlı mübahisədir. Həmçinin iddiaçının kommersiya fəaliyyəti sırf cavabdehin istehsal etdiyi sement məhsullarının alqı-satqısı üzərində qurulmuşdur. Cavabdeh öz qanunsuz hərəkətləri, iddiaçının fəaliyyətini tam məhdudlaşdırılması və iddiaçının bir şirkət olaraq iflas edilməsinə yönəlməsi gələcəkdə də onun bu hüquqlarının tamamilə pozulması ilə nəticələnən hərəkətlərə yol vermələri belə nəticəyə gəlməyə kifayət qədər əsas verir ki, iddianı təmin etmə tədbirinin tətbiq edilməməsi, qətnamənin gələcəkdə icrasını qeyrimümkün edəcəkdi. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbirləri iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, hazırkı halda irəli sürülmüş iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasib olmadığından, yəni iddianı təmin etmə tədbiri qismində işə mahiyyəti üzrə baxılanadək “xxxx” ASC-dən “xxxx” MMC-nin xeyrinə əvvəlki həcmdə mal təchizatına və çıxışının davam etdirilməsinin “xxxx ASC-nin üzərinə vəzifə kimi qoyulması qətnamənin icrasını təmin etmək məqsədi deyil, işə baxılanadək iddiaçının əmlak mənafelərini qorumaq məqsədi daşıyır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3987/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-222/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-222/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver