Məhkəmə qərarları › İş №2-2(103)-236/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-236/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-236/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Türkər LTD” şirkətinin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, öhdəliyin icrası, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı “Türkər LTD” şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə “Türkər LTD” şirkətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun və digər xərclərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Türkər LTD” şirkəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 24 noyabr 2022ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə satıcı, müqaviləyə əlavə ediləcək razılaşmalarda əks ediləcək avtomobil ehtiyat hissələrinin satışını və bununla bağlı xidmətlərin göstərilməsini, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 2.1-ci bəndinə görə, müqavilənin müddəti tərəflərin onu imzaladığı gündən hesablanmaqla 1 il müddətində müəyyən edilir; 2.2-ci bəndinə görə, müqavilə müddətinin başa çatmasına ən azı 30 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə 1 il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq olunur.

3. Müqavilənin 3.1-ci bəndinə görə, müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək ödəniş sənədləri və malların təhviltəslim sənədi, razılaşma protokolu əsasında 30 iş günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir.

4. Müqavilənin 5.3-cü bəndinə görə, alıcı bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödənişlər məbləğinin 1 faizi miqdarında satıcıya cərimə ödəyir.

5. “Köçürmənin aparılması haqqında” xx.xx.2024-cü il tarixli **********1515284 nömrəli bildirişə görə 36 manat, xx.xx.2024-cü il tarixli **********1599292 nömrəli bildirişə görə 344,74 manat, xx.xx.2024-cü il tarixli **********2120351 nömrəli bildirişə görə 540 manat, xx.xx.2024-cü il tarixli **********2253006 nömrəli bildirişə görə 445,59 manat, xx.xx.2024-cü il tarixli **********2514487 nömrəli bildirişə görə 1447,45 manat, xx.xx.2024-cü il tarixli **********2516465 nömrəli bildirişə görə 900 manat, xx.xx.2024-cü il tarixli **********3011463 nömrəli bildirişə görə 1800 manat, xx.xx.2024-cü il tarixli **********3278652 nömrəli bildirişə görə 3420 manat, xx.xx.2024-cü il tarixli **********5215835 nömrəli bildirişə görə 360 manat, xx.xx.2024-cü il tarixli **********6322882 nörməli bildirişə görə 540 manat, xx.xx.2024-cü il tarixli 215OPXO242961026 nörməli ödəniş tapşırığına görə 3000 manat məbləğində pul alıcı tərəfindən satıcıya ödənilmişdir.

6. Satıcı və alıcı tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na görə, xx.xx.2024-cü il tarixə alıcının satıcıya olan borcu ƏDV daxil 31 365,85 manat təşkil edir.

7. Satıcı tərəfindən alıcıya xx.xx.2023-cü il tarixli EBCO 959393 nömrəli 236 manat məbləğində,xx.xx.2023-cü il tarixli EBCP 044030 nömrəli 41,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 269993 nömrəli 1340,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 362950 nömrəli 465,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 832114 nömrəli 413 manat məbləğində, xx.xx.2023-cü il tarixində EBDB 254301 nömrəli 670,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 442704 nömrəli 70,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 667093 nömrəli 670,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB ******* nömrəli 1598,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 249293 nömrəli 335,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 029886 nömrəli 219,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 139325 nömrəli 48,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 718085 nömrəli 856,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 985005 nömrəli 289,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDf 992251 nömrəli 177 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 466479 nömrəli 1525,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 020395 nömrəli 269,04 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 039277 nömrəli 4768 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 078555 nömrəli 362,26 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 408776 nömrəli 6139,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 660064 nömrəli 1833,93 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 683815 nömrəli 21,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 366922 nömrəli 2118,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 370665 nömrəli 213,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 398838 nömrəli 606,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 414168 nömrəli 536 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 543071 nömrəli 4299,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 692595 nömrəli 17644,16 manat məbləğində, xx.xx.2023cü il tarixli EBDL 156918 nömrəli 1064,08 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 196259 nömrəli 782,43 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 226564 nömrəli 200,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 526285 nömrəli 19172,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 527532 nömrəli 2165,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 75886 nömrəli 1315,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 904021 nömrəli 607,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 914018 nömrəli 671,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 973028 nömrəli 326,86 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 974326 nömrəli 860,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 979597 nömrəli 2010,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 980051 nömrəli 155 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 982869 nömrəli 47,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli 3907,83 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 831362 nömrəli 7646,40 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

8. “X3” MMC tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli audit rəyinə görə, xx.xx.2024-cü il tarixə alıcının satıcı qarşısında aralarında bağlanmış 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərinin ödənilməmiş hissəsinə görə borc məbləği 29 005,84 manat, müqavilənin 5.3-cü yarımbəndinə müvafiq olaraq hesablanmış cərimə məbləği 26 090,90 manat, ümumi öhdəliklərin cəmi 55 096,74 manat təşkil edir.

9. “Türkər LTD” şirkəti tərəfindən Cavabdeh MMC-nə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, məktubda, təqdim edilmiş avtomobil şinlərinə görə ödənilməmiş 32 365,85 manat (ƏDV daxil) borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş olunaraq, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. “Türkər LTD” şirkəti (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, malların ödənilməmiş dəyəri üzrə 29 005,84 manatın, cərimə üzrə 26 090,90 manatın, auditor xidməti üçün çəkilmiş xərc üzrə 2000 manatın, yəni cəmi 57 096,74 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 262 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 96/22 saylı müqaviləyə əsasən cavabdehi çeşidli mallarla təmin etməyi, cavabdeh isə alqı-satqısı həyata keçirilmiş malların dəyərini 30 iş günü ərzində köçürmə yolu ilə onun bank hesabına ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən ödəmələr gecikmələrlə müşaiyət olunmuş, sonuncu ödəmə xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Müqavilənin 5-ci bəndinin 5.3-cü yarımbəndinə əsasən, alıcı müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödənişlər məbləğinin 1 faizi miqdarında cərimə ödəyir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Qarışılıqlı hesablamalar haqqında üzləşmə aktı” tərtib edilmiş, üzləşmə aktına əsasən alınmış mallara görə cavabdehin borcu 31 365,85 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə “X3” MMC arasında auditor xidməti göstərilməsi barədə M-31218 saylı müqavilə bağlanmış və “X3” MMC-nin hesabına auditor xidmətinin dəyəri üzrə pul köçrülmüşdür. “X3” MMC-nin xx.xx.2024-cü il tarixli audit hesabatına görə, cavabdehin "Türkər LTD” şirkətinə 55 096,74 manat məbləğində pulu ödəmək öhdəliyinin yaranması təsdiq edilmişdır. Belə ki, müstəqil auditor tərəfindən dəqiqləşmələr aparılaraq cavabdehin borcunun 23 719.44 manat oluğu müəyyən edilmişdir. Yəni iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək cavabdehə 82 262,32 manat dəyərində mallar təqdim edilmiş, əvəzində iddiaçıya 58 542,88 manat ödəniş edilmiş, qarşılıqlı üzləşmə aktı bağlananadək sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Müqavilənin 5-ci ("Tərəflərin məsuliyyəti və cərimə şərtləri”) bəndinin 5.3-cü yarımbəndinə müvafiq olaraq ödənişin üzürsüz olaraq gecikdirdiyi hər gün üçün borc məbləğinin 1 faizi müqavilənin 3.1-ci bəndinə uyğun olaraq (ödəniş 30 iş günü ərzində olmalıdır) cərimə faizi xx.xx.2024-cü il tarixdən hesablanmalı olduğu halda qarşılıqlı üzləşmə aktı bağlanan tarıxdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanaraq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə 7646,40 manat dəyərində mal təqdim edilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə alınan mallara görə 2360,00 manat ödəniş olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə borcu 29 005,84 manat, müqavilənin 5-ci ("Tərəflərin məsuliyyəti və cərimə şərtləri”) bəndinin 5.3. yarımbəndinə müvafiq olaraq hesablanmış cərimənin məbləği 26 090,90 manat təşkil etmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 96/22 saylı alqı satqı müqaviləsi üzrə nisyə alınmış malların ödənilməmiş dəyəri üzrə 29 005,84 manat, müqavilənin 5.3-cü yarımbəndinə müvafiq olaraq hesablanmış cərimə üzrə 26 090,90 manat olmaqla cəmi 55 096,74 manat məbləğində pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilərək 10 gün müddətində, yəni xx.xx.2024-cü il tarixədək nisyə satılmış əşyaların dəyərini ödəməsi təklif edilsə də cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.

12. Cavabdehin direktoru iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi göndərmiş, ərizəsində aşağıdakıları göstərmişdir: Cavabdeh MMC işğaldan azad olunmuş bölgələrdə təmir-tikinti və quruculuq fəaliyyətində iştirak edir, həmin işlərin görülməsi ilə bağlı ödəmələr gecikdiyindən maliyyə sıxıntıları yaşayır. Bu səbəblə də iddiaçı qarşısında borc öhdəliyini bugünədək yerinə yetirə bilməmişdir. Habelə bildiririk ki, iddiaçı tərəfindən qeyd olunmuş borc məbləği həddən artıq şişildilmiş, özləri tərəfindən aparılmış ekspertiza rəyi isə həqiqətə uyğun deyildir. Həmçinin, tərəfimizdən xx.xx.2024cü il tarixində 3540 manat məbləğində ödəniş də qarşı tərəfin hesabına ödənilmiş, bununla bağlı qəbz elektron portala əlavə edilmişdir. Odur ki, iddianın malların ödənilməmiş dəyəri olan 29 005,84 manat hissəsinin yenidən dəqiqləşdirilməsi, 26090,09 manat hesablanmış cərimə tutulması hissəsinin rədd edilməsi xahiş olunur”.

13. Cavabdehin direktoru məhkəməyə iş üzrə ekspertiza təyin olunması barədə vəsatət də göndərmiş, həmin vəsatət “borc məbləğinin sadə riyazi hesablama yolu ilə müəyyən edilməsinin mümkün olduğu” əsas göstərilməklə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin olunmamışdır.

14. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş, malların ödənilməmiş dəyəri üzrə 26 005,84 manat, cərimə üzrə 26 090,90 manat, auditor xidməti üçün çəkilmiş xərc üzrə 2000 manat, cəmi 54 096,74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 262 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən edilmiş 540 manat ƏDV üzrə ödəniş texniki yanlışlıq səbəbi ilə iddia tələbinin həcminin azaldılması barədə ərizədə nəzərə alınmasa da, həmin ödənişi iddiaçı təsdiq edir.

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmişdir.

17. Birinci instansiya məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 25 465,84 manat əsas borc, 1200 manat dəbbə pulu, 200 manat dövlət rüsumu olmaqla ümumilikdə 26 865,84 (iyirmi altı min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manatın tutulub “Türkər LTD” şirkətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

18.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli alqı-satqısı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq mallar təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ödənişlər tam şəkildə icra edilməmişdir. 18.2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr, ödəniş tapşırıqları və ƏDV sub-uçot hesabından çıxarışlara əsasən iddiaçı tərəfindən ƏDV daxil olmaqla ümumilikdə 89 908,72 manat məbləğində mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən həmin satılmış malların dəyəri olaraq ümumilikdə 64 442,88 manat (ƏDV daxil olmaqla) məbləğində ödəniş edilmiş, qalıq 25 465,84 manat məbləğində əsas borc ödənilməmişdir. 18.3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, xx.xx.2024-cü ildə 540 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 3000 manat məbləğində əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 18.4. İddiaçı bu səbəbdən iddia tələbinin həcminin azaldılması barədə ərizə verib 3000 manat məbləğində ödəniş nəzərə alınmaqla əsas borcun 26 005,84 manat olmasını göstərsə də, ödənilmiş ƏDV borcunu nəzərə almamış, bunun texniki yanlışlıq olduğunu iddiaçının nümayəndəsi məhkəmə iclasındakı izahatında təsdiq etmiş, 540 manat ƏDV ödənişinin edildiyini bildirmişdir. 18.5. Bu səbəblə, əsas borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 25 465,84 manat (26 005,84 manat - 540 manat) məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. 18.6. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 18.7. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1200 manat məbləğində müəyyən edilməlidir. 18.8. Məhkəmə iddia ərizəsini cavabdehdən auditor xidməti üçün çəkilmiş xərc üzrə 2000 manat ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, qeyd olunan bu xərc Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində göstərilmiş işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmir. Eləcə də məhkəmə araşdırması zamanı iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən adıçəkilən xərcin çəkilməsinin zəruri olması öz təsdiqini tapmamışdır. Buna görə də bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

20. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, iddiaçının öz öhdəliyini vaxtında yerinə yetirmədiyini və borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığını, cavabdehdən əsassız cərimə məbləği tutduğunu, cavabdehi sübutlar təqdim etmək imkanından məhrum etdiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

23. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

27. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

37. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

38. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

39. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

40. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

41. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

54. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

55. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin müəyyən olunan halıdır; cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayətində iddiaçı tərəfindən öhdəliyin vaxtında yerinə yetirilmədiyini irəli sürsə də, işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.

56. Sözügedən elektron qaimələrə görə, iddiaçı tərəfindən ƏDV daxil olmaqla ümumilikdə 89 908,72 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir; işdəki ödəniş tapşırıqlarından isə görünür ki, cavabdeh tərəfindən malların dəyəri olaraq ümumilikdə 64 442,88 manat (ƏDV daxil olmaqla) ödəniş həyata keçirilmişdir.

57. Cavabdehin nümayəndəsi borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, daha artıq ödənişlərin həyata keçirildiyini sübuta yetirə bilməmişdir.

58. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 42,43).

59. Cavabdehin nümayəndəsi məhkəmənin, cavabdehi sübut təqdim etmək imkanından məhrum etdiyini irəli sürsə də, işdən görünür ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, iddiaya qarşı etiraz ərizəsini, habelə ekspertiza təyini barədə vəsatətini məhkəməyə göndərmiş, lakin hər hansı sübut təqdim etməmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 46).

60. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 46) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

61. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

62. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

63. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

64. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7379/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar