Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-237/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli, 54 nömrəli “Tədarük” müqaviləsinin ləğv edilməsi, ƏDV nəzərə alınmaqla, ona verdiyi mallara görə 15155.15 manatın, öhdəliklərin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız saxladığına görə 5 (beş) aylıq dövr üçün illik 5% olmaqla 363.72 manatın, 30 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 300 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) məhkəməyə vəsatətlə müraciət edərək, işi baxılması üçün əriazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin onunla əsaslandırılmışdır ki, cavabdehin faktiki ünvanını iddia ərizəsində qeyd edilmiş ünvan deyil, başqa - Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi, ev 21 ünvanı olduğundan cavabdeh işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə qərardadı qanunsuz və əsassızdır.. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsaslansa da, işə hüquqi şəxsin olduğu yer üzrə deyil, hüquqi şəxsin məhz hüquqi ünvanının olduğu yer üzrə baxılmalı olması qənaətinə gəlmişdir. Halbuki, həmin Məcəllənin 35.2-ci maddəsində iddianın hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə deyil, sadəcə hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olması göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin məqsədinin işi mümkün qədər uzatmaq məqsədi daşıdığını bildirərək, şikayətin rədd olunmasıını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, subyektiv tərkibinə görə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləridir və hazırkı mübahisə onların sahibkarlıq fəaliyyəti məqsədləri ilə aralarında bağlanmış kredit və ipoteka müqavilələri ilə ehtiva olunan öhədliklərinin icrası ilə bağlıdır. MPM-in 26.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatının məlumatları dövlət reyestrinə daxil edilir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 14.1.8-ci maddəsinə əsasən isə dövlət reyestrində aparılan yazıda hüquq şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu yer haqqında məlumat əks etdirilir. İş materiallarına əlavə olunmuş Kommersiya qürumlarının dövlət reyestri məlumatlarından isə görünür ki, cavabdeh qürumun olduğu yer - Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qara Qarayev küçəsi (Rəsulzadə qəsəbəsi), ev 24 ünvanı – dövlət reystrində onun hüquqi ünvanı kimi qeydə alınmışdır. Belə olan halda, MPM-in qeyd olunan 35.2-ci maddəsinin tələbi baxımından, mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 40.1-ci maddəsində isə nəzərdə tutulur ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin şikayətinin işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində ərazi aidiyyti barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1852/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-237/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-237/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver