Məhkəmə qərarları › İş №2-2(103)-24/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-24/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-24/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı qazdan istifadəyə görə hesablanmış məbləğin qismən etibarsız hesab edilməsi və artıq alınmış ödənişlərin geri qaytarılması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2- 2(82)-383/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 383/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim L.Əliyeva). Məhkəmənin xx.xx.2019-cu il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan müddət üçün cavabdeh tərəfindən artıq hesablanmış 50.756,79 manat məbləğində vəsaitin hesablanması qaydasının etibarsız hesab edilməsi, artıq hesablanmış 50.756,79 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50.786,79 manat pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2017-ci il tarixdən etibarən isə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsində faktiki olaraq fəaliyyətə başlamışdır. Çörək və un məmulatlarının istehsalı və satışı ilə məşğuldur. xx xxxx 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış ***-**-** saylı müqaviləyə əsasən cavabdeh tərəfindən G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən müəssisədə qazla işləyən avadanlıqlar siyahıya alınaraq aktlaşdırılmışdır. İddiaçı tərəfindən 2017-ci ilin aprel ayından 2018-ci il noyabr ayınadək 54.028,61 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində iki dəfə artıq yəni, 104.785,40 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Halbuki istifadəsində olan avadanlıqlar cavabdehin hesabladığı qədər qaz sərf edə bilməzdi. Cavabdehin hesablamaları ilə razı deyil. Hesab edir ki, qiymətlər cavabdeh tərəfindən şişirdildiyindən hesablanmış borc qismən etibarsız hesab edilərək artıq alınmış vəsait geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və iddiaçı tərəfindən təsdiqlənmiş arayışdan görünür ki, iddiaçının istifadəsində tunel tipli, dönər tipli çörəkbişirmə sobası və buxar generatoru kimi müasir çörəkbişirmə avadanlıqları var. Həmin avadanlıqlarda qənaət rejiminin mövcudluğu qaz sərfiyyatını minimallaşdırır. Qənaət rejiminin mahiyyəti avadanlığın lazımi temperaturu yığdıqdan sonra qaz sərfiyyatını dayandırmasından ibarətdir. Avadanlıqların saatlıq qaz sərfiyyatı müvafiq olaraq tunel tipli soba - 20-25 m3 , dönər tipli çörəkbişirmə sobası - 5-8 m3 və buxar generatoru - 15-18 m3 aralıqlarında dəyişir. Tunel tipli soba ilə buxar generatorunun gün ərzində fasilələrlə 12 saat, buxar generatorunun isə müvafiq olaraq 6 saat işlədiyini nəzərə aldıqda, avadanlıqların aylıq maksimum qaz sərfiyyatı aşağıdakı kimi olar: Tunel tipli sobanın gündəlik qaz sərfiyyatı 300 m3 (25 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği: 50,82 (300m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 1544,93(50,82 manat x 30,4) manat, dönər tipli çörəkbişirmə sobasının gündəlik qaz sərfiyyatı 48 m3 (8 m3 x 6 saat), gündəlik sərf olunmuş qazın məbləği: 8,13 (48m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 247,15 (8,13 manat x 30,4) manat, buxar generatorunun gündəlik qaz sərfiyyatı 216 m3 (18 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği: 36,59 (216 m3 x 0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 1112,35 (36,59 manat x 30,4) manat, aylıq sərf olunmuş qazın maksimal məbləği 2904,43 (1544,93+247,15+1112,35) manat. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən göndərilən, iddiaya əlavə olunmuş hesab-fakturalarda tələb olunan aylıq sərf olunmuş qazın məbləğləri, yuxarıda göstərilən qaydada hesablanmış qaz qurğularının maksimal aylıq sərfiyyatını dəfələrlə üstələmişdir. Qeyd olunan uyğunsuzluqların daha dərindən nəzərdən keçirilməsi üçün ‘“xxxx” MMC-nin “Qaz sərfiyyatı haqqında açıqlama” iddiaya əlavə olunur. Həmin sənəddən göründüyü kimi məbləğlər arasındakı fərq 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə 50.756,79 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, xx xxxx 2017-ci il tarixli məktubla cavabdehə müraciət etmiş və məktubunda 2017-ci ilin iyun ayı üçün sərf edilmiş qazın həmin ilin aprel və may aylarındakı göstəriciləri dəfələrlə üstələdiyini və bu problemin cavabdehin yerli idarəsinin mütəxəssisləri tərəfindən sayğacın filterinin təmizlənməsindən sonra baş verdiyini əsas göstərərək həmin qaz sayğacının tənzimlənməsini xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə iddiaçı cavabdehə məlumat ünvanlayaraq müəssisənin fəaliyyət göstərdiyi təxminən bir il ərzində qaz təchizatı ilə bağlı montaj olunmuş tənzimləmə qurğuları və sayğacın iki dəfə sıradan çıxdığını, bunun səbəbinin qaz təzyiqinin stabil olmaması və qazın çirkli olması olduğunu cavabdehin nəzərinə çatdırmış və göstərilənlərə əsasən müəssisəyə qazın qanunvericilikdə standartlara uyğun verilməsini xahiş etmişdir. Bununla yanaşı xx xxxx 2018-ci il tarixdə cavabdehə istifadəsində olan G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı qaz sərfiyyatını düzgün hesablamadığı üçün həmin sayğacın növbədənkənar dövlət yoxlamasının keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab məktubunda cavabdeh sayğacın yoxlanıldığını və heç bir qüsur aşkarlanmadığını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərkən onların nümayəndəsinin iştirakı təmin edilməmiş və sayğacın vəziyyəti ilə bağlı akt tərtib edilməmişdir. Cavabdehin cavab məktubunu aldıqdan sonra iddiaçı xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində sayğaca baxış keçirmiş, baxış nəticəsində sayğacın plombunun cavabdehin əməkdaşları tərəfindən açılması və sayğacın işləməməsi aşkarlanmış, bununla bağlı cavabdehin nümayəndəsinə telefon vasitəsilə məlumat verilmiş və sayğacın fotoşəkilləri çəkilmişdir. Növbəti gün yəni, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən sayğaca təkrar baxış keçirilmiş və sayğacın yenə də işləməməsi aşkarlanmışdır. Bundan sonra iddiaçı həmin sayğacın dövlət yoxlamasından keçirilməsi və ya yenisi ilə əvəz edilməsi ilə bağlı yenidən cavabdehə müraciət etmişdir. Sayğacın işləməməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra xx xxxxxxx 2018-ci il tarixdə sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. xx.xx.2018-ci il tarixdə sayğacın istismara yararsız (təmirə ehtiyacı var) olması barədə qüsur aktı tərtib olunmuşdur. Müəssisəyə yeni sayğacın alınması və montaj edilməsi ilə bağlı müraciət olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzinin 11495 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə “xxxx” MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoruyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. “xxxx” MMC-yə məxsus qeyriyaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfiyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfiyyatı: qış ayı üçün 11913 m3 (397.1 m3 x 30 gün=11913 m3), yay ayı üçün 11649 m3 (388.3 m3 x 30 gün=11649 m3) təşkil edir. “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfiyyatı 222651 m3 təşkil etməklə, həmin sərfiyyatın dəyəri 44.430,2 (qırx dörd min dörd yüz otuz manat iyirmi qəpik) təşkil edir və MMC tərəfindən ödənilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 xx.xx.2019-cu il tarixli, AERA-01-17-506/19 saylı məktubundan görünür ki, sənaye sektorunda quraşdırılan qaz sayğacları elektron həcm korrektoru ilə təchiz edilməlidir. Elektron hissənin təyinatı boru kəmərində təzyiqi və qazın temperaturunu ölçüb, korreksiya əmsalını hesablayaraq sayğacdan keçən qaz həcminin standart şəraitə gətirilməsidir. Elektron hissənin tablosunda sayğacdan keçən qaz həcmi Vmt kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır. Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması sayğacın qüsurla işləməsini göstərir.Məhkəmə qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji X1 məktubunda qaz sayğacının elekton hissəsinin Vbt göstəricisi ilə Vmt göstəricisi arasında(Vmt göstərici isə mexaniki göstərici ilə eyni olmalıdır) fərqin sayğacın qüsurla işləməsinə dəlalət etmədiyi göstərildiyi halda, yuxarıda göstərilən ekspert rəyindən isə görünür ki, ekspert elektron tablonun Vbt göstəricisi (356.771 m3 ) ilə mexaniki göstərici arasında (179.372 m3) fərqin olmasına əsasən sayğacın qüsurla işləməsi nəticəsinə gəlmişdir. Nümayəndə və vəkil hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji X1 məktubuna istinad edərək, espertiza mərkəzi tərəfindən verilmiş rəyi öz mülahizəsinə uyğun şərh edərək rəyi şübhə altına almışdır.Belə ki, ekspetiza rəyində birbaşa göstərilmişdir ki, “xxxx” MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyriyaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771 - 179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar.Nəzərə alınsa ki, məhkəmə öz qərarında Energetika Nazirliyinin Enerji X1 məktubuna istinad edərək qeyd etmişdir ki, mexaniki və Vmt arasında fərq olmadığı təqdirdə bu sayğacın qüsurlu işləməsinə dəlalət etmir. Lakin məhkəmə ekspertin rəyini nəzərə almayaraq sayğacın Vbt (elektron) və mexaniki göstəriciləri arasında böyük miqdarda (iki dəfəyə yaxın) fərqin olmasına aydınlıq gətirməmişdir. Nəzərə alsaq ki, ödəniş Vbt əsasında həyata keçirilib, ekspertin rəyinə əsasən qüsurlu olduğu müəyyənləşdirilən Vbt gösəricisi əsassız yerə artıq ödəniş etməyimizə səbəb olmuşdur.Bundan başqa, məhkəmə qətnaməsində göstərmişdir ki:2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hesablanmış borca gəldikdə xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən edildiyindən 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının sərfıyyatına əsasən avqust vəsentyabr ayı 7362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60manat məbləğində hesablanmışdır.Göründüyü kimi müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən - 2018-ci ilin noyabrınadək müddətdə davamlı olaraq qüsurla işləməsi iş materiyallarında olan sənədlərlə təkzib edilir.İş materiallarına əlavə olunmuş, sayğacın qaz sərfıyyatmın düzgün hesablamadığı üçün növbədən kənar dövlət yoxlamasının keçirilməsi üçün Cavabdehnə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli müraciətlərimizə baxmayaraq və sayğacın qüsurla işləməsi barədə Q- 066943 saylı, xx xxxxxxx 2019-cu il tarixli qüsur aktı aktının olmasına baxmayaraq Cavabdeh növbəti ayların ödənişini qüsurlu sayğacın (iyul 2018-ci il) göstəriciləri əsasında aparmışdır və bununla belə məhkəmə qeyd olunan dəlillərə diqqət yetirməmişdir.Göründüyü kimi, birinci instasiya məhkəməsi, yuxarıda qeyd olunan halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və işin obyektiv araşdırılmasına nail olmamışdır. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, ***-**-** saylı “Qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı (cavabdeh) tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 2 ədəd kombi, 1 ədəd şirniyyat sobası, 1 ədəd çörək bişirən soba, 1 ədəd buxar qazanı quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı qaz xəttindən açılmış, filtri və içərisi yuyulub təmizlənmişdir, normal işləyir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2017-ci il tarixli, SS29/1640- 166-1 saylı aktdan görünür ki, “xxxx” MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2017-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və X7 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, rotorlar balansdan çıxıb, bu halda mexaniki hissədən keçən qaz həcmi qeydə alınmır. xx.xx.2018-ci il tarixli, Q-005598 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, 1 dəst rotorun deformasiyaya uğradığı, 1 dəst yastığın ağır fırlandığı qeyd edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2018-ci il tarixli, SS29/1640- 1021 saylı aktdan görünür ki, “xxxx” MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2018-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və X6 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq xətalar normaya uyğun olması müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istiadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış qaz sayğacı qaz xəttindən açıldıqdan sonra öz yerinə quraşdırılmış, sayğac yoxlanılmış, təhvil verilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı dövlət yoxlamasına aparılması üçün çıxarılmış, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. “xxxx” MMC-nin direktoru tərəfindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Z.Rəsulova ünvanlanmış xx.xx.2018-ci il tarixli, Cavabdeh İB-nin Baş direktoru Əkbər Hacıyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli, “Cavabdeh İB-nin baş direktorunun satış və istismar üzrə müavini R.Əliyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı “xxxx” MMC istifadəsində olan qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istiadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılmış, əvəzinə 75018644 saylı müvəqqəti sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac qaz xəttindən açılıb laboratoriyaya aparılmış, 75158533 saylı sayğacın yerinə müvəqqəti sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış 75018644 saylı qaz sayğacı qaz xəttindən açıldıqdan sonra sayğac öz yerinə quraşdırılmışdır. xx.xx.2018-ci il tarixli 006943 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, rotorun deformasiyaya uğradığı, yastığın sıradan çıxdığı müəyyən edilmişdir. “ Qaz sayğaclarının texniki vəziyyəti haqqında” 002447 saylı xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin tələblərinə əsasən yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 gün ərzində MMC tərəfindən təmin edilməlidir. Yeni tipli qaz sayğaclarının alınması və sənaye tipli qaz sayğaclarının təmiri ilə əlaqədar müqavilənin bağlanması üçün Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə müraciət edilməsi xahiş edilmişdir. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7362,20 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin avqust ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7362,20 manat borc hesablanmışdır. "Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında" xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin xx.xx.2018-ci il tarixdən xx.xx.2018 tarixə kimi 5 gun müddətində 4448 m3 qaz sərfiyyatına görə 889.60 manat borc hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx xxxx 2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə “xxxx” MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoruyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfiyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfiyyatı: qış ayı üçün 11913 m3 (397.1 m3 x 30 gün=11913 m3 ), yay ayı üçün 11649 m3 (388.3 m3 x 30 gün=11649 m3 ) təşkil edir. “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfiyyatı 222651 m3 təşkil etməklə, həmin sərfiyyatın dəyəri 44.430,2 (qırx dörd min dörd yüz otuz manat iyirmi qəpik) təşkil edir və MMC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli, AERA-01-17-506/19 saylı cavab məktubunda bildirilmişdir ki, sənaye sektorunda quraşdırılan qaz sayğacları elektron həcm korrektoru ilə təchiz edilməlidir. Elektron hissənin təyinatı boru kəmərində təzyiqi və qazın temperaturunu ölçüb, korreksiya əmsalını hesablayaraq syğacdan keçən qaz həcminin standart şəraitə gətirilməsidir. Elektron hissənin tablosunda sayğacdan keçən qaz həcmi Vmt kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır. Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması sayğacın qüsurla işləməsini göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cavabdehnə ünvanladığı xx xxxxx 2017-ci il tarixli, **********72 saylı məktubda bildirilmişdir ki, sənaye qaz qurğuları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. İş materiallarından görünür ki, “xxxx” MMC düzgün hesablanmamasını iddia etdiyi qazdan istifadəyə görə haqq 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci beş günü üçün hesablanmış 15614 manat (7362,20+7362,20+889,60) hissəsi istisna olmaqla Cavabdeh İB tərəfindən “xxxx” MMC-nin istifadəsində olmuş qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə görə isə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hesablanmış borca gəldikdə xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən edildiyindən 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının sərfiyyatına əsasən avqust və sentyabr ayı 7362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60 manat məbləğində hesablanmışdır. “Qazdan istifadə qaydaları”nın 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən hesablanması qaydasının etibarsız sayılmasını tələb etdiyi borc məbləğləri “Qazdan istifadə Qaydaları”nda və tərəflər arasında bağlanmış müqavilənin şərtlərində müəyyən edilmiş qaydada hesablanmışdır. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı qazdan istifadəyə görə 60.355,20 manat məbləğində borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayının 1-dək olan dövrdə qaz sayğacının qüsurlu işləməsi və qaz sərfiyyatının olduğundan artıq qeydə alması ilə, 21.596,80 manat borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini isə təmir olunduqdan sonra xx.xx.2019-cu il tarixdə yenidən quraşdırılmış qaz sayğacının (hal-hazırda da həmin qaz sayğacının iddiaçının istifadəsindədir) xx.xx.2018-ci il-xx.xx.2019-cu il tarixləri arasında da qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alması ilə əsaslandırmışdır. 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək müddətdə müəssisədə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi səbəbindən sərfiyyatı düzgün qeydə almaması barədə iddiaçının dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçının həmin dəlilləri təsdiq etmək üçün istinad etdiyi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qüsur aktları yalnız müəssisədə quraşdırılmış qaz sayğacının qaz xəttindən çıxarılarkən yararsız olması faktını təsdiq etməklə, müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək olan bütün müddət ərzində qüsurla işləməsi və eləcə də həmin müddət ərzində qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması, ələxsus sərfiyyatı olduğundan artıq qeydə almasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Əksinə iş materiallarından görünür ki, həmin müddət ərzində müəssisədə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olması cavabdehin nümayəndələri tərəfindən dəfələrlə yoxlanılmış, SOCAR-ın İnformasiya texnologiyaları və Rabitə İdarəsinin sayğacın istismara yararlığı haqqında xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli arayışlarına, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2018-ci il tarixli, SS-29/1640-1021 saylı aktına əsasən sayğacın istismara yararlı olması müəyyən edilmişdir. Qaz sayğacının qüsurla işləməsi müyyən edildiyi hallarda isə qaz sayğacın xətdən çıxarılmış, yoxlanılması üçün laboratoriyaya göndərilmiş, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. Göründüyü kimi müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək müddətdə davamlı olaraq qüsurla işləməsi iş materiallarında olan sənədlərlə təkzib edilir. Bununla yanaşı abonent saldosundan və digər iş materiallarından da göründüyü kimi 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı bir neçə dəfə, 2017-ci ilin iyulunda, 2018-ci ilin aprelində, 2018- ci ilin oktyabrında (müvəqqəti sayğac quraşdırılmış), 2018-ci ilin noyabrında (daimi sayğac quraşdrırılmış) dəyişdirilmişdir. Lakin 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək olan müddətdə qaz sayğacı 4 dəfə çıxarılaraq dövlət yoxlamasına göndərilməsinə və sonradan yenidən quraşdırılmasına baxmayaraq həmin müddət ərzində müəssisədə quraşdırılmış bütün qaz sayğacları (həm daimi, həm müvəqqəti sayğaclar) təxmini eyni məbləğlərdə- 5000-8000 manat civarında aylıq qaz sərfiyyatı qeydə almışdır. Belə olan halda isə müəssisədə qaz sərfiyyatının düzgün qeydə alınmaması barədə iddiaçının dəlilləri inandırıcı görünmür. 2018-ci ilin noyabrında dövlət yoxlamasından keçdikdən və təmir olunduqdan sonra quraşdırılmış qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması barədə iddiaçının dəlilinə gəldikdə həmin sayğacın istifadəyə yararlı olub-olmamasını, sərfiyyatı artıq qeydə alıbalmadığını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında qaz sayğacının istifadəyə yararlı olub-olmaması, yararsız olduğu halda faktiki sərfiyyatı artıq hesablayıb-hesablamaması barədə sual qoyulmuşdur. Həmin suala cavab olaraq ekspert rəyində göstərilmişdir ki, qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstəricisi ilə mexaniki göstəricisinin arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771 – 179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla (yaxud xətalarla) işləməsini, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparılmaqla müəyyən etmək olar. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X3 laboratoriya sınağı aparılmadan sayğacın qüsurla işləməsi barədə dəqiq nəticəyə gəlmək mümkün olmadığını, elektron hissəsinin göstəricisi ilə mexaniki göstəricisinin arasında 2 dəfəyə yaxın fərqin olması əsasında sayğacın qüsurla işlədiyini ehtimal etdiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən sənaye qaz sayğacının elektron hissəsi ilə mexaniki hissəsinin göstəriciləri arasında fərqin sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sorğu verilmişdir. Agentliyinin həmin sorğuya cavab olaraq göndərdiyi məktubda elektron hissənin Vbt (standart şəraitə gətirilmiş qaz həcmi) və Vmt (sayğacdan keçən qaz həcmi) göstəriciləri arasında fərqin olmasının sayğacın qüsurla işləməsinə dəlalət etməməsi, Vmt göstərici ilə mexaniki göstərici arasında fərqin olmasının sayğacın qüsurla işləməsini göstərməsi, istifadə edilmiş qaz həcminin hesabatının standart şəraitə gətirilmiş qaz həcmi (Vbt) ilə aparılmalı olması göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji X1 məktubunda qaz sayğacının elekton hissəsinin Vbt göstərici ilə Vmt göstəricisi (Vmt göstərici isə mexaniki göstərici ilə eyni olmalıdır) fərqin sayğacın qüsurla işləməsinə dəlalət etmədiyi göstərildiyi halda yuxarıda göstərilən ekspert rəyindən isə görünür ki, ekspert elektron tablonun Vbt göstəricisi (356.771 m3 ) ilə mexaniki göstərici arasında (179.372 m3) fərqin olmasına əsasən sayğacın qüsurla işləməsi nəticəsinə gəlmişdir. MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi sınaq aparılmadan sayğacın qüsurla işləyib-işləməməsi barədə əsaslı nəticəyə gəlməyin mümkün olmamasının ekspert rəyindən və ekspertin izahatından aydın göründüyünü, eyni zamanda sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin sayğacın qüsurla işləməsinə dəlalət etməsi barədə ekspert rəyində göstərilən fikrin ziddiyyətli olmaqla digər iş materialları ilə təkzib edildiyini nəzərə alaraq və ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, xx xxxx 2019-cu il tarixli ekspert rəyi iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi, ələxsus sərfiyyatı olduğundan artıq qeydə alması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, həm 2018-ci ilin noyabrınadək iddiaçının istifadəsində olmuş qaz sayğaclarının, həm də hazırda iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi ehtimal edilsə belə həmin hal özözlüyündə iddiaçıya hesablanmış borcun bir hissəsinin qanunsuz hesab edilməsi üçün əsas vermir. Belə ki, borcun qanunsuz hesab edilməsi üçün qaz sayğacının hansı qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alıb-almaması da müəyyən edilməlidir. xx xxxx 2019-cu il tarixli ekspert rəyinin qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert birinci sual üzrə qaz sayğacının qüsurla işləyib-işləməməsi və sərfiyyatı düzgün qeydə alıb-almaması barədə əsaslı nəticə gəlmədiyindən ikinci və üçüncü suallara verilən cavablar iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, qaz sərfiyyatının digər üsullarla, o cümlədən qaz qurğularının maksimal sərfiyyatına əsasən hesablanması yalnız o zaman mümkündür ki, qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması müəyyən edilmiş olsun. Göstərilən hal müəyyən edilmədiyi halda isə qaz sərfiyyatı qaz sayğacının göstəriciləri əsasında hesablanır. Bundan əlavə ekspert rəyi ilə və ekspertin verdiyi izahatla həmçinin təsdiq edilir ki, ekspert tərəfindən qaz qurğularının maksimal qaz sərfiyyatı qaz qurğularının saatlıq qaz sərfiyyatı və qaz qurğularının bir qayda olaraq gün ərzində istifadə olunma saatları (məsələn, dönər peçi gündə 3,5 saat, qaz peçi gündə 8 saat və s.) nəzərə alınaraq hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, çörəkbişirmə sexlərində qaz qurğularının adətən istifadə edilmə saatları nəzərə alınmaqla hesablanmış aylıq qaz sərfiyyatı maksimal qaz sərfiyyatından daha çox, qaz qurğularının orta aylıq qaz sərfiyyatı kimi qəbul edilə bilər ki, müəssisədə həmin sərfiyyatdan daha yüksək sərfiyyatın olması istisna edilmir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçı “xxxx” MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, hazırda istifadə etdiyi sayğacın qaz sərfiyyatını düzgün qeydə almamasını, eləcə də əvvəllər müəssisədə quraşdırılmış (2017-ci ilin aprelindən 2018-ci ilin noyabrınadək müddətdə) bütün sayğacların qaz sərfiyyatını düzgün qeydə almamasını, ona sayğac göstəricilərinə əsasən hesablanmış 81.951,9 manat məbləğində qazdan istifadəyə görə haqqın əsassız olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eskpert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçı “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur, ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 383/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar