Məhkəmə qərarları › İş №2-2(103)-230/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-230/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-230/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli 2-2(113)-3990/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 17.12.2020-ci il tarixli, e-2-2(113)-3990/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli, e-2-2(113)-3990/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki Prosessual Məcəllədə onun 269-cu maddəsinə uyğun olaraq şikayətin təmin edilməməsi və şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. İddiaçı isə həmin qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi də həmin şikayətin mümkünlüyü məsələsinə heç bir münasibət bildirmədən şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətin mümkünlüyü üçün prosessual əsaslar olmadığına görə şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli 2-2(113)-3990/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar