Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-242/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddiası üzrə kommersiya işi Açar söz: texniki xidmət müqaviləsi, zərər Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, "xxxx" MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən müqavilə üzrə borcun, əldən çıxmış faydanın tutulması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4513/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən, Cavabdeh İddiaçınə qarşı pulun geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən cavabdeh avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün iddiaçının 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə avtonəqlivvat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin xüsusi şərtlərinə əsasən müqavilə bir il müddətinə bağlanmışdır. Xüsusi şərtlərin 19.1-ci bəndində qeyd edilmişdir ki, icraçı müqavilə əsasında təhvil təslim sənədləri əsasında təqdim edilmiş mallara (işlərə və xidmətlərə) 6 ay müddətinə təminat verir. Müqavilənin şərtlərinə əsasən (13.1-ci bənd) müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər ) 15 gündən gec olmayaraq ödənilməli idi.
2. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 068041 saylı elektron qaimə əsasında 738,68 manat, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 967807 saylı elektron qaimə əsasında 5340,68 manat, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 524567 saylı 1675,33 manat, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 322939 saylı elektron qaimə əsasında 11642,09 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 477976 saylı elektron qaimə əsasında 11642,09 manat, xx.xx.2021ci il tarixli EBAX seriyalı 218316 saylı 3220,67 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 075588 saylı elektron qaimə əsasında 4545,83 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 367423 saylı elektron qaimə əsasında 10043,3 manat olmaqla, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 44509.58 manat dəyərində xidmətlərin göstərilməsinə dair qaimə təqdim edilmişdir.
3. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin əməkdaşları tərəfindən akt tərtib edilərək imzalanmış və həmin aktda Cavabdeh balansında olan təmir üçün "xxxx" MMC-yə göndərilmiş avtomaşınları servisdən götürərkən avtomaşınlarda aktda (cədvəl şəklində) göstərilən çatışmamazlıqlar müəyyən olunması və həmin çatışmamazlıqlar üzrə Cavabdeh MMC-yə ümumilikdə 42400 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.
4. İddiaçı MMC (istifadəçi) ilə “3 saylı Bakı Avtonəqliyyat Müəssisəsi” MMC (istifadəyə verən) arasında bağlanmış 01/AS nömrəli, xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitələrinə dayanacaq xidmətlərinin göstərilməsinə dair müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “3 saylı Bakı Avtonəqliyyat Müəssisəsi” MMC balansında olan ünvan 1 ünvanında yerləşən avtonəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə etmək məqsədilə İddiaçı MMC-nin istifadəsinə vermişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “Auto Services" MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh "MMC-dən 44509,58 məbləğində əsas borc, 10000 manat məbləğində əldən çıxmış fayda, 400 manat məbləğinda mediasiya xərcləri ümumilikdə 54.909 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan borc pul vəsaiti EBAV 068041 saylı, EBAV 967807 saylı, EBAY 524567 saylı, EBAY 322939 saylı, EBAX 477976 saylı, EBAX 218316 saylı, EBAX 075588 saylı, EBAW 367423 saylı elektron qaimələrə əsasən ödənilməli olduğu halda cavabdehin ödənilməyən 44509.58 manat miqdarında onların borcu mövcuddur. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəymiş, ödənişlər gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçı müflisləşməyə doğru gedərək qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməmişdir. Cavabdehin əsas borc üzrə 44509.58 manat və 10.000 manat məbləğində əldən çıxan fayda borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75%-dir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4513/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
8. Məhkəmə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında AP11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün iddiaçının 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə avtonəqlivvat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı elektron qaimələrdən başqa iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən, yəni xidmətlərin göstərilməsinə dair (təhviltəslim aktları və s.) hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin sənədlər cavabdehə xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər göstərilmiş xidmətlərin təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, xidmətlərlə birlikdə təhvil-təslim sənədlərinin (qaimə-faktura) verilməli olması barədə müqavilənin 13.1-ci bəndinin məzmununa və müqavilənin xüsusi şərtlərinə müqavilənin daxil edilməsinə zərurət olmazdı.
11. İddiaçı Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 42.400 manat məbləğin, 17,20 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı onunla əsaslandırılmışdır ki, 19 may 2020-ci il tarixində avtonəqliyyat vasitələrinə texniki, sürtgü materiallarının və ehtiyyat hissələrinin dəyişdirilməsi xidmətləri ilə əlaqədar Cavabdeh MMC ilə İddiaçı MMC arasında AP11 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə tərəflərindən müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilənin tələblərinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmiş və Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsi əsasən ödəliklərin icrası zamanı vicdanlılıq prinsipinə əməl edilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün İddiaçı MMC-yə təhvil verilmişdir, lakin təmirdə olan Cavabdeh MMC-nin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşkarlanmışdır. Tərəflərindən aşkarlanmış çatışmazlıqlar aktlaşdırılmışdır. Müraciətləri əsasında dəymiş zərərin məbləği üçüncü şəxs tərəfindən aparılan qiymətləndirmə ilə müəyyən edilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, AP11 saylı müqavilənin xüsusi şərtlərinin 20.1-ci bəndində dəymiş zərərin 100 % həcminin icraçı tərəfindən ödənilməli olması razılaşdırılmışdır. Müqavilə şərtləri pozulduğuna görə cəmiyyətlərinə 42400 manat məbləğində zərər dəymişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC-nin aralarında bağlanmış AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə avtomobilləri təmiri həyata keçirilmək öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində avtomobillərə dəymiş zərərin ödənilməsi tələbini irəli sürsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni 2020-ci ildə cavabdeh İddiaçı MMC-yə 12 ədəd mübahisəli avtomobillərin təmirini sifariş etməsini (sifariş orderi və s.), sifariş əsasında həmin avtomobilləri təmir üçün cavabdehə təqdim etməsini (təhvil-təslim aktı və s.), cavabdehin həmin xidmətləri qüsurla icra etməsini, eləcə də təmirə verilmiş avtomobilləri bir ildən artıq müddət ərzində iddiaçıya qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının göstərilən halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt iddiaçının işçiləri tərəfindən birtərəfli qaydada tərtib edildiyindən aktda göstərilən avtomobillərin təmir üçün İddiaçı MMC-nin servisinə təqdim edilməsi və servisdən götürülərkən avtomobillərdə qüsurların aşkar edilməsi faktlarını müəyyən etmək üçün yetərli sübut hesab edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. "Auto Services” MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4513/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "Auto Services” MMC tərəfindən 44509.58 manat dəyərində xidmətlərin göstərilməsinə dair, EBAV seriyalı 068041 saylı, EBAVseriyalı 967807 saylı, EBAY seriyalı 524567 saylı, EBAY seriyalı 322939 saylı, EBAX seriyalı 477976 saylı, EBAX seriyalı 218316 saylı, EBAX seriyalı 075588 saylı, EBAW seriyalı 367423 saylı qaimələr Cavabdeh MMC-yə təqdim edilmişdir. Cavabdeh MMC iddiaya etirazında müəssisəyə pul ödəməli olduğunu etiraf etmiş, lakin bunu belə əsaslandırmışdır ki, guya “Biz müqaviləni ləğv etsəydik bu borc yaranmayacaq idi”. Məhkəmə isə dəfələrlə deyilməsinə baxmayaraq bu halları nəzərə almamışdır. 44509,58 manat dəyərində xidmətlərin göstərilməsinə dair, yəni EBAV seriyalı 068041 saylı, EBAV seriyalı 967807 saylı, EBAY seriyalı 524567 saylı, EBAY seriyalı 322939 saylı, EBAX seriyalı 477976 saylı, EBAX seriyalı 218316 saylı, EBAX seriyalı 075588 saylı, EBAW seriyalı 367423 saylıelktron qaimələr "Auto Services” MMC tərəfindən göndərilmiş, Cavabdeh MMC tərəfindən qəbul edilmiş, Cavabdeh MMC tərəfindən "Auto Services” MMC-yə qüsurlar barədə hər hansı bir pretenziya, bildiriş daxil olmamışdır. Deməli "Auto Services” MMC qaimələr tam əsaslıdır. "Auto Services” MMC işin ədalətli həlli üçün bütün lazımı addımları atmışdır.
18. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidmət təhvil-təslim aktları əsasında göstərilmişdir. Göstərilən xidmətlər təhvil verilməmişdir. Əlavə olaraq təhvil verilməmiş xidmətlərin Cavabdeh MMC tərəfindən yoxlanılması zamanı aşkar olunmuşdur ki, tərtib edilmiş aktda göstərildiyi kimi 12 avto-nəqliyyat vasitəsinə təmir xidməti göstərilməmiş, bir sıra detalları üzərindən şökülmüş, lakin yenidən montaj edilməmişdir. Bununla bir sıra avtomobillər ümumiyyətlə yararsız vəziyyətə düşmüşdür. Bunun nəticəsində də iddiada öz əksini tapan zərər dəymişdir. Cəmiyyətə dəymiş real zərər mütəxəssislər tərəfindən müəyyən edilib müvafiq avtonəqliyyat vasitələri bu günki günədək təmir edilmədən təhvil alınmış formada saxlanılmışdır. Hətta bir neçə nəqliyyat vasitəsi yararsız hala düşmüşdü. İşin gedişi zamanı sistemdən çıxarışlar təqdim ediləcəkdir. Bu çıxarışlar avtonəqliyyat vasitələrinin "Auto Services” MMC-yə təqdim edilməsini sübut edir. Birinci instansiyası zamanı sistemdə baş vermiş xəta səbəbindən və Cəmiyyət daxili araşdırmanın yubanmasına görə məhkəməyə müvafiq sübutların təqdim edilməsi mümkün olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. "xxxx" MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Qətnamələr tam mübahisələndirdiyindən tam yoxlanılır.
24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-416/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya işi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair 2- 2(103)-242/2024 nömrəli kommersiya işi ilə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4513/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri göstərmişdir. Müqavilənin şərtləri, tərəflərin öhdəliklərinin xarakteri podrat müqaviləsinə uyğun gəldiyindən mübahisə düzgün olaraq podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilmişdir.
27. İşə apellyasiya qaydasında baxılarkın Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, qeyd edilən müqaviləyə əsasən İddiaçı MMC-nin hesabına ümumilikə 292979,94 manat pul köçürülmüşdür.
28. İşin mübahisəsiz halıdır ki, iddiaçı “Auto Services" MMC tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin dekabr ayından 2021-ci il ilin aprel ayınadək göndərilmiş 8 elektron qaimə üzrə ümumilikdə 44509,58 manat dəyərində göstərildiyi iddia edilən xidmətin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Elektron qaimələr təqdim edildikdən 5 gün sonra sistem tərəfindən təsdiqlənmişdir.
29. Cavabdeh MMC-nin iddiaya yazılı izahatında və nümayəndəsinun məhkəmə iclaslarında verdiyi izahatlarda dəyəri tələb edilən bu xidmətlərin göstərildiyini qəbul etmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə və müqavilə şərtlərinə əsasən xidmətin göstərildiyi elektron qaimələrdən əlavə təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan xidmətin həqiqətən göstərildiyini sübut etmək öhdəliyi iddiaçının üzərinə düşdüyü halda iddiaçı “Auto Services" MMC bu barədə məhkəməyə elektron qaimədən başqa digər sübut təqdim edə bilməmişdir.
30. “Auto Services" MMC -nin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirmişdir ki. Qarşı tərəfə təhvil-təslim aktları imzalanmaq üçün təqdim edilsə də imzalanmamışdır. Nümayəndə bu halı təsdiq edən hər hansı sübutları olmadığını bildirmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Auto Services" MMC iddiasının əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
33. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh "MMC də xidmətin qüsurlu göstərildiyinə dair iddiasının əsaslı olduğuna dair məhkəməyə mötəbər sübutlat təqdim edilməmişdir. Cavabdeh "MMC-nin sübut qismində təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt yalnız öz əməkdaşları tərəfindən tərtib edildiyindən düzgün olaraq məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir.
34. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 19.1-ci bəndində qeyd edilmişdir ki, icraçı müqavilə əsasında təhvil təslim sənədləri əsasında təqdim edilmiş mallara (işlərə və xidmətlərə) 6 ay müddətinə təminat verir. Hazırkı halda aktda göstərilən avtomobillərin təmir üçün İddiaçı MMC-nin servisinə təqdim edilməsini təsdiq edən təhviltəslim aktları birinci instansiya məhkəməsinə təqdim edilmədiyi üçün həmin avtomobillərə ümumiyyətlə cavabdeh tərəfindən texniki xidmət göstərilib-göstərilmədiyini, bu xidmətin hansı tarixdə göstərildiyini, müqavilədə nəzərdə tutulmuş 6 aylıq təminat müddətinin keçibkeçmədiyini müəyyən etmək mümkün olmur.
35. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinə texniki servis xidmətləri “3 saylı Bakı Avtonəqliyyat Müəssisəsi” MMC ilə bağlanmış müqaviləyə əsasən onun balansında olan ərazidə göstərilmiş, müqavilə münasibətlərinə xitam verildikdən sonra İddiaçı MMC-nin əməkdaşları həmin əraziyə buraxılmamışdır. Belə olan halda xx.xx.2021-ci il tarixdən sonra (müqavilə müddəti bitdikdən sonra) cavabdeh tərəfindən təmir edilərək təhvil verilmiş və təhvil verilərkən hər hansı qüsuru olmamış nəqliyyat vasitələrində xx.xx.2022-ci il tarixədək yaranmış çatışmamaqlıqlara və nəqliyyat vasitələrinin üzərində aşkar edilməmiş ehtiyat hissələrinə görə cavabdehin məsuliyyət daşıması yalnız mötəbər sübutlarla təsdiq edilə bilərdi. İş materiallarında bu faktı təsdiq edən sübutlar mövcud olmadığından bu iddia tələbinin də rədd edilməsi qanuni və əsaslıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4513/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" MMC və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4513/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.