Məhkəmə qərarları › İş №2-2(103)-230/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-230/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-230/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması . Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5495/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcını bu müqavilənin 1.2-ci bəndində göstərilən mişar daşları ilə təmin etməyi, alıcı isə materialları qəbul edib əldə olunan razılığa əsasən müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə görülən iş – Cavabdeh MMC-nin inşa etdiyi tikinti obyektlərini zəruri mişar daşları ilə təmin etməkdir.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən alınacaq materialların qiyməti satıcı və alıcı tərəfindən qarşılıqlı razılaşdırma əsasında müəyyən edilir.

4. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən ödənişlər, materiallar göndərildikdən və materialların qaimələri təqdim edildikdən sonra qanunvericiliklə nəzərdə tutuluş qaydada aparılır.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 01 iyul 2021-ci il tarixədək müəyyən edilir.

6. Sözügedən müqaviləyə 30/50 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı müqavilənin şərtlərinə əsasən Əlavədə göstərilən malları (mişar daşı, qum, atsep) əlavədə qeyd edilmiş qiymətlərlə malları çatdırmalı, alıcı isə müəyyən olunmuş məbləği “xidmət göstərənə” müqavilədə göstərilən müddətdə ödəməlidir.

7. 23 aprel 2021-ci il tarixli malların təhvil aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBA 925601 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 13500 manat, EBBA 925621 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 1600 manat, EBBA 925628 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 16500 manat, EBBA 925731 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 3200 manat, EBBA 925838 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 700 manat, EBBA 925843 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 714 manat, EBBA 925845 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 21000 manat, EBBA 676994 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 30150 manat, ümumilikdə 87364 manat dəyərində malların təhvil verildiyini aktları imza və möhürlə təsdiq etməklə qəbul etmişdir.

8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavbadehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı müqavilə üzrə borcun xx/xx/2022-ci ildən gec olmayaraq ödənilməsi cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 105164 manat əsas borc, 7887,3 manat faiz, ödənilmiş 222,50 manat rüsum, 400 manat mediasiya xərci və 50 manat hüquqi yardıma görə xərc olmaqla, cəmi 113723,80 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının təhvil verdiyi və dəyəri cavabdeh tərəfindən ödənilməmiş borcun dəyəri 105164 manat təşkil edir. İddiaçı ilkin iddia verərkən ƏDV məbləğini nəzərə almamış, hazırda iddia tələbini dəqiqləşdirmək zərurəti yaranmışdır. Eləcə də, son dəfə xx.xx.2021-ci il tarixdə mal vermiş və xx.xx.2020ci il tarixli 30/50 saylı müqavilənin şərtlərinə əsasən 3.2-ci bəndə uyğun olaraq ödəmələr malların qaimələri təqdim edildikdən sonra ödənilir. 2021-2022-ci illər üzrə Milli bank uçot dərəcəsi ilə orta uçot faiz məbləği 2021-ci il üzrə 7 %, 2022-ci il üzrə 7,5% təşkil edir. AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən tələb etdiyi pul məbləği borc üzrə 105164 manat, faiz məbləği 18 ay üzrə ilə 5 faiz hesabı ilə 7887,3 manat manat təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5495/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 105164 manat məbləğində pulun, 50 manat hüquqi yardıma görə xərcin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

14. Məhkəmə cavabdehin xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 105164 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

15. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 7887,3 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5495/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasında iddia edir ki, xx.xx.2020-ci il tarixli, 30/50 saylı alqısatqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 105164 manat məbləğində borcu yaranmışdır və bu borc bugünədək ödənilməmişdir. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilən 8 ədəd e-qaimə 105164 manat məbləğində yox, 103089.52 manat təşkil edir. İddia üzrə tələb edilən və qaimə üzrə təqdim edilən məbləğdə 1574.57 manat dəyərində fərq mövcuddur. Həmçinin təqdim edilən 8 ədəd e-qaimələrin təyinat hissəsində də qeyd olundu kı, təqdim edilən mallar tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixində 30/50 saylı alqı-satqı müqaviləsi üzrə yox, xx.xx.2019-cu il tarixli 30/10 saylı müqaviləyə əsasən satılmşdır. Həmin müqavilənin 4.1-cı maddəsinə əsasən müqavilə 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək qüvvədə qalır”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 30/10 saylı müqavilə üzrə də cavabdeh tərəfindən iddiaçıya 29500 manat məbləğində bank köçürmə yolu ilə ödəniş edilmişdir. Lakin İddiaçı bu məlumatları məhkəməyə təqdim etməmiş, məhkəməni yanıltmışdır. Məhkəmə də aparılan ödənişləri nəzərə almadan səhv qərar vermişdir. Bununla yanaşı iddiaçı iş materiallarına sübütedici sənəd kimi xx.xx.2021ci il tarixdə səlahiyyətsiz şəxslər tərəfindən imzalanmış təhvil təslim aktları da təqdim etmiş. aktlara imza atan şəxlərdən biri Səfiyev A. Adlı şəxs isə heç “X2” MMC-nin işçisi də deyil. Lakin məhkəmə, aktlara imza atan şəxslərin kim olduğunu, səlahiyyətli olub olmamasını, “X2” MMC-nin işçisi olub olmadığını, imzalar kimə aid olduğunu və həqiqətən də qeyd olunan şəxslər tərəfindən imzalanıb imzalanmasını araşdırmamış, ekspertizaya göndərilməmişdir, sübutedici sənəd kimi qiymətləndirilmişdir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında hansı müqavilə əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməliidi. Lakin məhkəməyə təqdim edilən müqavilə üzrə borcu təsdiq edən sənədlər (e-qaimə, təhvil-təslim aktı, üzləşmə aktı) mövcud deyil, təqdim edilən qaimələr qüvvədə olmayan müqavilə üzrə təqdim edilmiş, təqdim edilən təhvil-təslim aktlar səlahiyyəti olmayan nəməlum şəxslər tərəfindən imzalanmış, xx.xx.2019-cu il tarixli 30/10 saylı müqavilə üzrə aparılan 29500 manat məbləğində ödəniş nəzərə alınmamış, iddia üzrə 105164 manat məbləğində pul tələb etdilsə də, təsdim edilən e-qaimələr üzə həmin məbləğ 103089.52 manat təşkil edir. İddia üzrə tələb edilən və qaimə üzrə təqdim edilən məbləğdə 1574.57 manat fərq nəzərə alınmamış. Göründüyü kimi, satıcı adı çəkilən alqı-satğı müqaviləsinə uyğun malların təhvil verməsini təsdiq edən sənədləri təqdim etdiyi və ya buna dair sübutları verdiyi təqdirdə alıcıdan pulları tələb etmək hüququ yaranır. İddiaçı tərəfindən məhkəməyə “sübut” kimi təqdim edilən elektron qaimələrdə malın qəbul edilməsinə dair imza mövcud deyildir. Eyni zamanda qeyd edirik ki, malların elektron qaimə əsasında verilməsinin iddia edilməsi yanlışdır. Belə ki, mallar təhvil verilən zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinə uyğun olaraq malların təhvil qəbul aktı tərtib edilməli idi. Və ya ən azından həmin malların qəbulunda dair aktı, bu olmadıqda eqaimədə qeyd edilən “təhvil aldım” hissəsində müvafiq imza/qeyd olmalı idi. Bütün bunlara dair hər hansı sənəd/sübut olmadığı təqdirdə məhkəmə belə bir qərar vermişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayəti ilə qismən razılaşmış və izahatında qeyd etmişdir ki, EBBA 925731 nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə təhvil verilmiş malın dəyəri texniki səhvə yol verilərək qətnamədə 3200 manat əvəzinə 21.000 manat qeyd edilmişdir.

19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.

20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.. 399.1-ci maddə-müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə-əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə-əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də dəlillərinə əsasən cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-5495/2022 qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 17.800 manat pulun tutulması hissəsində rədd edilməlidir.

23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə tikinti materialları satılmışdır.

24. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri budur ki, iddiaçı tərəfindən müqavilə üzrə malların cavabdehə təhvil verilməsi mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən bununla bağlı məhkəmə sübut qismində təqdim edilmiş, üzərində cavabdehin səlahiyyətli şəxsinin imzası və Cavabdeh MMC-nin möhürü olan təhvil-təslim aktlarından və elektron qaimələrdən görünür ki, cavabdehə ümumilikdə 87364 manat dəyərində mal təhvil verilmişdir.

25. Lakin məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, təhvil verilmiş malların ümumi dəyəri və buna müvafiq olaraq cavabdehin borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, EBBA 925731 nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə təhvil verilmiş malın ƏDV-siz dəyəri səhvə yol verilərək qətnamədə 3200 manat əvəzinə 21.000 manat qeyd edilmiş, nəticədə cavabdehdən iddiaçının xeyrinə 17800 manat artıq pul tutulmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə təsdiq etmişdir ki, EBBA 925731 nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə təhvil verilmiş malın ƏDV-siz dəyəri təhvil-təslim aktında da 3200 manatdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, iddia 17.800 manat pulun tutulması hissəsində əsassız olduğu üçün rədd edilməlidir.

26. Cavabdehin digər dəlili ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli 30/10 saylı müqavilə üzrə aparılan 29500 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmiş, birinci instansiya məhkəməsinə ümumiyyətlə iddiaya etiraz təqdim etməmişdir. İddianın mübahisələndirilən qalan hissədə rədd edilməsi barədə əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-5495/2022 qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 17.800 manat pulun tutulması hissəsində rədd edilməlidir.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5495/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 17.800 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (cavabdehdən 87364 manat əsas borc, 50 manat hüquqi yardım xərci, 400 manat mediasiya xərcinin tutulması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar