Məhkəmə qərarları › İş №2-2(103)-224/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-224/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-224/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1928/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı «X3 Təsərrüfatı» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «X3 Təsərrüfatı» MMC cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1928/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı «X3 Təsərrüfatı» MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2012ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən «xxxx» ASC dəyəri 635250 manat olan beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra «X3 Təsərrüfatı» MMC-nin mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, «X3 Təsərrüfatı» MMC isə avadanlığın dəyərindən 61500 manat məbləği əvvəlcədən «xxxx» ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında həmin lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli D-02- LA/12 nömrəli razılaşma bağlanmış və razılaşmaya əsasən «xxxx» ASC qalıq dəyəri 182950 manat olan peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra «X3 Təsərrüfatı» MMCnin mülkiyyətinə verilməsi şərti ilə 6 il müddətədək lizinqə verməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, onun tərəfindən 1 ədəd yempaylayan avadanlıq üçün müqavilənin 20%-i məbləğində cavabdehə ilkin ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli “xxxx” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 273 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən cavabdehdən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Halbuki bu texnika Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına aiddir. Bu səbəbdən də lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməli və cavabdehin üzərinə həmin güzəştin tətbiq edilməsi barədə öhdəlik qoyulmalıdır. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirir ki, iddia ərizəsi Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən rədd edilməlidir. Belə ki, tərəflər arasında müqavilə xx xxxxxx 2012-ci il tarixdə bağlanmışdır. Bununla da müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Həmin Qaydaların 2.3-cü bəndinə görə xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Həmin Qaydaların 2.7-1-ci bəndində isə təsbit olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırki iş üzrə «xxxx» ASC-yə deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiyasına aiddir. Ona görə kollegiya belə nəticəyə gəlir ki, hazırkı iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyünə görə sübutlar araşdırılmadan rədd olunmalıdır. Birinci instansiya məhkəməsi də iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, lakin maddi hüquq normalarını pozaraq gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçının çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı «X3 Təsərrüfatı» MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1928/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «X3 Təsərrüfatı» MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar