Məhkəmə qərarları › İş №2-2(103)-228/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-228/2021

26.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-228/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MMC-yə və 3-cü şəxs “X3” Şirkətinə qarşı müqavilənin etibarsız sayılması və dövlət əmlakının qaytarılması tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı “X3” Şirkəti cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh MMC-yə, “xxxx” Trestinə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadı ilə tərəflərin barışıq sazişinə dair ərizələri təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi və iddianın tərəflərin aralarında bağlanan xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli qərardadı üzrə icra sənədinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişinin təsdiqindən sonra Cavabdeh MMC qeyd edilən 2 dəst “Uralmaş-5000 DQU” Qazma Qurğularını ARDNŞ-nin “xxxx” Trestinə qaytarmış, lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qaytarılması qeyd olunan əmlakların (1 ədəd - Vişka BV 53x320, 2 ədəd- BL 1200, 2 ədəd sürətlər qutusu, 5 ədəd nasos Y8x6M, 11 ədəd - mühərrik V2-450, 4 ədəd - 1 şkifli aqreqat, 4 ədəd - 2 şkifli aqreqat, 2 ədəd - mərkəzli şkifli aqreqat, 2 ədəd - firlanqıc-250T, 2 ədəd – qarmaqdan ibarət avadanlıqları) qaytarılmasını təmin etməmiş və hər dəfə bir bəhanə ilə qaytarmaqdan yayınmışdır. Ona görə də, barışıq sazişinin təsdiqinə dair qərardadla bağlı icra vərəqəsi verilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə etdi. İşdə iştirak edən digər şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadının nəticə hissəsində, sözügedən əmlaklar göstərilmədiyinə görə həmin əşyaların qaytarılması ilə bağlı icra vərəqəsinin verilməsi mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə icra vərəqəsinin verilməsi ilə bağlı ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişində tərəflərin bir-birinə geri qaytarmalı olduğu avadanlıqların konkret adları göstərilməsə də, həmin sazişin 1.2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə uyğun olaraq tərəflər razılaşırlar ki, xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi etibarsız olduğundan, tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı öhdələrinə götürürlər. Barışıq sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadının əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Neft Şirkətinin “Bayıl Liman” DKQİ-si ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli aktına görə “Bayıl Liman” DKQİ Cavabdeh MMC-yə 5000 DQU tipli avadanlıqların hissələrini qaimə üzrə vermiş və əvəzində 3D-76 qurğusunun hissələri olan: 1 ədəd - Vişka BV 53x320, 2 ədəd – BL 1200,2 ədəd sürətlər qutusu, 5 ədəd nasos Y8x6M, 11 ədəd - mühərrik V2-450, 4 ədəd – 1 şkifli aqreqat, 4 ədəd - 2 şkifli aqreqat, 2 ədəd mərkəzli şkifli aqreqat, 2 ədəd – fırlanqıc 250T, 2 ədəd - Kranblok-320 t, 2 ədəd - qarmaq alınmışdır. Barışan tərəflər nəzərdə tutmuşlar ki, yuxarıda adları çəkilən avadanlıqları birbirinə qaytaracaqlar. Göründüyü kimi qərardadın nəticə hissəsində və barışıq sazişində konkret hansı avadanlıqların geri qaytarılmalı olması göstərilməsə də, qərardadda xx xxxxxx 2007-ci il tarixli akta istinad olunaraq məhz həmin aktda göstərilən avadanlıqların geri qaytarılması barədə razılığın əldə olunması müəyyən edilmiş və məhkəmə də həmin sazişi təsdiq etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, formal olaraq qərardadın nəticə hissəsində və barışıq sazişində konkret hansı avadanlıqların geri qaytarılmalı olmasının qeyd olunmaması həmin qərardad üzrə icra vərəqəsinin verilməsindən imtina üçün əsas ola bilməz və məhkəmə düzgün olmayaraq icra vərəqəsinin verilməsindən imtina etmişdir. Göstərilən halları, o cümlədən icra vərəqəsinin verilməsi səlahiyyətinin birinci instansiya məhkəməsinə aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və icra vərəqəsinin verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İcra vərəqəsinin verilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar