Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-247/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3220/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Holcim (Azərbaycan)” ASC cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə 711503,2 manat məbləğində əsas borcun, 120129,7 manat cərimə məbləğinin, cəmi 831632,9 manat məbləğində borcun, köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun Cavabdeh1 MMC-dən tutularaq Holcim (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, xx xxxxxx 2020-ci il tarixində bağlanmış 140356/20/1 saylı zaminlik müqaviləsi üzrə 200000 manatın və 20000 manat məbləğində cərimənin cavabdeh “xxxx” MMC-dən tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardakı hesablarının üzərinə, o cümlədən aşağıdakı bank hesabındakı pul vəsaitlərinin üzərinə 711503,2 manat həddində həbs qoyulması (VÖEN (Cavabdeh1 MMC): ********** Muğanbank ASC-nin Azadlıq filialı H/h: AZ38MUGA**********04282AZM17 Bankın VÖENi: **********) və cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardakı hesablarının üzərinə, o cümlədən aşağıdakı bank hesabındakı pul vəsaitlərinin üzərinə 200000 manat həddində həbs qoyulması (VÖEN (“xxxx” MMC): ********** “xxxx” ASC h/h: AZ10AZRT******************** Bankın VÖEN-i: **********) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3220/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-nin ********** Muğanbank ASC-nin Azadlıq filialı H/h: AZ38MUGA**********04282AZM17 (Bankın VÖEN-i: **********) saylı bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 711503,2 manat məbləği həcmində və “xxxx” MMC-nin ********** “xxxx” ASC h/h: AZ10AZRT******************** (Bankın VÖEN-i: **********) saylı bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 200000 manat həcmində həbs qoyulması qərara alınmışdır. Cavabdeh “xxxx” MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabından iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin “xxxx” ASC-də olan hesabına 2020-ci ilin noyabr ayında ayrı-ayrı vaxtlarda pul köçürməsi 480.000 manat, həmçinin 2020-ci ilin noyabr ayında ayrı-ayrı vaxtlarda depozit hesabından ödədiyi pul məbləği 86.400 manat, cəmi 566.400 manat pul məbləği təşkil edir ki, həmin pul vəsaitinin qarşılığında - 30.016,76 manat cavabdehin iddiaçıya qalıq borcuna çıxılmış, 369.535,92 manat alınan malın dəyəridir, 166.847,32 manat isə iddiaçının hesabında qalmaqdadır. xx.xx.2020-ci il tarixdə iddiaçı “Holcim (Azərbaycan)” ASC tərəfindən cavabdeh “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020 - xx.xx.2020-ci il tarixlər üçün aparılmış hesabatla bağlı e-poçt ünvanından göndərilmiş hesabat maildən də görsənir ki “xxxx” MMC-nin 166.847,32 manat məbləğində pul iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin hesabında depozit olaraq qalmaqdadır. Cavabdeh “xxxx” MMC-nin iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin hesabında depozit olaraq 166.847,32 manat pul məbləğinin mövcud olmasına baxmayaraq, kommersiya fəaliyyəti ilə bağlı mütəmadi olaraq ödənişlər apardığı bank hesabına həbs qoyulması onun fəaliyyətini qanunsuz olaraq məhdudlaşdırır. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə şikayətə etiraz etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini və şikayətin cavabdeh “xxxx” MMC tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdeh “xxxx” MMC-nin bank hesabındakı hesabı üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni 200.000 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin və ya onun bir hissəsinin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin və ya onun bir hissəsinin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı kollegiya hesab edir ki, həmin cavabdehin bank hesabı üzərinə iddia tələbi həcmində (200.000 manat) həbs qoyulmasına zərurət yoxdur. Belə ki, tərəflərin nümayəndələrinin izahatları və təqdim etdikləri alqı-satqı müqaviləsi, ödəniş tapşırıqları və ƏDV sub-uçot hesabından çıxarışın surətlərinə əsasən müəyyən olunur ki, “Holcim (Azərbaycan)” ASC ilə “xxxx” MMC arasında hazırki mübahisə ilə əlaqəsi olmayan xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2019-cu alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilə üzrə “xxxx” MMC tərəfindən “Holcim (Azərbaycan)” ASC-nin hesabına cəmi 566.400 manat pul ödənilmiş, həmin pulun 30013,76 manatı “xxxx” MMCnin “Holcim (Azərbaycan)” ASC-yə qalıq borcuna, 369.535,92 manatı alınan malın dəyərinə çıxılmış, qalıq 166.847,32 manat isə sonuncunun hesabında qalmışdır. 2020-ci ilin dekabr ayında “Holcim (Azərbaycan)” ASC həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı “xxxx” MMC-yə bildiriş göndərmiş, sonuncu isə həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırda cavabdeh “xxxx” MMC-nin bank hesabındakı hesabı üzərinə tam olaraq iddia tələbi, yəni 200000 manat həcmində həbs qoyulması üçün əsas mövcud deyildir. Çünki “xxxx” MMC-yə məxsus 166.847,32 manat məbləğində pul vəsaiti iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin hesabındadır, eyni zamanda həmin pul vəsaitinin köçürülməsinə əsas olan alqı-satqı müqaviləsinin predmetinə dair münasibətlər davam etmir və ona görə də, qeyd olunan pul vəsaitinin həmin müqavilə üzrə istifadə etməsi ehtimalı mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin olunduğu təqdirdə həmin məbləğdə qətnamənin icra edilməsində hər hansı çətinliyin yaranması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Ona görə də, cavabdeh “xxxx” MMC-nin bank hesabı üzərinə iddia tələbi həcmində deyil, 33.153 manat həcmində həbs qoyulmalıdır (200.000 - 166.847 = 33.153). Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli və cavabdeh “xxxx” MMC bank hesabı üzərinə 33.153 manat həcmində həbs qoyulmalıdır Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3220/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı cavabdeh “xxxx” MMC-yə adi hissədə dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-nin ********** “xxxx” ASC h/h: AZ10AZRT******************** (Bankın VÖEN-i: **********) saylı bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 33.153 manat həcmində həbs qoyulsun. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-247/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-247/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver