Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-242/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-12/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdeh «xxxxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 752768 manat və 69829 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xərcinin və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan 56457,6 manat və 5237,2 ABŞ dolları məbləğinin, cəmi 809225,6 manat və 75066,2 ABŞ dolları borcun cavabdeh «xxxxxxxxxx» MMC-dən tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-12/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh «xxxxxxxxxx» MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə «xxxxxxxxxx» MMC arasında xx xxxxxxxx 2012-ci il tarixdə agent müqaviləsi bağlanmış və müqaviləyə əsasən, agent olaraq «xxxxxxxxxx» MMC "İddiaçı"nin ödəmə şəbəkəsi vasitəsilə ödəmələrin agent tərəfindən burada müəyyən edilən Ödəmələrin Qəbulu Məntəqələri (ÖQV) vasitəsilə yığılması və yığılmış vəsaitlərin "İddiaçı"nin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsini, İddiaçı isə müvafiq xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdehin öhdəliklərini icra etməməsi, yəni müqavilə üzrə ödənilməli olan vəsaitləri iddiaçının hesabına köçürməməsi nəticəsində iddiaçıya 752768 manat və 69829 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı xidmət haqqını tam ödəməmiş, ödəmə terminallarına görə əsassız pul vəsaiti ödətdirmiş və nəticədə cavabdehə maddi zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 790.3 və 790.3.3-cü maddələrində isə nəzərdə tutulmuşdur ki, müqavilədə ticarət agentinin öhdəsinə başqa vəzifələr, o cümlədən zərurət olduqda və ayrıca muzd müqabilində tapşıran üçün malları saxlamaq və göndərmək, habelə onun borclularından məbləğləri tutmaq vəzifələri də qoyula bilər. Hazırki işdə də tərəflər arasında xx xxxxxxxx 2012-ci il tarixli agent müqaviləsi bağlanmış və müqaviləyə əsasən, agent olaraq «xxxxxxxxxx» MMC "İddiaçı" ödəmə şəbəkəsi vasitəsilə ödəmələrin agent tərəfindən burada müəyyən edilən Ödəmələrin Qəbulu Məntəqələri (ÖQV) vasitəsilə yığılması və yığılmış vəsaitlərin "İddiaçı"-nin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüş, lakin öz öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 2015-ci ilin oktyabr ayı ərzində ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktına əsasən ayın sonuna «xxxxxxxxxx» MMC tərəfindən İddiaçı-yə ödənilməli olan borc məbləği 752768 manat və 69829 ABŞ dolları təşkil etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı öhdəliyin icrasını və cavabdeh tərəfindən yığılmış, lakin iddiaçının hesabına köçürülməmiş həmin məbləğdə pul vəsaitinin ödənilməsini tələb etmədə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də tam əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh 752768 manat və 69829 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıya 2015-ci ilin oktyabr ayının sonunda qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı həmin tarixdən sonra yalnız 1 il 6 ay müddət üçün gecikdirmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Həmin məbləğ isə müvafiq olaraq 56457,6 manat və 5237,2 ABŞ dolları təşkil edir: (1 il üçün – 752.768 x 5% = 37638,4; 1 ay üçün – 37638,4 / 12 = 3136,53; 6 ay üçün – 3136,53 x 6 = 18819,2; 1 il 6 ay üçün – 37638,4 + 18819,2 = 56457,6) (1 il üçün – 69.829 x 5% = 3491,45; 1 ay üçün – 3491,45 / 12 = 290,954; 6 ay üçün – 290,954 x 6 = 1745,725; 1 il 6 ay üçün – 3491,45 + 1745,725= 5237,2). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 56457,6 manat və 5237,2 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi də öz qətnaməsinin əsaslandırma hissəsində iddianın tam əsaslı olduğunu qeyd etmiş, lakin qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan faiz məbləğinə aid hissədə (5237,2 ABŞ dolları əvəzinə 6982,9 ABŞ dolları qeyd olunmuşdur) açıq-aydın görünən texniki yanlışlığa yol vermişdir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə isə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Bu baxımdan kollegiya hesab edir ki, qətnamədə açıq hesab səhvinə yol verilməsi həmin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün deyil, Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq düzəliş edilməsi üçün əsasdır və birinci instansiya məhkəməsi də həmin maddəyə əsasən qətnaməyə düzəliş edə bilər. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarında görünür ki, qətnamənin qəbul edildiyi tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinin istifadəsində olan telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir (cild 3, i/v 75-77). Bundan başqa cavabdeh tərəfindən verilmiş iddiaya etiraz əsaslandırılmamış və yalnız daha əvvəl cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məzmunu köçürülmüşdür. Qarşılıqlı iddia ərizəsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə geri qaytarılmışdır. Ona görə də, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaya etiraza istinad etməməkdə haqlı olmuşdur. Həmçinin apellyasiya şikayətinin məzmunu da geri qaytarılmış qarşılıqlı iddia ərizəsi ilə eynidir, lakin hazırda da həmin hallar araşdırıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh «xxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-12/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-242/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-242/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver