Məhkəmə qərarları › İş №2-2(103)-227/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-227/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-227/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi Açar söz: aktın etibarsız hesab edilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və s.” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3043/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. MKT İstehsalat Kommersiya MMC-nin İmişli filialı ilə "xxxx" MMC arasında xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi və MKT İstehsalat Kommersiya MMC-nin İmişli filialı ilə Azərişıq ASC arasında xx.xx.2022-ci il tarixli elektik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Müqavilələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akta əsasən 10/35/10 kV-luq İmişli y/st-da 1 saylı 25MVA transformatorun 10kV-luq sistem şin tərəfində olan vakuum açarından obyektə tərəf tələbatçının balansındadır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3043/2024 saylı qərardadı ilə xx.xx.2019-cu il tarixli elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinin mütəxəssisi cəlb edilməklə məhkəmə-tikinti ekspertizası keçirilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/6877 saylı rəydən görünür ki, xx.xx.2019-cu il tarixli “Elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar mənsubiyyəti haqqında akt”ın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən tələblərə uyğun olmadığı müəyyən edilmişdir.

6. Bundan başqa qeyd olunan rəyin təsviri-əsaslandırıcı hissəsinin qeyd hissəsindən və "Elektrik enerjisindən istifadə Qaydaları"nın yeni redaksiyasından görünür ki, “elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında akt” ləğv edilmiş və “qoşulma aktı” ifadəsi ilə əvəz olunmuşdur.

7. İş materiallarına əlavə edilmiş Energetika nazirliyi X2 X6 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, balans mənsubiyyəti sərhədinin APQ-nin portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə müəyyən olunmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mövcud olan elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında aktın etibarsız hesab edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq yeni aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əlavə edilmiş “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 110/35/10 KV-luq İmişli y/stda, 1 saylı 25 MVA transformatorun 10 KV-luq çıxış sistemi üzrə müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, mütəmadi olaraq guya 110/35/10 KV-luq İmişli y/st-da yerləşən 10 KV-luq giriş qapalı paylayıcı qurğuda (QPQ) nasazlıqların baş verməsi səbəbindən iddiaçının İmişli rayonunda yerləşən filialına elektrik enerjisinin verilişi cavabdeh tərəfindən dayandırılır. Belə ki, elektrik enerjisinin bərpa olunması ilə əlaqədar tərəflər arasında mövcud olan balans mənsubiyyəti sərhəddinə uyğun olaraq iddiaçının balansındakı 10 KV-luq giriş qapalı paylayıcı qurğuda zəruri təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən təşəbbüs irəli sürülməsinə baxmayaraq, 10 KV-luq giriş paylayıcı qurğuda yüksək gərginlikli avadanlıqların quraşdırılması səbəbindən həmin əraziyə iddiaçının nümayəndələrinin daxil olmasına cavabdeh tərəfindən məhdudiyyət qoyulmuşdur. Nəzərə alsaq ki, 10 KV-luq giriş paylayıcı qurğuda yüksək gərginlikli avadanlıqlar quraşdırılmışdır və həmin əraziyə hər hansı bir abonentin nümayəndəsinin girişi qadağan edilmişdir, onda görərik ki, tərəflər arasındakı “balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akt qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3043/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında olan 22 noyabr 2019-cu il tarixli “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın etibarsız hesab edilməsi, İddiaçı İmişli filialı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun yeni aktın (qoşulma aktı) tərtib edilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması, Məhkəmə-texniki ekspertizasının dəyəri olaraq 102 (bir yüz iki) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasıdır. Hazırda mövcud olan xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktı qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də, xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akt etibarsız hesab olunmalı və “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun yeni aktın (qoşulma aktı) tərtib edilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 1.3, 5.1, 5.2, 5.2.1, 5.2.2-ci bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3043/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, abonentə xidmət edən bütün elektrik təsərrüfatı (TM, KTM, Cərəyan Transformatorları, balans sayğacları və s.) tamamilə onun balansındadır və MMC baş verə biləcək hər bir hala məsuliyyət daşıyır. Texniki İstismar qaydalarına əsasən elektrik təsərrüfatı kimin balansındadırsa, o da həmin elektrik təsərrüfatına mütəmadi olaraq texniki qulluq göstərməlidir. Bu isə böyük bir vəsait (xərc) tələb etdiyi üçün MMC məsuliyyəti öz üzərindən Cəmiyyətin üzərinə atmağa çalışır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 5.2-ci nəndinə əsasən 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Faktiki olaraq yarımstansiya MMC-nin istismarındadır. Bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən hesab edirik ki, iddia rədd edilməlidir. Məhkəmə 15-ci bənddə “Elektrik enerjisindən istifadə Qaydalarının” 5.2.1-ci və 5.2.2-ci bəndlərinə istinad etmiş, lakin tələblərin uyğun olmadığı müəyyən edildiyini qeyd etmişdir. Halbuki, Qaydalara Cəmiyyət tərəfindən tam əməl edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır 5.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. 5.2-ci maddəsinə əsasən gərginliyi 1000 V və daha yüksək olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.2.1. qapalı paylayıcı qurğulardakı keçid izolyatorunun xarici tərəfindəki birləşdiricisində və açıq paylayıcı qurğuların portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə; 5.2.2. qidalandırıcı, yaxud çıxış elektrik veriliş xətlərinin kabel və ya hava girimlərinin uclarında.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-3043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, abonentə xidmət edən bütün elektrik təsərrüfatı (TM, KTM, Cərəyan Transformatorları, balans sayğacları və s.) tamamilə onun balansındadır və MMC baş verə biləcək hər bir hala məsuliyyət daşıyır. Texniki İstismar qaydalarına əsasən elektrik təsərrüfatı kimin balansındadırsa, o da həmin elektrik təsərrüfatına mütəmadi olaraq texniki qulluq göstərməlidir. Bu isə böyük bir vəsait (xərc) tələb etdiyi üçün MMC məsuliyyəti öz üzərindən Cəmiyyətin üzərinə atmağa çalışır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 5.2-ci nəndinə əsasən 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Faktiki olaraq yarımstansiya MMCnin istismarındadır.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasıdır.

25. Hazırda mövcud olan xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktı qanunvericiliyin tələblərinə uyğun deyildir.

26. Ona görə də, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Aktın etibarsız hesab olunması və “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə uyğun yeni aktın (qoşulma aktı) tərtib edilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə gəldiyi nəticə əsaslıdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar