Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-238/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı “X1 İnşaat Sanayi və Ticaret” Anonim Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3778/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “X1 İnşaat Sanayi və Ticaret” Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43938 ABŞ dolları əsas borc və 3000 ABŞ dolları zərər olmaqla, ümumilikdə 46938 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-də olan AZ82MUGA**********00069USD28 saylı hesaba və onun digər bank hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3778/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri üzrə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus “xxxx” ASC-də olan hesaba və onun digər bank hesabları üzərinə həbs qoyulması ona görə tələb olunur ki, artıq bir ildən artiq cavabdeh şirkətə olan 43 938 ABŞ dolları məbləğində borcunu ödəmir və həmin borcun ödənilməsi ilə əlaqədar dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, həmin borcun ödənilməsindən yayınmışdır. Ona görə də gələcəkdə qətnamənin maneəsiz icra olunması üçün cavabdehin bank hesabları üzərinə həbs qoyulmalıdır. Lakin məhkəmə hansısa səbəbdən ərizənin tam əsaslandırılmaması qənaətinə gələrək, ərizəni təmin etməmişdır. Gələcəkdə iddia təmin olunacağı təqdirdə, cavabdeh tərəfindən qətnamənin icrasında yenidən müəyyən bəhanələr gətirilməklə, maneələr yaranacaq. Bu baxımdan, qərardad ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının əsaslı olduğunu vurğulayaraq, qüvvəsində saxlanılmasını məkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında iddiaçının ərizəsinin rədd edilməsini onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianı iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbimt olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırılmalıdır. Şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı iddianı təmsin etmə tədbirlərinin tətbiq edilməsini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki Məhkəm nəzərə almamışdır ki, istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə isə Konstitsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan meyarlar baxımından iddiaçının ərizəsinə hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarından isə görünür ki, iddiaçı tərəfindən məkəməyə tərəflər arasındakı alqı-satqı münasibətlərinə, o cümlədən, cavabdehin sifarişi əsasında ona 67.650 ABŞ dolları dəyərində məhsulların göndərilməsinə dair hesab-fakturalar və sair sənədlər, eyni zamanda, 43.938 ABŞ dolları məbləğində qalıq borcu barədə ona ünvanlanmış pretenziya müraciəti təqdim olunmuşdur. Bütün halları isə ən azından iddianı təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsi və əsas borc (43.938 ABŞ dolları) tələbi həcmində, iddiaçının müəyyən etdiyi cavabdehin “xxxx” ASC-dəki bank hesabındakı pul vəsaiti üzərinə həbs qoyulmasını zəruri etməklə, Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında sadlanan meyarlara tam cavab verir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, cavabdehin konstision vəzifələri nəzərə alınmaqla, onun bank hesabındakı pul üzərinə həbsin qoyulması - “işçilərə əmək haqqı, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan» icra edilməsi ilə şərtləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3778/2020 il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Cavabdeh MMC-nin “xxxx” ASC-də olan AZ82MUGA**********00069USD28 saylı hesabındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 43938 ABŞ dolları həddində (Azərbaycan manatı məzənnəsi ilə) həbs qoyulmalı, ərizə qalan hissədə rədd edilməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı “X1 İnşaat Sanayi və Ticaret” Anonim Şirkətinin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3778/2020 saylı qərardadı ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. İşə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək,Cavabdeh MMC-nin “xxxx” ASC-də olan AZ82MUGA**********00069USD28 saylı bank hesabındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 43938 (qırx üç min doqquz yüz otuz səkkiz) ABŞ dolları həddində (Azərbaycan mnatı məzənnəsi ilə) həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad, icra vərəqəsi verilməklə, dərhal icraya yönəldilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-238/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-238/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver