Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-246/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X2 Cavabdeh İB-yə maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2273/2021 saylı 24 iyun 2021-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində iddiaçıya dəyən 508439,66 manat həcmində maddi ziyan, mənəvi ziyan kimi 10.000 manat dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, vəkilə ödənilmiş 2085 manat xidmət haqqı, , ekspertiza xərci üçün 5000 manat olmaqla, cəmi 525.555,06 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya məxsus istilikxanaya təbii qazın verilməsi xx.xx.2020-ci il tarixdə səhər saatlarında heç bir xəbərdarlıq edilmədən və hər hansı akt tərtib edilmədən dayandırılmışdır. Yalnız həmin gün qeyd edilən 32676,16 manat vəsaitin ödənilməsindən sonra istilikxanaya təbii qazın verilməsi günortadan sonra axşam saatlarında bərpa edilmişdir. Halbuki iş üzrə məhkəmə mübahisəsi davam etdiyi müddətdə istilikxanaya qazın verilməsinin dayandırılması məhkəmə qərardadı ilə Cavabdeh İB-yə qadağan edilmişdir. Qeyd edilən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi və iş üzrə icraata xitam verilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Daha sonra 2020ci ilin noyabr ayı üzrə 84446 manat məbləğində qazdan istifadəyə görə “Azərqaz” İB tərəfindən xx.xx.2020-ci il tarixdə EBAT seriyalı 970091 nömrəli elektron qaimə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə isə günorta saatlarında Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşı tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 84446 (səksən dörd min dörd yüz qırx altı) manat məbləğində qazdan istifadəyə görə xx.xx.2020ci il tarixli 150 nömrəli hesab faktura istilikxanaya gətirilərək təqdim edilmiş və xx.xx.2020ci il tarixdə istilikxanaya qazın verilməsi heç bir xəbərdarlıq edilmədən və qazın verilməsinin dayandırılması ilə bağlı hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin imzası ilə verilmiş xx.xx.2021-ci il tarixli Socar **********30560046X00067 saylı cavab məktubunda istilikxanaya təbii qazın verilməsinin dayandırılması səbəbi kimi barışıq sazişinin şərtlərinə əməl edilməməsini göstərmişdir. Məhkəmə qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qeyd edilən mübahisəli məbləğin iddiaçıdan tələb edilməsi və həmin borca görə təbii qazın verilməsinin dayandırılması ümumiyyətlə Cavabdeh İB-yə qadağan edilmişdir. Hazırda da qeyd edilən iş üzrə məhkəmə mübahisəsi davam etdiyindən, qeyd edilən barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmədiyindən hüquqi qüvvəsi yoxdur. Aralarında bağlanmış maye qazın alqı-satqısına dair yuxarıda qeyd etdiyi həmin müqavilənin tələblərinə görə hesab-faktura istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 1 (bir) ay sonra bank və ya poçt şöbələri tərəfindən qazın dəyəri tam ödənilməlidir. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”na əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam ödənilməlidir. Həmin qaydaların tələbinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmiş, həmçinin qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra 1 (bir) ay müddətində tam ödənilmədikdə, qazın verilməsinin dayandırıla biləcəyi qeyd edilmiş, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməli olması göstərilmişdir. Qeyd edilən bu normalar iddiaçı ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilədə də nəzərdə tutulmuşdur. Göründüyü kimi, istilikxana kompleksinə qazın verilməsinin xx.xx.2021-ci il tarixindən (əslində isə xx.xx.2021-ci il tarixdən tez ola bilməzdi, çünki elektron qaimə xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci tarixli faktura isə faktiki olaraq xx.xx.2020-ci ildə təqdim edilmişdir.) tez dayandırılması qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır. Cavabdeh İB yuxarıda istinad etdiyi qərarın da tələblərini kobud surətdə pozmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Qazın verilməsinin özbaşına qanunsuz və əsassız dayandırılması istilikxananın fəaliyyətini çıxılmaz duruma salmışdır. Belə ki, fəaliyyət göstərdiyi ərazidə yerləşən 1 saylı istilikxanadan 15 yanvara qədər 31000 kq, 2 nömrəli istilikxanadan 37000 kq, 3 nömrəli istilikxanadan 30000 kq, 4 nömrəli istilikxandan isə iyul ayına qədər 500000 kq pomidor məhsulu əldə edilməsi üçün xərc çəkilmiş, həmin pomidor məhsulunun yetişdirilməsi üçün istilikxanalarda işləmək üçün işçilər cəlb edilərək, əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Həmin vəziyyətdə qış fəslinin olması, hava şəraitinin soyuq olması istilikxanada pomidor məhsulunun yetişdirilməsinin qazsız həyata keçirilməsini mümkünsüz etmişdir. Hazırkı situasiyada qazın verilməsi dayandırıldığı üçün istilikxana kompleksində becərilən bütün məhsullar zay olmuş və iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Qazın qanunsuz və əsassız kəsilməsi iddiaçının "xxxx" MMC qarşısında götürdükləri öhdəliyin icra edilməməsinə də səbəb olmuşdur. Belə ki, qeyd edilən müəssisə ilə xx.xx.2020-ci il tarixdə 12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 31 iyul 2021-ci il tarixədək 860587,37 manat dəyərində pomidor məhsulunu alıcıya təhvil verməli idi. Həmin müqavilənin icrası ilə əlaqədar olaraq 2020-ci ilin oktaybr ayında 71820 manat dəyərində 54000 kq pomidor məhsulu, 2020-ci ilin noyabr ayı ərzində isə 118419,7 manat dəyərində 70910 kq olmaqla, ümumilikdə 190239,7 manat dəyərində 124910 kq pomidor məhsulu satılmışdır. İstilikxanaya verilən qaz qanunsuz kəsilməsəydi, həmin müəssisəyə öhdəlikləri üzrə 31 iyul 2021-ci il tarixədək əlavə 670347,67 manat dəyərində əlavə pomidor məhsulu təhvil verməli idi. İş materiallarına əlavə edilmiş Müstəqil Məhkəmə Ekspertizasının xx.xx.2021-ci il tarixli, 78 saylı ekspert rəyi ilə sübut olunur ki, xx.xx.2020-ci il tarixdə qaz nəqlinin dayandırılması nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik və südçülük sovxozu ərazisində yerləşən istilikxana kompleksinin 1, 2, 3 və 4 saylı, cəmi 71793,6 faydalı sahələrində “Coco Peat” sistemi ilə əkilmiş 195500 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309195,85 kq məhsulun itirilməsi nəticəsində cavabdehin iddiaçıya vurduğu ümumi maddi zərərin məbləği 508439,66 manat (beş yüz səkkiz min dörd yüz otuz doqquz manat altmış altı qəpik) həcmində qiymətləndirilir. Qeyd etmək istərdi ki, cavabdehin törətdiyi hüquqpozma nəticəsində iddiaçıya həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, min bir əziyyətlə becərdikləri məhsul cavabdehin qazı qanunsuz kəsməsi nəticəsində məhv olub getmişdir. Bu da onların dərin sarsıntı keçirməyi ilə nəticələnmişdir. İddiaçı ona vurulan mənəvi ziyanın həcmini 10000 manat həcmində qiymətləndirir və məhkəmə tərəfindən təmin edilməsini istəyir. Bununla yanaşı, iddia tələbinin məhkəməyə göndərilməsi üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğin də cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda iddia ərizəsinin hazırlanması, iddiaçının məhkəmədə təmsil etməsi və hüquqlarının müdafiəsi ilə bağlı vəkilə ödədiyi 2085 manat məbləğin də cavabdehdən tutulmasını tələb edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2273/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-978/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasısının 2-2(102)-585/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-978/2021 saylı qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılarkən iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X2 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2273/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh "Azəriqaz" İB-dən iddiaçı X2 xeyrinə vurulmuş maddi ziyana görə 458.823,45 manat, ekspertiza xərci üçün ödənilmiş 4400 manat və 26 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında qazın alğı-satqısı barədə 2017ci il 2 oktyabr tarixli, AKX 2947-10-17 nömrəli müqavilə bağlanmış, iddiaçıya məxsus istilikxana kompleksinə sayğac quraşdırılaraq **********00000 nömrəli abonent kodu verilmiş və istilikxana qazla təchiz edilmişdir. İşdəki abonent saldosundan görünür ki, iddiaçının təbii qazdan istifadəyə görə 2020-ci ilin noyabr ayının sonuna 275345,60 manat borcu olmuş, cavabdeh tərəfindən 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə tərtib edilərək iddiaçıdan 84.446 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İddia ərizəsində qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zira qəsəbəsi, Təzə sahə adlanan ərazidə yerləşən istixananın qaz təchizatı borca görə hər hansı xəbərdarlıq edilmədən dayandırılmış, həmin gün 32676,16 manat vəsait ödənildikdən sonra qazın verilişi bərpa edilmiş, xx.xx.2020-ci il tarixdən sonra yenidən qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılmış və bu günədək bərpa edilməmiş, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 525.555,06 manat maddi ziyan dəymişdir. İddiaçının qaz təchizatının iddia ərizəsində qeyd edilən tarixlərdə dayandırıldığı bə hal-hazıradək bərpa edilmədiyi cavabdeh tərəfindən mübahisələndirilmir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan da görünür ki, 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək iddiaçının qaz sərfiyyatı “0” qeyd edilir. Qaz təchizatının qanunsuz dayandırılması nəticəsində vurulmuş maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası X1 xx.xx.2021-ci il tarixli, 78 saylı ekspert rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı ilə istixanalarda pomidor məhsulu yetişdirilməsinin mövcud aqrotexniki qaydalarına, eləcə də internet saytlarında qeyd edilən məlumatlara müvafiq aparılmış şərti və nəzəri hesablama yolu ilə xx.xx.2020-ci il tarixdə qaz nəqlinin dayandırlması nəticəsində Abşeron rayonu, Zirə tərəvəzçilik və südçülük sovxozu ərazisində yerləşən istixana kompleksində “Coco Peat” sistemi ilə əkilmiş 195000 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309195,85 kq məhsulun itirilməsindən, yəni əldən çıxmış faydadan dəymiş ziyanın məbləği təxminən 508439,66 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi müəyyən edir. Həmin Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin mövcudluğu; zərər vuranın əməlinin təqsirli və hüquqa zidd olması, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya məxsus obyektin istixana kimi fəaliyyət göstərdiyi işdəki sübutlarla təsdiq olunduğundan və istixanaların qış aylarında sünu isitmə mənbəyi ilə qızdırıldığı hamıya bəlli olan hal olduğundan müəyyən olunur ki, iddiaçıya məxsus istixanada əkilən pomidor bitkisinin ştillərinin yararsız hala düşməsi və iddiaçının sahədən məhsul əldə edə bilməməsi qaz təchizatının dayandırılması ilə əlaqədardır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçıya məxsus istixananın qazla işləməyən digər qurğularla qızdırılması barədə iş materilallarında hər hansı sübut mövcud deyil. Birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası X1 xx.xx.2021-ci il tarixli, 78 saylı rəyini cavabdehin iştirakı olmadan tərtib edilmiş baxış aktları əsasında-birtərəfli qaydada tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilməmişdir. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəmə iş materiallarında olan müstəqil ekspertiza rəyini iddiaçıya dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul etmədiyi təqdirdə, iddiaçıya zərərin dəyməsinin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsinin mövcudluğunu müəyyən etdikdən sonra həmin zərərin həcminin müəyyən olunması üçün öz təşəbbüsü ilə məhkəmə ekspertizası təyin edə bilərdi. İşə apellyasiya qaydasında yenidən baxılarkən qaz təchizatının dyandırılması nəticəsində iddiaçıya dəymiş maddi ziyan məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı X1 xx.xx.2021-ci il tarixli, 78 saylı rəyindəki məlumatlar, işdəki elektron qaimə-fakturalar nəzərə alınmaqla həyata keçirilmiş, xx.xx.2020-ci ildən qaz təchizatının dayandırılması nəticəsində 195500 ədəd pomidor ştilindən əldə ediləcək məhsulun itirilməsinə görə dəymiş ziyan təxminən 458.823,45 manat məbləğində müəyyən olunmuşdur. Həm X1, həm də Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində “Qeyd” olaraq göstərilmişdir ki, Abşeron rayonu ərazisində yerləşən “Coco Peat” üsulu ilə əkilən pomidor istixanalarında mövcud olan şitillərin sıxlığından, məhsuldarlıqdan aqrotexniki qulluğun səviyyəsindən, toxumun növündən, ixrac və respublika daxili bazarlarda mövcud olan qiymətlərdən, respublikadan kənar pomidor ixracının məhdudlaşmasından, pomidorun ixrac qiymətlərindən və sair qiymətə təsir edən amillərdən asılı olaraq müəyyən edilmiş nəticədə qismən dəyişiklik olması istisna edilmir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, X4 ilə alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, qiymət razılaşma protokollları, təhvil-təslim aktları və iddiaçı tərəfindən alıcı "xxxx" MMC-yə göndərilmiş elektron qaimələrdən görünür ki, iddiaçı qeyd edilən alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə müqavilənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixədək kanka növündə 860587,37 manat dəyərində (oktyabr ayında 1 kq- 1,33 manatdan, noyabr ayında 1 kq-1.67 manatdan) pomidor məhsulu satmağı öhdəsinə götürmüş, 2020-ci il ərzində alıcıya 190239,7 manat məbləğində məhsul satılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsinin 4-cü bəndində öhdəliyi icra etməyən tərəfin digər tərəfə dəymiş ziyana görə məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən sübutlarla təsdiq olunur ki, iddiaçıya məxsus istixananın qaz təchizatının 2021-ci ilin yanvar ayından cavabdeh tərəfindən dayandırılması nəticəsində iddiaçı "xxxx" MMC qarşısında öz öhdəliyini icra edə bilməmiş, alqı-satqı müqaviləsi üzrə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Birinci instansiya məhkəməsi isə müvafiq əsaslandırma olmadan qeyd edilən sənədləri iddianın əsaslılığını təsdiq edən sübut kimi qəbul etməmişdir. İddiaçıya maddi ziyan dəyməsinin cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri ilə bağlı olub-olmadığına hüquqi qiymət verilməsi üçün məhkəmə hesab edir ki, istehlakçının qazdan istifadəyə görə ödənilməmiş borcu bağlı qaz təchizatının dayandırılması zamanı qanunla nəzərdə tutulmuş tələblərə cavabdeh tərəfindən əməl edilib-edilmədiyi müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6” Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Qaydaların 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacla müəyyənləşdirilmiş hesabı ona təqdim olunduğu tarixdən 1 ay ərzində ödənilməlidir, sayğacla müəyyənləşdirilmiş hesab 1 ay müddətində ödənilmədikdə isə qaz paylayıcısı yalnız bu barədə 5 gün əvvəl xəbərdarlıq etməklə və qazın verilməsinin dayandırılacağı barədə bildiriş göndərilməklə qazın verilməsi dayandıra bilər. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərəflər arasında bağlanmış qazın alğı-satqı müqaviləsinin 2-ci bəndində də tərəflər üçün Qaydaların tələblərindən irəli gələn hüquq və öhdəliklər müəyyən edilmiş, bu vəzifələrə əməl etməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən 84.446 manat borcun ödənilməsinə dair 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə və hesab faktura iddiaçıya 2020-ci il 17 dekabr tarixdə təqdim olunduğundan, cavabdeh iddiaçıya qazın verilməsini yalnız iddiaçı tərəfindən həmin faktura əsasında borc 1 ay müddətində ödənilmədiyi təqdirdə, yəni 16 yanvar 2021-ci il tarixdə və Qaydaların tələblərinə uyğun olaraq müvafiq bildirişi təqdim etməklə və 5 gün əvvəlcədən xəbərdar etməklə dayandıra bilərdi. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında qeyd edilir ki, cavabdehin kassasiya şikayətinə etirazında və iddiaçının müraciətinə cavab olaraq 2021-ci il 6 yanvar tarixli məktubunda tərəflər arasında 2020-ci il 18 noyabr tarixdə barışıq sazişinin imzalandığını və iddiaçıya qazın verilməsinin onun tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmaması səbəbindən dayandırıldığı qeyd edilsə də, iş materiallarının 96-cı vərəqində olan “Barışıq Sazişi”ndən tərəflərin borcla və onun ödənilməsi proseduru ilə bağlı razılığa gəldikləri görünür. Sazişin 7-ci bəndində isə MPM-in tələblərinə riayət olunması baxımından onun məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəsini alması şərti müəyyən olunmuş, həmin sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadının mövcudluğu barədə sübut təqdim olunmamışdır. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2- 2(113)-1127/2020 saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında yerləşən istixanaya (abonent kodu **********00000) qaz təchizatının dayandırılması cavabdehə qadağan olunmuşdur. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında işə yenidən baxılması zamanı cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin, Qaydaların və qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının aydınlaşdırılması barədə göstəriş verilmiş, cavabdeh tərəf məhkəməyə Qaydaların yuxarıda istinad edilən tələblərinə və müqavilə şərtlərinə əməl edildiyini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qaz təchizatı 2020-ci ilin dekabr ayından Qaydaların tələblərinə əməl olunmadan və sonuncu qaimə üzrə tələb edilmiş borcun ödənilməsi üçün bir aylıq müddət başa çatmadan qanunsuz dayandırıldığından, bunun nəticəsində iddiaçıya maddi ziyan dəydiyi və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən iddiaçıya dəymiş maddi ziyanın məbləğinin təxmini hesablama ilə 458.823,45 manat müəyyən edildiyindən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyi üçün mübahisələndirilən qətnamə ləğv edilməli, maddi ziyan tələbi ilə bağlı hissədə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 458.823,45 manat tutulmalı, maddi ziyan tələbi qalan hissədə rədd edilməlidir. İddiaçının 10.000 manat mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. İddiaçı iddia ərizəsində qeyd edir ki, əziyyətlə becərdiyi məhsulun məhv olması onun dərin sarsıntı keçirməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qaz təchizatının Qaydaların tələblərinə əməl edilmədən dayandırılması nəticəsində ona məxsus istixanadakı ştillərin yararsız vəziyyətə düşməsi fərdi sahibkar olan iddiaçının dərin mənəvi sarsıntı keçirməsinə səbəb olan hərəkət kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun üçün mənəvi dəyəri olan hər hansı əmlakından deyil, maddi gəlirindən məhrum olmuşdur. Buna görə də mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması barədə tələb məhkəmə tərəfindən əsassız hesab edilir. Birinci instansiya məhkəməsi iddianı mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə rədd etsə də, prosessual normaların tələblərini pozaraq qətnamədə tələbin hansı əsasla rədd edildiyini qeyd etməmişdir. Halbuki MPM-nin 217.1-ci və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, qətnamə MPM-nin 385.1.1-ci maddəsinə əsasən mənəvi ziyan tələbinin rədd edildiyi hissədə də ləğv edilməli, həmin tələblə bağlı hissədə yeni qətnamə qəbul edilərək mənəvi ziyanla bağlı tələb yuxarıda qeyd edilən əsaslara görə rədd edilməlidir. İşdəki elektron qaimədən və xx.xx.2021-ci il tarixli, **********/192766161 nömrəli, xx.xx.2021-ci il tarixli, **********/206264826 nömrəli ödəniş tapşırıqlarından görünür ki, X4 tərəfindən “X3” MMC-nin hesabına hazırkı iş üzrə verilmiş rəyə görə 5000 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (88 %) mütənasib olaraq ekspertiza xərci olaraq iddiaçı tərəfindən X3 MMC-yə ödənilmiş məbləğin 4400 manatı və ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğ MPM-nin 119.3-cü maddəsinə əsasən cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 2085 manat xidmət haqqı ödənilməli olması barədə hesab təqdim edilmədiyindən həmin məbləğin cavabdehdən tutulması barədə tələb təmin edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-2273/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh "Azəriqaz" İB-dən iddiaçı X2 xeyrinə vurulmuş maddi ziyana görə 458.823,45 manat, ekspertiza xərci üçün ödənilmiş 4400 manat və 26 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2273/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh "Azəriqaz" İB-dən iddiaçı X2 xeyrinə vurulmuş maddi ziyana görə 458.823,45 manat, ekspertiza xərci üçün ödənilmiş 4400 manat və 26 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərci Cavabdeh İB-dən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-246/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-246/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver