Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-226/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2018-ci il tarixli P09/18 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı malmaterialları satmağı, cavabdeh isə həmin malın tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. 16 ədəd elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 840.791,37 manat dəyərində mal-material satılmışdır.
3. xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə qalıq borcu ƏDV-siz 930546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı cavabdehdən 311073 manat məbləğində əsas borcun və 203412 manat məbləğində dəbbə pulunun, cəmi 514485 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında P09/18 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən mal alıcıya tam həcmdə çatdırıldıqdan sonra 5 (beş) bank günü ərzində alıcı satılmış malların dəyərini satıcının bank hesabına köçürməlidir. Malların cavabdehə çatdırılmasına, həmçinin malların dəyəri ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün cavabdehə elektron qaimələrin göndərilməsinə baxmayaraq ödənişin bir qismi olan 453608 manat məbləğində pulun və müqavilənin 5.2-ci maddəsinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həddində cərimənin - 203412 manat məbləğinin ödənilməsi üçün aidiyyəti üzrə Mediasiya Şurasına və Kommersiya Məhkəməsinə müraciət ediləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixində müvafiq pretenziya təklif göndərilmişdir. Təklifin göndərilməsindən sonra cavabdeh tərəfindən 142.535 manat məbləğində pul vəsaiti ödənilsə də digər məbləğlər yəni 514.485 manat məbləğində pul vəsaiti hələ də ödənilməmişdir. Bu səbəblə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək üçün ilkin mərhələdə mediasiya təklifi ilə cavabdehə müraciət edərək qalıq borcu olan 311073 manat məbləğində əsas borcun və 203412 manat məbləğində dəbbə pulunun ödənilməsi üçün işin mediasiya qaydasında həllinə görə aralarında razılığa gəlinməsini mediasiya təklifi ilə qarşı tərəfə bildirmişdir. Təklif cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bundan əlavə olaraq cavabdehə e-taxes sistemi üzərindən onlayn kargüzarlıq bölməsindən, həmçinin kağız daşıyıcıda xx.xx.2023-cü il tarixində pretenziya-təklif ünvanlanılmış və çatdırılmışdır. Lakin cavabdeh tərəfindən bugünədək borclu olduğu pul ödənilməmişdir. xx.xx.2023 tarixində 14 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirilmiş və nəticədə müvafiq arayış verilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilərək Cavabdehndən 280.004,56 manat məbləğində əsas borc və 15553 manat dəbbə pulu olmaqla cəmi 295.557,56 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcu tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş üzləşmə aktının, elektron qaimələrin və ödəniş tapşırıqlarının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin 311.073 manat məbləğində borcu olması cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən, həmçinin cavabdeh tərəfindən həmin borc məbləğindən 31068,44 manat ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən təsdiq edildiyindən və eyni zamanda bu hallar iş materiallarında olan sənədlərlə sübuta yetirildiyindən iddiaçı və cavabdeh həmin faktları sübut etmək vəzifəsindən azaddırlar. Odur ki, göstərilən hallar işin mübahisəsiz xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməklə, alqısatqı müqaviləsi üzrə 280.004,56 manat (311.073 – 31.068,44) cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir.
9. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 15553 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 15.553 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən cərimə borcunun tənasübsüz olaraq yüksək olması qənaətinə gəlinərkən borcun da kifayət qədər böyük bir məbləğ olması, həmin borca görə iddiaçının çox ağır zərərlərlə üzləşməsi, digər 3-cü şəxslər qarşısında öhdəliyini icra edə bilməməsi və sair şərtlər gözardı edilmişdir. Halbuki iddiaçıya məhkəməyə verilən iddia tələbindən daha çox həcmdə həm maddi, həm də işgüzar nüfuza zərər dəymişdir ki, bütün bunların tələb edilməyərək cavabdehə iddiaçı tərəfindən güzəştə gedilməsi nəzərə alınmamışdır.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı malın təqdim edilməsi ilə əlaqədar təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə zamanı isə təhvil-təslim aktlarının olmasını sübut edə bilməmişdir. Cavabdehə ilkin mediasiya sessiyasına hazırlaşması üçün vaxt verilməli idi. Ancaq cavabdehə vaxt verilməmişdir. Hətta mediator tərəfindən bildiriş göndərilən zaman 5 günlük tələbə əməl edilməmişdir. Yəni bildiriş göndərilən zaman bildirişin tarixi xx.xx.2023-cü il olmuş və ilkin mediasiya sessiyasını xx.xx.2023-cü il tarixə təyin etmişdir. Bildirişin göndərilmə tarixi ilə ilkin mediasiya sessiyasının keçirilməsi tarixləri arasında 4 günlük müddət olmuşdur. Yuxarıda qeyd edilən tələblərə mediator tərəfindən əməl edilib-edilməməsi hakim tərəfindən yoxlanılmalı və iddia ərizəsi geri qaytarılmalı idi. Cavabdehin qanuni təmsilçisi hüquqşünas olmadığı üçün qanunvericiliyin tələblərini bilmədiyindən qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Mediator tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinin tələbinin pozulmasına görə iddia ərizəsinin geri qaytarılması və ya baxılmamış saxlanılması haqqında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində norma yoxdur. Ancaq bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası tətbiq edilərək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə istinad edilərək ərizə baxılmamış saxlanılmalıdır. Müraciətə arayışın əlavə edilməməsi və ya ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışın “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinin tələbinin pozulmaqla verilməsi eyni məna kəsb edir. İddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl və veriləndən sonra cavabdeh tərəfindən pul vəsaitləri və ƏDV ödənilmişdir. Mülki işin tam və obyektiv araşdırılması üçün müqavilə müddəti ərzində və iddia ərizəsi məhkəməyə veriləndən sonra nə qədər pul vəsaitinin ödənildiyini və nə qədər borc qaldığının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. E-2-2(113)-4002/2023 nömrəli iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi haqqında qərardad qəbul edilməsi üçün vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə-satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 220.4-ci maddə-qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən dəbbə pulu tələbinin təmin edilmədiyi hissədə və cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə taxta məhsulları satılmış, bu barədə qarşı tərəfə elektron qaimələr göndərilmiş, xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixə qalıq borcunun ƏDV-siz 930546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etdiyini təsdiq etmişdir.
20. İddiaçı cavabdehin 311073 manat məbləğində borcu ödəmədiyini iddia etmiş, cavabdeh iddia qaldırıldıqdan sonra borc üzrə ödəniş etmiş, qalıq 280.004,56 manat məbləğində əsas borcun ödənilmədiyini cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təsdiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borcla bağlı hissədə qətnamənin cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində mübahisələndirilməsi əsassızdır.
21. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili bundan ibarətdir ki, mediasiya barədə bildirişin tarixi xx.xx.2023-cü il olmuş və ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bildirişin göndərilmə tarixi ilə ilkin mediasiya sessiyasının keçirilməsi tarixləri arasında 4 günlük müddət olmuş, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinin tələbi pozulmuşdur. Buna görə də iddia ərizəsi qaytarılmalı və ya baxılmamış saxlanılmalı idi.
22. Məhkəmə bu dəlillə bağlı bildirir ki, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı proses olduğundan apellyasiya şikayətində qeyd edilmiş bu əsas iddianın baxılmamış saxlanılması üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsinin qaytarılması və baxılmamış saxlanılması əsasları MPM-də konkret olaraq müəyyən edilmiş, MPM-nin 152.1.6-1-ci maddədə qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia qaytarılmalıdır.
23. Dəbbə pulu tələbinin təmin edilmədiyi hissə ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğ həmin bənddə nəzərdə tutulmuş vaxt çərçivəsində (5 (beş) bank günü ərzində) alıcı tərəfindən ödənilmədikdə, alıcı hər gecikdirilmiş günə geçikdirilmiş məbləğin 0,1 % məbləğində, amma vaxtında ödənilməmiş məbləğin 5 %-dən çox olmamaq şərtilə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı halda iddia qaldırılan tarixə cavabdehin qalıq borcu 311073 manat olmuş, məhkəmə tərəfindən müqavilə şərti və MPM-nin 467-ci maddəsinin tələbi nəzərə alınaraq cavabdehdən həmin məbləğin 5 %-i məbləğində 15553 manat dəbbə pulu tutulmuşdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, dəbbə pulu tələbi ilə bağlı hissədə qətnamə qanuni və əsaslı olduğundan həmin hissədə qətnamənin ləğv edilməsi barədə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.