Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-235/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 iyun 2022-ci il tarixl “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə texniki xidmətlərin göstərilməsini və ehtiyyat hissələri sifariş verib İcraçıya razılaşdırılmış məbləği ödəməyi, İcraçı isə Sifarişçinin avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə texniki xidmətlər göstərməyi və ehtiyyat hissələri satışını öhdəsinə götürür. Birinci instansiya məhkəməsindəki icraat
2 İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 22 iyun 2022-ci il tarixli “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqaviləyə əsasən malların dəyəri olan 8.571,99 manat əsas vəsaitin, 11.743,62 manat cərimə məbləğində (ümumilikdə 20.315,61 manat) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3 İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli 570 nömrəli hesab fakturaya və eyni tarixli 512583 nömrəli elektron qaiməyə əsasən cavabdehə “Hidravika” yağı, “Transmissiya” yağı və “Mühərik” yağı olmaqla ümumilikdə 7004,48 manat dəyərində mal verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli 623 nömrəli hesab fakturaya əsasən və eyni tarixli 367432 nömrəli elektron qaimə əsasında “Antifiriz” olmaqla 1567,51 manat dəyərində mal verilmişdir. Göründüyü kimi tərəfə müvafiq fakturalar göndərilməklə cavabdeh müəssisəyə mal verilsə də, cavabdeh bu günədək malların dəyərini ödəməmişdir. Malların dəyərinin ödənilməsi ilə bağlı danışıqlar da nəticə verməmişdir. Odur ki, qeyd edilən 8571,99 manat malın dəyəri kimi əsas vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh bu müqavilə üzrə öhdəliyini 28 noyabr 2022-ci il tarixədək yerinə yetirməli idi. Beləliklə, xx.xx.2022-ci ildən 01 sentyabr 2023-cü il tarixədək 8571,99 manat əsas vəsaitin hər gecikmiş gününə görə 0,5% məbləğində pul vəsaiti ödənilməsi müqavilədən irəli gələn öhdəlikdir. Odur ki, cavabdehdən 8571,99 qəpik əsas vəsaitin geçikmiş (01 dekabr 2022-ci ildən 01 dekabr 2023-cü ilədək) 274 günə görə hər gün üçün 0,5 faizi olmaqla 11743,62 manat həçmində cərimə həcmində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 4 Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri türk əsilli vətəndaşdır və Qarabağ zonasında fəaliyyət göstərirlər. Cavabdehin həqiqətən də iddiaçı ilə həmişə mal alqı-satqıları olub və ödənişləri vaxtında etmişlər. Sadəcə Cavabdeh MMC-nin rəhbərliyi Türkiyədən özünə başqa bir nümayəndə gətirmiş və onlar burda "xxxx" MMC adı altında şirkət açıb iş görməyə başlamışlar. "xxxx" MMCnin rəhbəri Harun Yəhya Cavabdeh MMC-nin direktorunun etibarından sui-istifadə edərək onun tanışları ilə iş görməyə başlamışdır. Bunlardan biri də İddiaçı MMC-dir. "xxxx" MMC-nin rəhbəri Harun Yəhya bu şirkətin direktoru ilə şifahi olaraq danışıq əsasında həmin qeyd olunan malları götürmüşdür. Malların ödənilməsində gecikmə olduğu məlum olduqdan sonra isə cavabdeh şirkətin nümayəndələrinin qaçıb getmələri barədə iddiaçıya məlumat vermişdir. Bu zaman iddiaçı tərəf dərhal həmin malların qiymətinə uyğun e-qaimələr vurmuşlar. Cavabdeh də, iddiaçıya bildirmişdir ki, bu malları cavabdeh götürməmişdir. Aralarında təhvil-təslim aktı yoxdur. Hər bir müqavilənin arxasında qiymətlərin razılaşdırılması protoklu da olmalıdır. İddiaçının qeyd etdiyi e-qaimələr sonradan təqdim edilib, lakin malın nə zaman verildiyi bilinmir. İddiaçı tərəf sadəcə e-sistemə vurulan e-qaimə əsasında cavabdehin malları götürdüyünü, lakin ödəniş etmədiyini vurğulayır. Mallar cavabdehə ümumiyyətlə verilməmişdir. 5 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4752/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 22 iyun 2022-ci il tarixli 28 saylı “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən 8571,99 manat əsas borc, 400 manat cərimə, cəmi 8971,99 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6 Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri 7 Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının yalnız elektron göndərilən və 5 gün ərzində sistem tərəfindən təsdiqlənən (təsdiqlənmə imzalanma demək deyildir) sənəddən başqa heç bir maddi sübutu yoxdur. Yəni, məhkəmə işin hallarını araşdırmadan onu mötəbər sübut kimi qiymətləndirərək, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutaraq, gəldiyi nəticəni bu sənədə əsaslanmaqda haqlı deyildir. Belə ki, cavabdeh tərəfindən rəsmi və ya şifahi sifariş olmadan, malların təhvili və qəbulu barədə akt olmadan, imzalanmalı olan e-qaimə olmadan belə bir qərar qəbul etmək hüquq normalarına ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 9 Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10 Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 11 Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 12 Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 13 Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 14 Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 15 Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 16 Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 17 Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18 Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 19 Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia rədd edilməlidir. 20 Belə ki, tərəflər arasında 22 iyun 2022-ci il tarixl “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqavilənin imzalanması işin mübahisəsiz halını təşkil edir. 21 Həmin müqavilənin predmeti və şərtləri nəzərə alındıqda müəyyən edilir ki, müqavilənin predmetini həm avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə texniki xidmətlərin göstərilməsi, həm də ehtiyyat hissələrinin satışı təşkil edir. 22 Qeyd olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 390.4-cü maddəsində nəzərdə tutulmuş qarışıq müqavilədir. 23 Belə ki, müqavilədə həm podrat müqaviləsinin, həm də alqı-satqı müqaviləsinin ünsürləri mövcüddur. 24 İddiaçı həmin müqavilə üzrə ümumi dəyəri 8571,99 manat olan ehtiyyat hissələrinin cavabdehə təhvil verildiyini bildirir. 25 Cavabdeh isə həmin malların təhvil verilmədiyini bildirir. 26 Göründüyü kimi, hazırki mübahisə müqavilənin alqı-satqı müqaviləsinə aid hissəsinə aiddir. 27 Bu baxımdan kollegiya qeyd edir ki, əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddələri təşkil edir. 28 Lakin hazırki işdə cavabdehdən pulun tutulması üçün əsaslar mövcud deyildir. 29 Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə malların alıcıya təhvil verilməsi halını sübutetmə vəzifəsi iddiaçıya aiddir. 30 İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 570 nömrəli hesab faktura və eyni tarixli 512583 nömrəli elektron qaimə və xx.xx.2022-ci il tarixli 623 nömrəli hesab faktura və eyni tarixli 367432 nömrəli elektron qaimə təqdim edilmişdir. 31 Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 28 saylı müqavilənin 2.5-ci bəndində göstərilmişdir ki, xidməti obyekti xidmətlərinin göstərilməsi üçün “icraçıya” verilən zaman, “icraçı” və “sifarişçi” birlikdə xidmət obyektinin qəbul-təhvil aktı tərtib etməli, bu aktda görünən xarici zədələr və nöqsanlar göstərilməli və “sifarişçi”nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və “icraçı”nın möhürü ilə təsdiqlənməlidir. Müqavilənin və qəbul-təhvil aktının nüsxələri “sifarişçi”nin nümayəndəsinə təqdim edirlir. 32 Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin, ehtiyyat hissələrinin dəyəri tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş razılaşma ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesabfaktura və elektron qaimə fakturada qeyd edilir. 33 Müqavilənin qeyd olunan şərtlərindən müəyyən edilir ki, sifarişlərə dair qəbul-təhvil aktı tərtib edilməli və onların dəyərləri tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş razılaşma ilə müəyyən edilməlidir. 34 Lakin iddiaçı tərəfindən belə sübutlar təqdim edilməmişdir. 35 Bununla yanaşı, kollegiya hesab edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından tərəflər arasında olan işgüzar münasibətlər də nəzərə alınmalıdır. 36 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 37 Bu məqsədlə apellyasiya baxışı zamanı tərəflərə göndərilmiş bildirişdə aşağıdakı suallara cavab verilməsi təklif olunmuşdur: - xx.xx.2022-ci il tarixli 28 saylı müqavilə üzrə hazırki mübahisənin predmeti olan dəyəri 8571,99 manat malların alqı-satqısından başqa tərəflər arasında həmin müqavilə üzrə alqı-satqı əməliyyatları aparılmışdırmı? Əgər aparılmışdırsa müqavilə üzrə malların təhvil-təslimi zamanı hansı sənədlər tərtib olunmuşdur? 38 Lakin bildirişə heç bir cavab verilməmiş, eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 39 Göründüyü kimi iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmiş, habelə tərəflər arasında olan işgüzar münasibətlər barədə məlumat verməmişdir. 40 Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi halların sübut olunması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş 8571,99 manat məbləğində pulun tutulması barədə iddia rədd edilməlidir. 41 Eyni zamanda, cavabdeh tərəfindən öz öhdəliyinin pozulması halı müəyyən edilmədiyinə görə Mülki Məcəllənin 462-ci maddəsinə əsasən cavabdehdən 400 manat məbləğində cərimə pulunun tutulması barədə iddia da rədd edilməlidir. 42 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir. 43 Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. 44 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi və 22 iyun 2022-ci il tarixli 28 saylı “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən 8571,99 manat əsas borc, 400 manat cərimə, cəmi 8971,99 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Vahid Sadıqov