Məhkəmə qərarları › İş №2-2(103)-233/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-233/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-233/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədri Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6897/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Nuriyev Elvin Qəhrəman oğlu (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-084-SA-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539) avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, alıcı avtomobili təhvil aldıqdan sonra satıcı avtomobili alıcının vəsaiti hesabına kasko sığorta etdirəcəkdir.

3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə, 1 ədəd “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə Nuriyev Elvin Qəhrəman oğluna təhvil verilmişdir.

4. İddiaçı MMC tərəfindən tərtib edilmiş təmir aktına əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı maşına dəymiş zərər 33728,40 manat təşkil edir.

5. ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, sığortalı İddiaçı MMC, sığortaçı cavabdeh olmaqla “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə qədər sığorta edilmiş, sığorta şəhadətnaməsində avtomobili idarəetmə səlahiyyəti olan şəxsin isə Nuriyev Elvin Qəhrəman oğlu olması razılaşdırılmışdır.

6. Sığorta şəhadətnaməsinin xüsusi şərtlərində 10-cu bəndinə əsasən “Bölmə İİ” üzrə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobilləri idarə etdiyi hallarda sığorta təminatı verilir.

7. ********** nömrəli sığorta şəhadətnaməsinin əlavəsində tərəflər sığorta məbləği, azadolma məbləği, sığorta haqqının məbləği barədə razılaşmışlar.

8. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Elvira Shab lə sığorta ödənişinin həyata keçirilməsindən Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edilməklə imtina edilmişdir.

9. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ünvanlanmış məktub ilə Elvira Shabanova və Nuriyev Elvin Qəhrəman oğlunun sığorta olunan 77PS945 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarəetmə hüququ verilən şəxs kimi sığorta şəhadətnaməsinə əlavə edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığortalanmış avtomobilə dəymiş zərərə görə ödənilməmiş 33728.4 manat pul vəsaiti, ödənişin verilməsinin gecikdirildiyi hər gün üçün xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinədək sığorta ödənişi məbləğinin 0.1%-i həcmində hesablanmış 1.450,32 manat dəbbə pulu, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 195,54 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə ödənilmiş 1,00 komissiya olmaqla ümumilikdə 35.375,26 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Nuriyev Elvin Qəhrəman oğlu arasında avtomobilin alğı-satqısına dair B-084-SA22 nömrəli, xx.xx.2022ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539) avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.4-cü bəndinə əsasən satıcı avtomobilin könüllü qaydada sığortalanmasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin könüllü sığortası”na dair müqavilə bağlamış, müqavilə əsasında ********** nömrəli sığorta şəhadətnaməsi sığortalıya təqdim edilməklə avtomobil 42.470 manat sığorta məbləği həddində sığortalanmış, şəhadətnaməyə əsasən Nuriyev Elvin Qəhrəman oğlu sığorta olunan, iddiaçı isə faydalanan şəxs qismində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu ərazisində sığortalanmış avtomobilə etibarnamə əsasında, həmçinin sahibi Elvin Nuriyev yanında olmaqla Elvira Şabanova tərəfindən idarə olunarkən sonuncunun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Elvira Şabanova baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmişdir. Avtomobilə rəsmi servis-təmir müəssisəsində ətraflı baxış keçirilmiş, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktına əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW8N3075539), **-PS-*** d.q.n.-lı avtomobilə dəymiş zərərin ümumi məbləği 33.728,4 manat həcmində müəyyən edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində qeyd olunan zərər məbləğinin sığorta ödənişi qismində ödənilməsi ilə əlaqədar cavabdehə tərəflərindən rəsmi qaydada müraciət edilmiş, lakin sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın əsası kimi hadisə vaxtı avtomobili idarə edən şəxsin şəhadətnaməyə əsasən sürücü qismində qeyd olunmamasını göstərmişdir. Hesab edir ki, cavabdehin imtinası sığorta qanunvericiliyinin müddəalarına ziddir. Müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə pretenziya məktubu göndərilərək sığorta ödənişinin 5 iş günü ərzində iddiaçının bank hesabına köçürülməsi tələb olunmuş, lakin müraciətə baxılmamışdır.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları" nın (bundan sonra “Qaydalar”) 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. ********** saylı sığorta şəhadətnaməsini xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsindən göründüyü kimi sığorta predmeti olan avtomobilin sığorta olunanların (sürücülərin) siyasında olmayan şəxslərə təqdim edilməsinin nəticəsində sonuncu tərəfindən idarə edilən zaman baş vermiş hadisə sığorta təminatına daxil olmaması “Skaz Autohouse" MMC-yə bəlli olmuş və bu hal ilə bağlı müvafiq razılaşma tərtib edilmişdir. İddiaçı özü həmin şərtlərlə müqavilə bağlamış və müqavilənin şərtləri müqavilə bağlanarkən iddiaçıya məlum olmuşdur. Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanılmış **********2 saylı sığorta şəhadətnaməsinin (müqaviləsinin) Bölmə 1-in 10-cu bəndindən göründüyü kimi, müqavilə şərtlərinə əsasən sığorta predmeti olan avtomobil sığortalının sərəncamına əsasən idarəetmə səlahiyyəti olan istənilən şəxs tərəfindən idarə edildiyi zaman baş vermiş hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilir. Yəni iddiaçıya cavabdeh tərəfindən seçim verilir ki, avtomobil ya sürücülərin siyahısı sığortaçı ilə razılaşdırılması şərti ilə sığortalansın, ya da ki, sığortalının sərəncamına əsasən avtomobili idarə etmə səlahiyyəti olan istənilən şəxs sığortaçı tərəfindən sürücü kimi tanınsın. Bu məsələ sığorta riskinə əsaslı təsir edən hal olduğu üçün sığortaçı tərəfindən hər iki qayda sığortalıya təklif edilir və hansı qaydada sığortalanması yekunda sığortalı tərəfindən seçilir. Göründüyü kimi hazırkı iddia üzrə təqdim edilmiş sığorta şəhadətnaməsində (**********2 saylı şəhadətnamədən fərqli olaraq) sığortalı sürücülərin siyahısını konkret şəxslə məhdudlaşdırmışdır. Bundan başqa, ********** saylı sığorta şəhadətnaməsindən göründüyü kimi həmin müqavilə (və sığortalı iddiaçı olan bütün digər müqavilələr) üzrə agent qismində çıxış edən "xxxx" MMC-nin nümayəndəsi cavabdehin əməkdaşı Hacızadə Fariz vasitəsi ilə sığorta təkliflərinin təqdim edilməsini xahiş etmişdir. 26-27 aprel 2022-ci il tarixlərində aparılmış elektron yazışmalardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xahişi ilə sığorta predmeti sığortalının sərəncamına (“Any Driver”) əsasən idarə edən şəxs tərəfindən törədildiyi hadisələr üzrə sığorta təminatının verilməsi üzrə müvafiq sığorta tarifləri hazırlanmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin kompleks sığortasına dairXs PR/22-0002 saylı təklifdən göründüyü kimi “Any Driver” şərti ilə 12 aylı sığorta tarifi 2.41%, 24 aylıq-3.86%, 36 aylıq-4.88%, 48 aylıq-4.98% və 60 aylıq - 5.97% təklif olunmuşdur. Hazırkı etiraz məktubuna əlavə edilmiş **********2 saylı xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən və həmin şəhadətnamənin WeOl Cədvəlindən göründüyü kimi “Skoda Rapid” markalı, 77PU920 dövlət qeydiyyat nişanlı avtomobilə 2498.84 manat məbləğində sığorta haqqı qarşılığında “Any Driver” şərti ilə 60 aylıq sığorta müddətinə sığorta təminatı verilmişdir. Həmin cədvəldən göründüyü kimi “Skoda Rapid” markalı, 77PU920 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri və sığorta məbləği tərəflər arasında 34900 manat məbləğində razılaşdırılmışdır. Beləliklə, həmin sığorta şəhadətnaməsi üzrə “Any Driver” şərti ilə sığorta təminatının tarifi 7.16% təşkil etmişdir ((sığorta haqqı/Sığorta məbləği* 100=sığorta tarifi) 24xx.xx/34900* 100=7.16%)). İddia ərzisinə əlavə edilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən və həmin şəhadətnamənin JfeOl Cədvəlindən göründüyü kimi “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobilə 2535.46 manat məbləğində sığorta haqqı qarşılığında 60 aylıq sığorta müddətinə sığorta təminatı verilmişdir. Həmin cədvəldən göründüyü kimi “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri və sığorta məbləği tərəflər arasında 42470 (qırx iki min dörd yüz yetmiş) manat məbləğində razılaşdırılmışdır. Beləliklə həmin sığorta şəhadətnaməsi üzrə sığorta təminatının tarifi 5.97% təşkil etmişdir ((sığorta haqqı/Sığorta məbləği* 100=sığorta tarifi) 25xx.xx/42470* 100=5.97%)). İddiaçının cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda iddiaçı Elvira Şabanovanın sürücü qismində sığorta şəhadətnaməsinə avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı risklərin sığortalanmasını xahiş edir və bu da yuxarıda qeyd edilən şərtlərin iddiaçıya əvvəlcədən məlum olduğunu bir daha təsdiq edir. Bununla yanaşı iddiaçı bir tərəfdən Elvira Şabanovanın törətdiyi yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişinin verilməsini tələb edir, digər tərəfdən həmin şəxsin sürücü qismində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsinə görə risklərin sığortalanmasını və sığorta təminatı verilməsini xahiş edir. Həmçinin iddiaçı iddia ərizəsində yol-nəqliyyat hadisəsi törədilən vaxt Elmira Şabanovanın avtomobili avtomobilin qanuni sahibi Elvin Nuriyev yanında olmaqla idarə etdiyini göstərsə də, Elvin Nuriyev videoçəkiliş zamanı (çəkilişə dair disk məhkəmə iclasında təqdim ediləcəkdir) cavabdehin əməkdaşına verdiyi izahatda Elmira Şabanovanın avtomobili tək idarə etdiyini, özünün həmin vaxt avtomobildə olmadığını bildirmişdir. Qeyd edilən hallar baş vermiş yol-nəqliyyat hadisəsinin həm qanunvericiliyin istinad edilən normalarının, həm də xx.xx.2022-ci il tarixli müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilmədiyini deməyə əsas verir. Sığorta etdirən şəxs müvafiq sığorta növü üzrə sığorta müqaviləsini bağlamazdan əvvəl sığorta qaydalarına əsasən təklif olunan sığorta şərtləri (sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, təminata daxil edilən risklər və s.) ilə tanış olur. Sığorta qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Sığorta fəaliyyəti haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edir və AR Mərkəzi Bankı tərəfindən müvafiq qaydada təsdiq edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənmiş və İddiaçı MMC-yə təqdim edilmiş “Avtomobillərin tam kasko sığorta qaydalarını rəhbər tutaraq "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmışdır. Qeyd edilən Qaydaların 16-cı bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunduqda sığorta təminatı verilmir.

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6897/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Elvira Shabanova və Nuriyev Elvin Qəhrəman oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6897/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından məlum olmuşdur ki, ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı 77PS945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən sığorta olunmuş, həmin sığorta müqaviləsində sığortalanmış əmlakı idarə etmək səlahiyyətinə malik olan şəxsin E.Nuriyev olması tərəflər arasında razılaşdırılmış, müqaviləyə sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, həmin hadisənin törədilməsinə görə nəqliyyat vasitəsini idarə edən şəxs E.Shabanova inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Materiallarda olan iddiaçı tərəfindən E.Shabanovaya verilmiş etibarnaməyə əsasən həmin şəxs hadisə törədən zaman nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə malik olmuşdur. Bununla yanaşı, materiallarda olan sığorta müqaviləsində sığortalanmış əmlakı idarə etmək səlahiyyətinə malik olan şəxsin E.Nuriyev olması tərəflər arasında razılaşdırılmış, müqavilədə sığorta olunan qismində göstərilən şəxsin (sürücü) avtomobili idarə etdiyi hallarda sığorta təminatı verilməsi razılaşdırılmışdır. Materiallardan, tərəflərin nümayəndələrin izahatlarından yol nəqliyyat hadisəsi zamanı avtomobili müqavilədə adı çəkilən E.Nuriyevin deyil, E.Shabanovanın idarə etməsi öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində adı qeyd edilməmiş şəxslər tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmədiyindən hazırkı halda iddiaçının sığorta ödənişi tələb etmək hüququ yaranmamışdır.

17. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, hazırkı iş üzrə Elvira Şabanova avtomobili mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında, həmçinin alğısatqı müqaviləsinə əsasən avtomobilin sahibi hesab olunan Elvin Nuriyev yanında olmaqla idarə etmişdir. İkincisi, hazırkı iş üzrə “Sığortalı” qismində hüquqi şəxs "xxxx" MMC-nin çıxış etməsinivə Elvira Şabanovanın avtomobili məhz sığortalı İddiaçı MMC tərəfindən təqdim edilmiş etibarnamə əsasında idarə etməsini nəzərə alaraq hesab edirlər ki, həmin şəxsin sığorta olunan kimi tanınması heç bir halda məhdudlaşdırıla bilməz. Lakin məhkəmə şəxsin sığorta marağının olmasını nəzərə almadan sığorta təminatının istisna olunması qənaətinə gəlməklə, sığorta olunanın mənafeyini pozmuşdur. Bununla yanaşı iş üzrə üçüncü şəxs qismində çıxış edən Elmira Shabanova məhkəmə iclası gedişində digər dildə izahat verməsinə baxmayaraq, məhkəmə işə tərcüməçi cəlb etməmiş, bundan əlavə işin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırmamışdır.

19. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

1. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları"nın (bundan sonra “Qaydalar") 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. ********** saylı sığorta şəhadətnaməsini xx.xx.2022-ci il tarixli İ saylı Əlavəsindən göründüyü kimi sığorta predmeti olan avtomobilin sığorta olunanların (sürücülərin) siyasında olmayan şəxslərə təqdim edilməsinin nəticəsində sonuncu tərəfindən idarə edilən zaman baş vermiş hadisə sığorta təminatına daxil olmaması “Skaz Autohouse" MMC-yə bəlli olmuş və bu hal ilə bağlı müvafiq razılaşma tərtib edilmişdir. İddiaçı özü həmin şərtlərlə müqavilə bağlamış və müqavilənin şərtləri müqavilə bağlanarkən iddiaçıya məlum olmuşdur. İddiaçıya cavabdeh tərəfindən seçim verilir ki, avtomobil ya sürücülərin siyahısı sığortaçı ilə razılaşdırılması şərti ilə sığortalansın, ya da ki. sığortalının sərəncamına əsasən avtomobili idarə etmə səlahiyyəti olan istənilən şəxs sığortaçı tərəfindən sürücü kimi tanınsın. Bu məsələ sığorta riskinə əsaslı təsir edən hal olduğu üçün sığortaçı tərəfindən hər iki qayda sığortalıya təklif edilir və hansı qaydada sığortalanması yekunda sığortalı tərəfindən seçilir. Göründüyü kimi hazırkı iddia üzrə təqdim edilmiş sığorta şəhadətnaməsində (**********2 saylı şəhadətnamədən fərqli olaraq) sığortalı sürücülərin siyahısını konkret şəxslə məhdudlaşdırmışdır. İddiaçının cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda iddiaçı Elvira Şabanovanın sürücü qismində sığorta şəhadətnaməsinə avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı risklərin sığortalanmasını xahiş edir və bu da yuxarıda qeyd edilən şərtlərin iddiaçıya əvvəlcədən məlum olduğunu bir daha təsdiq edir. Bununla yanaşı iddiaçı bir tərəfdən Elvira Şabanovanın törətdiyi yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişinin verilməsini tələb edir, digər tərəfdən həmin şəxsin sürücü qismində avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməsini, onun tərəfindən avtomobilin idarə edilməsinə görə risklərin sığortalanmasını və sığorta təminatı verilməsini xahiş edir. Həmçinin, bir halı da qeyd etməyi lazım bilir ki, iddiaçı iddia ərizəsində yol-nəqliyyat hadisəsi törədilən vaxt Elmira Şabanovanın avtomobili avtomobilin qanuni sahibi Elvin Nuriyev yanında olmaqla idarə etdiyini göstərsə də, Elvin Nuriyev videoçəkiliş zamanı (çəkilişə dair disk tərəflərindən məhkəmə iclasında təqdim ediləcəkdir) əməkdaşlarına verdiyi izahatda Elmira Şabanovanın avtomobili tək idarə etdiyini, özünün həmin vaxt avtomobildə olmadığını bildirmişdir. Qeyd edilən hallar baş vermiş yol-nəqliyyat hadisəsinin həm qanunvericiliyin istinad edilən normalarının, həm də xx.xx.2022-ci il tarixli müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilmədiyini deməyə əsas verir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənmiş və “Skaz Autohouse" MMC-yə təqdim edilmiş “Avtomobillərin tam kasko sığorta qaydalarını rəhbər tutaraq “Bakı Sığorta" ASC ilə xx.xx.2022-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmışdır. Qeyd edilən Qaydaların 16-cı bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunduqda sığorta təminatı verilmir. Göstərilənlərə əsasən hesab edir ki, tərəflərindən haqlı olaraq baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Elmira Şabanovanın digər dildə izahat verməsinə baxmayaraq, tərcüməçi cəlb etməməsi barədə qeyd edilənlər isə işin mahiyyətinə təsir etməyən hallardır və mahiyyət etibarilə birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmış və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşə mahiyyəti üzrə baxılana başlanana kimi iddiaçının nümayəndəsi tərəfindən "elektron kabinet” vasitəsilə heç bir əlavə və dəqiqləşdirmə verilməmişdir. İddiaçının nümayəndəsinin belə bir dəqiqləşdirmə və əlavəsi olduğu halda əvvəlcədən "elektron məhkəmə” informasiya sistemində yerləşdirməli və hakim də bunu məhkəmə iclasında başlanmazdan əvvəl elan etməli idi. Üçüncü şəxs Elmira Şabanova isə məhkəmə iclasının aparıldığı dili başa düşdüyünü qeyd edərək, məhkəmədən tərcüməçi cəlb edilməsini tələb etməmişdir. Bununla yanaşı Elmira Şabanovanın əri Elvin Nuriyev də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə baxışı iclasında iştirak edərək, prosesin gedişi barədə Elmira Şabanovanı məlumatlandırmışdır. Qeyd edilənlərlə yanaşı apelyasiya şikayətinin bu dəlili üçüncü şəxsin hüququnun pozulub-pozulmaması baxımından müzakirə mövzusudur və iddiaçının nümayəndəsinin üçüncü şəxsin əvəzinə bu halı qeyd edərək, onun hüquqlarının pozulmasını iddia etməsi qanunvericiliyin tələbinə ziddir. Sonda cavabdeh iddianın təmin edilməməsini, Bakı Kommersiya xx.xx.2024-cü il tarixli e-2-2(113)-6897/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat veməmişlər.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır -884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında*' Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında'* Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. - 916.1.2-ci maddəsinə əsasən sığorta qaydalarında sığorta olunanların konkret kateqoriyası müəyyən edilir. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -935.1-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: -935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. "xxxx" ASC-nin 2013-cü il tarixli “Avtomobillərin tam sığortası üzrə Sığorta Qaydaları”nın: -1.1-ci bəndinə əsasən həmin qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5ci maddəsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları” nın şamil edilmədiyi avtomobillərin sığortası qaydalarını müəyyən edir. -1.3-cü bəndinə əsasən bu qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə forması (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. Həmin qaydaların: -5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. -5.4-cü bəndinə görə sığorta müqaviləsində sığortalı, sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. -16.1.1.2-ci bəndinə görə, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. -22.1.1-ci bəndinə əsasən zərər bu qaydaların 16.1.1-ci bəndində nəzərdə tutulan hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Skoda Kamiq” markalı, 77PS945 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə tarixədək olan müddət üçün cavabdeh "xxxx" ASC-də avtomobillərin tam sığortası növü üzrə sığorta edilmiş, sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu ərazisində həmin avtomobil etibarnamə əsasında Elvira Şabanova tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində sığortalanmış avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Elvira Şabanova yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmişdir. Hazırda İddiaçı MMC sığortalanmış avtomobilə dəymiş zərərə görə 33728,4 manat sığorta ödənişinin, ödənişin verilməsinin gecikdirildiyi hər gün üçün xx.xx.2024-cü il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinədək sığorta ödənişi məbləğinin 0.1%-i həcmində hesablanmış 1.450,32 manat dəbbə pulu, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 195,54 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə ödənilmiş 1,00 komissiya olmaqla ümumilikdə 35.375,26 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli sığorta müqaviləsinin əsasında bağlandığı "xxxx" ASC-nin 2013-cü il tarixli “Avtomobillərin tam sığortası üzrə Sığorta Qaydaları”nın 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmin qaydaların 16.1.1.2-ci bəndinə görə isə təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir.

27. Mübahisəli sığorta şəhadətnaməsindən isə müəyyən edilir ki, şəhadətnamədə avtomobili idarəetmə səlahiyyəti olan şəxs (sığorta olunan) qismində Nuriyev Elvin Qəhrəman oğlunun adı göstərilməklə yanaşı sığorta şəhadətnaməsinin xüsusi şərtlərinin 10-cu bəndində “Bölmə İİ” (Avtomobillərin sığortası) üzrə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobilləri idarə etdiyi hallarda sığorta təminatı verildiyi xüsusi qeyd edilmişdir. Göründüyü kimi hazırkı halda mübahisəli sığorta şəhadətnaməsi ilə avtomobilin yalnız həmin şəhadətnamədə göstərilən sürücü (sürücülər) tərəfindən idarə edilməsi ilə bağlı risklər sığortalanmışdır.

28. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, avtomobilə zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərək avtomobili şəhadətnamədə göstərilən sürücü deyil, Elvira Şabanova adlı şəxs idarə edirdi.

29. Odur ki, hazırkı halda sığorta müqaviləsinə əsasən tərəflər arasında bağlanmış sığorta müqaviləsində adı qeyd edilməmiş şəxslər tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmədiyindən cavabdeh "xxxx" ASC Mülki Məcəllənin 935.1.8-ci maddəsinə, yuxarıda istinad edilən könüllü sığorta qaydalarının 22.1.1-ci bəndinə əsasən sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur.

30. O da qeyd edilməlidir ki, artıq qeyd edildiyi kimi konüllü sığorta qaydalarına və sığorta müqaviləsinin şərtlərinə əsasən hazırkı halda sığorta hadisəsi hesab edilməsi üçün hadisənin məhz avtomobil səlahiyyətləndirilmiş sürücü tərəfindən idarə edilərkən baş verməsi tələb edilir. Odur ki, səlahiyyətləndirilmiş sürücü olan Elvin Nuriyevin hadisə baş verərkən avtomobildə, sürücünün yanında olması barədə iddiaçının istinad etdiyi dəlillər öz təsdiqini tapsa belə sözügedən yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab edilməsi üçün əsas vermir.

31. Sığorta müqaviləsi üzrə sığortalı olduğundan hər bir halda sığorta olunan qismində tanınmaq hüququnun olması barədə İddiaçı MMC-nin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilən sığorta qaydalarının 5.3 və 5.4-cü bəndlərinin əlaqəli şəkildə şərh edilməsi belə qənaətə gəlməyə əsas verir ki, qaydaların 5.4-cü bəndi hadisə baş verərkən avtomobil sığortalı tərəfindən idarə edildiyi halda sığortalının adı səlahiyyətləndirilmiş sürücülərin siyahısında göstərilibgöstərilməməsindən asılı olmayaraq sığorta təminatının verilməli olmasını nəzərdə tutur. Odur ki, hazırda sığorta müqaviləsi üzrə sığortalı qismində hüquqi şəxs olan İddiaçı MMC çıxış etdiyindən həmin bəndin mübahisəli hüquq münasibətlərinə tətbiqi istisna olunur.

32. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, sığorta ödənişinin tutulması hissəsində və belə olan halda həmin tələbdən irəli gələn əlavə tələb olan dəbbə pulunun ödənilməsi hissəsində iddia əsassız olmaqla rədd edilməlidir.

33. Müstəqil tələb irəli sürməyən Elvira Şabanovaya tərcüməçi təqdim edilməməsi barədə dəlilin həmin şəxsin özü, yəni hüququ pozulması ehtimal edilən şəxs tərəfindən deyil, iddiaçı tərəfindən irəli sürülməsini nəzərə alaraq kollegiya hesab edir ki, həmin dəlil formal mülahizələrə söykənir. Əlavə və dəqiqləşdirmələrin olub-olmamasının aydınlaşdırılmaması barədə dəlilə gəldikdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin sonuncu iclasının audio-video yazısına baxış keçirilərək məhkəmə iclası gedişində sədrlik edən tərəfindən iclasda iştirak edən şəxslərdən əlavələrin olubolmamasının soruşulması müəyyən edilmişdir. Odur ki, həmin dəlillər mahiyyətcə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas vermir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tuaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6897/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Zamin İbrahimov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar