Məhkəmə qərarları › İş №2-2(103)-243/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-243/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-243/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə cavabdehə təhvil verilmiş elektrogeneratorların və avtomobillərin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1450/2020 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 1 ədəd DONG FENG markalı Avtobusun, 7 ədəd DLW 400 ESW markalı elektrogeneratorun, 1 ədəd DSA125ESCl markalı elektrogeneratorun, 2 ədəd PKDS 5.25 DM U1 markalı Kompressorların, 2 ədəd URV504 markalı Qaldırıcı kranın, 1 ədəd KAMAZ 65117-029 markalı yük avtomobilinin, 4 ədəd KAMAZ 43253 şassi üzərində KO806 markalı avtomobilin, 2 ədəd Mercedes Benz 3028/K markalı yük avtomobilinin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 2 ədəd KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşının cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ümumi məbləği 562742 manat olan Avtobus DONG FENG, DLW 400 ESW markalı elektrogenerator, DSA-125ESCİ markalı elektrogenerator, Kompressorlar PKDS 5.25 DM U1, Qaldırıcı kran URV504, KAMAZ 65117-029 yük avtomobili, Qaldırıcı kran URV504, KO-806 markalı avtomobil KAMAZ 43253 şassi üzərində, Mercedes Benz 3028/K yük avtomobili markalı avadanlıqlar və nəqliyyat vasitələri cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Göstərilən malların cavabdehə təhvil verilməsini GG seriyalı 626249 saylı xx.xx.2009-cu il tarixli X1 və AİA seriyalı 345378 saylı qaimə-faktura təsdiq edir. Həmçinin, iddiaçı ilə cavabdeh bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ümumi məbləği 98294 manat olan KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşın cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Göstərilən malın cavabdehə təhvil verilməsini GG seriyalı 626256 saylı xx.xx.2009-cu il tarixli X1 və AİA seriyalı 345385 saylı qaimə-faktura təsdiq edir. Lakin cavabdeh indiyə qədər göstərilən malların dəyərini ödəməmişdir. Cavabdeh tərəfindən göstərilən malların qəbul edilməsi, lakin dəyərinin ödənilməməsi nəticəsində, iddiaçıya xx.xx.2009-cu il tarixli müqavilə üzrə 562742 manat, xx.xx.2009-cu il tarixli müqavilə üzrə 98294 manat məbləğində zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1450/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1450/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə hazırkı mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən göstərilən malların qəbul edilməsi, lakin dəyərinin ödənilməməsi nəticəsində iddiaçıya xx.xx.2009-cu il tarixli müqavilə üzrə 562742 manat, xx.xx.2009-cu il tarixli müqavilə üzrə 98294 manat məbləğində zərər dəymişdir. Lakin məhkəmə tərəfindən pul tələbi ilə bağlı iddiada qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini əsas götürülərək iddia rədd olunmuşdur. İddiaçı yenidən məhkəməyə müraciət edərək, cavabdehə verilmiş əmlakların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə isə yenidən iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Cavabdeh tərəfindən iddiaçıya indiyə qədər hər hansı formada ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş əmlaklar yalnız o zaman cavabdehin mülkiyyətinə keçə bilərdi ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş bütün ödənişlər ödənilsin. Lakin bu hal baş vermədiyi təqdirdə məhkəmənin sadəcə iddia müddətinin ötürülməsini əsas tutaraq formal qərar qəbul etməsi qətnamənin ləğvi əsaslarından biridir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər və üçüncü şəxslər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmənin iclasında iştirak etməmişlər. İddiaçı tərəf məhkəməyə vəsatətlə müraciət edərək vəkillə müqavilə bağlamaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçının işə birinci instansiya qaydasında baxılarkən vəkili olduğunu, yeni vəkillə müqavilə bağlanması üçün isə məhkəmə iclasının təyin edildiyi tarixədək kifayət qədər müddət olduğunu nəzərə alaraq vəsatəti əsassız hesab etmiş və təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin nümayənədələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 078 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ümumi dəyəri 98294 manat olan KAMAZ 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşını cavabdehə təhvil verməyi, cavabdeh isə əmlakı iddiaçıdan qəbul etməyi, bu müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında əmlakın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 045 saylı pretenziyanın surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli müqavilələrin ləğv edilməsinə münasibət bildirilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(82)- 546/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının cavabdehə qarşı hazırda ləğv edilməsi tələb edilən alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi barədə iddiası iddia müddətinin buraxılması əsası ilə rədd edilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx xxxx 2018-ci il tarixli 59205-1218 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən alqı-satqı müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehə satılmış avtobus DONG FENG markalı nəqliyyat vasitəsi hazırda “X2 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin və KO-806 markalı avtomobil KAMAZ 43253 şassi üzərində markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda digər hüquqi şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə 2009-cu ildə bağlanmış müqavilələrin ləğv edilməsi barədə iddianı xx.xx.2020-ci il tarixdə qaldırmaqla MM-nin 373.1-ci maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin 4.2-ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan 3 gün ərzində əmlakın dəyərinin 100 %-i alıcı tərəfindən satıcıya ödənilməlidir. Ləğv edilməsi tələb edilən xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi sübut qismində məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı hüququnun iddia edilən pozuntusunu 2009-cu ildə bildiyi halda hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddia müddəti keçmiş tələb üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda iddianın məhkəmə tərəfindən rədd edilməsinə dair MM-nin 375.2-ci maddəsi imperativ norma olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 1450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar