Məhkəmə qərarları › İş №2-2(103)-228/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-228/2022

25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-228/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-963/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2-2(81)- 963/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər “Panoram Developments LTD” şirkəti və Cavabdeh2 MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilərək, İddiaçı MMC ilə “Panoram Developments LTD” şirkəti arasında bağlanmış 1/2018 nömrəli, 1 mart 2018-ci il tarixli Payların alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin İştirakçılarının ümumi yığıncağının 1 mart 2018-ci il tarixli, 1/2018 nömrəli və 13 mart 2018-ci il tarixli, 2/2018 nömrəli qərarlarının etibarsız hesab edilməsi və İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə nizamnamə kapitalına əlavə pay şəklində qoyduğu 36.905.199 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,62151 hektar torpaq sahəsində yerləşən 7997,5 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X3 həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə ürəyində əməliyyat olunduqdan sonra, mütəmadi olaraq həkim nəzarətindədir və daimi tibbi müayinələrdən və proseduralardan keçir. Eyni zamanda, həmin tibbi proseduralar həm ambulator, həm də stasionar şəraitdə keçirilir. Bundan başqa, onun arvadı onkoloji xəstə olduğundan, iddiaçı özündən başqa, arvadının həm əməliyyat öncəsi, həm də əməliyyatdan sonrakı tibbi müayinə və tibbi proseduralarının təşkil edilməsi, yəni arvadının mütəmadi olaraq müxtəlif tibb müəssisələrinə apararaq, onu müşayiət etmək məcburiyyətində qaldığından, hazırki qətnamədən vaxtında şikayət verə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-2(81)-963/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X3 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 95-ci vərəqəsində olan qəbzdən görünür ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2-2(81)-963/2018 saylı qətnaməsi 14 aprel 2021ci il tarixdə X2 şəxsən rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 22 noyabr 2021ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 15 may 2021-ci il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 22 noyabr 2021-ci il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəf kimi X3 deyil, Cavabdeh2 MMC çıxış edir. Ona görə də, hüquqi şəxsin qanuni təmsilçisinin səhhətində yaranan problemlər hüquqi şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbləri kimi qəbul edilə bilməz. Bundan başqa, ərizəyə əlavə olunmuş tibbi sənədlərdən görünür ki, həmin sənədlər qətnamənin qanuni təmsilçiyə rəsmi qaydada verildiyi tarixdən əvvəlki tarixlərə aiddir. Elmar Səidovun arvadına aid xəstəlik tarixindən çıxarışdan isə görünür ki, sonuncu 24.05.2021-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti vermək üçün müəyyən edilən 1 aylıq prosessual müddət ötürüldükdən 10 gün sonra xəstəxanaya giriş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hallar buraxılmış prosessual müddətin bərpa edilməsi əsası kimi çıxış edə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-963/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar