Məhkəmə qərarları › İş №2-2(103)-245/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-245/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-245/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5040/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında D-JTT 264/0222 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı e-qaimə fakturalarda göstərilən materialları satmağı, alıcı isə aldığı materialların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20335 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsi və onun ayrılmaz hissəsi hesab olunan 1 nömrəli əlavəyə əsasən cavabdehə 4390,20 manat dəyərində 200x200x6,0 ölçüsündə profil, 5214,72 manat dəyərində 200x100x6,0 ölçüsündə profil, 3470,40 manat dəyərində 120x120x5,0 ölçüsündə profil, 3296,40 manat dəyərində 100x100x5,0 (Metak) ölçüsündə profil, 2185,92 manat dəyərində 100x50x5,0 (Metak) ölçüsündə profil, 1717,32 manat dəyərində 50x50x5,0 (Metak) ölçüsündə profilmallar təqdim olunmuş, kəsim xidməti olaraq 60,44 manat dəyərində xidmət göstərilmiş və bütün bunlara görə 20335 manat məbləğində EBBR 664379 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə göndərilmişdir. E-qaimə xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən təsdiqlənmişdir. Alqı-satqı müqaviləsinin 5.2-ci bəndində müqavilə üzrə müəyyən olunmuş malların qiymətinin alıcı satıcıdan malları təhvil aldıqdan sonra 10 gün ərzində 100% ödənilməsi nəzərdə tutulsa da, alıcı cavabdeh müqavilə üzrə yaranmış 20335 manat məbləğində olan borcu ödəmir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5040/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq e-qaimə göndərilməsinə baxmayaraq mallar cəmiyyətə təhvil verilməmişdir. İddiaçı məhkəməyə malların təhvil-təslim və ya üzləşdirmə barədə hər-hansı bir imzalanmış sənədi təqdim etməyib və tərəflər arasında belə bir sənədlər mövcud deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

15. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

16. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli EBBR seriyalı 664379 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 23995,78 manat dəyərində mal cavabdehə satılmışdır.

17. Cavabdeh həmin elektron qaiməyə etirazını bildirməmişdir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

19. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

20. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.

21. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC İddiaçı MMC-yə elektron qaydada məktub göndərərək, həmin tarixə əsas borc və ƏDV ayrı-ayrılıqda göstərilməklə üzləşmə aktının təqdim edilməsini xahiş etmişdir (i/v 50).

22. Həmin məktuba cavab olaraq, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli üzləşmə aktı göndərilmiş və həmin üzləşmə aktında göstərilmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarxlərə aid dövriyyə üzrə əsas məbləğ 20335,4 manat, ƏDV məbləği 3660,37 manat, cəmi məbləğ 23995,77 manat təşkil edir (i/v 51-52).

23. Göründüyü kimi, cavabdeh özü iddiaçıya müraciət edərək, xx.xx.2022-ci il tarixə aid üzləşmə aktının təqdim edilməsini xahiş etmiş, iddiaçı tərəfindən həmin tarixli üzləşmə aktı tərtib edilərək cavabdehə göndərilmiş, həmin üzləşmə aktında cəmi ödənilməli olan məbləğin ƏDV daxil 23995,77 manat təşkil etməsi göstərilmiş, cavabdeh isə həmin üzləşmə aktına etiraz etməmişdir.

24. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 20335 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5040/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar