Məhkəmə qərarları › İş №2-2(103)-225/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-225/2025

31.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-225/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8357/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Hüquqi şəxs haqqında məlumata əsasən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdır.

2. Vergi orqanı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

3. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlər "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

4. Vergi orqanı ilə "xxxx" MMC arasında bağlanmış 17 iyul 2019-cu il tarixli qarşılıqlı məlumat mübadiləsinə dair müqavilələrin 4.1.5-ci bəndindən görünür ki, vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsidir.

5. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 6204,68 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 676,44 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 124,84 manat təşkil edir.

6. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 10,14 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 676,44 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 124,84 manat təşkil edir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi tərəfindən ödəmə tapşırığı əsasında 6280 manat məbləğində vergi borcunun ödənildiyi görünür.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərəncamdan vergi orqanı tərəfindən dövlət büdcəsinə olan 6124,56 manat məbləğində borca görə vergi ödəyicisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına tutma yönəldildiyi görünür. 8. Birinci instansiya məhkəməsindəki icraat:

9. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 4824,88 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 676,43 manat, İşsizlikdən Sığorta Fonduna olan 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 125,81 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna 125,81 manat, Dövlət Sosial Müdafiə Fonduna 676,43 manat, dövlət büdcəsinə 4824,88 manat məbləğində (o cümlədən vergilər üzrə 4450,99 manat, faizlər üzrə 373,89 manat) olmaqla ümumilikdə 5660,44 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********234600, xx.xx.2024-cü il tarixli **********500200, xx.xx.2024cü il tarixli **********197300, xx.xx.2024-cü il tarixli **********368200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləǧini ödəməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8357/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, ərizə məhkəmənin icraatında olarkən vergi ödəyicisi tərəfindən ödəmə tapşırığı əsasında 6280 manat məbləğində pul dövlət büdcəsinə ödənilmiş, vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 676,44 manat, İşsizlikdən Sığorta Fonduna 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna 124,84 manat borcu qalmışdır. Məhkəmə həmin borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etmişdir. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq vergi borcu üzrə ərizədə qeyd olunan borcu tam ödədiyindən (ərizədə hüquqi şəxsin 4824,88 manat vergi borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququ xahiş olunmuş, hüquqi şəxs vergi borcuna görə 6280 manat ödəniş etmişdir), qalıq vergi borcu cuzi olduğundan və vergi orqanının müvafiq fondlara olan borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (bank hesabına sərəncam qoyulması, ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən, hüquqi şəxsin qalıq borcu ərizədə qeyd olunan borclara münasibətdə az olduğundan məhkəmə hesab etmişdir ki, qalıq borclara görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

13. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, məhkəmə işə baxarkən işi tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

15. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. -65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. -65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. -65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. -65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. -65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. -65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. -65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. -77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

19. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Bundan sonra vergi orqanı dövlət büdcəsinə olan ümumilikdə 5660,44 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X3 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatında olarkən vergi ödəyicisi tərəfindən ödəmə tapşırığı əsasında 6280 manat məbləğində pul dövlət büdcəsinə ödənilmiş, vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 676,44 manat, İşsizlikdən Sığorta Fonduna 33,32 manat, İcbari Tibbi Sığorta Fonduna 124,84 manat borcu qalmışdır.

23. Kollegiya qeyd edir ki. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar.

24. Avropa İnsan Hüquqları Konvensiyasına 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz

25. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.

26. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər.

28. Beləliklə, hazırkı halda vergi ödəyici vergi borcu üzrə ərizədə qeyd olunan borcu tam ödədiyindən (ərizədə hüquqi şəxsin 4824,88 manat vergi borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququ xahiş olunmuş, hüquqi şəxs vergi borcuna görə 6280 manat ödəniş etmişdir), Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta Fonduna və İcbari tibbi Sığorta Fonduna qalıq borcun yüksək olmadığını, vergi ödəyicisi tərəfindən qalıq borcuna nəzərən dəfələrlə yüksək məbləğdə olan borcların ödənildiyini və vergi orqanının müvafiq fondlara olan borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (bank hesabına sərəncam qoyulması, ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qalıq borclara görə maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8357/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar