Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-239/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, sübutetmə, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X3 adına 21 oktyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8466 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
2. X6 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 05 yanvar 2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin 3cü bəndində nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, icarəyə verən aşağıdakı əmlakı icarəçinin müvəqqəti istifadəsinə verir: AZ 1009 Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 130 (Salam Tour) Sahəsi 60,9 m2.
4. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində göstərilən əmlakın mülkiyyət (sərəncam vermə) hüququ icarəyə verənə məxsusdur.
5. ünvan 1 ünvanında yerləşən obyekt, sığortalı İddiaçı olmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək sığortalanmış, sığorta məbləği 27 943 manat, sığorta haqqı 60 manat, azadolma məbləği 400 manat məbləğində müəyyən olunmuşdur (BB seriyalı 757435 nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsi).
6. 30 oktyabr 2023-cü il tarixli “Yanğın haqqında akt”da qeyd edilmişdir ki, “25 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 130 (“Salam” Tour) ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğının səbəbi kimi baxış keçirilən zaman və alınan izahatlardan belə ehtimal edilir ki, ofisin daxili elektrik xətlərində baş vermiş qısa qapanma nəticəsində yanğın hadisəsi baş vermişdir.”.
7. "xxxx" ASC tərəfindən tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli dəymiş zərərin hesabatına görə, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 130 (“Salam” Tour) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2400 manat məbləğində ziyan dəymişdir.
8. "xxxx" ASC tərəfindən İddiaçı 21 noyabr 2023-cü il tarixdə aşağıdakı məzmunda “sığorta ödənişinin verilməsinə dair bildiriş” göndərilmişdir: "xxxx" ASC-yə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 130 ünvanında yerləşən və istifadənizdə olan qeyri-yaşayış obyektinə (“Salam” Tour ofisi) 25 oktyabr 2023-cü il tarixində sığorta hadisəsi (yanğın) nəticəsində zərər dəyməsi barədə məlumat verilmişdir. Müraciətlə bağlı bildirilir ki, baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlak) dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert tərəfindən sözügedən əmlaka baxış keçirilmişdir. Ekspertin zərərin hesablanması üzrə rəyinə əsasən baş vermiş hadisə nəticəsində daşınmaz əmlaka dəymiş zərər 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Sizinlə "xxxx" ASC arasında bağlanmış BB seriyalı 757435 blank nömrəli sığorta müqaviləsinin şərtlərinə əsasən daşınmaz əmlak üzrə şərtsiz azadolma məbləği 400 (dörd yüz) manat təşkil edir. Müqavilə şərtləri əsas götürülərək 400 (dörd yüz) manat azadolma məbləği ekspert tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq 2000 (iki min) manat məbləğində sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi mümkün hesab edilir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə razılıq bildirmədiyiniz təqdirdə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxsin seçilməsi üçün Sizin və ya səlahiyyətli nümayəndənizin (səlahiyyətli nümayəndə olduğunu təsdiq edən müvafiq sənədlə) "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən baş ofisinə yaxınlaşmağı xahiş olunur”.
9. 29 noyabr 2023-cü il tarixli AKT-167/23 nömrəli aktda qeyd edilmişdir ki, “xüsusi mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 130, nömrəli qeyri-yaşayış yarımzirzəmidə yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsinə dair 27 noyabr 2023-cü il tarixdə sığortalı İddiaçı səlahiyyətli nümayəndəsi X2 müraciətinə uyğun olaraq əmlaka baxış keçirilmişdir. Bildirilir ki, İddiaçı icarə müqaviləsi əsasında sahibliyində olan, turizm şirkəti kimi fəaliyyət göstərən və "xxxx" ASC-nin BB 757435 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi ilə sığortalanmış sözügedən yarımzirzəmiyə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirilmə işi yekunlaşdırılmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı icarə müqaviləsi əsasında sahibliyində olan və "xxxx" ASC-nin BB 757435 sığorta şəhadətnaməsi ilə sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 130, saylı yarımzirzəmiyə dəymiş zərərin həcmi 19 993 (on doqquz min doqquz yüz doxsan üç) manat təşkil edir”..
10. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli 202/ks/23 nömrəli qiymətləndirmə rəyində aşağıdakılar göstərilmişdir: “hörmətli Ceyhun bəy, sizin 14 dekabr 2023-cü il tarixli müraciətinizə əsasən istifadənizdə olan Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 130 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsinə yanğın nəticəsində dəymiş ziyanın məbləğini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Dəymiş ziyanın məbləği 20 500 (iyirmi min beş yüz) manat təşkil edir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) "xxxx" ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 20 500 (iyirmi min beş yüz) manat sığorta ödənişinin və qətnamə qəbul olunan günədək sığorta ödənişinin gündəlik 0,1 faizi məbləğində dəbbə pulunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanda turizm fəaliyyəti ilə məşğuldur, həmin ünvanda yerləşən obyekt cavabdeh tərəfindən sığortalanmışdır. 25 oktyabr 2023-cü il tarixdə obyektdə yanğın baş vermiş, obyekt demək olar ki, tam yanaraq istifadəyə yararsız hala düşmüşdür. Buna görə də bir müddət başqa ünvanda fəaliyyət göstərməyə məcbur qalmışdır. Sığorta hadisəsi baş verdiyindən cavabdehə müraciət olunmuş, cavabdeh araşdırma apararaq sığorta hadisəsini təsdiq etsə də, cəmi 2400 manat zərər müəyyən etmiş və həmin məbləği ona təklif etmişdir. Halbuki dəymiş zərər bu məbləğdən qat-qat çoxdur. Sığorta sahəsində müstəqil qiymətləndirici olan Əmrulla Kərimovun 29 noyabr 2023-cü il tarixli rəyinə əsasən, obyektə vurulan cəmi zərər 19 993 manat təşkil edir. Digər qiymətləndirici "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli rəyinə görə isə, zərərin cəmi məbləği 20 500 manatdır. Buna görə də hesab edir ki, sığorta ödənişi 20 500 manat həcmində həyata keçirilməlidir.
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianı 2400 manat həddində qəbul etdiklərini bildirmişdir.
14. Cavabdehin nümayəndəsi “məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə” qərardad qəbul olunması ilə bağlı vəsatət də təqdim etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2024-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsindən sonra əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 7039 manat məbləğində müəyyən olunmuşdur.
16. Birinci instansiya məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6639 (altı min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişinin tutularaq iddiaçıya ödənilməsi, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 32,40 manat (otuz iki manat qırx qəpik) hissəsinin cavabdehdən, 67,60 manat (altmış yeddi manat altmış qəpik) hissəsinin isə iddiaçıdan tutulması qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin məbləği məhz məhkəmə tikinti-texniki ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməli, rəylə müəyyən edilmiş 7039 manatdan 400 manat azadolma məbləği çıxılmaqla, 6639 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə iddiaçının dəbbə pulu ilə bağlı tələbini əsassız hesab edərək qeyd etmişdir ki, sığorta ödənişinin ödənilməməsi məbləğdəki mübahisə ilə bağlı olmuş, cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsi təklif edilmiş, lakin iddiaçı məbləğlə razılaşmayaraq, həmin məbləğdə sığorta ödənişini qəbul etməmiş, ona görə məhkəməyə müraciət olunmuşdur.
19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 884.3-cü, 886.1-ci, 886.3-cü, 888.1-ci, 889.1-ci, 922.1-ci, 922.2-ci, 926.1-ci, 926.2-ci, 926.3-cü, 927.1-ci, 934.2-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.4-cü, 13.1-ci, 15.1-ci, 18-ci maddələrinə istinad etmişdir.
20. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçıya dəymiş ziyanın məbləğinin həddindən artıq şişirdildiyi, məhkəmənin isə əsassız ekspert rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
22. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
27. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
28. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
29. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
30. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
31. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
32. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
33. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
34. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
35. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
37. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
38. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
39. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
40. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
41. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya, iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
51. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iş materiallarında olan aktları, xüsusilə də ekspert rəyini qarşılıqlı təhlil edərək, dəymiş zərərin məbləğinin 7039 manat ola biləcəyi nəticəsinə gəlmişdir.
52. Ziyanın məbləği ilə bağlı müstəqil ekspert X7 tərəfindən tərtib olunmuş rəyin əsas götürülməli olduğu barədə cavabdehin nümayəndəsinin arqumentini kollegiya əsaslı hesab etmir.
53. Digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 mart 2020-ci il tarixli Qərarı).
54. Bununla belə, formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması qəbul edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 1
1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49
55. Məhkəmə kollegiyası həmçinin ona da diqqət çəkir ki, ekspert rəyi məhz cavabdehin vəsatəti əsasında təyin edilmiş və ona ekspertizada iştirak etməsi, eləcə də sənədlərin təqdim olunması üçün prosessual baxımından şərait yaradılmışdır.
56. Digər tərəfdən cavabdeh ekspertiza qərarının mötəblərliyini yalnız yanğın hadisəsi ilə yekun ekspertiza qərarı arasında 1 illik müddət keçməsi ilə əsaslandırmışdır. Lakin cavabdeh bu halın konkret olaraq zərərin məbləğinə və ümumilikdə keçirilmiş ekspertizanın düzgünlüyünə necə təsir etməsi barədə hər hansı dəlil təqdim etməmişdir.
57. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, digər sübutları nəzərə almaqla yanaşı ekspert rəyinə xüsusi önəm verərək, dəymiş zərərin məbləğinin 7039 manat olması nəticəsinə gəlmişdir.
58. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1153/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov
İş № 2-2(102)-560/2024 İş № 2-2(102)-560/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_560+20.11.2024.pdf) § 53 İş № 2-2(102)-685/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_685+18.12.2024.pdf) § 74