Məhkəmə qərarları › İş №2-2(103)-228/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-228/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-228/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-609/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” Sığorta Şirkəti ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2014-cü il tarixli MTRCLZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərti ilə cavabdeh “xxxxxxxx” Sığorta Şirkətindən MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin şərtləri daxilində 190047,58 manat dəyərində siyahısı İddiaçı ASC tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli e-2-2(81)- 609/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2-2(103)-644/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 2(102)-27/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-644/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili X4 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "Cavabdeh" Sığorta Şirkəti ilə "İddiaçı" ASC arasında MTRC-LZ 025/1674-014 nömrəli xx xxx 2014-cü il tarixli Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən sığortalı ("İddiaçı" ASC) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı ("Cavabdeh" SŞ ASC) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməsi halında sığorta predmetinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13.3.2-ci bəndinə əsasən ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır, zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə hazırki müqavilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur. Tərəflər arasında əlavə sığorta haqqının ödənilməli olması ilə bağlı əvvəllər mübahisə yaranmış, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı əlavə sığorta haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC-dən Cavabdeh Sığorta Şirkəti ASC-nin xeyrinə 190047,58 manat əlavə sığorta haqqının tutulması qət edilmişdir. Həmin qətnamə icra olunmuşdur. İddiaçı bildirir ki, həmin müqavilə və sığorta şəhadətnamələrinin qüvvədə olduğu müddətdə tərəflər qarşılıqlı olaraq öhdəliklərini 100% icra edildikdən sonra cavabdeh tərəfindən müqavilənin 13.3.2-ci bəndinin şərtlərini rəhbər tutaraq məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(103)-367/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-dən Cavabdeh Sığorta şirkətinə tutulmalı olan 190047,58 manat əlavə sığorta haqqı iddiaçı tərəfindən tam şəkildə Cavabdeh Sığorta şirkətinə ödənildikdən sonra xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edilərək “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” üzrə öhdəliklərinin icra etməsini və həmin ərizəyə qoşmada siyahısı göstərilən avtomobillərə yeni sığorta şəhadətnamələrinin verilməsini cavabdehdən xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 15/2496 saylı məktubla müqavilə və sığorta şəhadətnamələri üzrə müddət bitdiyindən yeni şəhadətnamələrin verilməsinin qeyrimümkün olduğu göstərilmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin də istinad etdiyi və qətnamənin qəbulunda əsas götürdüyü tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 13.3.2-ci bəndinə əsasən “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”. Digər tərəfdən, məhkəmə həmin qətnaməni qəbul edərkən də müqavilə müddəti bitmişdir. Lakin buna baxmayaraq, məhkəmə bu hala Mülki Məcəllənin 903.2 və 390.1-ci maddələri baxımından qiymət verərkən hesab etmişdir ki, cavabdeh tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "Cavabdeh" Sığorta Şirkəti ASC-nin İddiaçı ASC qarşısında hazırda heç bir öhdəliyi, xüsusilə sığorta haqqı ödənilmədən sığortalamaq öhdəliyi yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinin tələbinə əsasən müqavilənin müddəti bitmişdir. Belə ki, müqavilənin qeyd olunan bəndinə görə müqavilənin qüvvəsi xx.xx.2014-cü il tarixdən başlayaraq 12 ay ərzində, yəni xx.xx.2015-ci il tarixədək buraxılmış sığorta şəhadətnamələrinə şamil edilir, hər bir avtomobilin sığorta müddəti isə 12 aydan çox ola bilməz. Beləliklə, müqavilənin qeyd olunan şərtinə əsasən müqavilənin müddəti istənilən halda ən geci xx.xx.2016-cı il tarixədək ola bilərdi, əgər sonuncu sığorta şəhadətnaməsi xx.xx.2015-ci il tarixdə buraxılmış olsaydı. Bu məsələyə Bakı Apellyasiya Məhkəməsi qətnamədə dəqiq və təfsilatı ilə qiymət vermişdir. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbinə görə bu fakt məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyinə görə tərəflər üçün məcburidir və yenidən sübut edilməsinə ehtiyacı yoxdur. Bundan əlavə, qətnamə ilə İddiaçı ASC-dən tutulması qət edilmiş 190047,58 manat hər hansı avtomobilin sığortalanmasına görə "sığorta haqqı" deyil, "əlavə sığorta haqqı" tutulmuşdur. Belə ki, qətnamənin 7-ci səhifəsində xüsusi vurğulanır ki, müqavilənin 13.3.2ci maddəsində ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda sığortalı tərəfindən sığorta haqqının deyil, məhz əlavə sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin qətnamə ilə müəyyən edilmişdir ki, ümumi zərərlik dərəcəsi 100%-dən aşağı olduğu təqdirdə tənzimlənməmiş sığorta haqqının sığortalıya qaytarılması müqavilədə birbaşa qeyd olunduğuna görə, ümumi zərərlik dərəcəsinin 100%-dən çox olduğu təqdirdə sığortaçıya əlavə sığorta haqqının ödənilməsi düzgün hesab edilməlidir. