Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-236/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4737/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış malların qalıq dəyəri olan və cavabdehin mühasibi tərəfindən təsdiq edilmiş 6894,60 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərcinin və 6894,60 manat məbləğində pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən məhkəmə qətnaməsi qəbul olunan tarixədək faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təçhizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixinədək qüvvədə qalacaqdır. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən mütəmadi olaraq ümumilikdə 37031,64 manat dəyərində müxtəlif adda un məmulatları (çörək, bulka, pizza, tortlar və sair) təqdim edilmişdir. Təqdim edilmiş 37031,64 manat dəyərində mallardan 35063,23 manat dəyərində mallar ƏDV-yə cəlb edilən, 1968,41 manat dəyərində mallar isə ƏDV-yə cəlb edilməyən mallar olmuşdur. ƏDV-yə cəlb edilən malların yəni 35063,23 manat dəyərində malların ƏDV-si 6311,38 manat olmuşdur. Beləliklə ümumilikdə ƏDV ilə birlikdə 43343,02 manat (35063,23 manat ƏDV cəlb edilən+1968,41 manat ƏDV cəlb edilməyən +6311,38 manat ƏDV) dəyərində mallar cavabdehə satış qaiməsinə əsasən təhvil verilmişdir. Mallar təhvil verilərkən satış qaimələrinə cavabdehin nümayəndəsi imza edərək təhvil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarının 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Satılmış mallara görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər iddiaçı tərəfindən 41 ədəd e-qaimə faktura cavabdehə göndərilmişdir. Həmin 41 ədəd e-qaimə faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdehə satılmış ƏDV ilə birlikdə 43343,02 manat malların 31210,57 manat dəyəri bank hesabına, 5171,76 manat ƏDV isə ƏDV depozit hesabına köçürülməklə ümumilikdə ƏDV ilə birlikdə 36382,33 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Beləliklə ƏDV ilə birlikdə satılmış 43343,02 manat dəyərində mallara görə ödənilmiş 36382,33 manat (ƏDV ilə birlikdə) çıxıldıqdan sonra cavabdeh tərəfindən 6960,69 manat məbləğində ödənilməmiş borc var. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Güllü Əzimova və Cavabdeh MMC-nin mühasibi Ənvər Sadıqzadə arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin qarşılıqlı üzləmə aktında Cavabdeh MMC-nin 6894,90 manat məbləğində borcu olduğu Cavabdeh MMC-nin mühasibi Ənvər Sadıqzadə tərəfindən təsdiq edilmişdir. Müqavilənin 10.3-cü maddəsinə əsasən pretenziya vermiş Tərəf pretenziyada göstərilən müddətdə digər tərəfin cavabını almadıqda və ya aldığı cavabla razılaşmadıqda məhkəməyə müraciət edə bilər. Borcun ödənilməsi üçün şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq bir nəticəsi olmamışdır. 6894,90 manat məbləğində borcun 5 iş günü müddətində ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə xəbərdarlıq məktubu (pritenziya) göndərilmişdir. Həmin xəbərdalıq məktubunu Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə imzalayaraq əlbəəl almışdır. Lakin həmin məktuba heç bir cavab verilməmiş və borc məbləği Cavabdeh MMC tərəfindən ödənilməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 4737/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən 6894,60 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərcinin Cavabdehndən tutularaq X2 ödənillməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4737/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərisəzinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndirirlər. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 marttarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı iddiasının əsası kimi yalnız üzləşmə aktı deyilən sənədi təqdim etmişdir. Həmin sənədə də diqqət yetirildiyində görünər ki, sənəd imzalanmış lakin MMC-nin möhürü yoxdur. Həmin sənədi kim imzalamışdırsa ümumiyyətlə məlumatsızlar. Həmin sənəd mühasib və ya direktor tərəfindən imzalanmalı və alt sənədlərə əsasən təsdiq edilməlidir. Lakin iddiaçının təqdim etdiyi sənədi kim imzalayıbsa Top Supermarketlə əlaqəsi yoxdur. Olsa da belə həmin şəxs mühasib və ya direktor deyil. Həmçinin möhürün olmaması həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edir. Bundan əlavə iddiaçının nümayəndəsi tərəfidən təqdim edilən təhvil təslimi aktlarınını qəbul etmirlər. Belə ki, həmin aktlarda diqqət çəkən məqamlar var ki şübhə doğurur. Belə ki, ilk növbədə qeyd edir ki, cavabdeh olaraq onların belə bir ştampı olmayıb. Ən əsası isə həmin vaxtı onların şirkətinin adı CaspianTradingCentr olub. Necə olur ki, ad başqa ola ola onların top supermarket ştampı olur. Ümumiyyətlə qanunvericiliyə əsasən də ştamp və ya möhür hazırlanması üçün ilkin olaraq həmin müəssisənin təsis sənədləri eyni adda olmalıdır. X6 xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. Lakin ad dəyişilikliyi yəni Top Supermarket MMC olması xx.xx.2022-ci il tarixdə olmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə ştamplar Top Supermarket MMC-nin adındandır. Halbuki, təqdim edilən aktlardakı dövr xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edir. Bu da onlarda belə bir möhürün olmamasını sübut edir. Həmçinin təqdim edilən aktlarda ümumiyyətlə kimlərin imza etməsi bəlli deyil. Elə aktlar da vardır ki, təhvil verən şəxs digər aktda təhvil alan kimi imza edir. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Vəli Əkbərov tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Əkbərov Vəli olmuşdur. Yuxarıda qeyd edilələrlə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmayıb. İddiaçı nə yazıb məhkəmə onu təsdiqləyib və təmin edib. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin aktlardakı ştampların müəssisəyə məxsus olub olmamasını və üzləşmə aktlarının kimə məxsus olmasını araşdırmamışdır. Bu səbəbdən həmin sənədlər etibarsızdır. Məhkəmə həmin sənədlərin həqiqiliyini araşdırmamış qətnamə qəbul etməməli idi. Məhkəmə həmçinin öz mülahizəsinə əsasən müqavilənin bağlanmış olduğu qənaətinə gəlmişdir. Müqavilədəki imzanın həqiqiliyi məhkəmə tərəfindən yoxlanmalıdır. Həmçinin aktların kimlər tərəfindən imzalanması və həmin şəxslərin səlahiyyətli şəxs olması məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. Üzləşmə aktlarını başqa şəxslər imzalayıb saxta ştamp vurmaqla məhkəməyə təqdim edib pul borcunun olmasını qeyd ediblər. Halbuki bu sənədlər ümumiyyətlə onlar tərəfindən imzalanmayıb və təsdiqlənməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
16. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
17. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
18. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
24. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, X3 ilə “X4” MMC (indiki adı Cavabdeh MMC) arasında xx.xx.2021-ci il tarixli nömrəli təchizat müqaviləsi bağlanmışdır.
25. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında (bundan sonra “Sifariş”) sifariş edilən malları (bundan sonra “Mal") alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
26. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və 31 dekabr 2021-ci ii tarixinədək qüvvədə qalacaqdır.
27. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.
28. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür.
29. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən təchiz edilmiş və qəbul edilmiş malın qiymətini təchizatçıya ödəmək alıcının vəzifəsidir.
30. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
32. Hazırkı iş üzrə işin mübahisələndirilən halı dəyərinin ödənilməsi tələb edilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olub-olmamasıdır.
33. X3 tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 223.49 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749843 nömrəli, 346.10 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749648 nömrəli, 38.91 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 844051 nömrəli, 393.37 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 844065 nömrəli, 392.21 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749925 nömrəli, 464.93 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 750517 nömrəli, 787.90 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 750042 nömrəli, 262.91 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 750340 nömrəli, 321.83 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 750129 nömrəli, 475.57 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 750220 nömrəli, 223.49 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749843 nömrəli, 99.13 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749843 nömrəli, 354.80 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 749177 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
34. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mal təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).
35. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 3545.3 manat iddiaçıya ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 749925, 750042, 750129, 750220, 750220, 750340, 750517, 750561, 749177, 749843, 749648, 844051, 844065 saylı elektron qaimələr, xx.xx.2021-ci il tarixli müqavilə göstərilmişdir.
36. Kollegiya qeyd edir, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləni qəbul etmədiyi halda həmin müqavilə üzrə qaimələr əsasında ödəniş etməsi anlaşılan deyil.
37. Bundan başqa, işdən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı X1 nümayəndəsi Güllü Əzimova və Cavabdeh MMC-nin mühasibi Ənvər Sadıqzadə arasında üzləşdirmə aktı tərtib edilmiş və aktda xx.xx.2022-ci il tarixə cəmi 6894.90 manat məbləğində borcun olduğu qeyd olunmuşdur.
38. Müqavilədəki imzanın direktor Vəli Əkbərov tərəfindən icra edilməməsi barədə dəlilinə gəldikdə müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması (həmin fakt mübahisələndirilməmişdir) və ən əsası da həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir.
39. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissəsində təmin etməkdə haqlı olmuşdur.
40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Həmçinin, mübahisləndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4737/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov