Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-230/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: hüquqi xidmət, tapşırıq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4329/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022ci il tarixdə müqavilə bağlanmış, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək cavabdehə xidmət göstərilmişdir. Müqavilədə aylıq xidmət haqqı 1200 manat nəzərdə tutulmuşdur. Müqavilə üzrə xx.xx.2023-cü il tarixdə mediasiya mərhələsində cavabdeh tərəfindən 10000 manat ödəniş edilmişdir.
2. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən, müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək xidmətlər üçün aylıq ödəniş 3000 manat məbləğində müəyyən edilmişdir.
3. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyul ayına qədər hər ay xidmət haqqı və 2023-cü ilin iyun ayı üçün 10.800 manat əlavə ödəniş də daxil olmaqla iddiaçı tərəfindən cavabdehə ümumilikdə 32400 manat dəyərində (2022-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə ayda 1200 manatdan, 2023-cü ilin yanvar-iyun ayları üzrə ayda 3000 manat+10800 manat) elektron qaimə göndərilmişdir.
4. İş materiallarına xidmətlərin göstərildiyini təsdiq edən aktlar əlavə edilmişdir.
5. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2022-ci il tarixli 2023-cü ilin may ayı da daxil olmaqla iddiaçıya 18600 manat ödənildiyi və müqaviləyə xitam verildiyi qeyd edilmişdir.
6. İddiaçı tərəfindən bundan sonra 2023-cü ilin oktyabr və noyabr ayları üçün 6000 manat xidmət haqqının ödənilməsi barədə cavabdehə elektron qaimə göndərmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 37400 manat borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh hər cari ay üzrə 1200 manat məbləğində abonent haqqı ödəməyi öhdəlik götürmüş, daha sonra qeyd edilən müqaviləyə 05 yanvar 2023-cü il tarixli 1 saylı Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən, müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək cavabdeh hər cari ay üzrə 3000 manat məbləğində abonent haqqı ödəməyi öhdəlik götürmüşdür. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayına qədər hər ay üzrə abonent haqqının və əlavə olaraq 2023cü ilin iyun ayı üzrə 10800 manat əlavə xidmət haqqının ödənilməsi üçün cavabdehə ümumi məbləği 32400 manat məbləğində elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lаzımıncа icrа еtməmiş, nəticədə iddiaçı qarşısında müqavilə üzrə ümumilikdə 32400 manat məbləğində bоrcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası mərhələsində cavabdeh iddiaçı qarşısında olan borcundan 10 000 manat ödəniş etmişdir. Bundan sonra tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olduğunu nəzərə alaraq iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə abonent haqqının ödənilməsi üçün e-qaimələr göndərilmiş, lakin cavabdeh e-qaimələri təsdiq etməmiş, abonent haqqını ödəməmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında icra edilməmiş 37400 manat məbləğində bоrcu yaranmışdır. Tərəflər аrаsındа münаsibətləri məhkəmədən kənаr qаydаdа həll еtmək məqsədi ilə cavabdehə pretenziya göndərilmiş və tərəflər arasında mübahisənin məhkəmədən kənаr qаydаdа həll edilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə yaranmış borcun, vaxtında ödənilmədiyi halda hesablanacaq faiz və cərimələrin, eləcə də yaranacaq məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi üçün 210 manat ödəniş etmiş və 28 iyul 2023-cü il tarixdə arayış almışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4329/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 13800 (on üç min səkkiz yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin fəaliyyəti ilə bağlı hüquqi məsələlər üzrə bu müqavilənin şərtlərinə uyğun olaraq məsləhət və digər hüquqi xidmətlər göstərir, sifarişçi isə xidmətlərin göstərilməsi ilə əlaqədar bu müqavilənin şərtlərinə müvafiq olaraq göstərilən xidmətlərin dəyərini icraçıya ödəyir (1.1). İcraçı sifarişçinin tapşırığı ilə aşağıdakı istiqamətlər üzrə hüquqi xidmətlər göstərir: sifarişçinin fəaliyyət dairəsini əhatə edən məsələlər üzrə hüquqi məsləhətlər verir; sifarişçinin fəaliyyətinə aid analitik icmaları hazırlamaq, onun fəaliyyət göstərdiyi sahəni tənzimləyən qanunvericilikdə baş verən dəyişikliklər barədə sifarişçini vaxtında məlumatlandırır; sifarişçinin müraciəti əsasında onun fəaliyyət göstərdiyi sahəni tənzimləyən qanunvericilik aktlarına dair izahlar verir; hüquqi səciyyəli məsələ və problemlər üzrə təkliflər, tövsiyələr və hüquqi rəylər hazırlayır; sifarişçinin apardığı danışıqlarda hüquqi məsələlərin müzakirəsində iştirak edir; üçüncü şəxslərlə münasibətlərdə sifarişçini təmsil edir, sifarişçinin daxili sənədlərinin qanunvericiliyi tələblərinə uyğunluğunu yoxlayır, həmin sənədlərin hazırlanmasında və düzgün tərtib edilməsində köməklik göstərir; sifarişçi tərəfindən bağlanılan mülki-hüquqi müqavilələrin tərtib edilməsində və bağlanılmasında iştirak edir, bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, həmin müqavilələrin icra olunmasına yönəlmiş zəruri hüquqi xidmət göstərir; sifarişçinin tapşırığı ilə və sifarişçi tərəfindən qanunla müəyyən edilmiş qaydada verilmiş etibarnamə əsasında onun adından danışıqlar aparır; sifarişçinin təsis sənədlərinə edilmiş əlavə və dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin işlənib hazırlanması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətlərin edilməsini təmin edir; qarşılıqlı razılaşmaya əsasən digər xidmətlər göstərir (1.2).
11. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh aktları 3 gün ərzində imzalamalıdır, bu müddət keçdiyi andan təhvil-təslim aktı imzalanmış hesab edilir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən, sifarişçi icraçıya onu maraqlandıran sualları yazılı və/və ya şifahi şəkildə verir və icraçı tapşırığı alan andan 7 (yeddi) gün müddətində (zəruri olduqda bu müddət uzadıla və qısaldıla bilər) yazılı və/və ya şifahi surətdə cavablar hazırlayıb sifarişçiyə təqdim edir. Zəruri hallarda icraçı öz xidmətlərini sifarişçiyə yerində göstərir. Müqavilənin 2-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlər üçün hər cari ay üzrə 1200 manat məbləğində abonent haqqı ödəyir (2.1). Sifarişçi İcraçıya tapşırıq verdikdə həmin tapşırığı yazılı və/və ya şifahi şəkildə verir (3.1). Sifarişçi icraçını öz öhdəliklərini yerinə yetirmək məqsədilə müvafiq etibarnamə ilə təmin edir (3.4).
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər icraçı tərəfindən göstərilmiş xidmətlərin təhvili və onların dəyərinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi, sifarişçinin, göstərilmiş xidmətlərin təhvil-təslim aktı icraçı tərəfindən təqdim edildiyi gündən etibarən 3 gün ərzində imzalaması, bu müddət keçdiyi andan təhvil-təslim aktının imzalanmış hesab edilməsi, sifarişçinin təhvil-təslim aktını imzalandığı andan 3 gündən gec olmayaraq xidmət haqqını icraçıya ödəməsi barədə razılaşmışlar (müqavilənin 2.2- 2.4-cü bəndləri). İddiaçı göstərilmiş xidmətlərin təhvili və onların dəyərinin rəsmiləşdirilməsi üçün xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 13800 manat olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları tərtib etmiş, müxtəlif tarixlərdə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023) elektron poçt vasitəsi ilə cavabdeh tərəfə göndərmişdir. Qeyd olunan təhvil-təslim aktlarından xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar cavabdehin möhürü ilə təsdiqlənmiş, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar isə ancaq iddiaçı tərəfindən təsdiq olunmuşdur. Həmçinin iddiaçı xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi üçün cavabdehə yuxarıda qeyd olunan aktlara əsasən (əlavə qeydlər hissəsinə istinadən) xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim etmiş, qeyd olunan qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iyul, xx.xx.2023-cü il tarixdə avqust, sentyabr, xx.xx.2023-cü il tarixdə oktyabr, xx.xx.2023-cü il tarixdə noyabr ayı üzrə elektron qaimələr göndərmiş, həmin qaimələr təsdiqlənməmiş, cavabdeh tərəfindən düzəlişə qaytarılmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, müqavilənin qiyməti və xidmətlərin ödənilməsi qaydası tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndi ilə tənzimlənir. Qeyd olunan bəndi təhlil etdikdə aydın olur ki, ödənişin adı abonent haqqı kimi qeyd olunsa da, tərəflərin iradəsi məhz göstərilmiş xidmətlərə görə hər ay ödənişin edilməsi yönündə olmuşdur. Məhz 2.1-ci bənddə “göstərilmiş xidmətlər üçün... abonent haqqı”nın ödənilməsi razılaşdırılmışdır. Buna görədir ki, tərəflər icraçı tərəfindən göstərilmiş xidmətlərin təhvili və onların dəyərini aktlarla rəsmiləşdirmək barədə razılaşmışlar. Əks halda belə bir rəsmiləşdirmə barədə müqavilədə tənzimləmənin həyata keçirilməsi zərurəti olmaz, müqavilənin qüvvədə olma müddətində aylıq muzdun standart olaraq ödənilməsi razılaşdırılardı. İddiaçı da iyun ayından sonra xidmət göstərmədiyindən cavabdehə aktlar təqdim etməmiş, təqdim etdiyi elektron qaimələr isə cavabdeh tərəfindən təsdiq edilməmiş və düzəlişə qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi xidmət göstərilməyən iyul-noyabr ayları üzrə xidmət haqqının cavabdehdən tutulması hissəsində əsassızdır, tərəflər arasındakı müqavilə münasibətlərini ehtiva etmir və təmin oluna bilməz.
15. İddiaçı tərəfindən göstərilmiş xidmətlərin həcmi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 2023-cü ilin iyun ayına qədər xidmətin göstərilməsi işin mübahisəsiz (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bu faktı təsdiqləmişdir) halıdır, iyul-noyabr ayları üzrə xidmət haqqının cavabdehdən tutulması hissəsində iddia tələbini, yuxarıda göstərildiyi kimi, məhkəmə əsassız hesab edir. Belə olan halda xidmətlərin həcmi müəyyən edilərkən məhkəmə tərəfindən aydınlaşdırılmalı olan hal iyun ayında xidmətin göstərilib-göstərilməməsidir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı müvafiq aktları təsdiq edilməsi üçün elektron poçt vasitəsi ilə cavabdehin əməkdaşına (məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili aktların elektron poçtuna göndərildiyi Əli adlı şəxsin cavabdehin mühasibi olduğunu təsdiqləmiş, aktların elektron poçt vasitəsi ilə təqdim edildiyini mübahisələndirməmişdir) təqdim etmiş, cavabdeh aktların bir hissəsini (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar) möhürü ilə təsdiqləmiş, bir hissəsini (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar) isə təsdiqləməmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktları təsdiqləməsə də, həmin aylarda xidmətin göstərildiyini mübahisələndirməmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktları təsdiqləməsə də, həmin aktlar üzrə xidmətlərin göstərildiyini təsdiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən - 2023-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərə görə akt məhz tərəflər arasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq elektron poçt vasitəsi ilə cavabdehə təqdim olunmuşdur. Cavabdeh də həmin aktı mübahisələndirməmiş, bununla bağlı iddiaçıya hər hansı etiraz bildirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin akt göndərilən zaman tərəflər arasında münasibətlərin pis olduğuna görə akta əhəmiyyət verilməmişdir. Tərəflər arasında formalaşmış işgüzar münasibətləri və cavabdehin aktın təqdim edildiyi gün - xx.xx.2023-cü il tarixdə ödəniş etdiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin qeyd olunan arqumenti əsaslı hesab edilə bilməz.
17. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı 2022ci ilin oktyabr-dekabr, 2023-cü ilin yanvar-iyun ayları üzrə cavabdehə elektron qaimələr təqdim etmiş, qeyd olunan qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçının sonrakı – iyul-noyabr aylar üzrə təqdim etdiyi elektron qaimələr isə təsdiqlənməmiş, düzəliş üçün qaytarılmışdır. Göründüyü kimi, cavabdeh elektron qaimələr üzrə elektron sistemini nəzarəti altında saxlayaraq iyul-noyabr ayları üzrə qaimələri düzəliş üçün qaytarsa da, mübahisələndirilən iyun ayı üzrə elektron qaiməni düzəlişə qaytarmamış, qaimə əvvəlki aylardakı kimi sistem tərəfindən təsdiqlənmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iyun ayı üzrə iddiaçı tərəfindən xidmətlər göstərilmiş və cavabdeh tərəfindən qeyd olunan xidmətlər qəbul edilmişdir. Belə olan halda cavabdehin 2023-cü ilin iyun ayında xidmətlərin göstərilməsini mübahisələndirməsi ilə bağlı mövqeyi əsassızdır. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər müqavilədə (1.3 və 3.1-ci bəndləri) tapşırığın və icranın yazılı və/və ya şifahi qaydada həyata keçirilməsi razılaşdırmışdır.
18. Məhkəmə hesab etmişdir ki, tapşırıq müqaviləsi üzrə muzdun (xidmət haqqının) ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4329/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh müqavilə üzrə xidmət haqqını abonent haqqı kimi, yəni sabit məbləğdə ödəniləcəyi müqavilə ilə şərtləndirilmişdir. Müqavilədə sabit xidmət haqqının göstərilməsi ona dəlalət edir ki, göstəriləcək xidmətlərin həcmindən asılı olmayaraq cavabdeh iddiaçıya sabit şəkildə aylıq ödəniş etməlidir. Əks halda, göstərilərdi ki, müqavilə üzrə xidmətlər göstərilmədiyi halda xidmət haqqı ödənilməyəcək və ya ödənişlər göstəriləcək xidmətlərin həcminə uyğun olaraq həyata keçiriləcək. Üstəlik qeyd edilməlidir ki, müqavilənin 1.2.1.-1.2.11-ci bəndlərində hansı istiqamətlər üzrə göstəriləcək xidmətlərin dairəsi sadalanmışdır. Mümkündür ki, sadalanan istiqamətlər üzrə xidmətlərin göstərilməsinin bir qismi cavabdeh tərəfindən sifariş edilsin, digərləri üzrə sifariş edilməsin və yaxud yalnız bir istiqamət üzrə xidmətlərin göstərilməsi sifariş edilsin. Belə olan halda, xidmətlərin həcmindən asılı olamayaraq cavabdeh iddiaçıya yenə də sabit şəkildə abonent haqqı ödəyir. Başqa mənada desək xidmətlərin göstərilməsi cavabdehin xidmətə olan ehtiyacı və zərurətindən doğurur və xidmətlərin həcmindən asılı olmayaraq hər ay üzrə xidmət haqqı müqavilə ilə müəyyən edilmiş sabit məbləğdə ödənilir. Misal, iddiaçı ayda yalnız 1 müqavilənin hüquqi ekspertizasını həyata keçirmiş və həmin ay üzrə cavabdeh tərəfindən iddiaçıya digər sahələr üzrə xidmətlərin göstərilməsi barədə heç bir sifariş daxil olmamışdır. Yaxud, iddiaçı cavabdehin sifarişi əsasında ayda müqavilənin 1.2.1.- 1.2.11-ci bəndlərində qeyd edilən müxtəlif istiqamətlər üzrə xidmətlərin göstərilməsini təmin etmişdir. Qeyd edilən hər iki halda cavabdeh iddiaçıya abonent haqqı, yəni sabit pul məbləği ödəyir. İş materiallarında olan tərəflər arasında imzalanmış təhvil-təslim aktları da qeyd edilən xüsusatlara dəlalət edir. Belə ki, həmin aktlardan görünür ki, bəzi aylarda xidmətlər az həcmdə, digər aylarda isə daha çox həcmdə xidmətlər göstərilmiş, lakin xidmət həcmindən asılı olmayaraq xidmət haqqı dəyişilməz, sabit qalmışdır. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar birinci instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. xx.xx.2023-cü il tarixdə edilmiş 10000 manat ödənişin məhz cavabdeh hüquqi şəxs Cavabdeh MMC tərəfindən edildiyi iş materialları ilə sübut olunmur. Belə ki, iş materiallarında olan “MilliÖn” elektron ödəniş sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə edilmiş 10000 manat ödəniş qəbzlərində ödənişin hansı subyekt tərəfindən və nə üçün ödənildiyi (ödənişin təyinatı) müəyyən edilmir. Cavabdeh həmin ödənişin 8600 manat hissəsinin hazırkı mübahisə predmeti olan müqavilə üzrə, qalan 1400 manat hissəsinin isə "xxxx" MMC ilə olan müqavilə üzrə edildiyini bildirsə də, bu dəlilləri sübut edə bilməmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4331/2023 xx.xx.2023-cüil tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh ”Cənub Nəqliyyat Layihə” MMC-dən 2400 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. İş materiallarında olan həmin iş üzrə icra vərəqəsindən görünür ki, məhkəmə aktı 13 noyabr 2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəlmişdir. Göstərilən məhkəmə aktı ona dəlalət edir ki, hazırkı iş üzrə cavabdehin etirazının əsası kimi istinad etdiyi halların (10000 manat ödənişin 8600 manat hissəsinin hazırkı mübahisə predmeti olan müqavilə üzrə, qalan 1400 manat hissəsinin isə"xxxx" MMC ilə olan müqavilə üzrə edildiy)i mövcudluğu ehtimal edilsə belə, ödəniş qəbzləri həmin işdə sübut kimi təqdim edilə bilərdi. Halbuki, həmin qəbzlər nəinki sübut kimi təqdim edilməmiş, hətta məhkəmə aktı apellyasiya qaydasında mübahisələndirilməmişdir. Odur ki, hazırkı iş üzrə cavabdehin etirazı əsassızdır və həmin əsasları rəhbər tutaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4329/2023 nömrəli qətnaməsinin ləğv edilməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı faktlar qiymətləndirilməmişdir. Belə ki, cavabdeh tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin müqavilə öhdəliklərinə əsasən düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş,ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdeh şəxs olan Cavabdeh MMC-nin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı məhkəmə iclasında tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
23. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404-cü maddə- müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 529.2-ci maddə-öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 771.1-ci maddə- tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.2-ci maddə- tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2-ci maddə- tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 783.2-ci maddə- vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Mülki Məcəllədə xidmət müqaviləsi adı altında müqavilə növü olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflərin hüquq və vəzifələri tapşırıq müqaviləsinin məzmununa uyğun olduğundan mübahisə həmin müqavilə ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir.
27. İddianın təmin edildiyi hissə ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verərək mübahisəni işin faktiki hallarına uyğun həll etmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayınadək hüquqi xidmətlərin göstərildiyi elektron qaimələr, təhvil-təslim aktları ilə təsdiq edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən 2023-cü ilin iyun ayı üzrə xidmət göstərildiyi mübahisələndirilsə də, həmin ay üzrə təhviltəslim aktı tərəflər arasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq elektron poçt vasitəsi ilə cavabdehə təqdim olunduğundan, cavabdeh həmin aktı mübahisələndirməyərək bununla bağlı iddiaçıya hər hansı etiraz bildirmədiyindən, o cümlədən qəbul etmədiyi digər elektron qaimələri düzəlişə göndərsə də 2023-cü ilin iyun ayı üzrə elektron qaimə düzəlişə göndərilmədiyindən həmin ay da daxil olmaqla cavabdehin iddiaçıya 2022-ci ilin oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün göstərilmiş hüquqi xidmətlərə görə cəmi 32400 manat ödəniş etməli olduğu müəyyən edilərək ödənilməmiş 13800 manat borcun cavabdehdən tutulmalıdır.
28. Məhkəmə eyni zamanda iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı cavabdeh tərəfindən sübut qismində təqdim edilən “MilliÖN” elektron ödəniş sistemi vasitəsi ilə həyata keçirilmiş ödənişlə bağlı qəbzin hazırkı mübahisəyə aid olmadığını, bu ödənişin aralarında olan digər öhdəlik üzrə icra edildiyini bildirsə də, cavabdehin ona digər müqavilə üzrə ona 8600 manat borcu olduğuna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki MM-nin 529.2-ci maddəsində öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul etdikdən sonra onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmadığı halda icra edilmiş hərəkətin başqa öhdəlik üzrə olduğunu sübut etmək vəzifəsi kreditorun üzərinə qoyulmuşdur. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, 8600 manat ödəniş xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin borcundan çıxılmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 2023cü ilin iyun ayından sonra cavabdehə hüquqi xidmət göstərildiyi sübutlarla təsdiq edilmədiyindən (işgüzar münasibətlərə əsasən xidmətin göstərildiyi hər dəfə təhvil-təslim aktlları ilə rəsmiləşdirildiyi halda bu barədə təsdiq edilmiş təhvil-təslim aktları olmadığı nəzərə alınaraq) 2023-ci ilin oktyabr və noyabr ayları üzrə xidmət haqqının tutulması hissəsində də iddia düzgün olaraq təmin edilməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.