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi qətnamədə qeyd etmişdir ki, müqavilənin mahiyyətindən irəli gələrək zərərlik dərəcəsi 100%-i aşdıqdan sonra sığortaçı (iddiaçı) zərərləri sığorta ödənişi şəklində sığortalıya (cavabdehə) ödəməyə davam etmişdirsə və cavabdeh bu ödənişləri əsassız olaraq almışdırsa, bu halda o, əsassız varlanmış hesab edilməli və aldıqlarını geri qaytarmalıdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin məcburi icra etdirilməsi nəticəsində İddiaçıdən sığorta haqqının deyil, verilmiş sığorta ödənişlərinə görə əlavə sığorta haqqının tutulması Cavabdeh üçün hər hansı öhdəlik yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Həmin Məcəllənin 390.1 və 390.3-cü maddələrində isə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin qeyd olunan müddəalarından imperativ qaydada müəyyən olunur ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddırlar və müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Lakin qanunverici bu qaydadan iki istisnanı müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulması təşkil edir. Lakin hazırkı işdə qeyd olunan istisna hallar mövcud deyildir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi tərəflər arasında bağlanmış hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsinin 13.3.2-ci bəndinə və qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə istinad etmişdir. Həmin sığorta müqaviləsinin 13.3.2-ci bəndinin məzmunundan aydın olur ki, ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduqdan sonra yalnız sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə müqavilənin hərəkətini bərpa etmək olar. Lakin tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC müqavilənin şərtlərinə görə əlavə sığorta ödənişi ödənilmədiyi halda sığorta ödənişlərini həyata keçirməkdə davam etmiş, sığortalı İddiaçı ASC isə bu ödənişləri almış, lakin əlavə sığorta haqqını ödəməmişdir. Belə ki, həmin qətnamədə qeyd olunmuşdur ki, müqavilənin mahiyyətindən irəli gələrək, zərərlik dərəcəsi 100%-i aşdıqdan sonra sığortaçı (iddiaçı) zərərləri sığorta ödənişi şəklində sığortalıya (cavabdehə) ödəməyə davam etmişdirsə və cavabdeh bu ödənişləri əsassız olaraq almışdırsa, bu halda o, əsassız varlanmış hesab edilməli və aldıqlarını geri qaytarmalıdır”. Daha sonra məhkəmə əsassız varlanmaya dair Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin həmin iş üzrə cavabdeh İddiaçı ASC iddia tələbinə yazılı etiraz etmiş və öz etirazında göstərmişdir ki, “müqavilənin 13.3.2-ci bəndinin mənasına görə zərərlik dərəcəsi 100%-i keçdikdə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC dərhal sığortalı İddiaçı ASC-yə tərəflər arasında imzalanmış müqavilənin 14.1-ci bəndində göstərilən qaydada bildiriş verməli və müqavilənin hərəkətinin bərpa edilməsi üçün hansı məbləğdə əlavə sığorta haqqı ödənilməli olduğunu bildirişdə göstərməli idi. İddiaçı ASC isə bildirişdə qeyd olunan məbləği ödəməklə bağlı razılığın bildirdikdən və həmin məbləğ Cavabdeh Sığorta Şirkəti ASC-yə ödənildikdən sonra müqavilənin hərəkəti bərpa olunmalı idi. Lakin hansısa maraqlarına görə sığortaçı şirkət müqavilənin bu bəndinə əməl etməyərək, məqsədli şəkildə sığorta ödənişlərini ödəməyə davam etmişdir”. Göründüyü kimi həmin mübahisənin predmeti məcburi qaydada sığorta haqqının ödənilməsi ilə müqavilə müddətinin uzadılması deyil, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ASC-yə artıq ödənilmiş sığorta ödənişlərinə görə müqavilənin 13.3.2-ci bəndinə uyğun hesablanaraq ödənilməli olan, lakin ödənilməyən əlavə sığorta haqqının tutulması olmuşdur. Eyni zamanda İddiaçı ASC-nin həmin iş üzrə mövqeyindən də aydın olur ki, lizinq şirkəti müqavilənin 13.3.2-ci bəndinə uyğun olaraq əlavə sığorta haqqının ödənilməsində maraqlı olmamış və bunu Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona göndərilməli olan, lakin göndərilməyən bildirişlə əlaqələndirmişdir. Bununla yanaşı o, artıq ödənilmiş sığorta ödənişlərini almış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun bu hərəkəti əsassız varlanma kimi qiymətləndirilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırda iddiaçı məhz həmin bəndə və qətnaməyə istinad edərək müqavilə müddətinin uzadılmış hesab edilməsini tələb edə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki iddia yalnız o halda əsaslı hesab olunardı ki, ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduğu andan etibarən sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişlərini verilməsini dayandırardı, bundan sonra sığortalı İddiaçı ASC könüllü olaraq əlavə sığorta haqqını ödəyərdi, sığorta şirkəti isə müqavilənin hərəkətini bərpa etməkdən imtina edərdi. Lakin yuxarıda da qeyd olunduğu kimi bunun əksinə olaraq sığortaçı sığorta ödənişlərinin verilməsini davam etmiş, sığortalı bu ödənişləri qəbul etmiş, bununla yanaşı əlavə sığorta haqqını ödəməkdən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-609/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar